Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kəşmir problemi: Hindistan-Pakistan böhranı Türkiyəni Çinlə yaxınlaşdırır...

Kəşmir ətrafında yenidən gərginləşən Hindistan-Pakistan münasibətləri Türkiyə ilə Çin arasında iş birliyi üçün zəmin yarada bilər...

Onur Sinan GÜZALTAN
“Aydınlık” qəzeti, Türkiyə, 21 avqust 2019-cu il

Siyasi, iqtisadi və hərbi sahələrdə ABŞ-ın təzyiqlərini idarə etmək istəyən Türkiyə Pakistan vasitəsilə Çinlə iş birliyi etmək istəyir. Türkiyə, həmçinin, Pekinlə iqtisadi iş birliyini dərinləşdirib, Kipr və Şərqi Aralıq dənizi məsələsində də Çindən dəstək tələb edə bilər.

Bu gün dünya gündəmində birinci olan Kəşmir böhranında Türkiyə və Çin fərqli səbəblərlə də olsa, eyni cəbhədə dayanıblar.

Türkiyə Pakistanla olan tarixi dostluğunu və ticarət ortaqlığını davam etdirməyi düşünür. Bununla yanaşı, Türkiyə Şərqi Asiyada strateji mövqe tutan Pakistanla hərbi iş birliyi edərək Əfqanıstan başda olmaqla, bütün bölgədə öz təsirini artırmağa çalışır və buna görə də, Kəşmir məsələsində İslamabad hökumətinə dəstək verir. Pekin rəhbərliyi isə “Bir Kəmər Bir Yol” layihəsi çərçivəsində önəmli bir keçid olan Pakistan və Qvadar limanı ilə əlaqəsi olan Kəşmir vasitəsilə quru yolunu qorumaq istəyir. Pekin həm də regional rəqibi olan Hindistanın Kəşmir problemində bir yer tutmasına mane olmaq üçün Pakistanın tərəfində dayanır.

Bu vəziyyət Çinlə iş birliyi etmək üçün imkanlar axtaran və “Bir Kəmər Bir Yol” layihəsində iştirak edəcəyini açıqlayan Türkiyə üçün çox önəmlidir. Çünki Türkiyə bu sayədə Pakistan vasitəsilə Pekinlə olan münasibətlərini daha da dərinləşdirə bilər. Məsələ ilə bağlı atılacaq addımları dəyərləndirmədən əvvəl Kəşmirdə baş verən hadisələri qısaca şərh etmək lazımdır.

İngiltərənin bölgəyə atdığı bomba

1947-ci ildə Hindistandan geri çəkilməyə məcbur qalan Britaniya imperiyası Kəşmir problemini bir bomba kimi Hindistanla Pakistanın arasına ataraq bölgəni tərk etmişdi.

İngilislər regionda qeyri-sabitlik yaratdığı üçün (Kəşmirə görə Hindistanla Pakistan arasında 1947, 1965 və 1999-cu illərdə müharibə baş verib) bölgədən kənar oyunçular da bunu bəhanə edərək Hindistanın və Pakistanın daxili işlərinə müdaxilə etməyə başladılar. İngilislər buna bənzər bir həmləni Mesopotamiyada da ediblər. Mosul və Kərkükü “Misak-ı Milli”-dən kənarda tutaraq bu gün “kürd məsələsi” adlanan böhran üçün hələ o günlərdən zəmin hazırlayıblar.

Hindistanın qapısı

Kəşmir bölgəsi Hindistan, Pakistan və Çin arasında bölünmüş vəziyyətdədir. Problemin yenidən gündəmə gəlməsinin kökündə duran məsələ də budur ki, Hindistan nəzarət etdiyi bölgədə əhalinin böyük hissəsini təşkil edən müsəlmanları sıxışdırmaq məqsədilə Konstitusiyada dəyişiklik edib. Coğrafi olaraq qiymətləndirdikdə Kəşmir “Hindistanın qapısı” hesab olunan bir bölgədir. Makedoniyalı İsgəndər də daxil olmaqla, Hindistana edilmiş bir çox səfərlər Kəşmir vasitəsilə həyata keçirilib. Buna görə də, Hindistanın bölgədə hakimiyyət qazanmaq üçün etdiyi cəhdlərin əsas səbəbi Pakistanla düşmən olmaqdan çox, Kəşmirin qapısını bağlayaraq ölkənin təhlükəsizliyini təmin etməkdir. Hindistanın digər məqsədi isə Kəşmir vasitəsilə regional rəqibi olan Çin və tarixi düşməni olan Pakistan arasındakı quru yolunu təhdid etməkdir. Pakistan isə paytaxt İslamabadı qorumaq, Hindistanı uzaq tutmaq və Çinlə quru vasitəsilə gedən münasibətləri davam etdirmək istəyir.

Hindistanı regional rəqibi kimi görən, lakin qarşıdurmadan uzaq duran Çinin planı isə “Bir Kəmər Bir Yol” layihəsini Kəşmir üçün əlçatan edən bir siyasi iqlim yaratmaqdır. Qısaca, Kəşmir məsələsində baş verən çəkişmələrin altında dini və etnik fərqlərdən çox, geosiyasi səbəblər var.

Dünyanın gözü Kəşmirdədir

Strateji baxımdan önəmli olan Kəşmir probleminə artıq bölgədə aktiv olmaq istəyən digər qüvvələr də daxil olub. Tramp “Kəşmir məsələsində sülh yarada bilərik” deyərək tərəfsiz kimi görünməyə çalışsa da, əslində, ABŞ yüksələn Çinə qarşı Hindistana dəstək verən bir siyasət izləyir.

Bu nöqtədə qeyd etmək lazımdır ki, ABŞ Çinə qarşı Hindistanı müdafiə edərkən, eyni zamanda Pakistanı tamamilə Pekinin ixtiyarına buraxmayacaq. Hindistanın müsəlman əhaliyə etdiyi müdaxilə ilə yanaşı, Körfəz ölkələrinin bu məsələdə səssiz qalması diqqət çəkir. Körfəz siyasətində mütəxəssis olan Aya Betravi bildirir ki, bu səssizliyin səbəbi Körfəz ölkələri və Hindistan arasında gedən illik 100 milyard dollardan artıq ticarət həcmi ilə yanaşı, Körfəz iqtisadiyyatına fayda verən 7 milyon hind köçkünlə əlaqədardır.

S-400-lər başda olmaqla, Hindistanla hərbi və iqtisadi sahələrdə iş birliyi edən Rusiya isə Kəşmir məsələsində digər müttəfiqi olan Çinlə problem yaşamamaq üçün səssiz bir siyasət izləməyə üstünlük verir. Pakistanın əleyhinə olan digər bir ölkə uzun illərdir Hindistanla hərbi sahədə iş birliyi edən İsrail olub.

Türkiyə və Çin üçün fürsətlər

İqtisadi və siyasi mənada çətin vəziyyətdə olan və qərbə alternativ yaradacaq ittifaqlar axtaran Türkiyə üçün bu durum Çinlə iş birliyi etmək baxımından önəmli bir fürsətdir. Türkiyənin hərbi və ictimai diplomatiyada Pakistanla uzun illərdir olan münasibətləri hələ də davam edir. Pakistan Silahlı Qüvvələri başda olmaqla, ölkədəki ictimai qurumlarda Türkiyə təhsil almış, Ankara ilə yaxın münasibətlərə sahib olan bir çox şəxs var. Çin isə “Bir Kəmər Bir Yol” layihəsinin və Hindistanın bölgədəki təsirini azaltmaq üçün Pakistanla münasibətlərini inkişaf etdirməyə çalışır.

Kəşmirdəki son xəbərlərdən də aydın olur ki, Ankara və Pekin Pakistana dəstək verməyi düşünür. Pakistan vasitəsilə ortaqlıq etmək Türkiyəyə və Çinə 2 əsas məsələdə fayda verəcək:

1. Uyğurlar probleminə görə islam regionunda təzyiqlərlə üzləşən Çin Pakistana dəstək verərək Türkiyə ilə yaxınlıq qura bilər və beləliklə də, müsəlman xalqları ilə münasibətlərini qaydaya sala bilər. Türkiyə də islam ölkələrindəki güclü nüfuzundan bu şəkildə istifadə edə bilər.

2. Siyasi, iqtisadi və hərbi sahələrdə ABŞ-ın təzyiqlərini nəzarətdə saxlamaq istəyən Türkiyə Pakistan vasitəsilə Çinlə ortaqlıq quraraq Pekinlə iqtisadi iş birliyini dərinləşdirə bilər və Kipr və Şərqi Aralıq dənizi məsələsində də Çindən dəstək tələb edə bilər.
“Balans siyasəti” adı altında çarəsiz qalmaqdansa, azad xarici siyasət aparmaq Türkiyəni gücləndirəcək və yeni ittifaqlar üçün də zəmin yaradacaq. Türkiyənin güclü tarixi sayəsində qarşımıza yeni fürsətlər çıxıb. Yalnız öz tarixini tam şəkildə qəbul edənlər doğru həmlələr edə biləcəklər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...