Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lenin – içində bir neçə adam olan adam

Vladimir Leninin 22 aprel 2020-ci ilə təsadüf edən 150 illik yubileyi çox səssiz-sakit keçəcək...

Halbuki 100 illik yubileyi nəhəng SSRİ-nin hər yerində çox geniş və təntənəli şəkildə qeyd olunmuşdu.

Bir çox tərəfi axıra qədər müəmmalı qalan bu insan və siyasətçi haqqında Lev Danilkinlə – 2017-ci ildə dərc edilmiş “Lenin: günəş tozcuqlarının pantokratoru” adlı monumental bioqrafiyanın müəllifiylə söhbət etmişik.

Əsər Rusiyada geniş rezonans doğurub, ölkənin əsas ədəbiyyat təltifi olan “Böyük kitab” mükafatına layiq görülüb.

Leninin başdan-ayağa öyrənildiyi düşünülən bioqrafiyasına və şəxsiyyətinə yeni, qeyri-ideoloji baxış və müasir yazı stili kitabı xeyli cəlbedici edib.

Lev Danilkinlə Aleksandr Kan söhbət edib.

Ən az tanınan ən məşhur adam

Yəqin ki, haqqında Lenin qədər çox yazılan ikinci bir adam yoxdur. Hələ sovet vaxtı “Leninin tərcümeyi-halı” adlı 12 cildlik kitab hazırlanıb, həyatının ən xırda detalları, hər günü və bəlkə də hər saatı təsvir edilib.

Buna baxmayaraq cəmiyyətdə onun şəxsiyyəti və fəaliyyətilə bağlı konsensus yoxdur.

Küçəyə çıxıb adamlardan soruşun – Lenin kimdir? Almaniyanın agenti, qaniçən cəllad, yerdən çıxmış göbələk və sairə deyəcəklər. Təbliğata və son 30 ilin antitəbliğatına baxmayaraq cəmiyyət hələ də Leninin nə demək olduğunu anlamayıb.

Leninin uşaqlığı

Bizə məlum olan bütün apokrif-uydurmalara – Mariya Prilejayevanın yazdığı bioqrafiyaya, Bonç-Brueviçin və Zoşenkonun danışdıqlarına əsasən Leninin uşaqlığına ironiyasız yanaşmaq mümkün deyil.

Hansısa tarixi şəxsiyyətin uşaqlığında onun gələcək fəaliyyətinə işarə edəcək məqamlar axtarmaq nə qədər doğrudur? Leninin 24 oktyabr 2017-ci ildəki davranışıyla onun uşaqlığı arasında əlaqə tapmaq olarmı? Bəli, elə insanlar var ki, onların uşaqlığı bioqraflar üçün açar rolunu oynaya bilər. Ancaq Leninin bioqrafiyasında bu əlaqə şübhəlidir.

Onu başa düşməyə kömək edən məqamlardan biri də qardaşının qətlinə görə keçirdiyi travmadır. Bu, Leninin həyatının vacib hadisələrindəndir, ancaq mən onun bütün sonrakı fəaliyyətini bu travmadan yaranan nevrozun nəticəsi kimi qiymətləndirməzdim.

Qərbçi, yoxsa slavyonafil? Milli məsələ

Rusiyada marksizm, əlbəttə ki, Qərb yönümlü ideoloji proqramıydı və bütün marksistlər kimi, Lenin də qərbçiydi. Onun siyasi modernizmi, Rusiyanı elmi proqrama əsasən (O, marksizmi məhz elm kimi qəbul edirdi) dəyişmək arzusu sırf qərbçilik idi.

Rusiya sonradan “qovub çatmağa çalışan modernləşmə” adlandırılacaq bir vəzifənin öhdəsindən gəlməliydi. Avropa dövlətləriylə rəqabət aparmaq gücündə olmayan və inqilab baş verməsəydi, Çin kimi müstəmləkəyə çevriləcək bu əyalət ölkəsini marksistlər Qərb nümunəsinə əsasən dəyişmək, kapitalizmin inkişafını sürətləndirmək və sosializm quruculuğu üçün şərait yaratmaq istəyirdilər.

Onun qarışıq etnik mənşəyinə gəlincə (babası yəhudi, atası çuvaş-kalmık), bunun Lenin üçün vacib olduğunu düşünmürəm. Deyəsən, o öz yəhudi kökləri barədə heç nə bilməyib və məncə, bu məsələyə xüsusi əhəmiyyət də verməyib.

Bəli, kiçik xalqlar onu maraqlandırırdı, ancaq başqa səbəbə görə. Günlərin birində, xüsusilə də 1914-cü ildən sonra Lenin dərk edib ki, Birinci dünya müharibəsini başladan imperializmin əsas antaqonistləri marksistlərdən də çox kiçik xalqlardır.

Lenin hesab edib ki, məhz kiçik xalqların imperializm zülmünə dözməməsi onları inqilabın subyektlərinə çevirir. Milli azadlıq hərəkatları proletariatın heç olmadığı ölkələrdə də marksistlərin mübarizəsiylə rezonans yaratmalıydı və buna görə də Lenin azlıqların müdafiəsi ideyasına “aşiq olmuşdu”.

Yəni onun kiçik xalqlara diqqəti bundan irəli gəlib, damarlarında çuvaş, kalmık və yəhudi xalqlarının qanı axdığı üçün yox.

Coğrafiyaların məhsulu

Əsərlərinin 55 cildlik külliyatını oxuyandan və yazdığı mətnlər vasitəsilə özümdə onun haqqında təsəvvür formalaşdırandan sonra Lenin haqqında ədəbi tənqidçi olaraq kitab yazmaq istədim. Ədəbiyyat mərkəzli adam olduğum üçün düşünürdüm ki, bu mətnlərin köməyilə müəllifin şəxsiyyətini öyrənəcəm. Ancaq bir illik darıxdırıcı mütaliədən sonra başa düşdüm ki, Lenini belə asanlıqla “ifşa” edə bilməyəcəm.

Ağlıma gəldi ki, o, bəlli coğrafiyaların, onu formalaşdıran yerlərin məhsuludur, ona görə də olduğu bütün yerləri gəzməyə başladım. Marksın dediyi kimi – filosoflar göbələk kimi yerdən çıxmırlar, onlar öz zəmanələrinin, xalqlarının məhsuludurlar; fəhlələrin əlləriylə dəmir yolları çəkən dünya ruhu filosofların beynində fəlsəfi sistemlər qurur. Bu ruhun ardınca qaçmağa bir neçə komik cəhdim Lenin ideyalarının bu gün necə göründüyünü; Kapridə, Şuşenskidə və ya yenə “aşağıların istəmədiyi” Moskvada – 1989-cu ildə müxtəlif üsullarla Lenini inkar etməyə, onu iblisləşdirməyə, kənara itələməyə, marginallaşdırmağa başlamış əks-inqilabın baş verdiyi şəhərdə Leninin nə demək olduğunu yoxlamaq imkanına çevrildi.

İdmançı və avantürist

Leninin əsərlərini oxumaqla keçirdiyim həmin bir ildə mən başa düşdüm ki, “əsas”, “mütləq”, “kimyəvi təmiz” Lenini tapa bilmirəm və mənə nəsə başqa “alətlər” də lazımdır. Ona görə gah bu, gah da başqa tərəfə dürtülməyə başladım.

Məsələn, mənə elə gəlirdi ki, həyatının idmanla bağlı tərəfi onun üçün çox vacib olub. Bu düşüncəyə qapılaraq Leninin getdiyi istiqamətlərdə irəliləyir, onun məişət avantüralarının nə qədər əhatəli olduğunu və siyasi davranışına təsir edib-etmədiyini anlamaq istəyirdim.

Ancaq adi həyatda bizim çoxumuzdan daha avantürist olan Leninin siyasətdə belə olmadığını gördüm.

Şəxsi həyat: Nadejda Krupskaya və İnessa Armand

Leninlə Armand arasında sevgi münasibətinin olması barədə “sübutlar” yalnız 20-30-cu illərin memuarlarında qeyd olunan şaiyələrə əsaslanır – Armandın dəfnində Leninin tabutun arxasınca gedərək ağlamasına və onlar arasındakı yazışmalara. Məktublar xeyli çoxdur, əsasən Leninin Armanda yazdıqlarıdır, hamısı da dərc olunub; bir yerə yığsan, qalın bir kitab olar. Amma bu yazışmalar onların yaxınlıq dərəcəsi haqqında qəti qənaət yaratmır.

Mən hələ onu demirəm ki, bu yaxınlıq sevgi macərasını xatırlatmır. Hətta Lenin Armanda kənardan nəsə romantik bir şey kimi qiymətləndirilə biləcək sözlər yazandan dərhal sonra Belçika sosialistləri arasındakı münasibətlərlə bağlı düşüncələrini qələmə alıb və təklif edib ki, o da bu məsələ ətrafında düşünsün.

Bu münasibətlərə burnumuzu soxmaq qərarına gəlsək, bir məsələni də qətiyyən unutmamalıyıq – hər ikisi üçün çox vacib olan Krupskayanın varlığını.

Birincisi, Nadejda Konstantinovna tamamilə müstəqil şəxsiyyət kimi tanınıb, yəni Leninin çarpayısının yanında tumba olmayıb.

İkincisi, ərinin ətrafında dolanan, amma bu və ya digər səbəbə görə özünün bəyənmədiyi adamları asanlıqla kənara atıb. Və lazım biləndə Leninin yaxın çevrəsiylə münasibtlərinə nəzarət edib.

Bəli, üçü bir yerdə onlar kifayət qədər çox vaxt keçiriblər, amma Krupskaya qətiyyən ərinin məşuqə saxlamasına dözəcək qadına oxşamayıb.

Lenin məğlub olmuşdumu?

Ömrünün son aylarında fiziki amortizasiyaya məruz qalması, məncə, Leninin intellektual deqradasiya və xüsusilə də siyasi məğlubiyyət hiss etməsiylə nəticələnməyib. O, 1922-ci ildə yaradılmış və onda böyük qıcıq doğuran sovet dövlətiylə nə etmək lazım gəldiyini əla başa düşürdü.

Vətəndaş müahribəsi bitəndən və yeni iqtisadi siyasət (NEP) tətbiq ediləndən sonra Lenin 1917-ci ilin aprelindəki (Rusiyaya gəldiyi dövrdəki) ideyalarına – “Dövlət və inqilab” əsərində qələmə aldığı ideyalara (öz məhvinə şərait yaradacaq dövlətin qurulması, sinifləri olmayan və beləliklə də bir sinfin başqa bir sinif üzərində hegemonluğunu təmin edən zorakılıq aparatına ehtiyac duymayan cəmiyyətin qurulması) geri dönüb.

Leninin işləyib hazırlıdığı ideyalar arasında bunlar ən vacibləridir. Adətən, o, ictimai şüurda böhran vəziyyətində hakimiyyəti ələ keçirmək qabiliyyəti olan çevik siyasi alətin – partiyanın yaradılması haqqında “Nə etməli?” kitabını yazmış şəxs kimi qəbul edilir.

Halbuki 1917-ci ilin aprelində Rusiyaya gələndə Lenin özüylə “Dövlət və inqilab” kitabını gətirmişdi – dövlətdən xilas olmuş cəmiyyətin təsvir edildiyi kitabı. Lenin üçün dövlət zorakılıq aparatıydı. O, inqilabın son məqsədini proletariat diktaturası deyil, zor maşınının lazım olmadığı cəmiyyət qurmaq olaraq görürdü və meşədə əsgərlə rastlaşıb möhkəm qorxan finli qadın haqqında eşitdiyi məşhur hekayət də məhz bu haqdadır – əsgər şəxsi mülk olan əraziyə girmiş qadına atəş açmaq əvəzinə, kürəyindəki odun şələsini daşımağa kömək edir.

Yəni Leninin siyasi fəaliyyətinin hədəfi “silahlı adamdan qorxmağın lazım gəlmədiyi” cəmiyyət qurmaq idi. Silahlı adamsa dövlət və zorakılıq maşını deməkdir.

Mənə elə gəlir ki, ömrünün sonunda Lenin qətiyyən məğlub olduğunu düşünməyib və özünün “məhv edilməli olan dövlət” proqramına qayıdıb.

"Siyasi vəsiyyət"

Sonradan “Siyasi vəsiyyət” adı verilmiş mətnlər (Səhhəti korlandığı üçün partiyanın qurultayında iştirak edə bilməyən Leninin dekabr 1922 – mart 1923 aralığında diqtə etdiyi məqalə və məktublar “Siyasi vəsiyyət” adlandırılıb. Onların hamısı (“Dövlət Plan Komitəsinə qanunvericilik funksiyasının verilməsi haqqında”, “Millətlər və ya “avtonomlaşdırma” məsələsi haqqında”, “İnqilabımız haqqında”,”FKİ-ni necə yenidən qurmalı”) partiyanın 1923-cü ilin aprel ayında keçiriləcək XII qurultayına ünvanlanmışdı və həmin dövrün əsas məsələlərinə Leninin münasibətini əks etdirirdi. “Qurultaya məktub” “vəsiyyətin” ən məşhur hissəsi hesab olunur. Bu məktubu Leninin vəfatından sonra - 1924-cü ilin mayında keçirilmiş XIII qurultayda oxumuş, amma dərc etməmişdilər - BBC) Lenin Rusiyasının əvvəlki beş ildən nə yaxşı, nə də pis olan siyasi vəziyyəti haqqında qeydlərin sadəcə “gövdəsindən” ibarətiydi.

Mənə elə gəlir ki, Leninin son illəri barədə düşünəndə biz bugünkü reallığımızı ona ekstrapolyasiya edirik: varis axtaran Putin, varis axtaran Yeltsin. Ancaq bolşeviklərin bürokratik aparatı hər şeyin doğru seçilmiş varisdən asılı olduğu monarxiya strukturu deyildi.

Leninin “ehtiyat skamyasında” namizədlər çoxuydu: Preobrajenski, Osinski, Krestinski, Trotski, Stalin, Rıkov. Son dərəcə istedadlı olan bu şəxslərin hər biri haqqında ayrıca kitab yazmaq olar. Ona görə də Leninin dilemmasını yalnız Trotski və Stalin arasında seçim kimi təqdim etmək həqiqəti sadələşdirmək və təhrif etməkdir.

Şübhəsiz ki, Lenin Stalinə görə də, terrora görə də məsuliyyət daşıyır. Bu, uzun söhbətdir, çox vacib detalları var, ancaq məsuliyyət məsələsi mübahisəsizdir. Lenin bir çox səbəbə görə hələ 1918-ci ildə - Çaritsində bunu etməyə Stalinə icazə vermişdi, halbuki onu elə həmin vaxt mühakimə etmək lazımıydı.

1922-23-cü illərdə Leninin xeyli böyük səhvi o olmuşdu ki, hakimiyyətdaxili balans getdikcə sovetlərdən partiyaya tərəf “sürüşmüşdü”. Bu tarazılığın qorunmasına nəzarət edənsə məhz Leniniydi – tam da yaxşı görmürdü bu işi, amma hər halda nəzarət edirdi.

O vəfat edən kimi balans pozuldu və Sovet İttifaqı dərhal partiya, “palitbüro” dövlətinə çevrildi.

Lenindən nə qaldı?

O, ilk növbədə yaxşı iqtisadçı və yaxşı sosioloq idi. Və əgər siz Rusiya əhalisinin əsas hissəsini təşkil edən kəndlilərin – “xırda burjuaziya” sinfinin nə üçün “özgə”-proletar inqilabını dəstəklədiyini başa düşmək istəyirsinizsə, Leninin Tolstoy nümunəsinə istinad edən analiziylə tanış olmalısız – o, kəndlilərin kapitalizmdən qorxduğunu, o bu quruluşu istəmədiyini və məhz buna görə də klassik marksizmə zidd olaraq proletariatın müttəfiqi olduğunu yazırdı.

İkincisi, Lenin kapitalizmin öz “yüksək səviyyəsində” – imperializmdə necə fəaliyyət göstərməsini, mahiyyətindən irəli gələn qaçılmazlıqla dünya müharibəsi törətməsini analiz etmişdi. Hətta bu gün Suriya və Donbasda gedən müharibələri də Leninin “İmperializm kapitalizmin yüksək mərhələsi kimi” əsərindəki terminlərlə çox aydın və dəqiq izah etmək olur. Elə digər imperialist müharibələri də.

"Dövlət və inqilab"

Ancaq ən vacib məsələyə Lenin “Dövlət və inqilab” əsərində toxunub. Getdikcə bu əsər müasir Rusiya üçün daha böyük əhəmiyyət kəsb edir.

Hazırda indiki Rusiya dövləti bolşevizm, inqilab və antiinqilab dövrünün antaqonizmi hesab olunur. Ancaq tam da belə deyil. Dövlət fetişizminin güclü olduğu müasir Rusiya 1918-19-cu illərdəki və 1920-ci ilin əvvəlindəki dövlətə çox oxşayır. Və əksinə, 1917-nin sonu, 1918-in əvvəlindəki Sovet Rusiyasına heç oxşamır. Antiinqilab ideoloqlarını qıcıqlandıran məhz o Rusiyadır – indikinə antaqonist olan.

Bu məsələni vurğulamaq çox vacibdir – Leninin uzunmüddətli layihəsində proletariatın əbədi diktaturasını yox, sinifsiz və dövlətə ehtiyacı olmayan cəmiyyət qurmaq nəzərdə tutulmuşdu.

Bu, geniş yayılmış məlumat deyil və adətən, “Dövlət və inqilab” əsərini əsas xətdən uzaqlaşma kimi qəbul edirlər. Halbuki bu kitab dövlətsiz cəmiyyətin necə qurulması haqqında dərslikdir, ələlxüsus da dövləti fetişləşdirən Rusiyanın indiki dövrü üçün.

Bu kitab dövlətin fasiləsiz təbliğatına qarşı, müxtəlif sosial qruplar arasında konfliktə ancaq dövlətin mane ola bilməsiylə bağlı cəmiyyətə sırınan qənaətə qarşı, ölkə tarixinin ancaq dövlətin monopoliyasında olması iddiasına qarşı antidotdur.

Lenin dövlətlə davranmağın başqa üsulu, başqa versiyasını haqqında yazmışdır.

Nadejda Krupskaya - "allahın fağır bəndəsi", yoxsa bacarıqlı manipulyator?

Sonralar “siyasi vəsiyyət” adlandırılan mətnlərdəki faktları tarixçi Valentin Saxarov araşdırıb (“Leninin “Siyasi vəsyyəti”. Tarixin reallığı və siyasətin mifləri” kitabında. “Moskva universiteti” nəşriyyatı, 2003 - BBC).

O mənim kimi ədəbiyyatçı və ya görkəmli insanların həyatından yazan müəllif deyil; tarixçidir, və buna görə də Leninin ətrafındakılardan məhz kimin saxta sənədlər hazırlayıb dövriyyəyə buraxdığını dəqiqləşdirmir. Mənsə həmin şəxsin adını yazmışam – Nadejda Krupskaya. Belə saxtalaşdırmanı etmək imkanı olan və bundan qorxmayan yeganə insan ancaq o ola bilərdi.

Etiraf edim ki, qalmaqallı təxminləri olan patentli tarixçilərin ərazisinə belə ədalı müdaxiləmə görə bir qədər sıxılırdım.

Ancaq kitabım çapa göndəriləndən sonra Stiven Kotkinin Stalin haqqında kitabını (Stephen Kotkin "Stalin: Volume I: Paradoxes of Power, 1878-1928". Penguin Press, 2014) oxudum və Leninin vəsiyyətnaməsinin Krupskaya tərəfindən dəyişdirilməsi versiyasına orda da rast gəldim. Rusiyada böyük şübhəylə yanaşılan bu versiyanı Kotkin tam və birmənalı şəkildə qəbul edir. O, nəhəng tarixçidir və kompetensiyasına şübhə etmək üçün heç bir əsas yoxdur.

Yəni Rusiyada bu haqda danışmaq ayıb sayılsa da, elmi ictimaiyyətin qlobal konsensusu Leninin vəsiyyətinin dəyişdirilməsi və bu işdə əsas rolun Krupskayaya məxsus olması barədədir.

Belə bir ehtimalı mümkün hesab edəndən sonra onun xatirələrinə tamamilə fərqli yanaşma yaranır – Krupskayanın yazdıqları Leninin şəxsi həyatı haqqında ən vacib və ən əsas mənbədir.

Stalin dövründə, ciddi senzura şəraitində dərc olunmasına baxmayaraq bu xatirələr Leninin psixologiyasına və şəxsiyyətinə işıq salan kifayət qədər açıq və çox qiymətli sənəddir.

Ona görə də məndən Lenin haqqında hansı kitabı məsləhət bildiyimi soruşanda, nə qədər qəribə görünsə də, deyirəm ki, əsas kitab Krupskayanın memuarlarıdır.

Tapmaca insan

Son 3-4 ildə Lenin haqqında saysız-hesabsız leksiyalarım olub və bir dəfə də olsun, hazırlıq prosesində elə bir mətn yaza bilməmişəm ki, bir saat ərzində dinləyicilərə Leninin nə demək olduğunu anlada bilim.

Əlbəttə, mən onun həyat və fəaliyyətinin müxtəlif aspektləri haqqında saatlarla danışaram, ancaq vur-öldür, öz kitabımı yenidən oxumadan “iki kəlməylə” Leninin kim olduğunu izah edə bilmirəm. Niyə, axı?

Günlərin birində bunun səbəbini başa düşdüm – əslində, “Leninlər” çoxdur, hərəsi özünə görə maraqlıdır və onların birindən “ziddiyyətsiz” versiya düzəldib digərlərini ona uyğunlaşdırmaq düzgün deyil.

Leninin fərqli kimliklərini sıralamaq, onlardan kolleksiya düzəltmək də bir nəticə verməz. Bütün Leninlər haqqında danışmaq lazım deyil, çünki bu, “ziddiyyətli fiqur” qənaəti formalaşdırmaqdan başqa bir işə yaramayacaq. Siz “bu günün Lenini” haqqında danışmalısınız, bu gün və burda inqilabın aktuallığı ideyasını təmsil edən Leninin üzərində fokuslanmalısız.

İndi bugünkü cəmiyyətə antaqonist olan Lenin aktualdır. Bu, “Dövlət və inqilab”dakı Lenindir; dövlətin əslində üstünlük yox, uzunmüddətli perspektivdə problem olduğunu izah edən marksist-anarxist Lenindir.

“Dövlət və inqilab” kitabını silkələyən Lenin – hazırkı dövr üçün onun ən vacib kimliyi budur.

Rusiya dövləti Leninlə necə mübarizə aparır

Leninə nəinki Qərbdə, hətta Rusiyanın özündə də dəli fanat və qaniçən cəllad identikliyi “yüklənir”. Çünki “Dövlət və inqilab” əsəriylə Lenin Putin Rusiyasına qarşı antaqonist mövqedədir.

Onunla mübarizədə ən uğurlu strategiya ya bir başa iblisləşdirmə, ya da karikatura səviyyəsinə endirib mərkəzdən uzaqlaşdırmaqdır.

Konstitusiyaya məşhur düzəlişlərlə bağlı səsvermənin aprelin 22-sinə - Leninin 150 illik yubileyi gününə təyin edilməsi Rusiya dövlətin ona qarşı davranışını yaxşı illüstrasiya edir.

Leninə aid bu günə yeni məzmun verilir; insanlara fürsət yaradılır ki, siniflər arasındakı ziddiyyətlər və inqilabi keçmiş haqqında həyəcanlı xatirələr üzərində baş sındırmasınlar, bugünkü dövlətin onlara təklif etdiyi nemətlər – bazar günü, müavinət və sairə barədə düşünsünlər.

Bu “yeni mahiyyət” çox rəngarəng ola bilər – məsələn, Rusiyanı “Avroviziya” müsabiqəsində təmsil etməli olan “Little Big” qrupunun liderinin adını bilirsizmi? Mənə elə gəlir ki, bu da Leninin sıxışdırılması, onunla bağlı gündəm mövzularının müxtəlif populyar musiqi fenomenləriylə əvəz olunması prosesinin tərkib hissəsidir.

Yəni hakimiyyət hələ ki, Lenini birbaşa qadağan etmir, ancaq siyasi sferadan uzaqlaşdırır və onunla bağlı antiinqilabçı təsəvvürünü yaymaq missiyasını musiqiçilərə ötürür.

Leninin Almaniya agenti və qaniçən cəllad olduğuna eyham vuran seriallar da elə bu məqsədlə çəkilir.(virtualaz.org)

pia.az


Etiket: Lenin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar