Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Qərblə məxfi danışıqlara başlayıb: Bayden isə Putini yalnız kapitulyasiya aktı üçün gözləyir

Kreml savaşı dayandırmağa hazırdır, bunun əvəzində Ukraynanın artıq işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalmasını əsas şərt kimi irəli sürür... Halbuki, məxfi danışıqları iflasa uğrayan Rusiyanın səhvi ondadır ki, müzakirələri ABŞ-Böyük Britaniya-Ukrayna üçlüyü ilə aparmaq əvəzinə, hələ də Almaniya-Fransa cütlüyünə ümid bəsləyir...

Ukrayna savaşı Rusiya üçün "dibi görünməyən dərin quyu"ya çevrilib. Rusiya hər ötən gün bu quyunun daha dərin qatlarına yuvarlanır. Və Kreml bu quyudan mümkün qədər tez bir zamanda xilas olmağa çalışsa da, hələlik çıxış yolu görünmür.

Əslində, belə vəziyyətin yaranmasına səbəb məhz Kremlin ardıcıl buraxdığı kobud səhvlərdir. Bu səhvlər təbii ki, Rusiyanın Ukraynaya savaş açması ilə başladı. Kreml Rusiyanın gücünü qat-qat aşan bir müharibə kampaniyasına başlamaqla, bu ölkəni "savaş bataqlığı"na gömdü. Və bundan sonra artıq buraxılmış səhvlərdən nəticə çıxarmaq əvəzinə onların sırasına yenilərini əlavə etdi.

Kremlin ən böyük səhvlərindən biri də odur ki, müasir dünyanın hələ də I Pyotr dövrünə uyğun hərbi-siyasi alətlərlə idarə oluna biləcəyi ilə bağlı təsəvvürlərdən uzaqlaşa bilməməsidir. Yəni, Rusiya elmi-texniki cəhətdən geri qaldığı kimi, siyasi-ideoloji zehniyyət baxımından da keçmişdə qalıb. Rusiya ideoloqları hələ də hesab edirlər ki, bütün dünya Kremlin diqtə etdiyi orta əsrlərə aid şərtlərlə idarə olunmalıdır. Bu isə o deməkdir ki, Rusiya özü keçmişdə qalıb, müasir dünyanı da orta əsrlərə çəkməyə çəhd göstərir.

Təbii ki, Kremlin bu mövqeyi və davranışları Avropa Birliyinin təhlükəsizlik məsələləri üzrə təmsilçisi Jozep Borrelin Rusiya barədə dediklərini haqlı çıxarır. O, hesab edir ki, Ukraynanın dəstəklənməsi beynəlxalq hüquq sisteminin müdafiə olunması məqsədi daşıyır. Ona görə də, Avropa Birliyinin Ukraynanı müdafiə etməsini bu qurumun Rusiya ilə mübarizə aparması kimi anlamaq tamamilə yanlışdır: “Biz Rusiyanı və Putini zəiflətmək istəyirik. Əks halda, dünyada cəngəllik qanunları qalib gələcək”.

Rusiya siyasi dairələri bütün dünyaya hədə-qorxu yandırmaqla, özünütəcrid təhlükəsi ilə üzləşib. Bu ölkənin siyasi rəhbərliyinə daxil olan şəxslər ardıcıl olaraq, dünyanı nüvə müharibəsi ilə hədələyirlər və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz məzmunlu açıqlamalar verirlər. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə, Adolf Hitlerin yəhudi olması barədə məntiqsiz uydurmaları ilə Kremli çətin vəziyyətə salmağı bacardı. Ukrayna savaşına neytral mövqedən yanaşan İsrail artıq Rusiyaya qarşı olan beynəlxalq düşərgəyə doğru meyilləndi.

Düzdür, Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici işlər nazirinin düşünülməmiş yersiz açıqlamasına görə İsraildən üzr istəmək məcburiyyətində qaldı. Ancaq həmin üzrxahlığın Rusiya-İsrail münasibətlərini əvvəlki məzmun və keyfiyyətdə qalmasını təmin edəcəyinə inanmaq sadəlövhlük olardı. Hər halda, siyasi yanlışla qalmaqala səbəb olmuş belə açıqlamaların tez bir zamanda unudulmadığı qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, Rusiya siyasi dairələri buraxılan kobud səhvlər ilə həm də öz ölkələrinə də ağır zərbələr vurur. İndi Rusiya beynəlxalq məkanda demək olar ki, təklənməyə başlayıb. Kremlin aqressiv davranışları Rusiyanı sürətlə dünyadan təcrid edir, müttəfiqlərini belə, rəqibə çevirir. Bütün dünyadan təcrid edilmiş vəzifələrdəsə, Rusiyanın Ukrayna savaşından çıxa bilməsi qətiyyən mümkün görünmür.

Böyük ehtimalla ABŞ və Qərb hələ uzun müddət Rusiyanı "savaş bataqlığı"nda tutmağa və bir daha hərbi-siyasi aqressiyaya cəsarət etməyəcəyi səviyyədə zəiflətməyə çalışacaq. Maliyyə-iqtisadi cəhətdən çökdürülməsinə çalışılan Rusiyanın Ukrayna savaşından sarsıdıcı məğlubiyyət ilə ayrılmasına cəhd göstəriləcək. Və Kremldə artıq Rusiya üçün belə bir təhlükəli perspektivin qaçılmaz ola biləcəyini anlamağa başlayıblar.

Ona görə də, son vaxtlara qədər sürətli qələbəyə əmin olan Rusiyanın artıq məğlubiyyət versiyaları ilə bağlı açıqlamalar verməsi qətiyyən təəccüblü deyil. Buna misal olaraq, Rusiyanın ABŞ-dakı səfiri Antonovun dediklərini göstərmək olar. Çünki, o, bildirib ki, Kreml Rusiyanın Ukraynada kapitulyasiya etmək məcburiyyətində qalmayacağına tamamilə əmindir. Və Rusiya təmsilçisinin birdən-birə kapitulyasiya mövzusuna təmas etməsi Kremldə bu ehtimaldan artıq narahatlıq keçirdiyini göstərir.

Əslində, Kremlin belə bir narahatlığı üçün kifayət qədər əsasları olmamış deyil. Çünki, ABŞ prezidenti Co Bayden vaxtilə faşist Almaniyası çökdürmüş Lend-liz qanununu bu dəfə Rusiyaya qarşı tətbiq etmək qərarı verib. Bu qanun çərçivəsində Ukraynaya limitsiz hərbi yardım göstəriləcək. Və Ukraynanın savaş xərclərinə 40 milyard dollar həcmində maliyyə vəsaiti xərclənəcək.

Digər tərəfdən, G7 ölkələri də Ukraynanın hərbi ehtiyaclarını öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib. G7 ölkələrinin ortaq bəyanatında birmənalı şəkildə vurğulanır ki, Ukraynaya uzun müddət hərbi yardım göstəriləcək, müasir silah-sursat veriləcək. Və bunu Rusiyaya qarşı ikinci Lend-liz qanununun tətbiq olunması kimi də qəbul etmək olar.

Ona görə də, Rusiyanın müharibəyə başlayarkən, ildırım sürətilə qələbə qazanacağına əmin olduğu Ukrayna savaşından mümkün qədər böyük sürətlə geri çəkilməsi Kreml üçün taleyüklü şərtə çevrilməyə başlayıb. Hətta son məlumatlara görə, Kreml artıq Qərb siyasi dairələri ilə anlaşma zəmini axtarmağa cəhd göstərir. Həmin məlumatlarda bildirilir ki, Kreml öz emissarları vasitəsilə Avropa Birliyi ilə anlaşa biləcəyinə ümid bəsləyir. Danışıqların əsasən, Almaniya və Fransa ilə aparıldığı iddia olunur.

Maraqlıdır ki, Kreml hərbi əməliyyatların dayandırılmasına hazır olduğunun mesajını verir. Əvəzində isə Ukraynanın artıq işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalmasını əsas şərt kimi irəli sürür. Kremldə artıq anlayırlar ki, Rusiyanın qarşıya qoyulan hədəflərə çatması mümkün olmayacaq. Ona görə də, heç olmasa, hazırda işğal etdiyi Ukrayna ərazilərini öz nəzarətində saxlamaqla, Rusiyanın sarsıdıcı hərbi iflasına, külli miqdarda maliyyə-iqtisadi itkilərinə haqq qazandırmaq niyyətindədir.

Bir müddət öncə Kremlə Avropada ən yaxın ölkə sayılan Almaniyanın kansleri Olaf Şoltsun Rusiya savaşı dayandıracağı təqdirdə, bu ölkəyə qarşı sanksiyaların ləğvinin mümkün ola biləcəyini bəyan etməsi də məxfi danışıqların həqiqətən də ararıldığını göstərir. Digər tərəfdən, prezident Volodimir Zelenski də bir neçə gün öncə bildirmişdi ki, Fransa prezidenti Emmanuel Makron rəsmi Kiyevə Ukraynanın əraziləri və suverenliyi hesabına Kreml sahibi Vladimir Putinin qürurunu xilas edəcək anlaşma təklif edib.

Nəhayət, Kremlin məxfi anlaşma cəhdlərindən rəsmi Ankaranın da məlumatlı olduğunu düşünmək üçün müəyyən əsaslar mövcuddur. Belə ki, Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalın Rusiyanın yalnız Ukrayna ilə deyil, Qərblə də yeni böyük müqavilə bağlamaq istəyir: "Rusiya yalnız Ukrayna ilə deyil, Qərblə də danışırlar masa arxasına oturmaq istəyir. Çünki, Ukraynanın da daxil edildiyi daha dərin beynəlxalq strateji hesablaşma var. Burada düzgün balans yaratmadan müharibəyə son qoymaq çətin olacaq. Danışıqlar masası arxasında pozitiv şərtlərin ön plana keçməsi üçün bütün tərəflərin, o cümlədən, AvropaABŞ da konstruktiv mövqe tutmalıdır".

Ancaq göründüyü kimi, hələlik konstruktiv müzakirə o qədər də inandırıcı görünmür. Çünki, Kreml danışıqlar üçün heç də doğru tərəf müqabilləri seçməyib. Hər halda, bu məsələdə Almaniya və Fransa elə də ciddi rol oynamır. Ukrayna Rusiyaya qarşı əsasən, ABŞ və Böyük Britaniyanın hərbi yardımları ilə vuruşur. Və bu baxımdan, rəsmi Kiyev Ağ Ev və Londonun icazəsi olmadan Rusiya ilə heç bir Avropa Birliyi ölkələrinin vasitəçiliyinə istinadla anlaşmaz.

Prezident Volodimir Zelenskinin Rusiya ilə məxfi danışıqlardan imtina etdiyinə eyham vurması da əslində, Kremlin diplomatik cəhdlərinin iflasından xəbər verir. Ona görə də, Rusiya məxfi anlaşma üçün bu dəfə daha dəqiq ünvanları seçməli olacaq. Yəni, Rusiya ilə hazırda danışıqların əsas tərəfi rolunda Almaniya-Fransa cütlüyünün deyil, məhz ABŞ-Böyük Britaniya-Ukrayna üçlüyünün çıxış edə biləcəyi daha inandırıcı görünür. Halbuki, prezident Co Bayden və baş nazir Boris Consonun hazırda Kreml sahibi Vladimir Putini sülh danışıqları deyil, məhz Rusiyanın kapitulyasiya aktını imzalaması üçün gözlədikləri də qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar