Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kişi ginekoloq: “Əslində ginekologiya elə kişi sənətidir” - Müsahibə

Ginekoloq Rəşad Sultan: “İbrahim peyğəmbərin arvadı Sara 90 yaşında hamilə qala bilməzdi”

Ölkəmizdə bəzi peşələr var ki, sırf mentalitetdən irəli gələn düşüncə tərzi fonunda qadın peşələri sayılır. Bunlardan biri də ginekologiya sahəsidir. Əsas məsələnin həkimin peşəkarlığının olmasını nəzərə alsaq, həkimin qadın və ya kişi olmasının elə də əhəmiyyətli olmadığını vurğulamaq yerinə düşər. Bəzi ekspertlərə görə, artıq Azərbaycanda ginekoloqluq ənənəvi qadın peşəsi statusundan çıxmaq üzrədir. Elə bu baxımdan ölkədə kişi-ginekoloqlara da rast gəlmək mümkündür. Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün ginekologiya sahəsinə xüsusi diqqət ayırmaq isə vacib faktorlardan biri sayıla bilər.

Əsas məsələnin həkimin peşəkarlığının olmasını nəzərə alaraq, ölkədəki ginekoloji vəziyyətlə bağlı PİA.AZ-ın əməkdaşı həkim-ginekoloq Rəşad Sultandan müsahibə alıb.

PİA.az həmin müsahibəni oxucularına təqdim edir:

- Azərbaycanda ginekologiyanı əsasən qadın sahəsi hesab edənlər az deyil. Elə buna görə də qadınların əksəriyyəti kişi ginekoloqa müraciət etməkdən çəkinir. Bu stereotipin yaranma səbəbi nədir?

- Əslində bu yanaşmanı normal qarşılayıram. Çünki bu davranış utancaqlıqdan irəli gəlir. Doğrudur ki, qadınlar qadın cinsi orqanlarının müayinəsini etibar etmək üçün daha çox qadın ginekoloqlara üstünlük verirlər. Bununla yanaşı, qadın olaraq öz həmcinsinə şikayətlərini daha rahat deyə bilirlər. Nəticədə ginekoloq qadının çoxalma funksiyası, intim münasibətləri ilə bağlı şikayətləri dinləməli olur. Əvvəllər bizim cəmiyyətdə “mən hamiləyəm” sözünü işlətmək ayıb sayılırdı. Elə indi də bəzi ailələrdə bu mövcuddur. Bu baxımdan qadın ginekoloqa üstünlük verilməsi başadüşüləndir.

Uzun illər bizim ölkəmizdə ginekologiya qadın sahəsi hesab olunub. Lakin başqa prizmadan yanaşsaq, əslində işin özü çox ağırdır. Ginekologiya qanlı bir sahədir. İngilis atalar sözündə deyilir ki, mama-ginekologiya qanlı bir məşğuliyyətdir. Gecənin yarısı xəstəxanaya doğuşa getmək kimi hallar da var. Doğuş elədir ki, digər planlı əməliyyatlara oxşamır. Ona görə də çətinliklər baxımından cəsarət və qətiyyət tələb edən bir sahədir. Bu çətinlikləri nəzərə alsaq, əslində ginekologiya kişi sənətidir.

Rəşad Sultan: “Ginekologiya qanlı bir sahədir. İngilis atalar sözündə deyilir ki, mama-ginekologiya qanlı bir məşğuliyyətdir”.

- Ginekoloq dedikdə ağıla gələn ilk fikirlər evli qadın, hamiləlik və uşaq olur. Halbuki hər bir qadının ginekoloqa ehtiyacı ola bilər. Bu baxımdan hesab etmək olarmı ki, qadınlar arasında ginekologiya üzrə maarrifləndirməyə ciddi ehtiyac var?

- Ümumiyyətlə, ginekologiya iki hissədən ibarətdir: Mamalıq və ginekologiya. Mama-ginekoloq hamiləlik və doğuş dövrlərinə nəzarət edirsə, həkim-ginekoloq hamilə olmayan qadının sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Həkim-ginekoloq uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərin müalicəsində iştirak edir. Bununla yanaşı, işin cərrahiyə tərəfi də var ki, bəzi xəstəliklər əməliyyat tələb edir.

Hamiləliklə bağlı profilaktik maarrifləndirmə həyata keçirilir. Ancaq sırf ginekologiya ilə bağlı maarrifləndirmələrə bütün cəmiyyətlərdə həmişə ehtiyac var. Bizim cəmiyyətin bu baxımdan geri qaldığını düşünmürəm. Özüm 5 il Türkiyədə ixtisas keçmiş və yaşamış biri olaraq deyə bilərəm ki, bu məsələdə bizim cəmiyyət daha çox irəli gedib.

Hətta bizim cəmiyyətdə çoxbilmişlik var. Sadəcə bizdə yanlış maarrifləndirmə mövcuddur. Qızlarımızda gənc yaşda ginekoloqa müraciət etmək fobiyası var. Ona görə də cinsi yolla keçən xəstəliklər və arzuolunmaz hamiləlikdən qorunmaq, həmçinin bədxassəli şişlərin vaxtında aşkar edilməsi kimi üç aktual problemlər baxımından maarrifləndirməyə ciddi ehtiyac var.

- Ümumiyyətlə, sizə müraicət edən subay qızlar olur?

- Bəli, olur. Subay qızların ən çox müraciət səbəbi hormonal pozğunluqlar, menstrual ağrılar, tüklənmə və ya saç tökülməsi ilə bağlı olur.

- Dünya mediasında ana olmaq yaşının 30-u keçdiyi ilə bağlı xəbərlər var. Bizdə vəziyyət necədir və elmi nöqteyi-nəzərdən ana olmaq üçün uyğun yaş neçədir?

- Təəssüf ki, ana olmağın yaş limiti var. Ümumiyyətlə, sosial-psixoloji və hüquqi baxımdan 18 yaşdan sonra ailə qurmağa icazə verilir. 18 yaşa qədər olan və 35 yaşdan sonrakı hamiləliklər riskli hamiləlik hesab olunur. Qadın orqanizminin bir özəlliyi var ki, qadındakı yumurta hüceyrələrinin bəlli sayı var. Qadın müəyyən yaşa atdıqda, say məhdudlaşır. Bu yaş teorik olaraq 50 yaş, pratik olaraq 40 yaş hesab oluna bilər. Kişi cinsiyyət hüceyrələri isə bölünərək çoxalır və buna görə kişi üçün yaş limiti yoxdur.

Elm qəbul edib ki, 35 yaşdan sonra qadın cinsi hüceyrələri tükənməyə başlayır. Bu baxımdan 35 yaşa kimi qadınlar gənc qadın, 35 yaşdan sonra isə yumurtalıq rezervi tükənmə sərhədində olan bir fərd kimi qəbul edilir. 38 yaşdan sonra isə tükənmə daha da sürətlənir. Bizə sonsuzluqla müraciət edən insanları birbaşa bədəndən kənar mayalanmaya göndəririk. Lakin 42-43 yaşından sonra isə tamamilə tükənmiş qəbul edib, öz yumurta hüceyrəsi olmadığına görə donor yumurta hüceyrəsi vasitəsilə hamilə qalmasına yardımçı ola bilərik. Bu baxımdan yaş faktoru övlad dünyaya gətirmə baxımından çox önəmlidir. 35 yaşdan sonra özbaşına hamilə qalınsa belə hamiləlikdə görünən xəstəliklər, hamiləlik patologiyası riski və eyni zamanda döldə qüsurlar ehtimalı artır.

Azərbaycan cəmiyyətinə gəldikdə isə 15-20 il əvvəl evlilik yaşı 20-25 yaş aralığında idi. Lakin bu gün qadınlar 30 yaşdan öncə evlənmək istəmirlər. Əlbəttə ki, bu seçim sosial baxımdan əladır. Belə qadınlar cəmiyyətin bir fərdi kimi iştirak etmək, karyera qurmaq, həyatın dadını çıxarmaq istəyirlər. Əlbəttə, bu onların haqqıdır. Onu qeyd edim ki, bizim insanlarımız yumurtalıq rezervi məsələsində savadlıdırlar. Buna görə də ailə qurmaq üçün 30-35 yaşarası ideal vaxt seçirlər.

Rəşad Sultan: “Subay qızların ən çox müraciət səbəbi hormonal pozğunluqlar, menstrual ağrılar, tüklənmə və ya saç tökülməsi ilə bağlı olur”.

- Quranda və Zəburda yazılır ki, İbrahim Peyğəmbərin arvadı Sara 90 yaşında hamilə qalıb və İshaqı doğub. Elmi cəhətdən bu mümkündür?

- Xeyr, elmi cəhətdən bu mümkün deyil. Məhz donorla süni mayalanma yolu ilə mümkündür.

- Qadınları düşündürən məsələlərdən biri də abortla bağlıdır. Deyilənə görə, ilk uşağı abort etdirdikdə, sonra sonsuzluq yaranır. Bu deyim nə dərəcədə doğrudur?

- Bu deyim bir tərəfdən həqiqətə uyğundur, digər tərəfdən isə uyğun olmaya bilər. Abort bir müdaxilədir. Əslində tibb işçisi olaraq, bizim ən böyük istəyimiz arzuolunmaz hamiləliyin olmamasıdır. Lakin ortada bir arzuolunmaz hamiləlik varsa, sonlandırılmalıdır. Bu sonlandırmanın hansı formada həyata keçirilməsindən asılı olmayaraq, risk daşıyır. Bu riskin sonunda infeksiya var. Uşaqlıq boruları daxilində olan tıxanmalar, bitişmələr sonsuzluğa səbəb ola bilər. Yəni ki, abort zamanı infeksiya ola bilər və həmin infeksiyanın sonrakı hamiləliklərdə çətinlik və sonsuzluq yaratması mümkündür.

Onu da qeyd edim ki, Azərbaycanda qanun 12 həftəyə qədər aborta icazə verir. Çünki 12 həftəyə qədər risklər daha azdır. Bu baxımdan arzuolunmaz abortun əleyhinə çıxa bilmərik. Biz əsasən qorunmamağın əleyhinə çıxırıq. Arzuolunmaz hamiləliklərdən qorunmaq lazımdır və bununla bağlı maarrifləndirmə işləri aparılmalıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

- Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da abort qadağandır. O cümlədən bütün katolik ölkələrində. İslam dinində isə abort qadağan olunmayıb. Cəmiyyət üçün abortun qadağan olunması ziyanlıdır, yoxsa olunmaması?

- Abortu qadağan etmək cəmiyyəti çox qarışdırar. Ancaq hamiləlikdən qorunmanı oturdandan sonra bunu etmək olar. Ya da hamilə qadına elə sosial, psixoloji, tibbi şərait yaradılmalıdır ki, o özü abort etmək istəməsin. Heç kim öz xoşuyla uşağını aldırmaz. Qadını buna nə sövq edirsə, o səbəbləri aradan qaldırmaq lazımdır.

- Dediniz Azərbaycanda 12 həftəyə qədər aborta icazə verilir. Abortun bütünlüklə qadağan edilməsi mümkündür?

- Tibb sahəsinin bir nümayəndəsi kimi fikrimi bildirsəm, hər kəs abortun yaxşı olmadığını bilir. İstər tibbi cəhətdən anaya olan risklər, istərsə də bir canlının həyatının sonlandırılması baxımından bütün dünyada abort xoş qarşılanmır. Aborta icazə verilməsə, bu kriminal və skeptik abortların yaranmasına səbəb olacaq. Yəni, qadınlar qanuni tibb müəssisələrinə yox, qeyri-qanuni müəssisələrə üz tutacaqlar. Məsələn, keçmişdə qadınlar ev şəraitində abort etdirirdilər. Arzuolunmaz abortların sayını qadağa yox, təkamül yolu ilə azaltmaq mümkündür.

- Əslində müasir dövrümüzdə hamiləliyi ev şəraitində sonlandıran qadınlar var. Bu üsulun qadın sağlamlığı üçün nə kimi zərərləri var?

- Arzuolunmaz hamilələri müxtəlif vasitələr və ya dərmanlarda sonlandırmaq mümkündür. Lakin bu addım 12 həftədən sonra həyata keçirilirsə, bir cinayətdir. 12 həftədən öncə edilirsə, öz həyatını riskə atmaqdır. Çünki bu şəkildə düşükdən sonra qanaxmalar, ağrılar olur, infeksiya ehtimalı artır. Onsuz da həmin qadınlar əvvəl-axır həkimlərə müraciət edirlər. Çünki qalıqlar təmizlənməlidir və bu, abortdan daha riskli olur.

Bu baxımdan qadınlara ilk çağırışım odur ki, arzuolunmaz hamiləlikdən qorunsunlar. Qorunmaq üçün həkimlə məsləhətləşə bilərlər. İkinci çağırışım isə arzuolunmaz hamiləliyin sonlandırılması üçün tibb müəssisələrinə müraciət etmələridir.

Rəşad Sultan: “Qadınlara ilk çağırışım odur ki, arzuolunmaz hamiləlikdən qorunsunlar”.

- Statistikaya əsasən son 2-3 il ərzində ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1242 qadın abort etdirib. Sizcə, abortla bağlı təhsil ocaqlarında maarrifləndirmə işləri aparılmalıdırmı?

- Bəlkə də XIX-XX əsrlərdə o dövrün şəraitinə uyğun qadağalarla, informasiyanı azaltmaq üsulu ilə nəyəsə nail olmaq mümkün idi. Lakin indiki dövrdə informasiya bolluğu mövcuddur və belə bir şəraitdə uşağa nəyisə qadağan etmək mümkün deyil. Əslində buna ehtiyac da yoxdur. Hansısa davranışın zərərli olduğunu izah yolu ilə başa salmaq lazımdır. Əgər söhbət cinsi tərbiyə və arzuolunmaz hamiləlikdən qorunmaqdan gedirsə, bunun yolu maarrifləndirmədən keçir.

Əlbəttə, bu məsələni psixoloqlar daha yaxşı bilər, amma mənə elə gəlir ki, öncə cinsi aktivlik tərbiyəsi aparılmalıdır. İkincisi isə arzuolunmaz hamiləliklərin, cinsi yolla keçən xəstəliklərin fəsadları barədə yeniyetmələrə məlumat verilməlidir.

Əgər biz erkən seksual davranışın və ya erkən hamiləliyin pis olduğunu düşünürüksə, bunu yeniyetməyə izah etməliyik. Əgər valideynin izahı yolverilməz hesab olunursa, orta məktəblərdə xüsusi müəllim qrupu və ya bir dərs kimi öyrədilməlidir.

- Həkimlərin əksəriyyəti normal doğuşa deyil, keysəriyyə əməliyyatına üstünlük verirlər. Bəs keysəriyyə əməliyyatının riskləri nələrdir?

- Doğuş və keysəriyyə bir əməliyyat sayıla bilər. Çünki tibbi müdaxilədir. Əlbəttə, özünəməxsus riskləri var. Bu risklərə qanaxma, qan laxtası, infeksiya, orqanların yaralanması və narkozu misal göstərmək olar. Əslində bu risklər keysəriyyə əməliyyatında daha çoxdur. Doğuşda qanaxma ehtimalı bir az çox ola bilər. Statistik olaraq, keysəriyyə əməliyyatında risklər 4 dəfə çox olur. Ona görə də bu gün dünya elmi normal doğuşu təbliğ edir. Əgər doğuşun gedişatında ana və döl baxımından hansısa risk faktoru yoxdursa, doğuş bir seçim kimi seçilə bilər. Əks halda keysəriyyə üçün bir göstəriş varsa, bu zaman hansısa mübahisə və müzakirəyə də ehtiyac qalmır.

- Son zamanlar sonsuzluğun sayında artım hiss olunur. Sizcə, bunun səbəbi nədir?

- İndiki dövrdə bütün xəstəliklərin diaqnostikası artıb. Elm və diaqnostik metodlar inkişaf edir, insanlar maarriflənir və həkimə erkən müraciət edirlər. Bu, əslində yaxşı haldır.

Məsələn, evliliklərinin 3-cü yox, artıq 1-ci ilində həkimə müraciət edirlər, diaqnostik metodlarla problemi daha erkən aşkar edə bilirik. Sonsuzluğun artmasını günümüzün reallığı ilə əlaqələndirsək, bu günün dünyasında keçmiş illərlə müqayisədə bir sıra faktorlar dəyişilib. Bu günümüzdə poliqamiya, yəni çoxsaylı cinsi partnyor halları artıb. Bu isə cinsi yolla keçən xəstəliklərin artmasına səbəb olur. Hansı ki, bu xəstəliklər gizli, xroniki infeksiya törədir. Bu infeksiya qadınlarda uşaqlıq borusunun tıxanmasına, boru faktorundan sonsuzluğun yaranmasına səbəb olur. Eyni zamanda kişilərdə də sonsuzluq yarada bilir.

Rəşad Sultan: “Abortu qadağan etmək cəmiyyəti çox qarışdırar”.

- Süni mayalanma üçün müraicət edənlərin sayı barədə nə deyə bilərsiniz?

- Əslində “müasir tibb” dedikdə, çox adam hansısa fantastik aparat, sehirli dərman düşünür. Lakin “müasir tibb”in bir nömrəli tərifi budur ki, hər bir müayinə, müdaxilə, əməliyyat ancaq göstərişlə həyata keçirilsin. Süni mayalanma müəyyən hallarda və şərtlər çərçivəsində edilməlidir.

Sadəcə tibbdə hər şey riyaziyyatdakı kimi “2+2=4” deyil. Adətən kriteriyaların mütləq və nisbi göstəriş anlayışı var. Qadının boruları bağlıdırsa, bu, süni mayalanma üçün mütləq göstəriş sayılır. Tutaq ki, qadın 35 yaşına çatıb və 8-10 ildir hamilə qalmırsa, bir çox müalicələr effekt vermirsə, bu zaman nisbi göstəriş kimi həmin xəstələrə süni mayalanma tətbiq edilə bilər.

Bəzən xəstədə sadaladığım faktorlardan heç biri olmadığı halda süni mayalanma istədiyini bilir. Bir həkim kimi onları düzgün istiqamətləndirməyə çalışırıq, amma hər müəssisədə də belə olmur. Bu isə göstərişsiz süni mayalanmaların artmasına səbəb olur.

Süni mayalanma böyük bir əməliyyat deyil. Sadəcə müəyyən riskləri var. Süni mayalanmaların artmasına səbəb kimi insanların maddi imkanının artmasını da göstərmək olar. Tibb müəssisələrinin sayının artması baxımından süni mayalanma daha əlçatan olub.

-Süni mayalanmanın müəyyən riskləri var, dediniz. Bu risklər nədən ibarətdir?

- Süni mayalanma bir müdaxilədir. Yumurtanın toplanma prosedurası var. Yumurta iynə ilə toplanır. Hər toplanmadan öncə yumurtaların yetişdirilməsi prosesində bədənə dərmanlar yeridilir. Bu baxımdan toplanmanı da göstərişlə etməkdə fayda var.

-Son illər doğuş zamanı ana, ya da uşaq ölümləri niyə artıb?

- Etiraf etmək lazımdır ki, doğuş zamanı ana ölümlərinın KİV-də işıqlandırılması artıb. Əslində bu müsbət addımdır. Ana ölümlərinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Uzun müddətdir ki, bu məsələ media və cəmiyyətin nəzarəti altındadır.

- Hormon nədir?

- Məlumdur ki, bədəndə vəzilər var. Vəzilər iki qrupa bölünür: daxili və xarici sekresiya vəziləri. Məsələn, ağız suyu xarici sekresiya vəzilərinə daxildir. Daxili sekresiya vəziləri isə öz materialını qana ifraz edir. Onun ifraz etdiyi maddələr hormonlar sayılır. Məsələn, yumurtalıqlardan qana estradiol və progesteron kimi qadın hormonları ifraz olunur. Biz bu hormon çatışmazlığı zamanı və ya balansın pozulması hallarında kənardan bunları preparat şəkilində xəstəyə təyin edirik.

Bunu qeyd etmək istərdim ki, dərmanlar kitabında dərmanlar sinifləndirilib. Antibiotiklər, mərkəzi sinir sisteminə təsir edən dərmanlar, ağrıkəsicilər, iltihab əleyhinə dərmanlar və s. Bir qrup dərmanlar da hormonal dərman adı altında sinifləndirilib. Əslində dərmandan qorxan insanları qınamıram. Əksinə dərmana çox meylli insanları qınayıram. Hər müdaxilə kimi, hər dərman da göstərişlə verilməlidir. Xəstəyə faydası olmayacaq dərmanı boş yerə məsləhət görmək olmaz. Bütün hallarda həkim hormonal dərman məsləhət görübsə, ondan qorxmaq lazım deyil.

Rəşad Sultan: “Narkozun müəyyən riskləri mövcuddur. Lakin bu risk narkoz alınan müddətə aiddir”.

- Bəs hormonal terapiya nədir və Azərbaycanda bu terapiyaya yanaşma və müraciət hansı səviyyədədir?

- Bizim ən çox rast gəldiyimiz vəziyyət ovulyasiyanın getməməsi ilə əlaqədar progesteron hormonun sintez olunmaması və nəticədə menstruasiya düzənsizliyinin yaranmasıdır. Bu halda kənardan progesteronun verilməsinin vacib olduğunu xəstənin anlaya biləcəyi şəkildə izah etdikdən sonra heç bir problem yaşanmır.

- Narkozların təsirləri və riskləri barədə nə deyə bilərsiniz?

- Əməliyyatla əlaqədar bizim xəstələrlə aramızda narkoz məsələsinə də toxunulur. Hətta belə bir gülməli deyim də var ki, təkcə Azərbaycanda başımıza gələn hər hadisəni, əsəbi halı 10 il əvvəl aldığımız narkozla əlaqələndiririk. Bizim cəmiyyətdə narkoz termini çox şişirdilir. Narkoz sadəcə bir qrup dərmandır və verildiyi müddətdə beyin ağrını, hissiyyatını və huşunu söndürür. Dərmanın təsiri keçdikdən sonra yenidən bərpa olur. Qeyd edim ki, narkoz bədəndən tam çıxır və heç bir təsiri qalmır. “Narkozdan sonra əsəblərim pozulub” kimi düşüncə yanlışdır. Doğrudur, narkozun müəyyən riskləri mövcuddur. Lakin bu risk narkoz alınan müddətə aiddir. Narkozun müddəti bir neçə saat, maksimum bir neçə gün davam edir. Daha sonra isə itir.

- Ölkədə qadın məsləhətxanalarının fəaliyyətini qənaətbəxş hesab etmək olar?

Qadın məsləhətxanalarının fəaliyyətini iki hissəyə bölmək olar: Təşkilatı və tibbi hissə.

Təşkilati hissə demək olar ki, ideal səviyyədədir. Qadın məsələhətxanaları Sovet sistemindən qalıb. Bilirik ki, Sovet təbabətində uçota alma, nəzarət baxımından profilaktik hissə çox yaxşı təşkil olunurdu. Heç kim tibbi nəzarətdən kənarda qalmırdı. Fikrimcə, bu gün də ölkəmizdə uçot normal səviyyədə aparılır. Burada əsas problem işin tibbi hissəsindədir. Qadın məsləhətxanası hamiləliyin doğuşa qədər olan hissəsi ilə maraqlanır. Adətən 80% hallarda hamiləlik fizioloji, 20% hallarda patoloji gedir. Qadın məsləhətxanasının işi riskli olan hamiləlik patologiyasını aşkar çıxarmaqdan və müvafiq tədbir görməkdən ibarətdir. Çox az hallarda qadın məsləhətxanalarının fəaliyyətində nöqsan tapmaq mümkündür.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar