Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“İnsanovun siyasətə gəlişi “inhisarçı müxalifəti” də sıradan çıxarmağa qadirdir”

Azər RƏŞİDOĞLU yazır

İlham Əliyevin təkbaşına müəyyənləşdirdiyi siyasi kurs: İnsanov “Yaşasın Amerika, yaşasın Tramp” şüarı ilə kimlərə mesaj verirdi?

Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son illərin ən böyük əfvi kimi səciyyələndirilən bu sərəncamla sabiq nazir Əli İnsanov, NİDA-çılar, dindarlar, AXCP fəalları azad edildi.

Bütün bunların fonunda hər kəsin diqqətini hakimiyyətin əsas rəqibi olan, vaxtilə iqtidar “mətbəxi”nin “baş aşpaz”larından olan cənab İnsanovun azad edilməsi və keçmiş nazirin verdiyi hikkəli və iddialı bəyanatlar çəkdi.

Elə təkcə bu bəyanat kifayət edir ki, ölkədə nəyin baş verdiyinin fərqində olaq. İnsanovu bu qədər özünə inamlı edən nədir?

Hər halda, soyuqqanlılığı ilə tanınan yaşı 70-i keçmiş professor heç bir halda Dəniz Gəzmiş rolunu oynamağa iddialı olmayıb. Nədir onu bu qədər inamlı edən? 14 il həbsdə olmağın formalaşdırdığı emosionallıqmı?

Professor İnsanov Fidel Kastroya da bənzəmir. Həbsdən çıxan kimi verdiyi bəyanatlar da bunu sübuta yetirdi. Bahalı geyimi ilə jurnalistlərə poz verən sabiq nazir olduqca qəzəbli görünürdü.

“İnsanov nə istəyir?” sualına bir qədər sonra cavab verməyə çalışarıq. İndi situasiyanın özünü təhlil etməyə cəhd edək.

2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq. Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı. “Neft-qaz siyasəti” sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi.

Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi. Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi. Belə məqamda Əli İnsanov kimi bir rəqibi həbsdə çox saxlamağın iqtidarın əleyhinə işləyəcəyini anladığından onu azad etdi.

İlham Əliyevin riskə getdiyini düşünənlər bir nüansı unudurlar. İnsanov böyük iddia ilə mübarizəyə qoşulacaq. Qərbi Azərbaycan qruplaşmasının lideri olan İnsanova hakimiyyətdən incik düşən məmurlar da dəstək verəcək.

İnsanov yalnız Qərbi Azərbaycan qruplaşmasına arxalanmır, eyni zamanda, “Heydər Əliyev dərin dövləti” təmsilçilərinə və narazı qüvvələrin dəstəyinə ümid edir. İnsanovun bir müxalifətçi kimi siyasətə gəlişi “inhisarçı müxalifəti” də sıradan çıxarmağa qadirdi.

İstənilən halda, İnsanovun müxalifətçi kimi mübarizəyə başlaması yeni dəyişikliklər deməkdir. Bu dəyişiklik qarşısında ənənəvi müxalifət və hakimiyyətin “söyüş yazdıran” məmurları tab gətirə bilməyəcək. Burada bir suala cavab axtaraq – İnsanov Milli Şura və ya buna bənzər müxalifətçilərlə eyni təşkilatda uzun müddət fəaliyyət göstərə bilərmi?

Ambisiyalarının böyüklüyü nəticəsində 14 illik həbsə cəzası çəkən İnsanov çətin ki lümpenlərlə bir təşkilatda dayanmağa razı olsun. Onun üçün başlıca dəyər bir əyalət müsavatçısı və yaxud cəbhəçisindən fərqlidir.

Digər amil isə budur ki, bir ziyalı uzun müddət bu düşərgədə duruş gətirə bilmir. Dünya şöhrətli yazar Rüstəm İbrahimbəyov, Azərbaycanın yetişdirdiyi ən nəhəng alim Rafiq Əliyev də vaxtilə bu düşərgəyə böyük həvəslə gəlmişdilər. Lakin fərqli dünyagörüşləri bu iki ziyalını sakitcə getməyə vadar elədi.

Müxalifəti staqnasiya vəziyyətindən vaxtilə hakimiyyət dairələri ilə çox yaxın münasibətdə olan professor Cəmil Həsənlinin gəlişi də xilas edə bilmədi. İnsanov nə İbrahimbəyovdur, nə də ki Rafiq Əliyev. Kobudluğu ilə seçilən İnsanov yeri gələndə “konkret rədd ol” deyə bilir. Yeri gəlmişkən, o zaman “rədd ol” ifadəsi jurnalistə ünvanlansa da, onun əslində kimin ünvanına deyildiyini hər kəs bilirdi. “Rədd ol” İnsananova baha başa oturdu və o, 14 il həbsxana şəraitində yaşamalı oldu.

Bu dəfə də İnsanov mülayim olmayacaq. İnsanov kimi təkəbbürlü bir şəxs, arxasında ciddi resursların dayandığını bilən bir siyasətçi istənilən anda asanlıqla hansısa müxalifətçiyə “rədd ol” deyə bilər. Nəzərə alaq ki, artıq ona dəstəklər gəlməkdədir. Məsələn, Rəsul Quliyev artıq İnsanova dəstək verdiyini açıqlayıb. İnsanova tezliklə Etibar Məmmədovun da dəstək verəcəyi gözlənilir. Hakimiyyətdə olan bəlli qrupu da bu siyahıya əlavə etsək, İnsanovun hikkəsinin boş yerə olmadığı üzə çıxır.

İnsanov bir fərd olaraq, cəsarətli və qətiyyətlidir. Natiqdir. Xarizmalıdır. İnsanları öz təsir dairəsinə salmağı bacarır. Nazir işləyəndə və YAP-ı quranlardan biri olanda da təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu nümayiş etdirdi. Elə korrupsiya piramidasının əsas sütünlarından biri olması da onun şəxsi bacarığından (mənfi bacarıq olsa belə) xəbər verir.

İnsanov həbsdən çıxar-çıxmaz təngənəfəs “Yaşasın Amerika, yaşasın Tramp” deməklə prezidentliyə vahid namizəd iddiasını ortaya qoydu və açıq mesaj verdi – mən heç kəsə qoşulmuram, gəlin mənə qoşulun. Belə bir iddialı, böyük maliyyə resursları olan, xarici dəstəyi olan bir simanın əsas müxalifətçi generalı olmaq şansı ənənəvi müxalifəti qıcıqlandırır və artıq sosial şəbəkələrdə onu linç etməyə başlayıblar. Bu zərbələr İnsanovun başını o dərəcədə qatacaq ki, onun prezidentlik iddiası yavaş-yavaş müxlaifəti söyməklə əvəzlənəcək.

Bəzi məlumatlara görə, İnsanov hələ içəridə olanda bəzi Qərb təmsilçiləri onunla görüşüb və siyasi mübarizəyə başlayarsa, dəstək verəcəyini bildiriblər. Burada bir məqama diqqət yetirək.

Məlumatların təhlili onu deməyə əsas verir ki, yüksək post tutan bəzi məmurlar artıq İnsanova mesajlar göndərməyə, onun bayrağı altına keçməyə hazır olduqlarını bildiriblər.

Əslində, İlham Əliyevin son zamanlar apardığı siyasət həmin məmurların sonunu yaxınlaşdırır. Ehtimal edə bilərik ki, 2003-cü il seçkiləri ərəfəsində İlham Əliyevə xəyanət edənlər bugünkü vəziyyətdə də İnsanovdan çəkinərək, yenə də birinciyə qarşı gizli fəaliyyətə başlayacaqlar. O vaxt müxalifətə maliyyə ayıran şəbəkə bu gün də xaricdəki söyüş ruporlarını maliyyələşdirir.

İki cəbhədə siyasət oynayanlar birincinin bütün addımlarına əngəl törədir və ona ictimai fəallar barədə yanlış məlumat verirlər, əllərindən gələni edirlər ki, demokratik açılım baş tutmasın.

İnsanov mənfi tipajdır. Korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı biridir. Lakin bütün bunlar onun qətiyyətli və dönməz olması fikrini təkzib etmir.

14 illik cəzasını az qala “qanuni oğru” kimi çəkən bir liderin (əşirət başçısı da deyə bilərik) qarşısına prezidentinə, şöbə rəhbərinə xəyanət edən, “söyüş tezislərinin müəllifləri” ilə çıxmaq imkansızdır. Mənasız yazılar müəllifi olan jurnalistlərlə heç mümkün deyil. İnsanovun “Amerika Əkbər, Tramp rəhbər” çağırışı da sıradan məsələ deyil. Lakin probelemlərin taleyini İlham Əliyevin Qərblə hansı məqamda razılaşacağı həll edəcək. Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İlham Əliyev demokratik açılımın ilk addımlarını atdı. Onun struktur və kadr dəyişiklikləri, işgüzar dairələrin, o cümlədən kiçik və orta biznes kimi mühüm komponentin vergi, korrupsiya yükünün azaldılması sahəsində son addımları ümidə səbəb olur.

İctimai rəy də artıq əvvəlki illərdən fərqlənir. Prezident Əliyev əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşür və çıxış yolları axtarır. Bürokratik aparat buna qaşı çıxır. İlham Əliyevin ilk növbədə həmin aparatı dağıtmaqla məşğul olacağı, “bekarçılıq kontoru” olan YAP-ı kənd klubunun dərnəyinə çevirəcəyi ehtimalı çox böyükdür. Bu baxımdan, yalnız bir təhdid qalır və ölkə başçısı Rusiyadan gələn potensial riskləri azaltmağa çalışır. Bunu da bacararsa, tezliklə yeni parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəlir…

pia.az

Şərh yazın.

loading...