Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lujkovu prezident olmağa kim qoymadı? 

Moskva merinin trollarına qarşı daha güclü “telekiller” çıxarılıb...

Srağagün 84 yaşında vəfat edən Yuri Lujkov SSRİ dağılandan sonra Moskva şəhərinə rəhbərlik edən ikinci adam olub. Ondan əvvəl şəhərə Qavrill Popov qısa müddətdə başçılıq etmişdi. Lujkov isə bu vəzifədə 18 il boyunca, 1992-ci ildən 2010-cu ilə qədər qalıb.

Həmin il onu vəzifəsindən prezident Dmitri Medvedyev azad edib – prezident qarşısında etimadını itirdiyinə görə.

Ancaq Moskvada doğulub-böyümüş Yuri Mixayloviç Lujkov zamanında ölkəsinin ən qüdrətli siyasət adamlarından biri olub və prezidentlər onunla hesablaşıb. Onun vəzifəsi Moskva meri olsa da, Lujkovu çox zaman Moskva hökumətinin başçısı adlandırırdılar. Vaxtilə o, böyük siyasi intriqalarda, açıq və gizli gedən siyasi mübarizələrdə iştirakçı olub.

Rusiyanın eks-prezidenti Boris Yeltsinin yazdığı memuarda Yuri Lujkova həsr edilmiş bir fəsil də var. Həmin fəsil “Mer hücuma keçir və ya müftə kepka” adlanır.

Daima başına qoyduğu sadə mujik kepkası ilə məşhur olan Lujkov 1999-cu ildə sabiq baş nazir Yevgeni Primakovla yaxınlaşaraq birlikdə hakimiyyətə iddia edib. Elə Yeltsin də Primakovun istefaya göndərilməsindən sonrakı dövrdən bəhs edir.

Memuarda oxuyuruq:

“1999-cu ilin yayının başlanğıcında aydın görünürdü ki, xalq siyasətdən yorulub. Davam edən böhran əhalinin bütün təbəqələrini yormuşdu. Xalqın Primakova görə etiraz bildirməyə, kommunistlərin kolonlarına qoşulmağa, hətta yeni baş naziri müzakirə etməyə taqəti yox idi.

İstefasının səbəbi cəmiyyətin geniş təbəqələrinə məlum olmadığı üçün Yevgeni Maksimoviç Primakovun reytinqi bir az da artmış, may ayındakı 20 faizdən qalxaraq iyulda 30 faiz olmuşdu. Analitiklər bir ağızdan keçmiş baş nazirin bu ehtiyatla parlament seçkilərinə, daha sonra isə qalib kimi cəsarətlə prezident seçkilərinə gedə biləcəyindən danışırıdlar.

Primakova çağırış edən hərəkat tezliklə tapıldı. Onun formal və qeyri-formal lideri Yuri Mixayloviç Lujkov idi. Bu hərəkat “Oteçestvo” (“Vətən”) adlanırdı, Moskva merinin bütün resursları onun üçün sərf olunurdu. Lujkov ölkəni gəzir, regional liderlərlə görüşürdü. Üfüqdə güclü baş nazirin olmadığını görən qubernatorlar Moskva merinin bayrağı altına yığışırdılar”.

Bu hərəkatın Lujkov tərəfindən maliyyələşdirildiyini bilən Yeltsin fikir verir ki, ona qarşı yönələn fikirlər elə-belə tənqid deyil, məqsədyönlü şəkildə ümummilli düşmən obrazının yaradılmasıdır, tipik sovet propoqandasıdır. Moskva merinə yaxın olan media qurumları siyasi rəqiblə sovet metodları ilə mübarizə aparmağa başlayır, hey yazırlar: “Yeltsin rejimi Vətəni xarici kapitala satıb”; “Hər il ölkədən çıxarılan milyardlarla dollara görə o günahkardır”; “Korrupsiya rejimini o yaradıb”; “Məhz Yeltsin “rus xalqının soyqırımı”nı həyata keçirir, doğum faizinin aşağı düşməsinin günahkarı odur”; “Ölkədə elm və təhsilin, səhiyyənin və mədəniyyətin fəlakət halında olmasının səbəbkarı Yeltsindir”; “Prezidentin ətrafında mafioz ailələr, əsl quldur klanlar yığışıb” və s.

Yeltsin yazır:

“Uzun müddət anlamağa çalışdım Yuri Mixayloviçlə aramızda nə baş verib? Biz dost idik axı. Mən onun şəhərsalma fəaliyyətinə, yorulmazlığına və enerjisinə böyük ehtiramla yanaşırdım. Mer islahatlar kursunu, azad sahibkarlığı həmişə dəstəkləyirdi, ona görə ki, məhz bu kurs ona Moskvanı daha da gözəlləşdirmək, onu təmiz küçələri, parıldayan vitrinləri, müasir infrastrukturları olan bir şəhərə çevirmək imkanı verirdi.

Ancaq Moskvanın 850 illiyinin ağlasığmaz dərəcədə təntənəli və təmtəraqlı keçirilməsindən sonra, görünür, merin başı gicəllənmişdi. O, ölkə siyasətinə daha çox qarışmağa, atalar sözündə deyildiyi kimi, öz gözündə tiri görməməyə başlamışdı.

Tirlər isə balaca deyildi. Moskva meriyası doğrudan da banklar və firmalardan yerli xəzinəyə çox pul toplayırdı. Onlar bu pulları ölkə xəzinəsinə deyil, Moskvaya ödəməyə məcbur idilər və bu vəsait təmtəraqlı bayramlara da, qeyri-adi memarlığa da, siyasi iddialara da yetirdi. Bununla yanaşı, mer vəhşi vergi əliəyrliyini, öz məmurlarının rüşvətxorluğunu və Moskva milisinin çarəsizliyini hiddətlə rədd edirdi. Həm də o bunları təkcə rədd etmirdi, hər tənqidi məqalədən sonra jurnalistləri məhkəməyə verirdi. Lujkov yalnız mənimlə mübarizə aparan jurnalistləri sevirdi. Məhkəmələr səliqəli şəkildə Lujkova qələbə qazandırırdılar. Moskvanın bütün hakimləri şəhər hökumətindən əlavələr alırdılar və meriyadan asılıydılar”.

Əslində Yeltsin Lujkovun ona münasibətinin 1998-ci ildəki payız böhranından sonra dəyişdiyini fərq edibmiş, ancaq açılışmaq istəmirmiş. Həmin vaxt mer Dumada Viktor Çernomırdinin baş nazir postuna təsdiqlənməsinə mane olmayacağını vəd etsə də, sözünü tutmayıb. Sonra açıq şəkildə prezidentə hücum etməyə başlayıb.

Yeltsin yazır: “Yayda mənim və ailəmin diskreditasiya olunması, Rusiyada və xaricdə dərc olunan muzdlu məqalələrin dərci kampaniyası başlandı. Lujkov rəsmi bəyanatla çıxış edərək məndən günahsızlığıma dair sübutlar tələb etməkdən (bəli, məhz bu cür) çəkinmədi. O, deyirdi ki, bu sübutlar olmasa, yazılanların hamısına inanacaq. Bu, məni xüsusilə sarsıtdı. Bəs günahsızlıq prezumpsiyası?”

Yeltsin özü və ailəsi barədə yazılan açıq yalanların Lujkovdan xəbərsiz olmadığını bilir və anlayır ki, bu, onun siyasi ehtiraslarından doğur. Ancaq prezident onu da bilir ki, şəhər meri siyasətçi deyil, sadəcə, moskvalılar onun siyasi zəifliklərini bağışlayırlar, onun çalışqanlığına hörmət edirlər. Yeltsin qeyd edir ki, Lujkov öz sevimli işi ilə məşğul olsa, özü də onu mütləq dəstəkləyərdi. “Ancaq Moskva Lujkova azlıq edirdi, o, daha böyüyünü istəyirdi”, – Yeltsin yazır.

Məsələnin mahiyyəti odur ki, 1999-cu ilin yayında Primakovla Lujkov yavaş-yavaş bir-birinə yaxınlaşıblar. Köhnə kəşfiyyatçı Primakov həmişəki kimi susqun olub, ehtiyatlı davranıb. Lujkov isə düşünüb ki, “ağır çəkili” Primakov öz yüksək reytinqi ilə “Oteçestvo”nun Dumaya yolunu açacaq, nəticədə Lujkov deputatların əksəriyyətini öz tərəfinə çəkərək baş nazir olacaq, sonra, 2000-ci ildə isə avtomatik olaraq prezident seçiləcək. Üstəlik, Primakov kommunistlərlə razılaşma əldə etdiyindən hakimiyyəti götürmək çətin olmayacaq.

Yeltsin anlayıb ki, hər şey 2000-ci ildə yox, elə 1999-cu ilin payızında həll oluna bilər. O, iyulda baş nazir Sergey Stepaşinlə bir neçə dəfə danışıb, ondan soruşub ki, nəyə görə əvvəllər Lujkovu sevməyən qubernatorlar indi merə meyllənirlər.

Yeltsin baş nazirə təklif edib ki, o, təşəbbüsü ələ alsın, bir az diri olsun, öz ətrafında ölkənin siyasi elitasını toplasın. Ancaq prezident baş nazirin reaksiyasından anlayıb ki, dialoqları alınmır. Stepaşin deyib: “Payızda hər şey yoluna girəcək, Boris Nikolayeviç, sizi əmin edirəm”.

Yeltsin isə başqa şeyə əmin olub. O, əmin olub ki, Stepaşin siyasi lider olmağa qabil deyil, ondan Duma seçkilərində Lujkov və Primakova qarşı mübariz çıxmayacaq. Demək, yeni siyasi partiya yaratmaq lazımdır.

Bu ərəfədə Boris Yeltsin gözləmədiyi yerdən, ağıllı və intellektual kimi qiymətləndirdiyi jurnalist Yevgeni Kiselyovdan zərbə alıb. Kiselyov çalışdığı NTV telekanalında “prezident ailəsini sxemi”ni göstərib.

Yeltsin yazır: “Bu şəkillər mənə “Onları milis axtarır” stendini xatırlatdı. Mən belə stendləri Sverdlovskda, zavodların ərazisində, avtobus dayanacaqlarında, kinoteatrların yaxınlığında tez-tez görürdüm. Orada əyyaşların, oğruların, qatillərin, qadın zorlayanların şəkillərini vururdular. İndi isə NTV-nin simasında “milis” mənim ailəmi – qızımı, Voloşini, Yumaşovu “axtarırdı”. Bu adamların, o cümlədən, mənim ayağıma, nə gəldi, yazırdılar: İsveçrə banklarında hesablar, İtaliya və Fransada villalar və qəsrlər, rüşvət, korrupsiya…

NTV-nin verilişindən şoka düşən prezident zərbənin haradan gəldiyini anlayır. Həmin vaxt Voloşinə hücum edənlər arasında Malaşenko və Qusinski kimi milyarder iş adamları da olur. Onlar prezidentdən Voloşini vəzifəsindən götürməyi tələb edirlər. Çünki Voloşin onların dövlətdən aldıqları, amma ildən-ilə vaxtı uzadaraq qaytarmadıqları kreditləri ödəməyi istəyirdi. Ancaq hələ Qorbaçovun dövründən tənqidi hücumlara, təqib kampaniyasına məruz qalmağa vərdişkar olan Yeltsin tələbkarların tələbini yerinə yetirməyə tələsmir.

Yeltsin yazır: “Əsas məsələ parlament seçkilərində uğur qazanmaq idi. Onların siyasi təzyiqinə biz öz siyasi təzyiqimizlə cavab verərik. Onların informasiya müharibəsində də öz cavab kampaniyamızı, elə o qədər sərt şəkildə təşkil edərik. İndi özünü ələ almaq vaxtıdır. Dekabra, seçkilərə bir şey qalmayıb”.

Prezident başa düşür ki, islahatlara, bazar iqtisadiyyatına köklənmiş iki siyasi qüvvə bir-birilə mübarizə aparacaqsa, seçkidə kommunistlər qalib gələcək.

Yeltsinin yeni Rusiya uğrunda mübarizə aparan iki qüvvədən biri olan “Oteçestvo”ya verdiyi qiymət belədir: “Lujkovun kapitalizm modeli söz azadlığını, ideologiya azadlığını, siyasi rəqabət azadlığını nəzərdə tutmurdu. Bu, sərt bürokratik kapitalizm modeliydi, “özümüzünkülər”in, məmurların mənafeyini güdürdü”.

Daha sonra Yeltsin yazır: “Publik siyasətə daxil olan şəxs bilməlidir ki, oyun qaydaları belədir, o, yalan selinə hazır olmalıdır. Amma hər halda çox istəyirsən ki, oyun dürüst olsun.

Daha bir qanunauyğunluq var ki, cəmiyyətdə hələ də “köhnə tipli partiya”ya xiffət var. Lujkov bu xiffəti öz “Oteçestvo”sunda təcəssüm etdirmişdi. Birdən-birə Moskvada insanlar eyni cür göy gödəkçədə, eyni cür kepkada mehriban cərgələrlə, nizami kolonlarla addımlayırdılar, yaxşı təşkil olunmuş mitinqlərə pulsuz avtobuslarla daşınırdılar. Görünür, Moskva meriyasının məmurları bizə məhz belə bir “yeni” partiya hazırlayırdılar. Bu nə idi? Sovet dövründə partiya, komsomol və həmkarlar ittifaqının insanları “öz azad iradələri ifadə etmək üçün” cərgələrə düzdüyü “sovet demokratiyası”nın fantomuydu? Yoxsa yaxşı təşkilatçılığa, idarəolunmaya görə həsrət idi?

Bilmirəm. Ancaq göy gödəkçəli və qəhvəyi kepkalı adamlar yaxşı yadımda qalıb. Əvəzində indi onların hərəsinin yaxşı müftə gödəkçələri var. Bir də müftə kepkaları”.

Yeltsin öz memuarında Lujkov-Primakov tandemini necə zərərsizləşdirdiyini yazmayıb. Əslində yazılası, öyünüləsi bir şey də deyil. Çünki həmin ilin payızında Yeltsinin komandası Lujkova və Primakova qarşı əks-hücuma keçdi, əllərində olan KİV-də, o cümlədən telekanallarda onları yerdən-yerə vurdular, bütün neqativ əməllərini ifşa etdilər, onları daha şiddətli tənqidə, təhqirə, təzyiqə məruz qoydular.

Təkcə telejurnalist Sergey Dorenkonun fəaliyyətini xatırlamaq kifayət edər. 1999-cu ilin sentyabrından 2000-ci ilin sentyabrına qədər bu adam Lujkov-Primakov cütlüyünü kəskin şəkildə hədəfə alaraq onların ifşasıyla məşğul oldu. Nəticədə onların bloku seçkini uduzdu. Lujkovun tənqidi daha kəskin oldu. Dorenko onun Moskva ətrafındakı daşınmaz əmlaklarının vertolyotdan çəkilmiş videoçarxı televiziyalarda nümayiş etdirdi, Lujkovun kriminal avtoritet Yaponçiklə əlaqəsinə dair fotoşəkilləri, gizli bank hesablarını faş edib yaydı. Bundan başqa, o, Primakovun səhhətinə dair bəzi təfərrüatları ictimailəşdirdi və Primakov RF prezidenti postu uğrunda mübarizədən çəkilməli oldu. Bu fəaliyyətinə görə həmkarları Dorenkoya “telekiller” ləqəbi verdilər. Onun bu adı qazanmasının baiskarı jurnalistə böyük miqdarda qonorar ödəyən komandaydı – Yeltsinin komandası.

Daha sonra bu komanda əfəl Stepaşini qətiyyətli Putinlə əvəz edərək hakimiyyəti o dövrün müxaliflərinin əlinə keçməyə qoymadı. (TƏRCÜMƏ: KONKRET.az)

pia.az

 


Etiket: Lujkov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar