Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni təkanlar tələb olunur” 

Zurab Qumberidze: “Gürcüstan və Azərbaycan müstəqillik quruculuğunda bir-birinə kömək edib”...

“Hazırda özəl biznes sahəsində çalışıram”

Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze “Report”un yerli bürosuna müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Cənab Qumberidze, necə oldu ki, Sizi Azərbaycana səfir təyin etdilər?

- Gürcüstanın Azərbaycandakı səfirliyinin açılması barədə qərar 1994-cü ildə qəbul edilib. Buna müvafiq olaraq kadrlar yığılırdı. 1993-1994-cü illərdə Bakı ilə sıx əlaqələrimin olduğunu deyə bilmərəm. Eduard Şevardnadzenin göstərişi ilə müəyyən tapşırıqlar qoyuldu və biz bir neçə dəfə Bakıya səfər etdik. Orada biz vəziyyəti və hadisələrin gedişini öyrənirdik. Əlbəttə ki, Gürcüstanın Azəraycanda səfirliyinin açılması prosesini sürətləndirmək istənilən halda əhəmiyyət kəsb edirdi və ölkələrimiz arasındakı münasibətləri nəzərə alaraq bu, çox vacib idi. Lakin bu prosesi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması gücləndirdi. O zaman Gürcüstanın da bu müqavilənin reallaşdırılması və inkişafı üçün lazım olan proqrama dəstək göstərməklə bağlı vəzifələri vardı. 1994-cü ildə mən Texniki Universitetdə çalışırdım, kafedra müdiri və professor idim. Mənim məsləhətçi-diplomatik nümayəndə təyin olunmağım tövsiyə olundu. 1995-ci ilin fevralında mən bir neçə əməkdaşla Azərbaycana getdim və biz səfirliyin əsasını qoyduq ki, səfir fəaliyyətə başlasın. Həmin ilin fevralından başlayaraq artıq Gürcüstanın Azərbaycanda səfirliyi mövcud idi. 1996-cı ilin mart ayında Azərbaycan cavab qərarı qəbul etdi və bir ildən sonra bu ölkənin Tbilisidə səfirliyi fəaliyyət göstərməyə başladı.

Mənim üçün bu, yeni istiqamət oldu. Mən həyatımda heç zaman yeni istiqamətlərdən çəkinməmişəm. Azərbaycanda çalışmaq mənim üçün maraqlı idi. Bilirsiniz ki, ötən əsrin 90-cı illərinin əvvəlləri hər iki ölkə üçün heç də asan olmayıb. Fəlaiyyətim dövründə çoxlu maraqlı məqamlar olurdu. Belə ki, o zaman bir sıra yeniliklər var idi və çox sayda beynəlxalq layihələr reallaşdırılırdı. Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında Eduard Şevardnadze və Heydər Əliyev başda olmaqla hər iki ölkənin bütün prezidentləri əhəmiyyətli rol oynayıblar. Onların arasında sıx əməkdaşlıq var idi və bunun sayəsində Gürcüstan və Azərbaycan yalnız yaxşı dost və qonşular deyil, həm də strateji tərəfdaşlar kimi formalaşdı.

- Adətən, səfirləri 4-5 illik müddətə təyin edirlər. Lakin Siz Azərbaycanda bu postu 10 il ərzində tutmusunuz. Bunu nə ilə izah edərdiniz?

- Mən bunu yalnız onunla əlaqələndirə bilərəm ki, məhz həmin dövr 1994-1995-ci illərdə əsası qoyulan bütün beynəlxalq müqavilələrin yerinə yetirilməsinin başa çatdırılması və Gürcüstanın bu sənədlər çərçivəsindəki öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı idi. 2006-cı ilin dekabrında “Şahdəniz” yatağı üzrə saziş çərçivəsində təbii qazın Gürcüstan ərazisi vasitəsilə nəqlinə başlanılandan sonra həmin dövr başa çatdı və buna müvafiq olaraq mənim əvəz olunmağım barədə qərar verildi. Mən buna qarşı deyildim. Çünki uzun sürən müddət çoxlu öhdəliklər deməkdir. Mən Gürcüstan və Azərbaycanın o zamankı dövlət başçılarının xüsusi rollarını unuda bilmərəm. Eduard Şevardnadze və Heydər Əliyev arasında şəxsi münasibətlər bu layihələrin reallaşdırılmasına çox böyük töhfə verdi. Həmin layihələrə hamı böyük önəm verirdi. Gürcüstanda hakimiyyət dəyişikliyi olanda və Mixeil Saakaşvili ölkə rəhbərliyinə gələndə, mənim Azərbaycanda səlahiyyət müddətimin uzadılması barədə qərar qəbul olundu. Bu qərar layihələrin başa çatdırılması üçün verildi. Sözün düzü, bu, mənim üçün gözlənilməz oldu. Belə ki, mən bir müddəti başa vurmuşdum. Fəaliyyətim dövründə imzalanan son layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı oldu.

Gürcüstanın Azərbaycanda səfirliyi açılarkən ölkələr arasında 13 sənəd imzalanmışdı. Fəaliyyət müddətim başa çatanda isə bu sənədlərin sayı artıq 130-dan çox idi.

- Siz 10 ildən çox Azərbaycanda yaşamısınız. Bu ölkə həyatınızda hansı yeri tutur?

Burada mən sizə kiçik bir düzəliş edim. Mən üç il məsləhətçi-diplomatik nümayəndə, daha sonra 10 il səfir kimi fəaliyyət göstərdim. Bu 13 il edir. Mən daha iki il Gürcüstanın Neft və Qaz Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuşam. Buna görə də Bakıda hələ müəyyən müddət qaldım. Ümumilikdə 20 ilə yaxın bir müddətdə Azərbaycanda oldum. 15 il dövlət maraqlarını təmsil etdim, son illərdə isə özəl sektorda çalışdım. Bütün bunlardan sonra mənim Azərbaycana başqa münasibətimi təsəvvür etmək mümkün deyil. İstənilən səfir çalışdığı ölkənin həyatına alışır. Mən Azərbaycandakı həyata çox alışmışdım. Fəxr edirəm ki, Azərbaycanda çoxlu dostlarım var. Çox qürurluyam ki, Gürcüstan və Azərbaycan arasında münasibətlərin əsası və hazırkı əlaqələr məhz həmin çətin dövrdə formalaşıb. Münasibətlərin inkişafı həmişə prioritet və yüksək səviyyədə olub. Şadam ki, bu sahəyə töhfə vermişəm. Ötən dövrdə Azərbaycan və Gürcüstan çox dəyişib. Bu gün Azərbaycanda inkişafın müsbət nəticələrini müşahidə etmək olar.

Azərbaycanda olmağı çox sevirəm. Bakıya vaxtaşırı gedirəm. Əsasən şəxsi məsələlər və dost-tanışların müxtəlif tədbirlərinə dəvətlərlə bağlı. Böyük məmnuniyyətlə Azərbaycanla münasibətlərimi qoruyub saxlamışam və bundan sonra da belə davam edəcək.

- Azərbaycanda Sizi təəccübləndirən nə olub?

- Məni yalnız bizə - gürcüstanlı diplomatlara ilk vaxtlardan çox isti və dostcasına münasibət təəccübləndirirdi. Azərbaycanda bizi doğmalar kimi qəbul edirdilər. Xatırlayıram ki, dostlarımız yumorla deyirdilər ki, bizim ölkələr arasında diplomatik əlaqələrin qurulmasına nə ehtiyac var. Azərbaycanda isti münasibəti istənilən vəzifədə hiss edirdim. Bu, mənim üçün ən xoş, pozitiv və ən yadda qalan məqamlar olub. Ailəm mənimlə birgə yaşayırdı və yaxınlarım Azərbaycanda özlərini vətəndəki kimi hiss edirdilər.

- Siz Azərbaycanda “Şərəf” ordeninə layiq görülmüsünüz. Bu yüksək mükafatı necə qiymətləndirirsiniz?

- Səfir təyin olunana qədər mən elmi fəaliyyətlə məşğul olurdum və bu sahədə uğurlarım var idi. Mən həmçinin Gürcüstanın Dövlət Mükafatı laureatı da olmuşam. Amma səni çalışdığın ölkədə və dövlətlərarası münasibətlərə verdiyin töhfəyə görə yüksək ordenlə mükafatlandırırlarsa, bu mənim üçün yalnız fəxr və növbəti mükafat deyil, bu ən böyük nailiyyət və əməyimə verilən ən yüksək qiymətdir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu ordenə görə minnətdaram. Səfir vəzifəsində uzun müddət işlədim və bu, mənim fəaliyyətimin qiymətləndirilməsi oldu. Bu mükafatla mənim ailəm də fəxr edir. Xatırlayıram ki, bir çox səfirlər bu ordenə layiq görülməyiblər. Mükafat almağımı hər zaman böyük qürur və gözəl xatirə kimi xatırlayıram.

- Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründə çalışmısımız. Gənc diplomat olaraq ondan nələri öyrənirdiniz? Heydər Əliyevlə bağlı hansı xatirələriniz var?

- Hesab edirəm ki, insan bütün ömrü boyu öyrənir. Əgər o, öyrənmirsə, deməli, artıq inkişaf etmir. Eduard Şevardnadze ilə istənilən görüş, onunla söhbət və onun tapşırıqları ibrətamiz idi. Onun Heydər Əliyevlə böyük təcrübə və keçdikləri məktəb baxımından ortaq xüsusiyyətləri var idi. Biz görürdük ki, onlar ilk növbədə vətənlərini necə sevirdilər və o dövrdə hər iki ölkəyə lazım olam məqsədlərə nail olmaq üçün prinsipial və maksimum məqsədyönlü fəaliyyət göstərirdilər. O zamanlar onların bir-birini necə asan başa düşmələrinə yalnız təəccüblənmək olardı.

Həmin dövr çox çətin idi. 1990-cı illərdə həm Gürcüstan, həm də Azərbaycanda bir sıra problemlər var idi. Şevardnadze və Əliyev nailiyyətləri ilə nümunə idilər. Məqsədlərə nail olmaq üçün irəliyə necə addımlamağı göstərirdilər. Dövlətlərinin başçıları kimi onlar bilirdilər ki, ölkəni hansı istiqamətə aparmaq lazımdır. Bunun üçün onların hər ikisi maksimum əmək sərf edirdilər. Heydər Əliyev böyük kimi biz gənc diplomatları qoruyurdu. Biz hər zaman onun diqqətini hiss edirdik və bu, bizim fəaliyyətimizə kömək edirdi. Hamı anlayırdı ki, Gürcüstan və Azərbaycan üçün gərəkli olan məsələlər həll olunurdu. Heydər Əliyevin çox güclü tərəfi var idi. O, ölkəsinin mədəniyyəti və memarlığı haqqında dərin biliklərə sahib idi. Heydər Əliyev hər zaman dərin bilikləri ilə yalnız bizi deyil, digərlərini də təəccübləndirirdi.

Heydər Əliyevlə bağlı xatirələrim olduqca çoxdur. Gürcüstanda hər hansı hadisə baş verəndə, siyasi proseslər olanda, o, həmişə şəxsən maraqlanıb detalları öyrənərdi. Əlbəttə ki, onun məlumat mənbələri çox idi, lakin o, məndən də əlavə olaraq informasiya əldə edirdi. Eduard Şevardnadze və Heydər Əliyevin əhatəsində olmaq və onların dostcasına hansısa məsələləri müzakirə etmələrini müşahidə etmək hər zaman çox maraqlı idi. Bir çox xoş xatirələrim Heydər Əliyevin 1996-cı ildə Gürcüstana etdiyi ilk səfəri ilə bağlıdır. O zaman vacib sənədlər imzalanmışdı.

- Gürcüstan və Azərbaycan arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz? Fikrinizcə, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar mövcuddurmu?

- Təbii ki, mən ölkələrimiz arasında olan münasibətlərin hazırkı səviyyəsindən razıyam. Biz strateji tərəfdaşlarıq və olduqca önəmli, strateji və dünya əhəmiyyətli layihələr reallaşdırmışıq. Biz bir-birimizə dəfələrlə sübut etmişik ki, bir yerdə yaşaya, işləyə və dostluq edə bilirik. Münasibətlərin hər bir mərhələsi yeni təkan tələb edir. Hesab edirəm ki, ölkələr hər iki tərəfə fayda gətirəcək yeni layihələr hazırlayıb həyata keçirməlidirlər. Mən vətənpərvərəm və istəyirəm ki, Gürcüstanda hər şey yaxşı olsun. Gürcüstan və Azərbaycan bir çox sahələrdə bir-birini tamamlayır. Bir sıra istiqamətlər üzrə əməkdaşlıq üçün çoxlu imkanlar var. Məsələn, tranzit dəhlizinin inkişafı, turizm, mədəni əlaqələr. Münasibətlərin inkişafı üçün yeni təkanlar tələb olunur. Əldə etdiklərimiz çox yaxşıdır, indi isə irəliləmək və yeni imkanlar axtarıb tapmaq lazımdır. Bunun üçün isə tərəflər müxtəlif istiqamətlərdə fəal iş aparmalıdırlar. Biz mütləq münasibətlərimizi inkişaf etdirməli və onların qayğısına qalmalıyıq.

Mən sabahkı gün barədə düşünürəm. Əgər məndən Azərbaycan üzrə ekspert kimi soruşsalar, deyə bilərəm ki, hər iki tərəfin çox böyük ehtiyatları var və onları yalnız üzə çıxarıb yüksək səviyyədə müzakirə etmək lazımdır. Ölkələr arasında çoxsaylı rəsmi səfərlər həyata keçirilir. Bu səfərlər qarşılarına konkret vəzifə və məqsədlər qoyur. Fikrimcə, hər bir dövr bir çox istiqamətlər üzrə özünə yeni ideya və imkanlar yarada bilər. Yeni əlaqələr münasibətlərimizi daha da inkişaf etdirməyə və möhkəmləndirməyə xidmət edəcək.

Qarşılıqlı əlaqələr nə qədər çox olsa, biz bir-birimizə bir o qədər çox gərəkli olacağıq. Belə olan halda biz bir-birimizə daha çox önəm verəcəyik və daha da hörmətlə yanaşacağıq. Yeni əlaqələr nə qədər çox olsa, yeni layihə və ideyalar da bir o qədər çox olar. Biz nəqliyyat dəhlizinin inkişafını davam etdirməli, yeni tərəfdaşlar tapmalı və dəhlizi daha cəlbedici etməliyik. Siyasi səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində Gürcüstan və Azərbaycan hər zaman bir-birini dəstəkləyib və dəstəkləyir. Biz müstəqilliyin dəyərini bilirdik və bir-birimizə müstəqiliyi qurmaqda kömək edirdik.

- Azərbaycan-Gürcüstan münasibətlərindən danışarkən iki ölkə arasındakı sərhədlərin müəyyən olunması məsələsinə toxunmamaq olmur. Bu məsələni necə şərh edərdiniz?

- Delimitasiya üzrə komissiya çərçivəsində 1995-ci ildən etibarən mütəmadi olaraq müxtəlif məsələlər müzakirə olunub. Bilirsiniz ki, sərhədin üçdə bir hissəsi üzrə delimitasiya prosesi başa çatdırılmayıb. Əgər məsələ açıq qalırsa, o zaman ətrafında təəssüflər olsun ki, mənfi məqamlar yaranır. David Qareci (Keçikçidağ – red.) kompleksi ilə bağlı həm Gürcüstan, həm də Azərbaycanın mövqeyi ümumilikdə məlumdur. Bir şeyi dəqiq deyə bilərəm ki, bu məsələni mütləq ölkələrimiz arasında olan dostluq və qarşılıqlı anlaşma ruhunda həll etmək lazımdır. Bu, məsələni sona çatdırmalı olan strukturların vəzifəsidir. Görünən odur ki, məsələnin həlli müəyyən mənada uzanıb. Məsələ asan deyil. Biz məsələnin həlli üçün ədalətli və obyektiv variantlar tapmalıyıq və onlar komissiya çərçivəsində müzakirə olunmalıdır. Hesab edirəm ki, məsələni bu həddə çatdırmağa gərək yox idi.

- Gürcüstan və Azərbaycan oxşar problemdən – işğaldan əziyyət çəkir. Necə hesab edirsiniz, Cənubi Qafqazda sülh mümkündürmü?

- Bu münaqişələri asan hesab etmirəm. Onların həddindən atrıq çətin olduğunu demək olar. Münasişələri bu gün və sabah həll edə biləcəyimizi demək, bu yəqin ki, özünü aldatma olar. Biz münaqişələrin sülh yolu ilə həllinə yönələn danışıqların istənilən formatlarını alqışlayırıq. Bütün beynəlxalq təşkilatlar sülh yolu ilə həllin tərəfdarlarıdır, lakin təəssüflər olsun ki, onların yoluna qoyulması üçün standart formul mövcud deyil. Hər bir münaqişə, hər bir problem fərdidir. Münaqişələrin sülh yolu ilə həll olunacağına çox inanıram. Həll formasının necə olacağını demək isə çətindir. Qafqazda sülh olmalıdır. Bölgənin çiçəklənməsi üçün böyük perspektvlər var, lakin mövcud münaqişələr region və regiondakı ölkələrin hərtəfəli inkişafına mane olur. Doğma torpaq və evlərindən qovulanların olması çox böyük təəssüf doğurur. Azərbaycanda da qaçqınlar var. Gürcüstanda olduğu kimi Azərbaycanda olan qaçqınlar da doğma torpaqlara qayıtmağı səbirsizliklə gözləyirlər. İşğal olunan bölgələr inkişaf etmir və heç bir perspektivləri də yoxdur. Gürcüstan və Azərbaycanın ərazi bütövlükləri beynəlxalq səviyyədə tanınıb. Hər iki ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Gürcüstan müxtəlif yanaşmalarla problemin həllinə çalışır.

Separatizm çox ciddi xəstəlikdir və təəssüflər olsun ki, biz bu xəstəliyə virus kimi yoluxmuşuq və ya bizi yoluxdurublar. Separatizmə qarşı mübarizədə birmənalı real formul heç yerdə mövcud deyil. Mən nikbin olmağı çox istəyirəm, lakin digər tərəfdən müəyyən şərtlər var. Obyektiv və müsbət həll çox vacibdir. İşğal olunan ərazilər tez və ya gec qaytarılacaq və bu ən əsas vəzifədir.

- Cənab Qumberidze, hazırda fəaliyyətinizi hansı sahədə davam etdirirsiniz?

- Özəl biznes sahəsində çalışıram. Daha çox özümə məxsusam. İki oğlum və hələlik iki nəvəm var. Nəvələrimlə vaxt keçirməyi çox sevirəm. Ümid edirəm ki, onların da babaları ilə zaman keçirmələri çox xoşlarına gəlir. Diplomatik fəaliyyətə qədər mən 20 il dərs demişəm. Həyatımda yeni mərhələləri çox sevirəm və fəaliyyət istiqamətlərimi dəyişməkdən qorxmuram. Həyatda yeni mərhələlər insanı sanki cavanlaşdırır.

- Sonda AzərbaycanAzərbaycan xalqına arzularınızı eşitmək istərdik.

- Azərbaycan xalqı, ölkə və rəhbərlik düzgün yoldadır. Azərbaycanın inkişaf yolunu tam olaraq müsbət qiymətləndirirəm. Bilirəm ki, Dağlıq Qarabağ məsələsi ölkə üçün ən ümdə problemdir. Əminəm ki, hörmətli Prezident İlham Əliyev bu problemin həlli yolunu düzgün görür. Həm siyasi, həm də iqtisadi planda ölkənin bir sıra uğurları var. Bir çox dövlətlər Azərbaycandakı tərəqqini yüksək qiymətləndirirlər. Mənim üçün Azərbaycanda hər zaman sülh və inkişafın olması əlbəttə ki, çox önəmlidir. Bu həm də mənim ölkəm üçün vacibdir. Gürcüstan Azərbaycan və onun xalqına böyük hörmət edir. Mən ölkələr arasında daha çox və qarşılıqlı faydalı əlaqələrin olması barədə təkcə danışmıram, mən buna azərkeşlik edirəm. Müstəqillik əldə edilən vaxtdan bu günə qədər olan dövr sübut edib ki, Gürcüstan üçün Azərbaycan vacib, qonşu ölkə və strateji tərəfdaşdır. Azərbaycan bizim üçün hər zaman qardaş ölkə olub və bundan sonra da olacaq. Ölkələrimiz arasında hər zaman dəstək olub və var. Bu olduqca önəmlidir. Hesab edirəm ki, bu mənada biz yalnız irəliyə doğru addımlayacağıq və burada başqa digər variant yoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar