Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq seçkilərində “ən böyük blok” və ən zəif ictimai iştirak...

Seçkilərdə birinci yeri tutmasına baxmayaraq, Sədr təkbaşına bir hökumət qura bilməyəcək və bu səbəbdən, ittifaqa əsaslanan bir hökumət qurmaq məcburiyyətində qalacaq...

Mina Ureybi
“Şarkul Avsat” qəzeti 12 oktyabr 2021-ci il

İraq 2003-cü ildəki müharibədən sonra ölkənin beşinci seçki dövrünü geridə qoyduğu üçün indi yeni bir mərhələyə qədəm qoyur. İraqdakı siyasi prosesin gedişatını təyin edəcək üç əsas amil ortaya çıxıb.

Birincisi, seçki prosesində seçici fəallığı ən aşağı səviyyədə olub. İraqlıların əksəriyyəti xalqın ən vacib ehtiyaclarını ödəməyən hazırkı siyasi prosesi rədd edib. Siyasi qüvvələr iraqlıları dəyişikliyə çağırarkən, iraqlıların əksəriyyəti dəyişikliyin eyni siyasi mühitdən gəlməyəcəyinə əmin görünür. Bu boykot ölkənin maraqlarından çox, partiyaların və siyasətçilərin maraqlarına xidmət edən bir prosesin qanuniləşdirilməsində rol oynamaq istəməyən vətəndaşların açıq etirazıdır.

İraqdakı Müstəqil Ali Seçki Komissiyası seçici fəallığının 41% olduğunu açıqlasa da, faktiki rəqəmlər təxminən 34%-dir. Komissiya səs verəcək iraqlı seçicilər arasında iştirak edənlərin faizini hesablayır. Ancaq ən etibarlı meyar seçicilərin sayını İraqda səsvermə hüququna malik olanlarla - yəni İraq vətəndaşlığı olan və 18 yaşı tamam olan şəxslərlə - müqayisə etməkdir. Bu vəziyyətdə faiz 34%-ə yaxın olur. 26,6 milyon olduğu təxmin edilən yetkin vətəndaşlardan yalnız 9 milyon 77 mini seçkilərə qatılıb. Yəni səs vermək hüququ olan vətəndaşların 2/3-si seçkilərdə iştirak etməmək qərarına gəlib. Bu boykot gələcəkdə siyasi prosesin qanuniliyi ilə bağlı bəzi müzakirələrə səbəb ola bilər. Lakin Birləşmiş Millətlər Təşkilatının Missiyasına başçılıq edən beynəlxalq müşahidəçilər bu seçkilərin uğurlu keçdiyini tez bir zamanda elan ediblər.

Etiraf etmək lazımdır ki, səsvermə prosesinin düzgün aparılması, əvvəlki seçki prosesindən fərqli olaraq, saxtakarlığın olmaması, vətəndaşların və ölkənin təhlükəsizliyini təhdid edən hadisələrin olmaması baxımından proses uğurlu keçib. Ancaq kənar partiyalar da etiraf etməlidirlər ki, İraq xalqı səslərinin siyasi uğursuzluğa, inzibati və maliyyə korrupsiyasına bəraət qazandırmaq üçün istifadə edilməsindən bezib. Birləşmiş Millətlər Təşkilatının İraqdakı missiyası da seçkilərlə bağlı verdiyi açıqlamada, prosesin uğurlu olduğunu, lakin aşağı səsvermə nisbətinin çoxlarını məyus etdiyini söyləyib.

Siyasi prosesin gedişatına, şübhəsiz, təsir edəcək ikinci amil seçkilərin ilkin nəticələridir ki, bu da İraq din xadimi Müqtəda əs-Sədrin birinci yerdə olduğunu göstərir. Seçki məntəqələrinin bağlandığı 24 saat ərzində Sədr Hərəkatı İraq parlamentindəki 329 yerdən təxminən 73-nü qazandıb. Bu səslərlə Sədr bloku konstitusiyaya uyğun olaraq yeni hökuməti qurmaq vəzifəsini öz üzərinə götürəcək.

Seçkilərdə birinci yeri tutmasına baxmayaraq, Sədr təkbaşına bir hökumət qura bilməyəcək və bu səbəbdən, ittifaqa əsaslanan bir hökumət qurmaq məcburiyyətində qalacaq. Digər tərəfdən, kürd bloku parlamentdəki yerlərini qoruya biləcək bloklar arasında önə çıxır. Sədr Hərəkatı ilə Kürd bloku arasında ittifaq yaradılacağı və istefa verən İraq parlamentinin spikeri Məhəmməd əl-Halbusinin də onlara qoşulacağı gözlənilir. Lakin keçmiş Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi Qanunun Aliliyi Koalisiyası siyasi böhrandan öz payını almayacağı təqdirdə, prosesi pozmağa cəhd edə bilər. Məğlub olan bloklar ölkənin şəraitini yaxşılaşdırmaq üçün ənənəvi olaraq parlamentdə müxalifət rolunu oynayacaq, ancaq müəyyən imtiyazlar əldə etməyə və özlərini qurulacaq koalisiya hökumətinə yükləməyə çalışacaqlar.

Üçüncü amil isə nisbi nikbinlik gətirir. Çünki müstəqillər seçkiyə ilk dəfə güclü şəkildə daxil olublar. Gəncliyi və bəzi nümayişçiləri təmsil edən yeni hərəkatın yanında nisbətən az sayda yer də alıblar. İraq küçələrinin səsi olan bu insanların siyasi proseslərin yenilənməsində rol oynayacağı ümid edilir. İraqda yeni hökumətə bir neçə həftə qalıb və ölkə hazırda tərəflər arasında danışıqlar mərhələsinə qədəm qoyur. Bu, ictimai maraqlara zərər verə biləcək kompromislərə səbəb ola biləcək təhlükəli bir mərhələdir. Bu, bir çox iraqlının bütün siyasi prosesi tənqid etməsinə səbəb olur. Sədr və seçkilərdə qalib gələn digər partiyaların vəzifəsi ölkədəki ümumi atmosferi nəzərə almaq və xalqla hakimlər arasındakı uçurumu aradan qaldırmaq üçün səy göstərməkdir.

Digər tərəfdən, İraq küçələrini sevindirmək üçün erkən seçkilər elan edən İraq baş naziri Mustafa əl-Kaziminin taleyi ilə bağlı bəzi suallar var. Bu qərar küçələrin istəyi ilə alınsa da, vətəndaşlar “hərtərəfli islahatlar prosesi”nin bir hissəsi olmadığı üçün seçkiləri boykot ediblər. Başqa bir diqqət çəkən məqam da xalqdan səs istəyən İraq baş nazirinin namizəd olmaması idi. Səddam Hüseyn rejiminin süqutundan sonra ilk dəfə baş nazir seçkilərdə iştirak etməyib. Kaziminin tənqidçiləri onun namizəd olmaması nəticəsində iraqlıların seçkilərə həvəslənəcəyi arqumentinin zəiflədiyini desələr də, dəstəkçiləri əksinə, seçkilərdən sui-istifadə etməkdən imtina etdiyini bildiriblər.

Həmçinin, hansısa bir partiyaya üzv olmaması onu bildirir ki, qalib partiyalar hökuməti qurmaq üçün birini seçməsələr, Kazimi növbəti hökuməti qurmaq üçün razılıq əsasında namizəd kimi təqdim oluna bilər. Kazimi öz “kozr”ından burada istifadə edib.

Kaziminin bu oyunda qalib olub-olmayacağı məlum deyil, amma heç olmasa növbədənkənar seçkilərə qatılmamaq vədini yerinə yetirdiyini söyləmək olar. Qalanı isə ən böyük blokdan asılıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar