Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Makronun Böyük Avropa xəyalı

Fransa Dərin Dövləti Makronu iqtidara gətirmişdi. Dünya artıq köhnə dünya deyildi. Qlobal neoliberalizm iflas edir və ABŞ hərbi cəhətdən ard-arda məğlub olurdu...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 22 iyul 2019-cu il

14 iyul Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə Fransa prezidenti Emmanuel Makron avropalı liderlərlə birgə hərbi şou göstərib. Bu il keçirilən tədbirlərin əsas mövzusu keçən ilki kimi Avropanın təhlükəsizliyi və hərbi iş birliyi məsələsi idi.

Hər il Parisin məşhur Champs-Elysees bulvarında keçirilən hərbi mərasimlərdə və tədbirlərdə bu il də Almaniya kansleri Angela Merkel Makronu tək buraxmayıb.

Almaniyadan başqa, Fransanın liderliyi ilə yaradılan və NATO-dan kənar əməliyyatlarda istifadə etmək üçün 10 AB ölkəsindən ibarət “Avropa Müdaxilə Təşəbbüsü”-nə daxil olan Belçika, İngiltərə, Danimarka, Estoniya, Hollandiya, İspaniya, Finlandiya və Portuqaliya kimi ölkələri təmsil edən nazirlər və baş nazirlər də tədbirdə iştirak ediblər.

Tədbirdə NATO Ümumi Katibi Cens Stoltenberq və Avropa Komissiyası rəhbəri Jan Klod Canker də iştirak edib.

Makrondan Trampa mesaj

Bu ilki tədbirləri digərlərindən fərqləndirən əsas cəhət “Avropa Müdaxilə Təşəbbüsü” üzvü olan ölkə rəhbərləri ilə birlikdə həmin ölkələrin əsgərləri, helikopterləri və təyyarələrinin də olması idi.

4300 fransız, alman, ispan, portuqaliyalı və finlandiyalı əsgər çiyin-çiyinə yeriyib, tədbirdə 196 hərbi baza və 237 atlı süvari iştirak edib. Havada bu ölkələrə məxsus 67 təyyarə və 40 helikopter şou göstərib. Bu şou, sanki, Makronun tez-tez dilə gətirdiyi və Trampın qarşı çıxdığı “Avropa Ordusu”nun bir məşqi kimi idi. Fransanın “Courrier İnternational” qəzeti bu şou ilə Makronun Trampa qarşı bir mübarizə mesajı verdiyini və real bir Avropa Ordusu üçün önəmli bir addım atdığını yazıb. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti isə: “Parisdə hərbi mərasim əsnasında bu qədər Avropa ölkələri bayraqlarının dalğalanması bir ilk idi”, deyə qeyd edib.

İspaniyanın “El Pais” qəzeti isə tədbiri: “Müdafiə sahəsində Avropanın iş birliyi etməsi baxımından önəmli bir mərasim idi”, deyərək qiymətləndirib.

Yeni dünyada özünə yer axtaran Makron

Makron 2017-nin mayında seçilən zaman qarşısına daxildə və xaricdə etibarı zədələnmiş bir Fransa çıxmışdı. Mühafizəkar Nikolas Sarkozinin və sosial demokrat Fransua Hollandın dönəmində Fransa ABŞ-ın Qərbi Asiyadakı və Afrikadakı ovçusuna çevrilmişdi. Apardıqları qlobal neoliberal siyasətlər nəticəsində ölkə iqtisadiyyatı çökmüş, sənaye zəifləmiş və işsizlik səviyyəsi artmışdı.

Fransa elə bir sosial partlayışa gəlib çıxmışdı ki, 2 il olmamış Sarı Jiletlilər Xalq Hərəkatı başladı. Bu qəbildən sağçı və solçu partiyalar iflas etmiş və kütlələr qloballaşma əleyhinə radikal sağçı və solçu partiyalara yönəlmişdilər.

Belə bir vəziyyətdə Atlantikin qanadları altında olan Fransa Dərin Dövləti Makronu iqtidara gətirmişdi. Dünya artıq köhnə dünya deyildi. Qlobal neoliberalizm iflas edir və ABŞ hərbi cəhətdən ard-arda məğlub olurdu.

Digər tərəfdən, Çin və Rusiyanın rəhbərlik etdiyi Avrasiya düşərgəsi də böyüyən, güclənən və istehsal edən bir mərkəz halına gəlib. Fransa Makronun liderliyində, belə bir dünyada özünə yer axtarırdı.

Böyük Avropa və ortaq ordu

Makronun Atlantik-neoliberal bir proqramı var idi. Bu, təbii ki, fransız burjuaziyasının problemi idi. Lakin, eyni zamanda, Fransa yenidən əvvəllər olduğu kimi “böyüklər klubunda” yer almaq istəyirdi.

Makron seçildikdən 1 ay sonra, 2017-nin iyun ayında Rusiya prezidenti Putini, sonra isə eyni ildə 14 iyulda Müstəqillik Günündə ABŞ prezidenti Trampı Parisə dəvət etmişdi. 6 ay sonra isə 2018-in yanvar ayında Çin prezidenti Si Tsinpinlə görüşüb. Makron başa düşürdü ki, yeni qruplaşmaların yarandığı dünyada tək qalmaq olmaz.

BREXİT-lə İngiltərə, zəifləyən Merkel ilə də Almaniya Makron üçün bir fürsət yaradırdı. O, Avropa Birliyinin rəhbəri olmalı, hərbi cəhətdən güclü və birləşmiş bir Avropa yaratmalı idi. Yəni ABŞ və Avrasiya qarşısında özünü hərbi cəhətdən müdafiə edən azad bir Avropa layihəsi həyata keçirməli idi. Hələ 1 il olmamış dünya liderləri ilə görüşmüş, “mən də varam” demişdi.

2018-ci ilin sentyabrında Sorbonnne Universitetinin Siyasi Elmlər Fakültəsinin tələbələri önündə etdiyi çıxışda “Böyük Avropa” layihəsi barədə danışmışdı.

Makronun planları avro bölgəsi büdcəsi, sərhəd təhlükəsizliyi, miqrant siyasəti, Avropa minimum əmək haqqı və ən önəmlisi Ortaq Avropa Ordusu məsələsi ilə bağlı idi.

Amma Atlantikdən uzaqlaşır...

Makron bir çox məsələdə ABŞ-la qarşı-qarşıya gəlib: axırıncı dəfə də İranla olan nüvə sazişi və İrana qarşı tətbiq edilən sanksiyalar məsələsində. Təkcə Fransa deyil, İngiltərə və Almaniya da ABŞ-a qarşı gəlməyə başlamışdı. Amma digər tərəfdən, Suriyada PKK/PYD-yə verdiyi dəstəklə və Şərqi Aralıq dənizində Türkiyə əleyhinə planlar quran İsrail və ABŞ-la birlikdə hərəkət edir.

Həmçinin, Liviyada da general Xəlifə Həftara verdiyi dəstəklə ABŞ-ın yanında yer alır.

Avropa Ordusu qurmaq istəyir, amma NATO-dan asılıdır.

İqtisadi cəhətdən də problemləri var. Fransanı böhrana sürükləyən neoliberal siyasətlərə davam etmək, 9 aydır mübarizə aparan Sarı Jiletliləri dövlətin gücü ilə yatırmaq və əzməyə çalışmaq, bunun nəticəsində də 22%-lik səslə Fransanı idarə etmək və yeni dünyada “böyüklər” arasında yer almaq...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...