Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçının işğaldan azad olunması Ermənistan diplomatiyasının məhvi kimi

Amid Əliyev yazır...

01 dekabr 2020-ci il tarixində Laçın rayonu işğaldan azad olunaraq Azərbaycana qaytarılmışdır. Bu, Azərbaycanın siyasi cəhətdən daha bir uğuru və rəsmi olaraq Ermənistan tərəfindən işğalın sona çatması kimi qiymətləndirilir. Bu uğuru ilə Azərbaycan bir daha BMT TŞ-nın məlum Qətnamələrinin icrasını təmin etmiş oldu. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu və suverenliyimiz təmin edildi. Bununla bağlı olaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqına təbriklə müraciət etmişdir. Ölkə başçısının təbriki bir sıra siyası və olduqca mühüm məqamları ilə yadda qalmışdır. Laçın rayonunun strateji əhəmiyyətini və mühüm mahiyyətini vurğulayaraq ölkə başçısı bildirmişdir ki: Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır.

Laçın rayonunun işğaldan azad olunan digər rayonlar kimi, Azərbaycanın kənd təsərrüfatının inkişafına zəmin yaradacağı labüddür. Bu barədə danışan Prezident qeyd etmişdir: “Onu da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin ərazisində olması böyük üstünlüyümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün, əlbəttə ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir”.

Qeyd olunanlarla yanaşı, Laçın dəhlizinin məhz bu rayonun ərazisindən keçməsi Laçını Azərbaycan və xüsusilə də Qarabağ üçün daha çox əhəmiyyətli edən faktorlardan biridir. Qeyd etmək lazımdır ki, məhz bu faktor 30 il ərzində aparılan danışıqlarda ayrı bir bənd kimi daima müzakirə edilmişdir. Məhz bu məqamı xüsusi ilə vurğulayan ölkə başçısı qeyd etmişdir ki: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. 5 kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.

Ali Baş Komandan çıxışı zamanı Laçında qanunsuz məskunlaşma və Laçının Ermənistan tərəfindən məqsədli şəkildə Azərbaycana qaytarılmaması haqqında dedikləri daha çox diqqəti cəlb edən məqamlardandır. Belə ki, Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər AğdamFüzuliCəbrayılZəngilanQubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Bunlardan əlavə, Ermənistanla aparılan danışıqların mahiyyətini və məzmunu bir daha xatırladaraq ölkə başçısı vurğulamışdır ki: “Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan sadəcə olaraq danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda, onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax bu idi danışıqlar masasında olan məsələlər.
Qeyd olunan fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan 44 günlük müharibədə beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq öz torpaqlarının azad olunması missiyasını həyata keçirmişdir. Münaqişənin hərbi mərhələsi bitmiş, siyasi mərhələsi üzrə danışıqlar aparılır. Bunu ilk öncə Azərbaycan xalqının iradəsi tələb edirdi. Bu tələbə uyğun olaraq bu gün Qarabağ erməni işğalından tam olaraq azad edilmişdir. Artıq Qafqazda yeni bir siyasi reallıq yaranmışdır. Bölgənin yenidən inkişafı həyata keçiriləcəkdir. Artıq yeni infrastruktur layihələrin, xüsusilə də yolların və dəmir yollarının çəkilməsinə başlanılmışdır. Bölgədə nəqliyyat və kommunikasiya xətlərinin bərpası və yenidən layihələndirilməsi işinə də start verilmişdir. Qafqaz bölgəsində Azərbaycan, Türkiyə, Rusiyaİranın iştirakı ilə yeni qarışlılıqlı əməkdaşlığı nəzərdə tutan birliyin yaradılması müzakirə olunmuşdur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib rol oynayır. Regionda nəqliyyat və neft-qaz ixracı üzrə iri layihələri uğurla icra etmişdir. Ermənistanın apardığı işğalçı siyasəti onu bütün bu layihələrdən kənarda saxlamışdır. Bu, Azərbaycan tərəfindən Ermənistanın bölgədə tək qalmasına və təcrid olunmasına yönəlmiş siyasətin nəticəsidir. Qeyd olunanlar Ermənistanın son 30 il ərzində həyata keçirdiyi daxili və xarici siyasətin uğursuz və məntiqsiz olmasını, Ermənistan siyasi elitasının rəhbərlik etdiyi dövlətin yalanlar üzərində qurulmasını və Ermənistan ordusunun zəif və miskin halda olmasını bir daha sübut elədi. Ağdam, Kəlbəcər və nəhayət Laçının döyüşsüz qaytarılması isə ümumiyyətlə, Ermənistanın bir dövlət kimi beynəlxalq münasibətlərdə subyekt yox, obyekt olmasını göstərdi.

Azərbaycan bu münaqişədə qalib tərəf kimi aparılan bütün danışıqlarda öz üstünlüyünü saxlayaraq, siyasi və hüquqi cəhətdən öz şərtlərini və tələblərini diktə etməkdə davam edir. Bu məsələdə Azərbaycanın haqlı mövqe tutması, milli maraqlara xidmət edən siyasət yeritməsi və bölgədə qonşularla ədalət, bərabərlik, humanizm və qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması ondan xəbər verir ki, Azərbaycan bu bölgədə öz siyasi liderliyini qoruyub saxlamışdır. Azərbaycanın iştirakı ilə regionun yeni geosiyasi xəritəsi hazırlanır və bu işdə Azərbaycan etibarlı və güclü tərəfdaş rolunda çıxış edir. Bundan sonra regionda baş verəcək siyasi və iqtisadi məzmunlu layihələrdə Ermənistanın hansı mövqe tutması ilk öncə Ermənistanın siyasi rəhbərliyindən və erməni xalqının rasional-məntiqi düşüncə tərzindən asılı olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, Amid Əliyev

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar