Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İti qovan” kafesində görüşənədək

Google xəritələrində uzun illər dağıdılmış, yandırılmış obalarımıza kədərlə, təhqir olunmuş kimi baxırdıq, qəhrəman ordumuz sayəsində indi sevinclə, ümidlə, inamla baxırıq. Zülfüqar Rüfətoğlunun bir şeiri vardı, diqqətli oxucuların yadında olar, köhnə yazılarımda bir-iki dəfə sitat vermişəm: “Hər gün Şuşaya gedirəm, Quql-un xəritəsində, Quql anamı ağladır” və sairə. Dünən isə azad olunmuş Cəbrayılı Google-dan ləzzətlə seyr elədim və üstəlik güldüm: hansısa həmvətənlərimiz orada artıq “Faxralı” kafesi, supermarket, “Xan çinar” restoranı “açmışdılar”. (Yanılmıramsa o xəritələrdə müəyyən haqq ödəməklə bu cür yer adları reklamı yerləşdirmək mümkündür). Ən gülməlisi isə Cəbrayıl şəhərinin mərkəzində “İti qovan” kafesi adının xəritəyə həkk olunmasıydı. Bunu edən adam prezident Əliyevin “Onları iti qovan kimi qovacağıq” cümləsinə işarə vurub.

Vətəndaşlarımızın bu cür yumoruna heç kim mane ola bilməz, bu onların təbii haqqıdır. O torpaqlarda ölən erməni əsgərlərinə görə də bizim hər hansı günahımız yoxdur, çünki biz onları Cəbrayıla dəvət eləməmişdik. Qoy bu gün qapısına tabut gələn ermənistanlı analar bir anlıq da olsa düşünsünlər ki, onların uşaqları Cəbrayılda, Füzulidə, Ağdamda nə axtarırdılar. Lap hesab edək Dağlıq Qarabağda erməni icması yaşayır, onlara yüksək muxtariyyət də vəd eləmişik. Biz lazım gəlsə, mənim fikrimcə, gələcəkdə federativ quruluşlu dövlət də yarada bilərik, təki hər kəs xoşbəxt olsun. Ancaq axı Cəbrayılda, Füzulidə və başqa işğal olunan yerlərdə erməni yaşamırdı. Şuşa qalasını axı biz tikmişik. Sən isə gəlirsən 300 il sonra orada axmaq andiçmə mərasimi qayırırsan, başa düşmürsən ki, bir gün o “mədəniyyət” evinə göydən Azərbaycan mərmisi düşər, 300 terrorçu bir anda cəhənnəmə vasil olar.

Dronlarımızın uğurlu əməliyyatlarını hər kəs qeyd edir, sevindirici haldır ki, bu qurğuları bizim özümüz də istehsal edirik, “Azad Sistems” şirkətimizdə, “Zərbə” adıyla. Simvolik addır. Başqa maraqlı simvol, hesab edirəm, Cəbrayılın adıyla bağlıdır. Cəbrayıl rayonu islamda, iudaizm və xristianlıqda Allahın əsas mələklərindən birinin adını daşıyır. İslamda Cəbrayıl peyğəmbərə müqəddəs kitabı ayə-ayə gətirən əsas, demək olar mərkəzi mələkdir. İndi Cəbrayıl rayonunun azad olunması da başqa rayonlarımızın azadlığının müjdəçisi olar, inşallah. (Yavaş-yavaş dinə-imana gəlirəm, əziz oxucular.  Füzuli demişkən: “Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar”. Bəlkə şairin əzabkeşliyinin simvoludur ki, biz bu gün onun adını daşıyan rayonu bir az çətin azad edirik).

 

Dron temasına qayıtsam, bəzi yaramazlar və qələbəmizi gözü götürməyən paxıllar guya o pilotsuz uçan qurğuları xarici, əsasən türkiyəli mütəxəssislərin idarə elədiyini iddia edirlər, halbuki, internetdə azacıq axtarış verəndə Azərbaycan Müdafiə Nazirliyinin pilotsuz uçan qurğuları idarəetmə mərkəzində aparılan təlimlərin çoxlu videolarını görmək mümkündür. Bu döyüşlərdən çox əvvələ aid videolardır, məsələn, AzərTAc-ın saytında may, aprel aylarına aid ən azı 2 video var.

PUA-lardan istifadəyə üstünlük verməyimiz bizim döyüş zamanı humanitar fəlakətlərdən qaçmaq arzumuzla bağlıdır. Çünki bu qurğular yüksək dəqiqliklə ancaq hərbi obyektləri, hərbi texnika və qurğuları sıradan çıxarmağa imkan verir. Yeri gəlmişkən, bu tip ağıllı silahlardan ABŞ vaxtilə İraqa qarşı tətbiq eləmişdi. Hind okeanındakı aviadaşıyıcı gəmidən qalxan raket Bağdadda Səddam Hüseynin sarayına düşürdü, bu zaman qonşu binalara heç zad olmurdu. İndi biz də qanunsuz erməni hərbi birləşmələri vurarkən yaxınlıqdakı dinc əhaliyə xəsarət yetirmirik. Ermənistan isə bizim yaşayış məntəqələrinə dəli kimi, hara gəldi atəş açır. O üzdən bizdə dinc əhali arasında itki nisbətən çoxdur.

P.S. Yazının bu yerində prezident Hadrutun və başqa bir neçə kəndlərin azad edildiyi xəbərini açıqladı. Yəqin yoldaşlar orada da müvafiq obyektləri qeyd edərlər. Bunu da biləsiniz ki, Hadrut toponiminin erməni dilinə heç bir dəxli yoxdur, bu, fars dilində “iki çay arası” deməkdir.

Zamin Hacı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar