Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitler yolu gedən Trampın cilovlanması

Ötən ilin noyabr ayının əvvəlindən (əslində 2017-ci ilin vaxtlarından ) bu günə qədər ABŞ-da baş verənləri ümumiləşdirərək, “Amerika tarixinin qara səhifəsi”, “ABŞ demokratiyasının ləkəsi”, “Yeni Amerika faciəsi”, “Bir dəfə seçki zamanı Amerikada”, “Avantüra dolu Amerka” kimi, uzun illərdən bəri qulaqlara tanış olan trivial ifadələr səsləndirmək, uyğun başlıqlar qoyub yazılar yazmaq olar.

Zatən bunu edənlər çoxdur. Dünyanın üçdə ikisini tutan qeyri-azad və ya qismən azad ölkələrdə ABŞ demokratiyasını qılınclamaq, bu hegemon dövləti yerdən-yerə vurmaq dəb olub. ABŞ-la düşmən olan müstəbid ölkələrin siyasiləri və təbliğatçıları lap qabağa gediblər, rişxənd edir, ABŞ-ı ələ salırlar – özlərindəki vəziyyət gül açbmış sanki.

Söz yox, ABŞ-ın seçki sistemində qüsurlar var. Bu, 231 il öncə mövcud olan durum üçün bəlkə də ən optimal seçki üsulu olub, amma artıq köhnəlib – 2016-cı və 2020-ci illərdə keçirilən prezident seçkiləri bu acı gerçəkliyi çılpaqlığı ilə büruzə çıxardı. Ancaq bu o demək deyil ki, ABŞ senatorları, konqresmenləri elə bu il uyğun qanunvericilikdə dəyişiklik edib qüsurları aradan qaldıracaqlar. Yox. ABŞ-da yazılı qanunlar məsələsində çox mühafizəkardırlar, hələm-hələm hansısa qanunu dəyişmir, ölkə konstitusiyasına düzəliş etmirlər. Qəbul edilib, vəssalam.

Elə bu üzdəndir ki, az qala 60-70 il əvvəl Floridada qəbul olunmuş, subay qadınların bazar günləri paraşutla tullanmasını yasaqlayan qanun hələ də qüvvədədir. O biri ştatlarda da yüzlərlə bu sayaq qüvvədə olan səfeh (məsələn, Kaliforniyada müttəhimlər kürsüsündə ağlamağın qadağan olunmasl) qanunlar var.

ABŞ öz xarici siyasətində imperialist siyasət yeridən, dünya hegemonluğuna can atan və onun ən yaxınında olan dövlətdir – bu, ayrı. ABŞ dünyaya demokratiya dərsi keçən, amma özündə insanların irqi, milli, cinsi ayrı-seçkiliyə ən çox məruz qaldığı ölkələrdən biridir – bu da ayrı. Hətta amerikalı siyasətçilərin, diplomatların, generalların başqa ölkədən olan həmkarlarına qorşu görünməmiş təkəbbür sərgilədiklərini də qınaq dəftərinə yazmaq olar.

Ancaq ABŞ qanunların işlədiyi, qarışıq nəzarət mexanizmlərinin olduğu ölkədir. Burada dövlətin insanlara, insanların dövlətə, medianın hamıya nəzarət etməsi heç kəsin silsilə özbaşınalıqlar etməsinə, uzun müddət cəzasız qalmasına imkan vermir.
Yanvarın 6-da Vaşinqtonda, Kapitoli təpəsəində baş verənlər, prezident Trampın tərəfdarlarının Konqres binasını işğal və qismən tarmar etməsi biabırçıq idi, şəkk-şübhəsiz. Hamı düz bir həftə bundan danışdı, yazdı. Amma ortada bir 7 yanvar vaqiəsi də olmuşdu.

Məhz yanvarın 7-də baş verənlər fenomenal hadisələr idi. Həmin gün ABŞ-ın dinc demokratik institutları hərəkətə gəldi: ölkənin ən nüfuzlu nəşrləri, media qurumları Trampın impiçmentini tələb etdilər; respublikaçı konqresmenlər, senatorlar belə prezidentə kəskin etiraz bildirdilər; iqtidar komandasının üzvləri istefa verdilər və ya bu fikirdə olduqlarını bildirdilər; dövlətin bel sütunu olan hüquq-mühafizə orqanları yalnız qanunlar əsasında, öz təlimatlarına uyğun fəaliyyət göstərdilər, şifahi əmrlərə qulaq asmayacaqlarını göstərdilər, sosial şəbəkə platformaları ölkənin birinci şəxsinin hesablarını dondurdu və s.

Beləcə, bütün hakimiyyət rıçaqlarını itirən, adicə tvit yaza bilməyən Tramp təkləndi, inzibati resurslardan yararlana bilmədi, gücsüz olduğunu anladı və yanvarın 20-də hakimiyyəti yeni seçilmiş prezidentə, Cozef Baydenə təhvil verəcəyini açıqladı.
Bu, Trampın dövlət çevrilişi etmək cəhdiydi, uğurlu alınmadı. Trampa gücsüz olduğunu bir neçə saatın içində başa salan isə Amerika demokratiyası, Corc Vaşinqton, Tomas Cefferson kimi “təsisçi atalar”ın qoyub getdiyi siyasi miras idi.
Dünyanın 200 ölkəsinin 15-16-sı istisna olunmaqla istənilən birində Tramp bu niyyətini həyata keçirə, prezident kürsüsünü əlindən verməyə bilərdi.

Əslində o, çox güclü, iradəli, sırtıq, komplekssiz adamdır, hüdudsuz ambisiyaya malikdir, belə adamları cilovlamaq, qanunların çərçivəsinə salıb əl-qolunu bağlamaq çox çətindir. Hələ hakimiyyətə gəldiyi ilk günlərdə Trampın çərçivələrə sığmayacağı bəlli olmuşdu. Ancaq bir ara ölkənin ali məhkəməsi, daha sonra prokurorluq orqanları, bəzən isə Konqres, çox zaman isə media ona demokratik ölkənin prezidenti olduğunu, şərq despotu olmadığını anlatmağa çalışdılar. Tramp əlinin üstündə əl olmasını istəmir, mütləq hakimiyyət tələb edirdi. Bunu sonadək ona verən olmadı.

Trampın hərəkətləri isə ölkə tarixinə gerçəkdən də qara ləkə kimi düşdü, ABŞ-ın beynəlxalq nüfuzuna sarsıdıcı zərbə oldu. Bu dövlətin yetkililəri indən belə demokratiya və azad seçkilərdən qısıq səslə danışmalı olacaqlar, çünki Trampın üzündən baş töhməti qazanıblar. Onlara “hələ siz özünüzdəki vəziyyətə baxın, sonra başqalarını təftiş edərsiniz” deyəcəklər.
Ancaq hamı bilməlidir ki, məhz ABŞ demokratiyası Hitler yolu getmək istəyən bir güclü liderin qarşısını vaxtında aldı, onu dünyaya böyük ziyanlar vurmadan zərərsizləşdirə bildi.

Ona görə də “6 yanvar rüsvayçılığı”ndan çox, “7 yanvar dirənişi” haqda danışmaqda fayda var. Bu ölkədəki müstəbidi cilovlamaq mexanizmi dünya başqa ölkələri üçün örnək ola bilər.(musavat.com)

pia.az 


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar