Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki dövlət qurumunun statistikası bir-biri ilə uyuşmur- ölkəyə qızıl hansı "yollar"la gətirilir?

DGK sədri Səfər Mehdiyev “gömrük məntəqələrində itən” qızılların taleyi barədə sualları cavabsız qoyub..

Son 5 ildə Azərbaycana qeyri-leqal yolla 800 milyon dollar dəyərində zərgərlik məmulatı gətirilib. Bu iddiaya əsas DGK ilə BMT-nin “Comtrade” məlumat bazasında açıqlanan rəsmi informasiyalardır.


Bir il öncə, dekabrın 27-də mətbuat nümayəndələri ilə görüşdə “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” deyən Dövlət Gömrük Komitəsi DGK sədri Səfər Mehdiyev “gömrük məntəqələrində itən” qızılların taleyi barədə MeydanTV-nin sorğusuna cavab verməyib.

Rəsmi statistikaya görə, 2018-ci ildə zərgərlik məmulatının pərakəndə ticarət şəbəkəsində satış həcmi 356,6 milyon manat (210 milyon dollar), son 4 ildə - 1,2 milyard manat (730 milyon ABŞ dolları) olub. İl ərzində yerli zərgərlərin əlindən çıxan 5 milyon manatlıq zinət əşyaları satılıb. Bunu da Dövlət Statistika Komitəsi açıqlayıb. Gömrük orqanları isə 2018-ci ildə ötən il ölkəyə satış məqsədilə 14,5 milyon dollarlıq, yəni təxminən 25 milyon manat dəyərində zərgərlik məmulatının gətirildiyi barədə hesabat verib. Başqa sözlə, bir il ərzində bazara leqal yolla toplam 30 milyon manatlıq zərgərlik məmulatı daxil olub. O zaman sual yaranır: iki dövlət qurumunun təqdim etdiyi rəqəmlər arasındakı 11,5 dəfəlik fərq necə yaranıb?

Azərbaycan gömrüyündə nəsə qaydasında deyil...

2015-ci ildə manatın devalvasiyasından az sonra gömrük orqanlarının fəaliyyətində şəffaflaşma meylləri müşahidə olunmağa başladı. DGK-da xidmətlərin elektronlaşması məmur-sahibkar təmasını azaltdı. Nəticə özünü çox gözlətmədi: gömrük daxilolmaları, bəyan olunan idxal mallarının gömrük qiyməti və həcmi yüksəldi. Lakin təhlil göstərir ki, hələ də bəzi mal çeşidləri leqallaşmadan kənarda saxlanılır. Parıltısı göz qamaşdıran qızıl və daş-qaş kimi...

DGK-nın malların idxal və ixracına dair illik hesabatlarına görə, 2015-2018-ci illərdə müxtəlif ölkələrdən (Böyük Britaniya, İsveçrə, İtaliya, Fransa, ABŞ və s.) Azərbaycana 31,3 mln. ABŞ dolları dəyərində zərgərlik məmulatı gətirilib. İxracatçı ölkələrın isə son 4 ildə Azərbaycana 655,8 mln. dollar dəyərində qızıl-zinət əşyaları göndərdiyi BMT-nin İqtisadi və Sosial İşlər İdarəsi (UN Comtrade) vasitəsilə açıqlanıb. Fərq 20 dəfə təşkil edir.
DGK-nın malların idxal və ixracına dair illik hesabatları müqaisədə

Bu, gömrük rüsumu (15%), əlavə dəyər vergisi (18%) və aksizlər (əyarından asılı olaraq hər qramı üçün 1,5 manatdan 6 manatadək) şəklində dövlət büdcəsindən potensial olaraq yayındırılan, azı, 100 milyon dollar deməkdir. Göründüyü kimi, Azərbaycan gömrüyündə nəsə qaydasında deyil...

Ayrı-ayrı ölkələrin nümunəsində aparılan təhlil qızıl-zinət əşyalarının qaçaqmal yolu ilə ölkəyə gətirilməsini bariz şəkildə təsdiq edir. Gömrük islahatları aparılan dövrdə (2015-2018-ci illər) BƏƏ-dən Azərbaycana 21,2 milyon dollar dəyərində 481 kq zinət əşyaları göndərildiyi açıqlansa da, Azərbaycan gömrüyündən bunun 54 min dollarlıq hissəsi rəsmi yolla keçirilib. Son 4 ildə Azərbaycana Böyük Britaniya mənşəli 412 milyon dollar dəyərində qızıl-zinət əşyaları yola salınıb. Gömrükçülər Azərbaycan sərhədində bunun 1 milyon 624 min dollarlıq hissəsini vergi və rüsumlara cəlb etməyə “nail olublar”.

2018-ci ildə Britaniyadan Azərbaycana 43,6 milyon dollar, Türkiyədən - 34,3 milyon dollar, İsveçrədən - 6,2 milyon dollar, İtaliyadan – 5,9 miyon dollar, digər ölkələr də daxil olmaqla 102 milyon dollar dəyərində zərgərlik məmulatı göndərilib. Qızıl məmulatı ticarətçiləri təkcə Türkiyədən 1437 kiloqram, İtaliyadan – 75 kq, İsveçrədən -30 kq, Birləşmiş Ərəb Əmirliklərindən – 70 kq qızıl-zinət əşyaları gətiriblər. Bu, ixracatçı ölkələrin təqdim etdikləri məlumatdır. Azərbaycan gömrüyündə bunun vur-tut 11,7 milyon dollar dəyərində 89,8 kiloqramı rəsmiləşdirilib.

Ekspert: rüşvət müqabilində vergiyə cəlb olunmur

Azərbaycana ixrac olunan qızıl və digər zinət əşyaları barədə ziddiyyətli məlumatlar 2019-cu ildə də davam edib. Doqquz ay ərzində Azərbaycan təkcə İsveçrə, Böyük Britaniya, BƏƏ, Türkiyə, İspaniya, İtaliya, İsrail və Belçikadan 50 milyon dollar dəyərində zinət əşyaları satın alıb. Bu ölkələr də daxil olmaqla Azərbaycan bu dövrdə həm də Almaniya, BƏƏ, Honkonq, Fransa, Hindistan, Malayziya və Tailanddan 7,6 milyon dollar dəyərində qızıl məmulatının idxal etdiyini açıqlayıb. Bu hesabla 9 ayda yalnız gömrük rüsumu və ƏDV üzrə potensial olaraq dövlət büdcəsindən 16 milyon dollar (27 milyon manat) yayındırılıb.

“Aydın məsələdir ki, zinət əşyalarının böyük partiyalarla idxalı həm gömrük, həm də xüsusi xidmət orqanlarının nəzarətindən kənarda deyil. O zaman necə ola bilər ki, digər nəzarət qurumlarının, o cümlədən vergi orqanlarının gözləri qarşısında illərdir ki, bu sahədə qeyri-qanuni pullar dövr edir”, deyə müstəqil iqtisadçı Qubad İbadoğlu sual edir. MeydanTV-yə danışan iqtisadçının fikrincə, zərgərlik məmulatının idxalı ilə çoxlu sayda ticarətçilər məşğul olur və ölkəyə gətirilən malın əhəmiyyətli hissəsi rüşvət müqabilində vergiyə cəlb olunmur.


İqtisadçı Qubad İbadoğlu

Gömrük qapılarından keçən qızıl məmulatının aşağı miqdarda əks olunması təkcə idxal göstəricilərində özünü göstərmir. UN Comtrade-in məlumatlarına görə, xarici bazarlara heç də az həcmdə Azərbaycan malı olan zinət əşyaları çıxarılmır. İsveçrə, İtaliya, Fransa, Böyük Britaniya, BƏƏ, Türkiyə, ABŞ və Gürcüstan 2015-2018-ci illərdə Azərbaycandan aldıqları qızıl məmulatını 51,6 milyon dollar dəyərində qiymətləndiriblər. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda leqal yolla istehsal olunan zərgərlik məmulatının illik dəyəri 5 milyon manatı (2,9 milyon ABŞ dolları) keçmir. DGK-nın məlumatlarına görə isə, son dörd ildə Azərbaycan gömrüyünə bəyan edilməklə ölkədən çıxarılan zinət əşyalarının toplam dəyəri 1 milyon dollara çatmır. Bu rəqəmlərdə ifadə olunan kəskin fərq dolayısıyla zərgərlik sənayesində kölgə iqtisadiyyatının kök saldığını təsdiq edən dəlillərdəndir.

“Yaxın vaxtlarda hər şey dəyişəcək”

Mərkəzi Univermaqda zərgərlik məmulatı dükanlarından birinin adının çəkilməsini istəməyən sahibi MeydanTV-yə qızıl-zinət əşyalarının Azərbaycana daxil olması sxemini açıqlayıb:

“Bu, elə bir biznes sahəsidir ki, hər manat nəzarət altındadır. Piştaxtada gördüyünüz malları çeşidlər üzrə Türkiyədəki şirkətə sifariş verir, pulunu bank hesabına köçürüb alırıq. Həmin şirkətin nümayəndəsi Bakı aeroportunda oturur. Malı təyyarə ilə gətirib gömrükdə bizə təhvil verir. Mala cavabdeh də odur. Biz nə satırıqsa, onun vergisini veririk”. Sahibkar gömrük rəsmiləşdirilməsindəki problemlərdən “yuxarıların” da xəbərinin olduğunu deyir: “Malın üstünə 36 faiz ƏDV və rüsum gələndən sonra əlbəttə ki, o qiymətə alıcı tapmaq çətinləşəcək. Odur ki, hərə bir yol axtarıb tapır. Yaxın vaxtlarda isə hər şey dəyişəcək. Rüsumlar aşağı salınacaq. Leqallaşdırmaya nail olmaqdan ötrü başqa yol yoxdur”.

Elə zərgərlik məmulatının istehsalı sahəsi də dəyişikliklərin astanasındadır. 2019-cu ilin yanvarında “AR-də bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilib. Nəticədə qızıla əyarın qoyulması başlı-başına qalıb. Bakıda kiçik sexlərdən birində zərgərlik edən Eldar Məmmədzadə deyir ki, artıq neçə aydır İqtisadiyyat Nazirliyi və “AzerGold” ASC bu sahədə olan problemləri araşdırmaqla məşğuldur:

“Zərgərlərlə bir neçə görüş olub. Müzakirələrdən belə başa düşürəm ki, Türkiyədəki özünütənzimləmə sistemini burada tətbiq etmək nəzərdə tutulur. Zərgərlərin ictimai birliyi təsis olunacaq. Sağlam rəqabət mühitinin yaradılması, bazara nəzarətin həyata keçirilməsi ilə o məşğul olacaq. Üstəlik, zərgərlik sənətini stimullaşdırmaq üçün vergi güzəştləri haqda söhbət də gəzir”.

İdxal olunan, dəyəri yüz milyonlarla dollar dəyərində zərgərlik məmulatının Azərbaycana hansı kanallarla daxil olması haqda sualları Dövlət Gömrük Komitəsində və Vergilər Nazirliyində cavabsız qoyublar. (afn.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar