Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İlham Əliyev Qarabağa dair dəqiq, aydın və sensasion mesajlar verir

Azərbaycan prezidenti İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsinə dair həm ictimaiyyətə və xalqa, həm beynəlxalq ictimaiyyətə, eyni zamanda təbii ki, düşmən ölkəyə ünvanlanmış dəqiq və aydın mesajlar verdi. Bu, belə demək olarsa, dövlət başçısının son aylarda (ola bilsin hətta son illərdə) Qarabağa dair ən əhatəli, bir çox təfərrüatların ilk dəfə açıqlandığı çıxışı idi.

Prezidentin telejurnalistlərlə söhbətində verdiyi mesajlar bu qənaətə gəlməyə əsas verir: Ermənistanla danışıqlar praktiki olaraq dayanıb, heç bir danışıqlar getmir, heç bir nizamlama planı müzakirə olunmur və bütün bunların tək günahkarı var-Yerevanda erməni xalqının məhz Qarabağdan, münaqişənin həll edilməməsindən qaynaqlanan problemlərindən istifadə edərək hakimiyyətə gələn avantürist Nikol Paşinyan!

İlham Əliyev bəyan etdi ki, Ermənistanın indiki rəhbəri danışıqlar prosesini pozub. Hansı ki, o hakimiyyətə gələndə münaqişənin danışıqlar yolu ilə həllinə dair ciddi addımlar atacağını vəd etmişdi, o cümlədən Azərbaycan prezidenti ilə 2018-ci ildə Düşənbədə, MBD sammitində baş tutmuş ilk qeyri-rəsmi görüşündə bu haqda danışmışdı.

Bu həmin vaxtlar idi ki, Paşinyan və onun Soros məktəbindən məzun olan komandası hələ hakimiyyətdə yerlərini möhkəmləndirməmişdi. Əvvəlki hakimiyyət-on illər ərzində Ermənistanda hakimiyyəti qəsb etmiş Qarabağ klanının nümayəndələri, keçmiş səhra komandirləri Paşinyanı didmək üçün fürsət gözləyirdi. Əlbətə, bunun üçün ən yaxşı fürsət Paşinyanın Qarabağ məsələsində hansısa səhvlər buraxması, yaxud kompromis mövqeyindən çıxış etməsi ola bilərdi.

Bu baxımdan İlham Əliyevin də ilk dəfə bəyan etdiyi kimi, Azərbaycan keçmiş qəzet redaktoruna şans yaratdı-Ermənistanda daxili siyasi gərginlikdən istifadə edərək Qarabağda hücuma keçmədi və daha sonra Düşənbə razılaşmasına uyğun olaraq təmas xəttində misli görünməmiş sakitliyin təmin olunmasını dəstəklədi.

Azərbaycanın yaxın tarixinə bələd olanlara yaxşı məlumdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları məhz Bakıda hökm sürən siyasi qeyri-stabilliyi fürsət bilərək işğal edib. Ona görə də sual yarana bilərdi-2018-ci ildə Yerevanda Serj Sərkisyanın hakimiyyəti laxlayanda və Paşinyanın başçılığı ilə “məxməri inqilab” başlayanda Azərbaycan öz torpaqlarını geri almaq üçün müharibəyə başlamaq fürsətindən istifadə etməməklə düzmü etmişdi? Axı düşmən 90-cı illərin əvvəllərində heç vaxt əlinə düşən belə fürsətləri boş buraxmamışdı?

Bu sualın birmənalı cavabı belədir ki, Bakı Yerevanda baş verən həmin siyasi proseslərdən fürsət kimi istifadə etməməklə rasional davranmışdı. Axı 20 il ərzində Ermənistanda hakimiyyətdə olan Köçəryan və Sərkisyan rejimləri ilə münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar heç bir nəticə verməmişdi. Və məntiqlə xalqın hakimiyyətə gətirdiyi Paşinyana şans yaratmaq ən optimal variant idi. Əks halda müxalifət Qarabağ kartından istifadə etməklə onu sürətlə hakimiyyətdən uzaqlaşdırardı.

Digər tərəfdən Paşinyan hakimiyyətə gələn kimi həm publik şəkildə, həm İlham Əliyevin ilk dəfə açıqladığı kimi, qeyri-rəsmi kanallarla Bakıya məsələnin dinc yolla həllinə dair mesajlar göndərirdi. Hətta ABŞ prezidentinin o zamankı milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana 2018-ci ilin payızında baş tutmuş səfəri zamanı bəyan etmişdi ki, qarşıdakı növbədənkənar seçkilərdə Paşinyan qalib gəlsə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çox mühüm hadisələr baş verə bilər. (Bolton bir neçə ay əvvəl müsahibələrindən birində Paşinyan və onun demokratik yolla seçilmiş hökuməti ilə bağlı necə yanıldığını təəsüflə danışmışdı).

Amma Paşinyan Qarabağ məsələsində sürətlə avantüraya meylləndi, hətta o dərəcədə ki, “Roma Papasından çox katoliklik” elədi-ondan əvvəl hakimiyyətdə olan və Azərbaycan ərazilərinin işğalına bilavasitə başçılıq etmiş Sərkisyandan, Köçəryandan daha radikal çıxışlar etməyə başladı. Məsələn, o, Xankəndinə gəlib bəyan etdi - “Qarabağ-Ermənistandır, nöqtə”.

Əlbətdə, Qarabağ kartı Ermənistanda həmişə hakimiyyətə gəlmək və onu qoruyub saxlamaq üçün istifadə edilib. O cümlədən Paşinyan özü birbaşa Qarabağ şüarları ilə küçələrə çıxmasa da keçmiş qəzetçini hakimiyyətə gətirən səbəblər birbaşa Qarabağla əlaqəli idi-işsizlik, yoxsulluq, kütləvi miqrasiya, iqtisadi səfaələt, korrupsiya və digərləri.

Paşinyan bu problemləri həll etmək, Ermənistan iqtisadi möcüzəsi yaratmaq vədləri verərək hakimiyyətə gəldi, amma çox tezliklə dərk elədi ki, Qarabağ problemi həll olunmadan heç bir iqtisadi möcüzədən söhbət gedə bilməz. Ona görə də hakimiyyəti qoruyub saxlamağın ən yaxşı, sınaqdan keçmiş yoluna əl atdı- Qarabağ kartından istifadə. Lakin bu kartı Paşinyandan əvvəlkilər gen-bol tətbiq etdikləri üçün o, daha primitiv, daha avantürist yola əl atdı-sələflərindən də qabağa gedib Qarabağı Ermənistan elan etdi!

Azərbaycan prezidentinin Paşinyanın bu avantürist, qızışdırıcı və danışıqlar prosesinə heç vaxt olmadığı qədər zərbə vuran çıxışına Valdayda verdiyi tutarlı reaksiya məlumdur. İlham Əliyevdən əvvəl isə Paşinyanı bu təhlükəli, avantürist çıxışına görə Ermənistanda küncə sıxışdırdılar. Onun Qarabağa dair mövqeyini təhlükəli və Ermənistanı uçuruma apara biləcək mövqe adlandırdılar. Əslində tənqidçiləri həm də onu bildirdilər ki, Paşinyanın Qarabağa dair mövqeyi ümumiyyətlə, aydın deyil, formalaşmayıb və tez-tez dəyişir. O, gah Qarabağın adından danışmaq mandatının olmadığını deyir və Bakını Xankəndindəki oyuncaq rejimlə birbaşa masa arxasına keçməyə çağırır, gah da Qarabağı Ermənistanın tərkib hissəsi elan edir.

İndi Azərbaycan prezidenti bəyan edir ki, Paşinyanın həmin avantürist bəyanatı danışıqları tam mənasızlaşdırdı. Axı erməni baş nazirin iddia etdiyi kimi, “Qarabağ Ermənistandırsa” o zaman danışıqlarda daha nəyi müzakirə etmək olar ki?

Paşinyanın Qarabağa dair avantüraları bununla da bitmədi. O, gah Şuşada yeyib-içmək məclisi qurub yallı getdi və azərbaycanlıların milli qürurunu nümayişkarənə şəkildə tapdaladı, gah heç bir ərazi güzəştindən söhbət gedə bilməyəcəyini deyib hətta Arazboyu ərazilərdə məskunlaşdırma planlarını açıqladı. İşğal edilmiş ərazilərə üçüncü yolun çəkilişini elan etdi. Başqa təxribatçı əməlləri də sadalamaq olar, amma nəticə dəyişməyəcək-Ermənistan və onun indiki rəhbərliyi son iki ildə danışıqlar prosesini pozmaq üçün bütün mümkün olanı etdi.

Nəticədə indi Azərbaycan prezidenti bəyan edir ki, Bakı imitasiya xarakterli heç bir danışıqlara qoşulmayacaq. Çünki Ermənistan rəhbərliyi danışıqları pozub, sülh prosesi dayanıb və bunun bütün məsuliyyəti, danışıqların pozulmasının nəticəsi olaraq baş verə biləcək bütün hadisələrin günahı Yerevanın üzərindədir. Çünki bu müddət ərzində Azərbaycan tərəfi mümkün qədər konstruktiv davranıb, danışıqlar prosesini pozacaq heç bir addım atmayıb, hətta bəzən Yerevandan səslənən avantürist bəyanatları cavabsız buraxıb, yaxud sərt ritorikaya keçməyib. Və təmas xəttində son aylara qədər 1994-cü ildən bu yana misli görünməmiş sakitliyin təmin edilməsi üçün əlindən gələni edib.

Əvəzində nə baş verib? Ermənistan bu ilin iyul ayında Azərbaycanla sərhəddə təhlükəli eskalasiya başladıb, mövqelərimizə və dinc əhaliyə qarşı təcavüz həyata keçirib. Ardınca Livan ermənilərinin Qarabağa köçürülməsini başladıb, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmaya dair yeni planlarını elan edib.

İlham Əliyev Ermənistanın iyul təcavüzünün arxasında dayanan siyasi maraqları sadlayıb: məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Prezident bildirir ki, Ermənistanın iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi idi.

Təsadüfi deyil ki, heç bir hərbi nailiyyət əldə edilmədiyi, əksinə, erməni ordusunun sarsıdıcı cavab zərbələri alıb geri oturdulduğu halda Paşinyan özü və adamları iyul döyüşlərini “qələbə” kimi təbliğ edir.

Azərbaycan prezidenti isə sual edir: nədir bu qələbə? Əgər bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi?

Hansı ki, Ermənistan KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi. Amma prezidentin dediyi kimi, iyul təxribatının səbəblərindən biri də məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki Ermənistan yeni böyük müharibəyə hazırlaşır və təmas xəttinə qüvvələr cəmləşdirir.

İlham Əliyev isə bəyan edir ki, əgər Ermənistan yenə hərbi avantüraya əl atmaq istəyirsə Azərbaycan buna hazırdır-düşmən öz çirkin planlarından əl çəkməsə nəticələri onun üçün çox ağır olacaq!

Azərbaycan prezidentinin dünənki çıxışında çox mühüm digər məqam da var-İlham Əliyev bəyan edir ki, Azərbaycan Ermənistanla dövlət sərhədi boyu hansısa hərbi planlar qurmayıb. Burada vəzifə ancaq sərhədlərin qorunması idi. Lakin bir halda ki, Ermənistan hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn normalarını açıq-aşkar tapdalayır və “yeni ərazilər tutmaq” niyyətləri haqda danışır, o zaman Azərbaycan niyə beynəlxalq hüquq normaları ilə öz əl-qolunu bağlamalıdır? Yəni Ermənistan yeni avantüraya əl atsa o zaman Azərbaycanı hərbi əməliyyatları bu ölkənin ərazisinə keçirməkdən heç bir qüvvə saxlaya bilməyəcək!

Bu, ilk dəfə verilmiş bəyanatdır və düşmən ölkəyə ünvanlanmış sərt, eyni zamanda birmənalı mesajdır. İlham Əliyevin dünənki çıxışı Qarabağ məsələsində yeni hərbi-siyasi reallıqların yarandığını göstərir və Azərbaycanın səbrinin tükəndiyini ortaya qoyur.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

Laçın dəhlizi niyə önəmlidir? – Qarabağın taleyini müəyyənləşdirən nəfəslik

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Ceyhun Bayramov Vaşinqtonda azərbaycanlıların hansı xahişinə əməl etmədi? - Video

Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri - Fotolar

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - Video

Azərbaycana gəbərmək üçün göndərilən muzdlular – Yeni faktlar

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

Ermənilər Fransa ilə İspaniyanı birləşdirən yolu bağladı, polisdən reaksiya olmadı

Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir - Video

loading...

Ən çox oxunanalar