Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

Soyqırımdan çıxan, Afrikanın mərkəzindəki kasıb bir ölkə necə oldu ki, iqtisadi böyümədə inkişaf edən dünya ölkələrini geridə qoydu?..

Ziya Mehti yazır...

Ruandanın taleyi Azərbaycanla eyni olmasa da, bənzər fəlakətlər və bənzər iqtisadi problemlərın ağrısını çəkib. Misal üçün, 90-cı illər bu Afrika ölkəsi üçün iki böyük qəbilənin müharibəsi ilə yadda qaldı və son dönəmlərin ən qanlı soyqırımı Ruandada yaşandı. Müharibə nəticəsində 1 milyon insan həyatını itirib. Müharibə isə Hutu və Tutsi qəbilələri arasında gedirdi. Hutuların başında olduğu hökümət Tutsi qəbiləsinə qarşı soyqırım həyata keçirirdi və müharibədə ölənlərin 70 faizi də elə Tutsilər idi.

Birinci dünya müharibəsindən sonra Almaniya müstəmləkəsindən çıxıb, 1962-ci ilə qədər Belçika müstəmləkəsi olan Ruandanın Hutu hökümətinin soyqrımının bir nömrəli dəstəkçisi də Fransa hesab olunurdu. Müharibənin nəticəsi olaraq yüz minlərlə Tutsi qonşu ölkə Konqo Demokratik Respublikasına sığınmalı olmuşdu.

Unutmadan qeyd etməkdə fayda var ki, Ruandada kolonizasiyadan qabaq heç bir şəkildə vətəndaş müharibəsi yaşamamışdı. Bütün qarşıdurma və parçalanamalar belçikalıların zəngin, oxuma-yazma bilənləri Tutsi, kasıb və cahil saydığı insanları Hutu olaraq qəbilələrə böldükdən sonra baş verdi. Bütün bu tarixin qara səhifələrinə baxdıqdan sonra Ruandanın bu gününə də nəzər salmaqda fayda var.

Ruandanın hal-hazırda 12.6 milyon əhalisi var və 479 km2 nəfər əhali sıxlığına sahib olduğuna görə Afrikanın ən sıx məskunlaşılan dövlətidir. Azərbaycanın iqtisadi olaraq 2019-cu ildə 3.3 % böyüdüyünü, Türkiyənin isə 2.5 % kiçildiyini nəzərə alsaq, Ruandanın 7.8 %-lik (2018-ci ildə 8.5%) artımla Çini və ABŞ-ı geridə qoyan göstəricisi təbii ki, heyrətlənmək üçün ciddi səbəbdir.

Nəzərə alsaq ki, analitiklər 3 il sonrası üçün Azərbaycanın iqtisadi daralmaya gedəcəyini deyir və Ruandanın isə əksinə gücünə güc qatacağı göstərilir, demək ki, bizim Ruandadan öyrənməli olduğumuz çox şey var. Məsələn, Ruanda bütün bu inkişafı necə əldə etdi?

2000-ci ildən bu yana Ruandanın Prezidenti Paul Kaqamedir və məlum Ruanda soyqırımından sonra qurulan hökümətdə Müdafiə naziri, Baş nazir və vitse-prezident kimi üç böyük ünvanı özündə birləşdirib. Kaqamenin kimliyini araşdırdıqda maraqlı nüanslar ortaya çıxır. Belə ki, Paul Kaqame özü də etnik olaraq Tutsi qəbiləsinə mənsubdur və 1962-ci ildə Ruandada Tutsilərə qarşı olan talana görə ölkəni tərk etmək məcburiyyətində qalır. Sonrakı yaşamını isə Uqandada hərbiçi olaraq davam etdirir və ABŞ dəstəkli Uqanda çevrilişindən sonra yeni qurulan orduda Kaqame öz yerini alır. Hətta 1990-cı ildə Uqanda ordusunda xidmət edərkən ABŞ-ın “Command and General Staff College” adlı xüsusi təyinatlılarını yetişdirdiyi təlimlərə dəvət alır. Elə bundan sonra Kaqamenin adı siyasi arenada yavaş-yavaş hallanmağa başlayır.

6 Aprel 1994-cü ildə Burundi Prezidenti Ntaryamiranın və Ruandanın o dönəmki Prezidenti Habyarimananın içində olduğu təyyarə müəmmalı şəkildə qəzaya uğrayır və hadisədən 1 gün sonra Ruanda soyqrımı başlayır.

Soyqırım şübhəsiz ki, fransızların əli ilə başlayır və dönəmin fransız hərbiçilərinin sözlərinə inansaq, hadisədən xeyli əvvəl fransızlar Ruandalı mülki şəxslərə hərbi təlimlər də keçirmiş. Yəni Prezidentin müəmmalı ölümü və səhəri gün başlayan genosid fransız generalların masasında çoxdan var imiş. Hətta keçmiş Fransa Prezidenti Fransua Mitterran hadisə ilə bağlı verilən suala utanmadan belə cavab verir: “O ölkələrdə soyqrımın olması elə də ciddi məsələ deyil” (12 Yanvar 1998, Le Fiqaro)

Təyyarə qəzasında həyatını itirən Habyarimana radikal Hutu milliyətçisi idi və onu 17 illik hakimiyyəti, onsuz da, Tutsilər üçün yaxşı keçməmişdi və bütün bunlara baxmayaraq, soyqırımdan öncə Çindən sifariş verilən baltalar, əldə edilən silahlar hələ onun hakimiyyəti dövründə məchul terror qruplaşmaları tərəfindən Hutulara paylanırdı və onlara hazır olmaları deyilirdi. Ən dəhşətlisi də budur ki, baş verən soyqırım nəticəsində o dənəm 7 milyon əhalisi olan Ruandada hər 7 nəfərdən biri öldürüldü.

Hadisənin ardından isə ABŞ Tutsi Kaqameni həm Baş nazir, həm Müdafiə naziri, həm də vitse-prezident vəzifəsinə yerləşdirdi.
Kaqame 2000-ci ildə Prezident seçildikdən sonra müxalifətin saxta seçki iddialarına görə seçkini yenilədi və ardınca yeni bir Ruanda üçün yeni konstitusiya yazıldı.

Yeni Ruanda Konstitusiyası ölkədə siyasi sabitliyi bərqərar etməklə yanaşı korrupsiyanı, süründürməçiliyi də aradan götürməyə hədəflənmişdi. “Bütün hər kəs küçələri təmizləməyə hökmlüdür”, “plastik paketlərdən istifadə etmək qadağandır” kimi despotik qərarların da olduğu konstitusiya bir növ Ruandanın polis hökümətinin də dəstəkçisi idi, amma demək olar ki, bu qərarlar paytaxt Kiqalini və ölkəni Afrikanın ən təmiz ölkəsinə çevirdi.

Bundan əlavə, Ruandada hər 100 min nəfərə düşən cinayət göstəricisi, 2.5%-dir, müqayisə üçün deyək ki, bu rəqəm Azərbaycan üçün 2.6%, Ruandanın qonşu olduğu ölkələr üçün isə 6-12% arasında dəyişir. Səhiyyə sistemində Afrikanın coğrafi şəraitlərini nəzərə alaraq dronlardan istifadə edən Ruanda əhali arasında ortalama insan ömrünü 1994-cü ildən bu yana 28 yaşdan 67 yaşa qədər yüksəltməyi bacarıb.

Bütün bunlar hansı iqtisadi fonun əsasında yaradıldı?

Ruanda hər hansı bir təbii sərvətindən qaynaqlanan iqtisadiyyatı yoxdur. Son 10 il ərzində əldə etdikləri iqtisadi artım xarici investisiyalar hesabınadır və təbii ki, bu investisiyalar 2003-cü ildə qəbul edilən konstitusiyanın “rahat biznes zona” yaratmaq məqsədindən sonra ortaya çıxdı. Təkcə konstitusiyanı deyil, eləcə də Ruandanın coğrafi mövqeyini nəzərə alsaq, bütün Afrikaya çatmağın mümkün olduğunu görərik. Çünki ölkə Sinqapur kimi coğrafi olaraq mərkəz sayıla biləcək bir mövqedədir.

Eyni şəkildə Azərbaycanı da qiymətləndirmək olar, amma unutmayaq ki, ötən may ayında Bakıda keçirilən Avroliqanın finalında necə böyük nəqliyyat problemi yaşamışdıq. Düşünəndə ki Azərbaycan da iqtisadi olaraq böyük bazarların ortasındadır və Rusiya, İran, Türkiyə kimi böyük əhali sayına sahib ölkələrlə qonşudur, bu baxımdan Azərbaycanı da coğrafi və iqtisadi mərkəz statusunda qiymətləndirmək olar. Lakin Ruandanın coğrafi mərkəziyyətçiliyi təkcə Afrika üçün deyil, Ruanda hava yolları vasitəsilə Şanxay, Mumbay, Nyu-York kimi biznes nöqtələrinə uçuşlar keçirərək investorların ölkəyə rahat gələ bilməsini təmin etməyə çalışır. Elə buna görədir ki, Volsvagen kimi dünya nəhəngi şirkətlər də Ruandada öz zavodlarını açmaqda maraqlıdırlar.

Həmçinin “Miras fondu”nun (heritage foundation) iqtisadi azadlıq indeksində 32-ci yerdə olan Ruanda Afrika ölkələri arasında liderdir. Həmin sıralamada şişirdilmiş rəqəmlərlə belə Azərbaycanın 60-cı yerdə olduğunu nəzərə alsaq, Ruandadan 2 dəfə geridəyik. Bu səbəbdən də, Azərbaycan xarici investorlar üçün maraqlı deyil. Təbii ki, indeksi tərtib edənlər Gömrük Komitəsini və Azərbaycanın real ÜDM-ni nəzərə alsaydı, bu sıralamada biz bir xeyli geriləyərdik.

Ruandaya xarici investorların gəlişi əhaliyə necə təsir etdi?

Ruanda da baş verən konstitusion və real dəyişikliklər burjuanın, yəni zəngin sinifin daha da zənginləşməyinə hesablanıb. İstənilən halda ölkədə inzibati hökümət gücü qüvvədə qaldığına görə burda demokratoyanın və liberalizmin təntənəsindən danışmaq mümkün deyuil. Lakin məhz hökümətin idarəsi altında olan açıq bazara sahib olan Ruanda sərmayədarlar üçün “qızıl konfet” kimidir. Əsas odur ki, burda həm qərbdən, həm də şərqdən olan sərmayədarlar, özlərini çox rahat hiss edirlər və onların sərnmayələri üçün risk yoxdur. Bunun əvəzində isə ucuz işçi qüvvəsi və geosiyasi durumu sərmayədarlar üçün Ruandanı daha da çox cəlbedicidir. Eyni zamanda onu da qeyd etməliyəm ki, son 15 ildə Ruanda da həm təhsil şərtləri müsbətə doğru dəyişib, həm də səhiyyə sistemi daha da inkişaf edib. Ruanda artıq Afrikanın ən sosiallaşmış dövləti kimi görünməkdədir.

Qeyd edək ki, Azərbaycanda da bu cür azad biznes zonası istənilən halda qanunvericilikdə olan sosial haqları dəyişdirmək bahasına baş verməlidir. Həmçinin sərmayədarların qorxusunu azaltmaq, ya da yox etmək üçün korrupsiya minimuma endirilməli, gömrük tamamilə şəffaflandırılmalı və monopoliya liberal bazarla əəvəz olunmalıdır. Yəni sərmayələrin riski sıfıra endirilməlidir.

Və ən önəmlisi heç bir iqtisadi artımın əsas məqsədi varlıları daha varlı etmək, kasıbları isə daha da kasıblaşdırmaq olmamalıdır. Bizim Azərbaycanda gördüyümüz və müşahidə etdiyimiz də məhz budur və monopoliya hər zaman varlıların daha da varlanmasına, kasıbların da daha da kasıblamasına səbəb olur...

Ziya MEHTİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar