Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kimdir səriştəsiz? - Milyonların talanmasına göz yuman nazirlik, yoxsa biz?

Maliyyə Nazirliyinin sözçüsü bizə “səriştəsiz” deyərək ictimaiyyətin gözünə kül üfürməyə çalışarkən nəyi ört-basdır etmək istəyir?

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev PİA.az saytının “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” adlı araşdırmasına mövqe bildirib. Nazirliyin rəsmisi bildirib ki, bəzi mətbu orqanları hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdır. Başqalarına peşəkarlıq dərsi keçən mətbuat xidmətinin rəhbəri qeyri-peşəkar davranaraq əsaslandırılmış əks-arqumentlər qoymaq, materialı faktoloji təkzib etmək əvəzinə, sadəcə gözə kül üfürməklə qalmaqalı ört-basdır etməyə çalışır. Çünki “əlahəzrət faktdan” yayınması mümkün deyil.

Nazirliyin sözçüsü vəziyyətdən çıxmaq üçün bildirir ki, bütövlükdə “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil edir. Piriyev ““2019-cu il dövlət büdcəsi haqqında” Qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?!”, deyə sual edir.

Açığı Mais Piriyev 2019-cu ildən bəhs edərkən əslində əsas məsələdən yayınmağa açıq və bizcə çox uğursuz bir cəhd edir.

Mais müəllimin diqqətinə çatdıqrmaq istərdik ki, biz araşdırmamızda heç bir yerdə iddia etməmişik ki, həmin vəsaitlər Ucar rayon Mərkəzi Xəstəxanasına məhz 2019-cu ildə ayrılıb. Biz dövlətin rəsmi veb saytında - Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytında yayımlanan məlumatların sürətini sübut olaraq ictimaiyyətə təqdim etmişik. Amma bu satınalmaların neçənci ildə həyata keçirildiyini qeyd etməmişik. Çünki https://etender.gov.az saytında qanuna zidd olaraq bu məlumatlar, həmçinin keçirilən tenderlərin protokolları gizlədilir. O üzdən də hörmətli Mais müəllimdən xahiş edirik ki, bizim araşdırmada təqdim olunan tender satışlarının neçənci ildə həyata keçirildiyini müəyyənləşdirib ictimaiyyətə və mətbu orqan olaraq bizə də təqdim etsin.

Hörmətli Mais müəllimin nəzərinə onu da çatdırırq ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları alınması üçün 9 747 213 AZN-nin (doqquz milyon yedi yüzqırx yeddi min iki yüz on üç manat) 2018-ci ildə, yaxud 2017-ci ildə, lap elə 5-10 il əvvəl olması heç nəyi dəyişdirməz və buna görə onun təmsil etdiyi Maliyyə Nazirliyi də məsuliyyətdən yayına bilməz. Dövlət vəsaitlərinin xərclənməsinə görə Maliyyə Nazirliyi birbaşa qanunlar qarşısında məsuliyyət daşıyır və bu məsuliyyət cari illə müəyyənləşmir.

Əgər nəzərə alsaq ki, sözü keçən milyonluq tenderlərin qalibi olan “20 manatlıq” “Köçəkçi” MK 2010-cu ildə təsis edilib, o zaman əminliklə deyə bilərik ki, Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən anomal xərcləmələr də 2010-cu ildən sonra həyata keçirilib.

Onu da qeyd edək ki, cənab Samir Şərifov 2006-cı ildən bəri Maliyyə naziri vəzifəsini daşıyır. Yəni bu anomal xərcləmələr Mais Piriyevin gözə kül üfürərək qorumağa çalışdığı indiki rəhbərlyin dönəmində baş verib.

Yaxşı olar ki, bizi qeyri-peşəkarlıqda ittiham edən Maliyyə Nazirliyinin nümayəndəsi peşəkarlıq edərək diqqəti büdcə talanmasından yayındırmaq əvəzinə, bu qanunsuzluğu rəsmiləşdirən şəxslərin müəyynləşdirilməsində ictimiyyətə yardımçı olsun və bu barədə doğru və dürüst məlumatlandırsın.

Biz bir daha qeyd olunan Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytında yayımlanan məlumatların şəkillərini Mais müəllimin diqqətinə cəlb edirik. Ortada dövlət vəsaitinin yanlış xərclənməsi və mənimsənilməsi şübhələri var.

Təqdim etdiyimiz bu tenderlərlə bağlı sizin təmsil etdiyiniz Maliyyə Nazirliyinin rəsmi mövqeyini öyrənmək istəyirik. Bu şəkildə gördüyünüz və doğrudanda anomal xarakterli tenderlər (hansı ildə keçirilməsindən asılı olmayaraq) keçirilibmi, yoxsa yox? Əgər keçirilməyibsə, onda bu məlumatlar Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytında hardan və necə yayımlanıb? Dövlət qurumunun rəsmi veb səhfisəində yerləşdirilən bu rəqəmlər haradan götürülüb? Buna məntiqli bir açıqlıq gətirmənizi xahiş edirik. Yox, əgər bu məlumatlar həqiqəti əks etdirirsə, o zaman həmin faktlar barədə də məntiqli bir açıqlamanız olmalıdır.

Biz bu tipli anomal xərclər barədə ikinci araşdırmamızda ətraflı məlumat yayacağıq və Mais müəllimdən xahiş edirik ki, həmin araşdırmalar barədə də təmsil etdiyi Maliyyə Nazirliyinin rəsmi və inandırıcı mövqeyini açıqlasın. Həmçinin Mais müəllimin qeyd etdiyi 2019-cu illə bağlı da ona ciddi suallarımız olacaq. Lakin bu məlumatları yayarkən məqsədimiz heç də Mais Piriyevin iddia etdiyi kimi dövlət qurumları haqqında mənfi rəy yaratmaq deyil. Əksinə, cəmiyyətdə şəffaflığın olmasını və ölkə prezidenti cənab İlham Əliyevin dəfələrlə müfaviq qurumlardan tələb etdiyi kimi, dövlət vəsaitlərinin talanına son verilməsini istəyirik. Yəqin ki, Maliyyə Nazirliyi buna görə bizi ittiham etməz..

Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

pia.az

Fotolar


loading...