Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“İtətök” qədər milyonçuları olan ölkənin milyonçu problemi – Replika

Hökümət qeyri-rəsmi milyonerlərin rəsmiləşdirilməsi üşün ciddi düşünməlidir…

Azərbaycanda ciddi milyonçu problemi yaşanır. Bu, bu günün, yaxud dünənin məsələsi deyil, yaxın vaxtlarda yaranmayıb. Problem 90-cı illərin sonundan və 2000-ci illərin əvvəlindən mövcuddur və o zamandan bu günə qədər Azərbaycanda ortabab idarə müdirinin də milyonçuya çevrilməsinə baxmayaraq, problem hələ də çözülməyib, əksinə...

Yəni ölkənin vergiödəyiciləri arasında bir nəfər də olsun fiziki və hüquqi şəxs olaraq milyonçu yoxdur. Hüquqi şəxs deyərkən, dövlət müəssisələrini nəzərdə tutmuruq. Ona qalsa, ölkənin milyoneri də, milyarderi də var və bu milyarderlərin başında təbii ki, ölkə büdcəsinin əsas hissəsini dolduran və ölkəmizin ən böyük pul kisəsi kimi tanıdığımız SOCAR gəlir. Sonra dövlətimizin milyarder müəssisələrini barmaqla da saya bilərik.

Misal üçün, bizdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi var idi. Sədri də Bədəlov Akim Bədəl oğlu idi. Bu, yoldaşmı deyək, cənabmı deyək, yoxsa müəllimmi deyək, Akim Bədəlov dövlətin milyardlarını günəş atəşində yandırdı, amma alternativ enerji ala bilmədi. Hələ də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin çöllərdə düzdüyü panellərin arxasından məftillər sallanır və sanki günəş atəşində yanan milyardların acığını verir millətə. Hələ bir də cənab, ya da yoldaş Akim müəllim rəhmətlik Don Kixotun vuruşduğu Yel Dəyirmanı fasonu bir şeylər tikib çöllərdə. Amma onların da pərləri boşu-boşuna fırlanır və arxalarında quyruq kimi məftil sallanır.

Yəni qısası cəmi 5 il müddətində cənab, ya da yoldaş Akim müəllim dövlətin milyrdlarını günəşdə yandırıb, küləklə sovurub. Və bu bizim alternativ enerji sahəsində inkişamızın əsas mərhələsi hesab olunur. Doğrudur, bəziləri israrla iddia edirlər ki, cənab Akim müəllim o milyardların hamısını günəşdə yandırıb, küləklə sovurmayıb. Hətta iddialar var ki, cənab, ya da yoldaş Akim müəllim həmin milyardların hesabına özü də fiziki şəxs olaraq milyarder olub. Amma bütün bunlar dedi-qodudan ibarətdir. Qeyd edək ki, prezident həmin Agentliyi bu ilin yanvarında bağladı, amma Nazirlər Kabineti hələ də bu qurumu bir türlü ləğv edə bilmir.

Ya da “Azərsu” ASC. Qorxmaz müəllimin işçiləri Bakıda və rayonlarda küçələri köstəbək kimi dayanmadan qazırlar. Amma balaca bir yağış yağan kimi Bakı da, rayonlarımızın şəhər tipli mərkəzləri də suyun altında qalırlar. Hər dəfə də heç də mələk olmayan icra hakimiyyətləri Nuh peyğəmbərin rolunu oynamağa məcbur olurlar.

Belə misalları çox çəkmək olar. Azərbaycanda dövlətin pulları hesabına fiziki şəxs olaraq milyonerə və hətta milyarderə çevrilməsi mental dəyərlərə aid bir şeydir və ayıb da deyil. Hətta buna görə qanunlardan “bir az” yan keçsək də, bu, xalqımız tərəfindən xoş qarşılanan adət və ənənələrimizə aiddir.

Keçək mətləbə. Bizi maraqlandıran məsələ odur ki, ölkəmizdə çoxlu sayda iş adamları, sahibkarlar məmurların qayğısı altında ölkəmizin iqtisadiyyatına durmadan töhfə verdikləri halda, niyə bu adamların arasında bir dənə də olsun rəsmi milyoner yoxdur. Misal üçün niyə o “əjdəhadan” ermənilərdə var, bizdə yoxdur? Ayıb deyilmi bizə?

Ya da niyə bizimkilər ölkədən çıxan kimi milyonçu olurlar, amma ölkə içində orta sinif füqarəyə çevrilirlər?

Götürək elə keçmiş nazirlərmizdən olan Füzuli Ələkbərov cənablarını. Adam nazir olmamışdan da sahibkar idi və nazir olmayandan sonra da iş dünyasına qayıtdı. Xub! Amma Füzuli müəllim milyon dollarlıq həcmində maliyyə əməliyyatlarında iştirak edir. Sabiq nazir elə son dəfə medianın diqqətini də “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçisi olaraq prezidentlə birlikdə obyektivlərdə görünməsi ilə cəlb etdi. Amma necə olur ki, “Massey Ferguson” şirkətinin Azərbaycandakı təmsilçisi rəsmən milyoner olmur?

Belə misalları da onlarca, yüzlərcə çəkmək olar…

Elə iş adamlarımız da var ki, oğlanları yarım milyonluq maşınları su kanallarına aşırırlar, onlar isə bu “mənim oğlum deyil”, deyib həm maşından, həm də oğlundan imtina edir… Yəni adamlar üçün yarım milyon, ya da elə bir neçə milyon “tum pulu” kimi bir şeydir. Çünki sonra gedib bir mənzili bir neçə nəfərə satıb həmin pulları çox rahat şəkildə geri gətirəcəklər və təzə maşınlar da alacaqlar. Belə nümunələri də onlarca uzatmaq olar…

Niyə bizdə “itə tök” qədər milyonerlər olduğu halda heç biri qalxıb rəsmən, “məm milyonerəm”, demir. Hətta böyük şirkətlərin - zavodların, fabriklərin sahibləri olan “Azərsun”, “Veysəloğlu” kimi şirkətlərinin sahibləri milyoner olduqlarını dilə gətirmirlər. Bu, niyə belədi? Təkcə vergidən yayınmaq üçünmü? Bu səbəblərin biridir və bizcə əsas səbəb deyil. Başqa səbəblər də var və bu səbəblər məmur iş adamlarının və onların yaxınlarının böyük sərmayədar kimi çıxış etmək istəməmələrindən irəli gəlir. Bizim milyonerlər daha çox ölkədən pul, sərmayə qaçırmağa çalışırlar və buna görə də özlərini milyonçu elan etməyi çox təhlükəli hesab edirlər. Bu həm də ölkədə kölgə iqtisadiyyatının hər il daha da böyüməsinə yol açır. Ona görə də hökümət qeyri-rəsmi milyonerlərin rəsmiləşdirilməsi üşün ciddi-ciddi düşünməlidir…

Sonda bu əziz bayram günlərində məlum olub ki, xaricdəki “söyüş ruporları”ndan biri olaraq tanıdığımız Qurban Məmmədov da milyoner imiş. Onun Bakıda eyni binada çoxlu mənzilləri var imiş. Biz əvvəl müxalifətdə avar çəkənlərin arasında təkcə “Quska”nı milyoner hesab edirdik. Onun da mayasının haradan qoyulduğu bəlli idi. Amma bu Qurban Məmmədov necə olub milyonerə çevrilib və bəzi adamlar hara baxıblar?

Ağır sualdlr və cavabı da problemli ola bilər. Açığı bizim xalqımız belə şeyləri xoşlamır. Yəni müxalifətin də “bağda oturub bağdan yeməsinə” bir az xoş baxmır. Ya da belə deyək, naxoş baxır.

Bu azmış kimi Müsavat Partiyasını da “Sirab” maliyyələşdirirmiş. O “Sirab” ki, Naxçıvanın sədrinə məxsus olduğu iddia olunur. Vallah, billah, dünya varmış…

pia.az


loading...