Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvanın “isgəndərnamə”si...


Əslində bəzi şeylər bizə ona görə təəccüblü görünür ki, özümüzü təəccüblənmiş kimi göstəririk


Bu, bəlkə də bizim özümüzün nümayiş və təzahür etdirdiyimiz ən böyük qeyri-səmimilikdir ki, onu heç vaxt etiraf etmirik. 

Ona görə etiraf etmirik ki, belə etiraflar bizdən təsəvvürlərimizi və ya hətta, ola bilsin, azacıq həyatımızı da dəyişməyi tələb edir. Biz isə bunu istəmirik, çünki yalanla yaşamaq daha rahatdır - bu sahədə ən azı 70 illik təcrübəmiz var...

Qərəz, oxuyanda ki, Ermənistanda paradda Rusiya raketləri peyda olub, ağlıma ilk gələnlər bunlar oldu. Əvvəl mən də özümü təəccüblənmiş kimi göstərmək istədim, amma həyatda ən bacarmadığım iş aktyorluq və yaxud da qeyri-səmimilikdir... 

Ona görə də heç buna cəhd də etmədim və tövrümü pozmadım, bir daha düşündüm ki, Rusiya silahlarını Ermənistanda nümayiş etdirməyib, harada nümayiş etdirəcək ki?... 
Yox, sizi Ermənistan-Rusiya əlaqələrinin incəlikləri haqqında dürlü “fikir”lərlə də yormayacam. Bilirsiniz, böyük siyasət böyük əsəb sakitliyi tələb edir. Bəzən siyasətdə böyüklərin təmkinini müşahidə etməkdən maraqlı şey olmur. 

Bir də görürsən, təcrübəsizlər deyirlər ki, Rusiya necə edirsə, biz də elə edək... Mən məsələni bu qədər qəlizləşdirməzdim. Amma münasibətləri bir azacıq nizamlamaq da olar. Demirik ki, Rusiyaya qarşı demarş etmək lazımdır. Hərçənd ki, qonşuluqdakı Gürcüstan təxminən elə belə də etdi. Dərhal soruşacaqsınız ki, o, nəyə nail oldu ki, biz də durub onun etdiyi kimi edək? 

Haqlı sualdır. Deyirlər, Rusiya ilə ixtilafdan sonra Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı itirdi. Amma gəl, mən də soruşmaq istərdim: Məgər o vaxta qədər bu bölgələr Gürcüstanın nəzarətində idi ki?.. 

Bu gün Gürcüstan nə qazanıbdır? Bu ölkədə məqsəd aydınlığı var. Şəxsən mənim üçün bu, çox mühüm məqamdır və mən illüziyaları heç sevmirəm. Amma cəmiyyətimiz bunu sevir... 

Fəqət, sual yaranır. Rusiya ilə düşmən olan Gürcüstandan fərqli olaraq bu ölkə ilə dostuq edən Azərbaycan nəyə nail olub? “Dostumuz” Rusiya Qarabağı bizə qaytarırmı? Və yaxud da nə vaxtsa qaytaracaqmı?..

Bizim hakimiyyətə gəldikdə, onlar nə etdiklərini bilirlər. Əslində heç bir illüziya-filan da qurmurlar. Hakimiyyətimizə Rusiya özəl siyasi maraqları üçün lazımdır, çünki Azərbaycan avtoritarizminin əsas dayaqlarından biri məhz bu ölkədir. Bundan artıq bu məsələni çox da xırdalamayacam. Onsuz da hər şey aydındır. Çox şükür ki, hakimiyyətimiz bizimlə açıq oyun aparır, siyasi məqsədlərini qətiyyən gizlətmir və addım-addım ona doğru gedir. Sadəcə, özümüzü elə aparırıq ki, guya nədənsə xəbərsizik... 

Amma burada da bir sual verərdim. Gəlin, açıq və səmimi etiraf edək. Görək, neçə faizimiz bir həftədən sonra keçiriləcək referendumda irəli sürülən düzəlişlərlə maraqlanıb? Təbii ki, burda susuruq. Ən yaxşı halda “Əşi, maraqlanıb nə edəcəyik? Guya, bizi eşidən var?” - deyirik... 

Nə demək olar? Həm haqlıyıq, həm də haqsız! Nədə haqlı, nədə haqsız olduğumuzu isə özünüz mənsiz də bilirsiniz...

Qayıdaq Rusiyaya və onun öz insanlarından da çox sevdiyi raketlərinə. Üstündən üç ay da keçməyib. “Putin-Lavrov planı” deyib aləmə çar çəkmişdilər. Nə oldu? Bəlkə adı dəyişib “İsgəndər planı” oldu? Məsələ bundadır ki, burada hakimiyyətimiz bizimlə həqiqətən də oyun oynayır. Qarabağ danışıqlarının detallarını heç vaxt açıqlamırlar, bunu nəinki adi bəndələrdən, hətta bizim şanlı parlamentarilərdən də gizli saxlayırlar. Səbəbini də soruşanda qayıdırlar ki, bu, diplomatiyadır, hələ danışıqlar gedir və s... 

Amma yenə də sual yaranır. Bəs Ermənistanda diplomatiya yoxdur? İş o yerə çatıb ki, Qarabağla bağlı proseslərin təfərrüatlarını ermənilərin çıxış və bəyanatlarından öyrənirik...

Qarabağ danışıqları ətrafında hay-küy qopanda deyirdik ki, balam, bir əməlli-başlı deyin, görək, Rusiya rayonların qaytarılmasının müqabilində nə istəyir? İsrarla deyirdik ki, Rusiya siyasi filantropiya ilə məşğul olmaz!

İndi haqlı çıxmış adam kimi danışmaq istəmirik. Amma rusların deməsi ki, “İstəmirik ki, hansısa tərəf qalib, digəri məğlub olsun!”, bizi narahat edir. Təkrar-təkrar düşünürük ki, əcəba, bu mümkünmü? Hər iki tərəfin tələbi bəllidir. Burada simmetriya saxlamaq mümkündürmü? İnsanın indiyədək tapdığı ədalət instansiyası məhkəmələrdi, amma məhkəmədə də qalib-məğlub olur...

Nə etməli? Heç nə! Gəlin, özümüzü təəccüblənmiş kimi göstərək. Hətta gözlərimizi bir az da çox bərəldək. Ona görə ki, bu cür daha rahatdır...

Hüseynbala Səlimov(musavat/com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar