Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin sabiq mühafizəçisi "köhnələr"ə meydan oxudu

"İlham Əliyevə qarşı çıxan önündə bizi görəcək"..

Milli Məclisin deputatı Fəzail Ağamalının Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin sabiq Səhiyyə naziri Əli İnsanovla birləşərək, ölkə prezidenti İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya qarşı ittifaq bağladıqları haqda fikirləri cəmiyyətdə sensasiya yaratmaqla yanaşı, sadiq Əliyevçiləri də hərəkətə gətirib.

Onlardan biri – vaxtilə Heydər Əliyevin şəxsi mühafizəsində yer alan, daha sonra Naxçıvan MR-in Türkiyə ilə sərhəddəki Sədərək Gömrük Keçid-Məntəqəsinin müdiri işləyən, əhali arasında “Laba” ləqəbiylə populyar olan Mübariz PƏNAHOV son günlər geniş yayılmış bu söz-söhbətlə bağlı “Strateq.az”-a maraqlı açıqlamalar verib.

Mübariz Pənahovla müsahibəni oxucularımıza təqdim edirik:

- Mübariz müəllim, deputat Fəzail Ağamalı Ramiz Mehdiyevi vəzifədən çıxarılan məmurları öz ətrafına yığaraq, Prezidentin islahat siyasətini sabotaj etməkdə suçlayıb. Bu fikirlərlə tanışsınızmı? Ümumiyyətlə, Ramiz Mehdiyevin Prezident İlham Əliyevə qarşı çıxa biləcəyi fikrini nə qədər əsaslı saymaq olar?

- Nəinki Fəzail Ağamalının, o cümlədən Eldar Namazovun, Maksim Musayevin, Xeyrəddin Qocanın, hətta Sərdar Cəlaloğlunun da Ramiz Mehdiyevlə bağlı fikirlərini oxumuşam. Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt dövlət içərisindəki gücü, məmur korpusu üzərində hədsiz geniş təsir imkanlarına sahib olması, xaricdəki əlaqələri və aparılan islahatlara mane olmaq istəyi haqda söylənilənlərdə həqiqət payı çoxdur.

Prezident onu vəzifədən çıxaranda, ölkənin ən ali dövlət təltifi ilə - "Heydər Əliyev" ordeni ilə də mükafatlandırmış, hörmət-izzətlə yola salmışdı. Ancaq o, 82 yaşında evində oturmaq, nəvələriylə oynamaq əvəzinə, gedib təzədən Elmlər Akademiyasının prezidenti postunda əyləşdi... Elə bunun özü çox şey deyir.

Ancaq Administrasiyadan uzaqlaşdırılandan sonra onun dövlət aparatı üzərində əvvəlki qüdrətini xeyli itirdiyi qənaətindəyəm. Adamları ona ideya, mənəvi yaxınlıq, yaxud hansısa siyasi perspektiv bağlamayıb ki, indi onlar Ramiz Mehdiyevin dediyi ilə hərəkət etsinlər. Məgər, Ramiz Mehdiyev Heydər Əliyev olub ki, hamı onun nüfuzu qarşısında baş əysin, bir sözünü iki eləməsin? Necə işləyib, hamımız bilirik. Bu cür işləyən adamı isə hakimiyyətin içində heç vaxt sevməz və heç vaxt da beləsinin ətrafında birləşməzlər.

- Söhbət Ramiz Mehdiyevin öz ətrafında birləşməkdən yox, onun da dəstəyi ilə, belə demək mümkün olarsa, köhnə “Heydər Əliyevçi qvardiya”nın ciddi siyasi iddiası olan başqa bir sabiq məmur - Əli İnsanovun ətrafında cəmləşmək ehtimalından gedir...

- “Köhnə qvardiya” bizik – sadiq Heydər Əliyevçilər. Biz də bu gün Heydər Əliyevin həm siyasi varisi, həm də bir lider, rəhbər kimi bizə əmanət edib getdiyi oğlu İlham Əliyevin və onun ailəsinin yanındayıq, bu ailənin ətrafında da sıx birləşmişik. Bizi bu ailəyə hansısa vəzifə bağaları yox, qırılmaz mənəvi tellər bağlayır. Bu ailənin düşmənləri bizim düşmənlərimiz, dostları da bizim dostlarımızdır.

Heç kim unutmasın ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin parça-parça olmaması və 1993-cü ildən bugünədək sabit təməllər, sağlam bünövrələr üzərində inkişafı məhz Əliyevlər ailəsinin – ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adıyla bağlıdır. 1992-93-cü illərdə, 1994 və 1995-ci illərdə silahlanıb Heydər Əliyevin üzərinə gələnlər o vaxt qarşısında bizi gördükləri kimi, bu gün də Prezident İlham Əliyevin və ailəsinin üzərinə gəlmək istəyənlər qarşılarında öncə bizi görəcəklər, əmin olsunlar!

Siz jurnalistlərdən də xahişim odur ki, onlara etibar edilən dövlət vəzifəsinə xəyanət etdiklərinə görə elə Əliyevlərin özləri tərəfindən vəzifəsindən uzaqlaşdırılanları “Heydər Əliyevçi” adlandırmayasınız. Heydər Əliyevə və onun əmanətlərinə xəyanət edənlər, o cümlədən də Əli İnsanov heç vaxt həqiqi Əliyevçi olmayıblar, onların saxta Əliyevçiliyi vəzifələrindən uzaqlaşdırılanadək idi və bunu da hamımız gördük.

Səmimi Əliyevçi Heydər Əliyevin oğluna - əmanətinə xəyanət etməzdi! Ancaq ümumilli lider dünyasını dəyişəndən az sonra çoxları, o cümlədən də başda Əli İnsanov olmaqla bəziləri mərhum Heydər Əliyevin yoxluğunu fürsət bilib, boylarından böyük iddialara düşdülər - İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa qalxdılar və buna görə də cəzalandırıldılar. Unutdular ki, onların çoxunu adam, mövqe-vəzifə sahibi edib ortaya çıxaran elə Heydər Əliyev olub... İndi özündən qəhrəman, xilaskar düzəltsə də, hamımız bilirik ki, Əli İnsanov niyə həbs olunmuşdu və bu gün azadlıqdadırsa, buna görə yenə də İlham Əliyevin humanizminə borclu olmalıdır. Başqası olsaydı, onu bağışlamazdı. Yox, bunu anlamayıb yenə də artıq iddiaya düşəcəksə, İlham Əliyevin yolunun üstündə maneə olmağa çalışacaqsa, biz Əliyevçilər onu süpürüb o yolun üstündən birdəfəlik kənara atacağıq...

- Əli İnsanov konkret iddia qoyub artıq ortaya: ölkədə prezident seçkisi ehtimalı olmasa da, Prezident İlham Əliyevin hakimiyyəti Birinci vitse-prezident olan xanımı Mehriban Əliyevaya ötürə biləcəyindən danışıb və qətiyyətlə buna qarşı çıxacağını elan edib. Eynilə, Ramiz Mehdiyev də son yazılarının birində Pezident İlham Əliyevin yeganə birləşdirici fiqur olması faktını önə çəkməklə, dolayısıyla Mehriban Əliyevanın liderliyinə qarşı olduğuna eyham vurmuş olub... Yəni, belə demək mümkünsə, xanım Mehriban Əliyevaya qarşı mövqe ortaqlığı, Sizcə, İnsanov-Mehdiyev ittifaqını yaxın gələcəkdə real siyasi birliyə çevirə bilərmi? Və bu birlik bütün “köhnələri” müxalifətlə birgə “yenilər”ə qarşı səfərbər etmək gücündəmi?

- Mehriban xanıma qarşı çıxmaq elə Prezident İlham Əliyevə qarşı çıxmaq deməkdir. Nə oldu, Mehriban xanım Əli İnsanov üçün bu gün ayaqlarına gedib masalarının arxasında oturduğu adamlardan daha təhlükəlimi oldu?! Dünənə qədər Əli İnsanov deyildimi həmin adamları dövlətin, Heydər Əliyevin düşmənidir deyə, söyüb təhqir edən, öldürməklə hədələyən?! İndi nə olub ki, dünən söydüyü ağızdan gedib öpməyə başlayıb?! Cəmiyyət bu riyakarlığı görmürmü?!

Bilirsiniz, nə qədər ki, Azərbaycan siyasətində belə prinsipsiz, öz maraqları naminə istənilən an mövqeyini, əqidəsini dəyişən, bu gün dost dediyinə arxa çevirib onun düşməniylə gedib rahatca ittifaq bağlayan adamlar öndə olacaq, meydan sulayacaq, müxalifətdə gətirib başa çıxarılacaq, cəmiyyət də heç vaxt onlara dəstək verməyəcək.

Əksinə, bu gün biz onu görürük ki, Prezident İlham Əliyevin Mehriban xanımla birgə başladığı islahat siyasətinə cəmiyyət necə böyük ümid bəsləyir və dəstək verir. Bu siyasət uğur qazandıqca, hakimiyyət mənfi imicli, xalqda nifrət yaratmış məmurlardan təmizləndikcə, Prezidentə və Mehriban xanıma sevgi daha da artacaq, xalq onların ətrafında daha da sıx birləşəcək.

Əslində, elə bu gün 74 yaşlı Əli İnsanovu, 82 yaşlı Ramiz Mehdiyevi, eləcə də digər vəzifəsindən uzaqlaşdırılanları narahat edən də məhz bu amildir – onlar artıq “zamanlarının dolduğunu”, yeni dövrdə onlara yer olmadığını və hakimiyyətdə olduqları illərdəki fəaliyyətlərinə görə də ancaq və ancaq mənfi xarakterisitika ilə yaddaşlarda xatırlanacaqlarını çox yaxşı anlayırlar. Ona görə də, dediyim kimi, hər ikisi bu yaşlarında sakitcə kənara çəkilmək əvəzinə, iddialarından əl götürmək istəmirlər.

Bir də bu, köhnədən qalma bir ənənədir – vəzifədən çıxarılan adam heç vaxt istəmir ki, yerinə gələn uğur qazansın. Əksinə, çalışır ki, gələn adam hörmətdən düşsün və camaaat da desin ki, bax, əvvəlki daha yaxşı idi...

Təəssüf ki, Ulu Öndərin hesabına vəzifə başına gələnlərin bəziləri uzun illər tutduqları postlarda hökmran olduqlarından, onlarda elə bir yanlış fikir formalaşıb ki, guya, onlar olmasa, ölkə batacaq, hamı bunlara yalvaracaq.

Mən də sizə deyirəm ki, bundan, xüsusən də yeni dövrlə ayaqlaşa bilməyən və cəmiyyətdə hörmətdən düşmüş bu yaşlı məmurlardan xilas olduqca, hakimiyyət daha rahat nəfəs alacaq. O “köhnələr” dediyinizin hər hansı ittifaqı isə özlərinə qazdıqları quyu olacaq...

- Ancaq cəmiyyətdə belə fikirlər var ki, “könələr” müxalifətlə yaxınlaşarsa, bu, payızda hakimiyyətə qarşı ciddi problemlər yarada bilər...

- Cəmiyyət heç vaxt belə adamlara dəstək verməz. Onlar uzun illər əyləşdikləri vəzifələrdə necə işləyiblər, xalqın gözü qabağında olub. Mən camaat içərisindəyəm və Prezidentin bu “köhnələri” təmizləmə siyasətinin də sadə xalq tərəfindən necə böyük rəğbətlə qarşılandığını, necə dəstək qazandığını çox yaxşı görürəm. Hamı başa düşür ki, indiyədək ölkənin bir çox problemlərinin müəllifi onlar olublar.

Baxın, Ramiz Mehdiyev Administrasiya rəhbəri postundan uzaqlaşdırılandan sonra bir neçə icra hakimiyyətində keçirilən əməliyyatlar tam sübuta yetirdi ki, onun birbaşa tabeçiliyindəkilər xalqla necə “işləyib”. İcra başçılarının o rüsvayçı görüntülərindən sonra mənim əlavə yeni nəsə deməyimə ehtiyac qalırmı?!

Yaxud götürün Ramil Usubovdan sonra polisdə olan dəyişklikləri... İndi bəziləri məqsədli şəkildə düşüblər polisin üstünə, ancaq görün, Vilayət Eyvazov nazir təyin ediləndən bəri, polisdə nə qədər müsbətə doğru dəyişikliklər olub? Polis sərt, ancaq intizamlı olmalıdır, bir balaca boşluq, zəiflik olsa, inanın, hərə bir tərəfdən bu dövləti söküb-dağıtmağa çalışacaq. Mən Eyvazovu bir idmançı kimi çox yaxından tanıyıram, bilirəm ki, əvvəlki nazirlərdən fərqli olaraq, o, çox qətiyyətli, ölümünə gedən adamdır. Güc strukturlarına da məhz belə adamlar rəhbərlik etməlidir. Yoxsa elə nazirləri, prokurorlar vardı ki, dövlətə qarşı bir balaca təhlükə yarananda, qaçıb stolun altında gizlənirdilər...

Yaxud elə uzun illər vəzifədə olan o iki adaşları - Əli Həsənovları götürün: neçə il biri mətbuata, o biri qaçqınlarla işə cavabdeh idi. O gün oxuyuram ki, bir Əli Həsənovun adı prezidentin jurnalistlərə tikdirdiyi mənzillərin satılmasında hallanır, o biri Əli Həsənovun da adı qaçqınlara paylanmalı olan mənzillərin satılmasında...

İndi, sizcə, belə adamlara xalq dəstək verərmi?! Əlbəttə, yox. Əksinə, xalq görəndə ki, Prezident bu cür məmurları çıxarır, cəzalandırır və onları yeni gənc kadrlarla əvəzləyir, təbii, Prezidentin bu siyasəti də xalq tərəfindən dəstəklənəcək.

Təəssüf ki, bu pandemiya ortaya düşdü. Yoxsa biz iqtisadi sektorda da nə kimi uğurların olduğunu daha aydın müşahidə edəcəkdik. Ancaq yenə şükür ki, belə bir ağır böhrana baxmayaraq, ölkə hələ də iqtisadi baxımdan sabitliyini qoruyub saxlayır. İnşallah, bu bəla da ötüb keçəndən sonra, mən əminəm ki, biz aparılan islahatların daha yaxşı nəticələrini görəcəyik.

Xalqımızın da əsas istəyi budur -  ölkədə sabitlik və rifah, təhlükəsizlik olsun, bir də torpqlarımız tez bir zamanda işğaldan azad edilsin. Əminəm ki, başlanan bu islahatlar, gec-tez, bizə Qarabağda da qələbələr qazandıracaq.

Mübariz müəllim, Ramiz Mehdiyevlə eyni rayondan – Şərurdansınız və mən bilirəm ki, Şərur camaatı arasında böyük nüfuzunuz var. Maraqlıdır, Ramiz Mehdiyev, Fəzail Ağamalı demişkən, kabinetində dinc oturmasa, lap belə aktiv siyasi fəaliyyətə keçsə, biznes və dövlət strukturunda üstünlük təşkil edən şərurlular onun çağırışına səs verərlərmi?

- Məcbur edirsiniz ki, bəzi şeyləri deyəm... Ramiz Mehdiyev Naxçıvanda, Şərurda doğulsa da, heç vaxt naxçıvanlı, şərurlu ola bilməyib... O yalnız Heydər Əliyev idi ki, o boyda SSRİ Siyasi Büro üzvlüyünədək yüksəldi, ancaq yenə də Naxçıvanı və naxçıvanlıları unutmadı, onların əlindən tutdu, irəli çəkdi, danışığında, məişətində naxçıvanlılığını itirmədi, daim onu qoruyub saxladı. Buna görə də Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılanda və təzyiqlərə məruz qalanda, naxçıvanlılar hamılıqla, bir nəfər kimi, onun müdafiəsinə qalxdılar, özlərini onun əsgərləri, fədailəri bildilər. Elə Ramiz Mehdiyev, Əli Həsənov və digər onun kimi bəzi naxçıvanlılarımız da Heydər Əliyevin bu yurd, el-oba sevgisinə sığınaraq, onun kölgəsində özlərinə yer edib, vəzifə tutdular, həyat qurdular, ancaq həmişə də Naxçıvanı yox, öz ailələrini, uşaqlarını, karyera və sərvətlərini düşündülər... İndi yaxşı, vəzifədə olduğu müddətcə özündən və ailəsindən başqa heç kimi düşünməyən bu adamları sadə naxçıvanlılar, o cümlədən şərurlular niyə düşünməli, niyə onların çağırışına səs verməlidirlər?! Nə ediblər ki, onlara?!

Əksinə, mən düşünürəm ki, hansı naxçıvanlı məmur İlham Əliyevə qarşı baş qaldırarsa, onu elə birinci naxçıvanlılar özləri daş-qalaq edəcəklər. Kimdir Ramiz Mehdiyevə dəstək verən?

Yeri gəlmişkən, baxmayraq ki, eyni rayondanıq, ancaq mənim uzun illər işsiz qalmağımın əsas baiskarlarından biri elə Ramiz Mehdiyev olub...

Mən başqa adamların adını eşitmişdim...

- Yox, məhz Ramiz Mehdiyev. Məni Sədərək Gömrüyünə Heydər Əliyev qoymuşdu, onun qorxusundan da heç kim toxuna bilmirdi mənə. Ancaq o rəhmətə gedəndən sonra, 40-ı çıxmamış, məni vəzifədən uzaqlaşdırdılar... Başqa vəzifəyə təyin olunmamın qarşısını alan 3 nəfərdən biri və ən əsası da Ramiz Mehdiyev oldu...

- Maraqlıdır, vaxtilə Heydər Əliyevin canını etibar etdiyi və Heydər Əliyev üçün də canını verməyə hazır olan “Laba”nı, doğrudanmı, o, dünyasını dəyişəndən sonra Ramiz Mehdiyevin qorxusundan heç kim yaxına burxmadı?

- Yox, niyə ki... Bu illər ərzində mənimlə daim maraqlanan, əlaqə saxlayan iki nəfər olub – biri hörmətli Bəylər Əyyubov və bir də İsa Nəcəfov. Mən onların hər ikisinə minnətdarm. Məni istəməyənlər, varlığımdan narahat olanlar çalışırdılar ki, Prezidentin gözündən salsınlar, etibardan düşüm. Ancaq Bəylər müəllimlə İsa müəllim həmişə bu məkrli planların qarşısını alıblar və həmişə də mənim hörmətimi saxlayıblar. Mən onların diqqətini heç vaxt unuda bilmərəm.

- Cavabınızdan belə anladım ki, Mübariz Pənahov onu “vuran” öz rayonlusunun - şərurlu Ramiz Mehdiyevin deyil, ona çətin günündə dayaq duran Bəylər Əyyubov yanındadır?

  • Bəli. Bəylər müəllim Heydər Əliyevçi qvardiyanın başında gələn ən sadiq generallardandır və dediyim kimi, sadiq Heydər Əliyevçilər də İlham Əliyevin əsgərləridir. Bizim üçün İlham Əliyevin sözü hökm, bizi onun yolundan qoparacaq yegnə güc isə ölümdür!

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar