Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Latın Amerikası partlayışı: Etirazçılar nələrə üsyan edir?..

Etirazçılar sosial ədalətsizliyi adiləşdirən hədsiz dərəcədə qeyri-bərabər cəmiyyət formasını və azad bazar şərtlərini yaradan və mövcud sistemdən həmişə özü üçün istifadə edən oliqarxlara qarşı da üsyan edirlər...

“Sendika63” qəzeti, Türkiyə, 9 dekabr 2019-cu il

Ekvador, Çili, Boliviya və Kolumbiyada neçə həftədir ki, küçələrdə pozulmuş sistemə qarşı etiraz aksiyaları davam edir. Sıx şəkildə istifadə olunan qaz bombaları ətraf mühiti daha da çirkləndirərək havanı korlayır. Hər bir etiraz aksiyasının fərqli bir səbəbi var, lakin hamısı bənzər şəkildə özünü göstərir. Gənc qadınlar və kişilər nümayişlərə qorxmadan öncüllük edirlər. Sosial şəbəkələr onları bir şəkildə gücləndirir və hərəkətə keçirir. Buna görə də, liderlərə ehtiyac duymurlar. Lakin polis təzyiqi çox şiddətli şəkildə özünü göstərir. Tam təchizatlı şiddət vasitələri get-gedə çoxalır. Qaz bombaları ilə kor edilən gözlər, qırılan kəllələr, boğulan ağ ciyərlər və polis zorakılığı ilə parçalanan üzlər artmağa davam edir. Bunlar da bəs etmədikdə mərmilərdən istifadə etməyə başlayırlar.

Ölülərin sayı sürətlə artır. Amma aksiyaçılar artan zorakılığa baxmayaraq, cəsarətlə polislə üzləşməyə davam edir. Bununla yanaşı, nümayişlərin ən qızğın vaxtında supermarketləri yağmalayan və ya binaları, hətta xəstəxanaları yandırmaq üçün fürsət axtaranlar da var. Bundan əlavə, polis binalarına da hücum edirlər. Lakin bu şiddətə baxmayaraq, vətəndaşların əksəriyyəti nümayişləri dəstəkləyirlər. Çili, Ekvador və Kolumbiyada ortaya çıxan üsyan iqtisadi inkişafdan ən çox istifadə edən, amma ən az vergi verən, səhiyyə, təhsil və pensiya maaşlarını təhlükəyə atan azlığa qarşı bir üsyandır. Üsyanlarda sistemin hegemoniya ilə çalışan iqtisadi modeli rədd edilir.

Tələbələrin lideri qeyd edir ki: “Neo-liberalizm Çilidə doğuldu və Çilidə də öləcək”. Digər insanlar da qeyd edir ki, reklam fırıldağı onların maaşları ilə uyğun gəlmir və onları borclandırır. Üsyanları tətikləyən qığılcım Ekvadorda benzin qiymətinin artması və ya Santiaqoda metro qiymətinin yüksəlməsi ilə ortaya atıldı. Bunu hökumət tərəfindən dəstəklənən özəl şirkətlər həyata keçirdi. Qeyri-müəyyən sülh prosesindən sonra qorxusuz olan Kolumbiyada isə təhsil üçün ayrılan vəsaitlər get-gedə azaldığı üçün tələbələr normal təhsil tələb edirlər.

Eyni zamanda, küçə nümayişlərində də artan işsizliyə qarşı tətilə gedilməsi tələb olunur. Həmçinin, səhiyyə sisteminin böhranı və milyonlarla qoca insanı yoxsulluğa məhkum edən səfil pensiya maaşları da vurğulanır. Etirazçılar həm də sosial ədalətsizliyi adiləşdirən hədsiz dərəcədə qeyri-bərabər cəmiyyət formasını və azad bazar şərtlərini yaradan və mövcud sistemdən həmişə özü üçün istifadə edən oliqarxlara qarşı da üsyan edirlər. Sosial tələblər qadınlardan başlayaraq kimi sevdiyinə qərar vermək, şərəf və ləyaqəti və insan hüquqlarını qorumaq üçün birləşib. Boqotoda gənclər ekologiya mütəxəssisi və humanist lezbiyan bir qadının bələdiyyə sədri seçilməsini böyük bir sevinclə qarşılayıb.

Toqquşmanın təməlində nə var?

Boliviyada şiddətin daha fərqli və təhdid dolu kökləri var. Çünki Boliviyada son 10 ildə iqtisadi inkişaf baxımından irəliləyiş əldə edilib, yoxsulluq ciddi şəkildə azalıb və Evo Moralesin liderliyində bütün əhalinin rifah səviyyəsi yaxşılaşıb. Lakin bununla yanaşı, Boliviyada daha dərin bir ictimai çevrilmə yaşanıb və yerli xalq iqtidara gəlib. Dövlət qurumlarının ən önəmli cərgələrində və demokratik olaraq seçilən konqresdə əsasən yerlilər iştirak edir. Ölkənin ağ dərili elitasının da dözə bilmədiyi şey də tam olaraq budur.

Boliviyadakı toqquşmanın təməlində irqçilik var. Hər nə qədər müxalifət dövlətdə yaranmış qanunsuzluğu, Evonun təkəbbürünü və iqtidarda qalmaq üçün etdiyi manevrləri - hətta buna seçki saxtakarlığı da daxildir - önə çıxarsa da, MAS (Sosializmə Doğru Hərəkat Partiyası) hələ də iqtidarda idi. Lakin Morales son nəticədə seçkilərin təkrarlanmasını təklif edib. Buna baxmayaraq, dini liderlərin təşkil etdiyi aksiyalar da daxil olmaqla, hal-hazırda aparılan proses Boliviyanın konstitusional prezidentini istefaya və sürgünə getməyə məcbur etmək üçün hərbi iyerarxiyadan istifadə edib. Elə görünür ki, Bolsonaro Tramp tərəfindən uzaqlaşdırılıb. Çevrilişə qarşı Boliviyada həm Kokabambanın koka əkini bölgələrindən, həm də yerli əhalinin üstünlük təşkil etdiyi El Altodan paytaxt La Paza doğru hərəkətə keçən yerlilərin aksiyaları partlayış effekti yaratdı. Beləliklə, ordu Latın Amerikasında ən çox çevriliş edilən ölkə olan Boliviyanın uğursuz tarixinə yeni qətliamları və cinayətləri əlavə edirdi. 

Bu cür mərhələlərin sona çatdığını düşünənlər ictimai iqtidarda bir yenilik olduqda seçicilərin ən son çarə kimi hər zaman şiddətə yönəldiyini qəbul etməlidirlər. 

Yeri gəlmişkən, Çilidə, bəlkə də, narkotik qrupları tərəfindən manipulyasiya edilən və çox yönümlü, xalq nifrəti ilə qızışan dağıdıcı bir şiddət ortaya çıxıb. Səbri tükənən Pineranın istəyi ilə ordunun küçələrdə silahlandırılması da mümkün görünür. Əgər yaxın zamanlarda islahatlar həyata keçirilməsə və nümayişlər davam etsə, ölkə rəhbərliyində geriləmə halları müşahidə edilə bilər.

Siyasi olaraq qeyri-sabitləşmiş Peruda və Argentinada Alberto Fernandezin yaratdığı xalq ümidini bir tərəfə qoyduqda Latın Amerikasındakı partlayışın kökündə 3 əsas fenomen olduğunu deyə bilərik: Radikal ictimai bərabərsizlik, təkcə iqtisadi sahədə deyil, bütün olaraq cəmiyyətə də sıx bir bazar forması tətbiq edən neo-liberal siyasətlərin uğursuzluğu və mövcud siyasi nümayəndələrin rədd edilməsi, siyasi qurumlara olan inamın azalması və s. Bu mənada “gatoparadismo” (hər şeyi eyni qalmaqla tək bir şeyi dəyişdir) artıq kifayət etmir. Mövcud partlayışın dalğaları müxtəlif zamanlara və məkanlara doğru yayıla bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar