Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İki Lavrenti, iki cəllad, iki seksual manyak – yeznə-qayın generalların yüksəlişi də, “vurulması” da paralel gedib

Onlar yeniyetməlik illərindən dostluq ediblər. Aralarında bir yaş fərq olduğuna görə Lavrenti Beriyaya “Birinci Lavrenti”, Lavrenti Cancqavaya isə “İkinci Lavrenti” deyiblər...

Dostluq münasibətləri sonralar qohumluğa keçib, Lavrenti Cancqava Lavrenti Beriyanın bacısı ilə ailə həyatı qurub. Bu yaxın münasibətlər “İkinci Lavreti”ni SSRİ-də birincilər sırasına çıxarıb, onun çoban statusunu general rütbəsi ilə əvəzləyib.

Lavrenti Cancqava 1900-cu ildə Kutaisidə, Naxunavo kədində yoxsul kəndli ailəsində anadan olub. Uşaqlıqda çobanlıqla məşğul olan Cancqava 1919-cu ildə Tiflisdə gecə məktəbini bitirib. Həmin ərəfədə Lavrenti Beriya ilə daha yaxın dostluq münasibətləri olan Cancqava Beriyanın tövsiyəsi ilə Kommunist Partiyasına üzv olub. Beriya daha sonra onu Gürcüstanda Fövqəladə Komissiyaya (ÇK) işə düzəldib.

Heç bir ali təhsili və savadı olmayan Cancqava Beriyanın hesabına vəzifə pilllələrini sürətlə qalxıb. Mehriban yeznə-qayın münasibətləri sayəsində Cancqava15 il ərzində yuxarı istiqamət almaqla 21 vəzifə dəyişib.

 

Gürcüstanın bir neçə rayon və şəhərində birinci katib vəzifəsində işləyən Lavrenti Cancqava 1938-ci ildə Belarusiyada daxili işlər komissarı (naziri) vəzifəsinə təyin olunub. O, 1951-ci ilə qədər bu vəzifədə ( qurumun adı bir neçə dəfə dəyişdirilib) işləyib.

Belarusiyada “NKVD”-yə başçılıq etdiyi dövrdə, Cancqava respublikada ən təhlükəli şəxslərdən biri sayılıb. Bütün məsələləri öz bildiyi kimi həll edən “İkinci Lavrenti” təkcə bir il ərzində 4467 nəfərin güllələnməsinə hökm verib. Xüsusilə ziyalılara qarşı amansız olan Cancqava bir il ərzində 50224 belarusiyalını sürgünə göndərib.

Lavrenti Cancqava Belarusiyaya təyinat alanda tanınmış arxitektor Vladimir Korola Minskdəki “NKVD”-nin inzibati binasının üzərində qüllə tikdirməyi göstəriş verib. Arxitektor bu göstərişdən imtina etmək istəyəndə, arxitektura qaydalarına zidd olduğunu bildirəndə Cancqava onu güllələməklə hədələyib: “Yoldaş Korol, bu gündən sonra bir şeyi yadında saxla, burada bütün qaydaları mən müəyyənləşdirirəm, Belarusiyada bir qanun işləyir, Cancqava qanunu və bu qanunu pozanlar güllələnməyə məhkum olunurlar...”

“NKVD” binasının üzərində qüllə tikilib, qüllənin yuxarı hissəsində isə Cancqava üçün xüsusi otaq hazırlanıb. O, bu otaqdan adətən aydın görünən stadiondakı oyunları seyr edib. Futbol azarkeşi olan “narkom” oyunlardan sonra xoşuna gəlmədiyi oyunçunu futboldan birdəfəlik kənarlaşdırıb.

Cancqavanın tikinti “layihə”ləri qüllə ilə bitməyib. O, Minsk ətrafında, Stepyanka qəsəbəsində meşənin içərisində öz istirahəti üçün ikimərtəbəli bağ evi tikdirib. Vaxtını daha çox bu bağ evində keçiriən “narkom” bütün məxfi məsələləri də burada həll edib. İkimərtəbəli evin alt hissəsində xüsusi zirzəmi olub ki, Cancqava ona əks gedən şəxslərə bu zirzəmidə şəxsən özü işgəncələr verib, güllələyib.

Sonralar məhkəmə zamanı məlum olub ki, 200-dən artıq qadın bu bağ evində Cancqava tərəfindən cinsi zorakılığa məruz qalıb. Müqavimət göstərən qadınlar isə zirzəmidə güllələnib.

1948-ci il yanvarın 12-də dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels və həyat yoldaşı İosif Stalinin və Lavrenti Beriyanın birbaşa əmri ilə məhz bu bağda qətlə yetirilib. Onlar bağ evində qətlə yetirildikdən sonra yol kənarına atılıblar və hadisə qəza kimi təqdim olunub. Lavrenti Cancqava bu “uğurlu əməliyyat”a görə “Qırmızı Bayraq” ordeni ilə təltif olunub.

1951-ci ilin noyabr ayında general rütbəli Cancqava Moskvaya dəvət olunub və o, SSRİ dövlət təhlükəziliyi nazirinin birinci müavini təyin edilib.

1950-ci illərin əvvəllərində Stalinin böyük kadr dəyişikliyi etməsi gözlənilib. Araşdırmaçıların qənaətinə görə, həmin ərəfədə Beriyanın da səlahiyyətlərinin tam məhdudlaşdırılması planlaşdırılıb.

Bu plana uyğun olaraq 1952-ci ildə Cancqava vəzifəsindən azad edilib və həbs olunub. Onun həbs olunmasında məqsəd onda Beriyanın əleyhinə ifadələr almaq olub. Bəzi versiyalara görə o, “tələb olunan” ifadələri verib və azadlığa buraxılıb.

Sözsüz ki, Cancqavanın “xəyanətindən” Beriya xəbərdar olub və qisas üçün məqam gözləyib. Cancqava isə Kremldən yeni vəzifə alacağına ümid edib. Bir-birini sürətlə əvəzləyən hadisələr Lavrenti Cancqavanın planlarını yarımçıq qoyub. Stalinin ölümündən sonra, 1953-cü ilin aprel ayında Beriyanın göstərişi ilə Cancqava yenidən həbs edilib və Butırka türməsinə salınıb. O, həbsxanadan Mərkəzi Komitəyə ətraflı məktub göndərib, məktubda Beriyanı düşmən adlandırıb və onun Kreml üçün ən təhlükəli bir sima olduğunu qeyd edib. Mərkəzi Komitə Cancqavanın məktubunu cavabsız qoyub və onun haqqında cinayət işi qaldırılıb.

Bu hadisələr ərəfəsində Beriyanın həbs olunması vəziyyyəti daha da mürəkkəbləşdirib. Belə ki, Kreml Beriya komandasının bütün üzvlərini, o cümlədən yeznəsi Lavrenti Cancqavanı da sıradan çıxarmağa qərar verib.

Uzun-uzadı istintaq, məhkəmə iclasları rahat yaşam tərzinə adət etmiş Cancqavanın səhhətində ciddi problemlər yaradıb. Əli minlərlə günahsız insanın qanına bulaşmış sabiq “narkom”un əfv və bağışlanma müraciətləri nəticəsiz qalıb.

Cancqavanın məhkəmə prosesiə də yarımçıq qalıb. O, 12 oktybr 1955-ci ildə, 55 yaşında qəfil ürəktutmadan ölüb.

Məhkəmə Lavrenti Cancqava haqqında qaldırılmış cinayət işini bəraətlə bağlı müraciət qəbul etməmək şərti ilə xətm edib.Beləliklə, yeznə-qayın olan “Birinci Lavrenti” ilə “İkinci Lavrenti”nin eyni yüksəliş yolları eyni vaxtda uçuruma yuvarlanıb.(Musavat.com)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı?

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

"Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir" - Natiq Cəfərli

loading...

Ən çox oxunanalar