Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kapitalizmin əli olmuş bir elm düşünün…

Yaxud, bir insan olaraq istehlak edib, zibil atan insana necə çevrildiyimizi düşünək. Elə nəticələrdən başlayaraq səbəbləri də araşdıraq...

Maraqlıdır, görəsən, bir il ərzində orta statistik bir Azərbaycan ailəsində neçə dəfə lampa dəyişdirilir? Məişət və elektronika əşyalarımız niyə birdən-birə ömrünü başa vurur və köhnəlməyən cihazların niyə istifadə müddəti var? Məsələn, telefonları (red. xüsusilə Apple) bir müddət işlətdikdən sonra batareyası zəifləyir, sistem tətbiqləri yenilənmir və beləcə yenisini almağa məcbur qalırıq. Ən maraqlısı da, ən qısa zamanda xarab olacağına əmin olduğumuz “1 manatlıq” qulaqlıqları istehsal etməyin mənası 1-ci dünya ölkələrinin zibilini Azərbaycanın təbiətinə tonlarla tullantı olaraq atmaq deyilmi?

Dediyimi aydınlaşdırmaq üçün yuxarıdakı şəkillərə diqqətlə baxmaq lazımdır. Birinci şəkildə ilk baxışda hər bir limanda olduğu kimi konteynrlərin anbarda yığıldığını gördüyümüzdən təəccüblənmirik. İkinci şəkildə isə elektronika cəhənnəminə oxşayan bir yerdə qarşımıza çıxan bu yoldaşın orada nə işi ola biləcəyinə aid, yəqin ki, heç bir fikirimiz yoxdur. Üçüncü şəkildə isə hadisənin rəngi bəlli olur, yəni bu uşaqların dərisinin rənginə görə onlara həyat biçiblərmiş. Uzun sözün qısası, “ağ adamlar” (red. Dilimizdə bu ifadə harın adama deyilir) öz zibillərini Afrikanın, Asiyanın ciyərinə axıdırmış və bu şəkillərin çəkildiyi yer bir zamanlar Qananın paytaxtı Akrada olan çay hövzəsindəndir. İndi nə çay var, nə də ki təbiət..

Bundan əlavə, Yaponiya, Hindistan, Fil dişi sahilləri, Honq Konq və xüsusilə, Çində yerləşən Guiyu şəhərində 52 kv. km-lik elektronika zibilliyi var.

Bəs bu zibilləri belə gəmilərə doldurub okeandan-okeana aparmağın nəyi kapitalistlərə sərf edir?

Nəzərə alsaq ki, elektronika tullantıları digər tullantılardan fərqli olaraq müxtəlif kimyəvi elementlərin toplusudur və elə əsas zərərli məhsullar da bu tullantılarda toplanır, yəni bu tullantıları emal etmək üçün təkcə robotexnikadan yox (red. Bir təmizləyici xəttin salınması təqribi 3 mln$), həmçinin insan əməyindən istifadə etmək lazımdır, amma bu iş təhlükəli olduğundan qərbin dünyasında bu işçinin maaşı bir qədər yuxarı olmalıdır və həmçinin, ABŞ-da vətəndaşların “recycle”dan 20 dollara qədər pul əldə etdiyini düşünsək ona görə də bu zibilləri “unudulmuş yerlər”ə atmaq böyük şirkətlər üçün göydən düşmə sərmayeyə çevrilmiş olur. Çünki bu yerlərə yüzminlərlə immiqrant və yerli sakinlər işləmək üçün axın edir və sadəcə günü bir neçə dollar qazanaraq məmnuniyyətlə, tullantıları hissələrinə ayırıb satır. Əvəzində isə e-tullantılarda olan kadmium, civə, 6 valentli xrom, SO2 kimi zəhərli maddələrlə təmasda olur və loru dildə desək, zəhər daşıyıcısına çevrilir. Prosseslər aşağıdakı qalareyada əks etdirilib:

Bəli, dəfələrlə mediada böyük şirkətlərin bu işin memarı olduğu və bu tullantıların sonradan elə “Foxconn” kimi şirkətlərin əli ilə “Dell”, “Apple” kimi şirkətlərə yenidən xammal olaraq geri dönməsi bilinsə də, bu proses davam edir. Azərbaycan kimi nisbətən göz önündə olan ölkələr isə “1 manatlıq” qulaqcıqların, almanların istifadə edilmiş şinlərinin və kimilərinin isə plastik və ya e-tullantılarının qurbanına başqa cür çevrilir. Dünyada o qədər istehlak edilib atılır ki, onları xalçanın altına süpürməklə və ya evin küncünə yığmaqla da aradan qaldıra bilmirik. Bəs, doğurdan da, bu qədər çox şey yaratmağımızın səbəbi sayca çox olduğumuza görədirmi?

Marksın dili ilə desək, sayımızın çoxluğu yox, istehsalın forması istehlakın da anatomiyasını təşkil edir

Bəli, bu qədər çox şey yaratmağımızın və ora-bura zibillər atmağın səbəbi kapitala əsaslanan istehsal modelidir. Biraz da anlamaq üçün detallaşdıraq.

Hər hansı bir istehsal alətinə sahib olan sahibkar həmçinin istismar etdiyi işçilərin istehsal etdiyi məhsulların sahibidir və bu məhsulun sahibkar üçün daşıdığı tək məna onun satışından gəlir əldə etməkdir. Yəni əmtəə tədavüldə öz dəyərini göstərməlidir ki, sahibkar yeni əmtəələrə və sərmayələrə sahib olsun. İndi isə, bir istehlakçı kimi bu əmtəə bazarında öz yerimizi müəyyən edək.

Mən istehlak cəmiyyətinin ixtiyari bir fərdiyəm. Eyni zamanda mənimlə eyni coğrafiyada yaşayan müəyyən kultural və əxlaqi dəyərlərə sahib olan bir kütlə olduğundan, mən həmçinin Azərbaycan adlı çox da böyük olmayan bazarın orta statistik alıcısıyam, yəni mənim daxil olduğum istehlak cəmiyyətinin bu spesifik hissəsi cibindəki hər əlavə 1 manatı digər cəmiyyətlərdən bir qədər fərqli xərcləyib istehlak edir.

Məsələn, ac bir adamın Gürcüstanda xaçapuri, ABŞ-da hamburger, Azərbaycanda dönər aldığını fərz edə bilərik. Bir anlıq oxucu bu fərqin coğrafiyalara xas kultural özəlliklərlə fərqləndirməyi düşünsə də, yaxşı bilir ki, demək olar ki ,dünyanın hər yerində pizza, suşi, hamburger və başqa fast foodları istehlak etmək çox asandır, yəni məsələ tamamilə tədavüldən asılıdır. Qida sektorunun böyük kapital sahibləri xaçapuri üzərində qərar qılmış olsa, dünyadakı digər toplumların kultural özəlliklərindən asılı olmayaraq hər hansı yolla bazarda böyük yer toplamağı bacaracaq (Red. Türkiyədə pizza satışı “ninja turtles” c/filmindən sonra artmışdır).

Təbii ki, yuxarıda bəhsi keçən nümunələr ac bir insan üzərində əsaslandırılıb, yəni ac bir insan özünü istehsal etmək üçün istehlak etməyə məcburdur və qida sektorunun da buna görə hər zaman alıcısı var. Sadəcə, kapital sahiblərinin ümdə arzusu böyük alıcı kütləsini bir neçə əldə toplamaqdır. Bunlara aidiyyatı olmadan istənilən halda insan cibindəki hər əlavə 1 manatın müəyyən hissəsini qida sektoruna verəcək, bəs bu boyda zibili yaradan elektronika niyə alınmalıdır?

Yaxud necə olur ki, bu qədər çox elektronik əşyalar alınır?

Elmin inkişafını bəşər tarixindəki rolu haqqında səhifələrlə yazmaq olar, amma elmin əsas mahiyyətini dərk etmək də texnologiyanın, dolayı yolla elektronikanın necə bu şəkildə formalaşdığını bilməyimizdə rol oynayır. Lüğətlərdə “elm” sözünün “bir şeyin həqiqisi, bir şeyin beyində inikası, həqiqi olana yönəlmiş inanc (etiqad)” və s. kimi mənalarda işlətdiyinə görə biz “elm”lə “science” arasındakı fərqi görmək üçün türk akademizmində idealistik baxışların “ilim”, materialist baxışların “bilim” sözündən istifadə etməklə ifadə edildiyini xatırlayaq, yəni tərifini vermək olduğumuz “elm”in dəqiq (təcrübə) və bilmək üzərində formalaşdığını qavramalıyıq.

Xüsusilə, Ogüst Kont elmi idrakın həqiqi mənbəyi hesab etməklə, fəlsəfi tədqiqatın nəzəri spekulyativlik yaratdığını bildirərək pozitivizmin əsasını qoydu və elmi təcrübəyə əsaslanan tədqiqat zamanla akademik dairələrdə də yekdilliklə qəbul edilməyə başladı. Təbii ki, tarixin bu axışını təkcə həqiqət axtarışı ilə əsaslandırmaq olmaz, çünki belə olsaydı “cadugər ovu” edən kilsə susqun qalmazdı və zamanla ikinci plana atılmazdı.

Əlbəttə ki, buxar maşının kəşfindən, manufakturalaşmadan sonra kapital sahibləri elm vasitəsilə gələn pulun iyini almışdı və beləcə yeni bazarlar yaratmağı planlayırdı, amma müasir elmin ilk yaradıcıları bu gözləntidən uzaq olan macərapərəst futuristlər idi.

Onlar ya gündəlik həyatı asanlaşdırmaq, ya da insan yarandığı gündən davam edən “kökən” (arkhe) araşdırmaları aparırdılar.

Məsələn, dəniz yollarını və yeni torpaqları əlçatan etmək üçün dənizdə gəzişən “Biql” gəmisinin (red. Biql iz axtarmağı ilə məşhur bir it cinsidir) heyətində tarixdə çox önəmli bir yer tutan macərapərəst təbiətşünas Çarlz Darvin də yer alırdı. Səyahətin sonunda isə Darvinin özünün də bir xristian olaraq qəbul etməkdə çətinlik çəkdiyi “təkamül təlim”ini hazırladı.

Başqa bir nümunə deyək, Edissonun yaratdığı və evlərimizdə az qala hər ay dəyişməli olduğumuz lampanın ilk nümunələrindən biri Kaliforniyanın Livermore əyalətindəki yanğınsöndürmə mərkəzini 116 ildir işıqlandırır və ya həyatının 7 ilini (1856-1863) bir monastrın həyətində noxudlar üzərində təcrübələr aparmaqla keçirən rahib Mendel özü də bilmədən Genetika elmini kəşf etmişdi. Bütün bunlar, elmi təcrübəyə əsaslanan tədqiqatın “meyvə”sini müəyyən etməyin mümkünsüz olduğunu ortaya çıxardı. Bəli, 1880-ci ildə Tomas Edisson tərəfindən patentləşdirilən, Shelby adlı şirkət tərəfindən istehsal edilən 116 ildir sönməyən lampa bir alimin proqnozlaşdırdığı kəşfdir. Çünki daha az resurs sərf etmək və onun ideal istifadəsini təmin etmək alimin elm qarşısında vəzifəsidir.

Ancaq kapital sahibləri də eyni şeyləri düşünürdümü?

Təbii ki, xeyr. Əmtəə dünyasında mübadilənin azalması bu kapital sahibləri üçün çöküş deməkdir. Çünki daha az resurs sərf etməklə daha dayanıqlı məhsulu istehsal etmək bazarda tələbi azaldır və buna görə daha az işçinin istismar edildiyinə görə daha az izafi dəyər əldə olunur.

Deməli, oyunçular bir-birilə rəqabətə girib, daha çox işləyən lampa istehsal etmək əvəzinə sözü bir yerə qoyub, oyunu uzatmalı idilər. Sonradan bunun nəzəriyyəsini (Oyun Teoremi) yazdığına görə Con Neş Nobel mükafatı alsa da, kapital sahibləri bunu o dövrdən tətbiq etməyə başlamışdılar.

1920-ci ildə “Phobeus” adlı elektronika monopolistlərindən ibarət ilk kartel qurulmuşdu (red. Günümüzdə OPEC kimi təşkilatlar da eyni işi görürlər).
Bu kartelin əsas hədəfi lampaların istifadə müddətini 2500 saatdan (104 gün) azaltmaq idi və nəhayətində 1000 saata (41 gün) endirdilər. Yəqin ki, rəqəmlərə baxanda bəlli olur ki, bu 2.5 dəfə çox satış deməkdir. Eyni aqibəti cırılmayan neylon parçalar, uzun ömürlü məişət əşyaları və s. kimi kəşflərin, istehsalatların önü alındı, patentlər özəlləşdirildi.

Məsələn, daha çox qadınların corab olaraq istifadə etdiyi neylon materiallar ilk olaraq istehsal edildiyində bir kəndirdən daha möhkəm idi, patenti özəlləşdirilib möhkəmliyi azaldıldı, yaxud Berlin divarı dağıdılana qədər Almaniyada 20 il yanan lampalar istehsal edilirdi və Almaniya birləşdikdən sonra bu lampaları istehsal edən zavodlar bağlandı.

“Sənin yaşında qardaş/bacın bir telefonu neçə il işlədirdi?”

Təbii ki, bunu deyən valideynlərimiz planlaşdırılmış köhnəltmədən (ing. Planned obsolence strategy) xəbərsizdirlər (həmçinin bax: Telefonların təkamülü). Xüsusilə, SSRİ-nin planlı iqtisadiyyatının istehsal etdiyi və hələ də işləyən kondisionerləri, soyuducuları görən insanlar elektronik əşyaların uzunömürlü olmağını mütləq hesab edir. Bütün dünyada bu düşüncədə olan alıcılar planlı köhnəltmə səbəbindən şirkətləri məhkəməyə verib və dəfələrlə təzminat alıb. Çünki bu şirkətlər tərəfindən tətbiq edilsə də, dövlətlərin buna göz yummağına baxmayaraq, rəsmi qanunvericilikdə buna cəza tətbiq edilir. Məsələn, Fransada planlı köhnəltmə aşkarlanarsa, həmin şəxs və qurumlar 2 il həbs cəzası, 300 min avro birbaşa olmaqla illik gəlirin 5% – i dəyərində cərimə tətbiq edilir. Epson, Canon, Apple, HP kimi şirkətlər bu məhkəmələrdə cəzalandırılıblar.

Məsələn, Apple məhsullarını istifadə edən oxucularımız da fərqinə varmış olarlar ki, Apple məhsullarında yeni model satışa çıxdıqda sistem tətbiqləri daha gec-gec yenilənir və ümumiyyətlə, bir müddət sonra batareyası enerji saxlamamağa başlayır (red. Bənzər planlı köhnəltməni mən Samsung firmasının printerimdə yaşamışam. Printerin içində olan çip müəyyən sayda səhifəni çap etməyə fokuslanıb və həmin saya çatdıqda dayanır. Bakıdakı servis isə təmir etmədiklərini bildirir).

Xülasə, bütün bunlar bazarın “görünməz əli” ilə edildi və müasir universitetlər, laboratoriyalar, ən başda da o məhsulu istehsala verən mühəndislər şirkətlərin verdiyi araşdırma fonlarından asılı hala gəldi.
Dünyanın bir tərəfi elektronika zibilliyinə çevrilərkən, digər tərəfində elektronika məhsullarına lazım olan litium, palladium kimi resurslara görə ölkələr qan gölünə dönür (red. Boliviya – dünyanın ən zəngin litium mədənləri burada yerləşir və hal-hazırda ölkədə ABŞ dəstəkli hərbi çevriliş baş tutub, çevrilişdən sonra Panasonic və Tesla şirkətlərinin hissələri bahalaşdı. Çünki litium elektrik maşınlarda istifadə edilən batareyalar üçün ən çox lazım olan maddədir və dünyanı elektrikli maşınlarla təmin etmək üçün bu resursu Tesla işğal etməli idi).

Sonda isə:

“ Bütün yetkin təfəkkürə sahib olan alimlər tam müstəqil olmalıdır. Elmin təbiəti bizdən tələb edir ki, onun daxili dəyər sistemini xarici müşahidəyə tabe tutmayan bir etik standarta uyaq, bu standart isə imperializmin deyil, elmin öz işığında olmalıdır”(rezonans)

pia.az


Etiket: Kapitalizm elm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar