Bazar, 20 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Həftənin mozaikası: Təhsil imkanlarının məhdudlaşdırılması və s...

Hadisələrin hara yuvarlanacağını yaxın bir iki ayda görəcəyik. Ya Paşinyan var olacaq, ya Dağlıq Qarabağ...

Azər Qaramanlı yazır

Təhsil imkanlarının məhdudlaşdırılması

Yola saldığımız həftənin ən çox danışılan və müzakirə olunan hadisəsi qəbul imtahanlarında 700 bal toplamağı bacaran abituriyentin olmaması idi. Buna görə bəziləri Təhsil Nazirliyinin, çoxları isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ilə bağlı həyata keçirdiyi islahatları qınadı. Hətta iddia edildi ki, DİM bu islahatları yalnız ona görə həyata keçirib ki, abutryentlərin topladıqları ballar aşağı düşsün və bununla da bu sahədə dövlətin yükü azalsın. Bəzi iddialarda isə bu islahatların DİM rəhbəri Məleykə Abbaszadənin təhsil sektorunu da tam nəzarətə götürməsinə dair köhnə iştahası ilə bağlandı.

Söhbət yüksək balla ödənişli universitetlərə girən tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsindən gedir və əgər doğrudan da bəzi məmurlar iddia olunuğu kimi, dövlətin sözügedən öhdəlikdən yayınması üçün bu şəkildə islahatlara əl atırlarsa, o zaman vətəndaşlara dövlət adına utanmaq düşər. Çünki dövlətin öz vətəndaşı qarşısında borclarından biri istedadlı və bilikli uşaqların təhsil haqqını öz üzərinə götürməsi idi.

İndi bəzi iri çaplı məmurlar hansısa düzənləmələr əsasında dövləti bundan məhrum edirlərsə və anlaşılmaz bir simiclik ucbatından yüzlərlə istedadlı və bilikli gəncin təhsil almaq imkanlarını məhdudlaşdırırlarsa, bunu anlamaq mümkün deyil. Çünki elə həmin məmurlar bu dövlətin büdcəsini elə boş və mənasız yerlərə sərf edirlər ki, onların məntiqini məntiq belə adlandırmaq mümkün deyil.

Korrupsiyanın hər sahədə qarşısıalınmaz epidemiya kimi tüğyan etdiyi ölkədə dövlətin öz vətəndaşına təmənnasız sosial xidmətlərindən biri və bəlkə də birincisi məhz yüksək bal toplayan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi idi. İndi belə çıxır ki, hansısa məmurların düzənləmələri sayəsində vətəndaşa göstərilən bu sosial xidmət minimuma endiriləcək. Amma korrupsiya yolu ilə büdcənin talanması bütün sahələrdə davam edəcək.

Qəbul imtahanları ətrafında yaranmış son vəziyyət bunu ortaya qoyur. Bu bəzi məmurlar ucbatından Azərbaycanın sosial dövlət olaraq can çəkişməsinin növbəti göstəricisidir...

Ya Paşinyan, ya Qarabağ...

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ad gününü qeyd edən Nikol Paşinyan siyasi rəqiblərinin işğal etdiyi Azrbaycan torpaqlarında qondardıqları “qurumun” “müstəqilliyindən” son zamanlar ciddi təşviş keçirir. Bu üzdən Paşinyan və ətrafı iki həftədir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini özlərinə yaxın olan mediada isbat etməyə çalışırlar. Paşinyan və komandasının ən böyük arqumenti isə budur ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilərsə, Azərbaycan Qarabağa hücum edə bilməz. Çünki bu zaman Ermənistana müharibə elan etmiş olar.

Paşinyanın bu məntiqinə məntiq demək olmaz. Çünki Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan tərəfindən ilhaq olunması vəziyyəti dəyişməz. Bütün hallarda Azərbaycanın söhbət beynəlxalq aləmdə tanınmış sərhədlərindən və 20 faiz torpaqlarının işğalından gedir. Amma Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları ilhaq edərsə, artıq Qarabağın təhlükəsizliyi üçün Ermənistanla koridor olması kimi bir arqument də ortadan qalxar. Yəni status-kvoda Azərbaycan üçün bir şey dəyişməz, amma Ermənistan danışıqlar masasında danışıqqları uzatmaq üçün əsas “kozır”larını itirər.

Paşinyanın Dağlıq Qarabağı Ermənistana birləşdirməsi məqsədinin altında əsasən daxili problemlərin olduğu da hər kəsə bəllidir. Son zamanlar əksinqilab dalğaları ilə üzləşən Paşinyanın mövqeləri sarsılır. Buna səbəb isə əksinqilabın başı olan Köçəryanın məhz Xankəndinə arxalanmasıdır. Yəni əksinqilabın mərkəzi yuvası Xankəndidir və bu yuvanı tam nəzarətə götürə bilməzsə, Paşinyanın halı heç də yaxşı görünmür. Və görünür ki, məhz Xankəndindəki separatçı terrorçular Paşinyanın yuxusuna haram qatıblar.

Dağlıq Qarabağı Ermənistana birləşdirməsi Paşinyana Xankəndində rahatca özünün “sorosçu” kadrlarını yerləşdirmək imkanı verməklə yanaşı, həm də əksinqilabı boğmaq imkanı verəcək.

İşin ziddiyəti ondadır ki, əgər uzun illər boyu Dağlıq Qarabağdakı terrorçu qurum Ermənistana birləşmək üçün hər şeyi edirdisə, indi hər şey əksinə baş verir. Yəni Ermənistan artıq Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər şeyi edir, amma Dağlıq Qarabağdakı terrorçular bunu istəmirlər və dirənirlər. Paşinyanın Dağlıq Qarabağda “inqilab” cəhdi isə Ermənistanla Dağlıq Qarabağ arasında müharibəyə səbəb ola bilər. Və Rusiya da bu “inqilaba” heç cür imkan verməz.

Bu durumda Paşinyan ya Qarabağdan imtina etməlidir, ki, bu da imkansız görünür, ya da Dağlıq Qarabağla müharibə etməlidir.

Müharibə versiyası o qədər realdır ki, hətta ötən həftə Paşinyan Dağlıq Qarabağda hərbi qulluqçu olan oğlunu geriyə, İrəvana gətirdi. Çünki oğlunun Dağlıq Qarabağın terorçu hakimiyyəti tərəfindən girov götürüləcəyindən qorxdu. Halbuki, Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərməsini ustalıqla siyasi piara çevirə bilmişdi. İndi isə oğlunu geri qaytarmasının heç izahı belə yoxdur...

Hadisələrin hara yuvarlanacağını yaxın bir iki ayda görəcəyik. Ya Paşinyan var olacaq, ya Dağlıq Qarabağ...

Dünya cənnətinin sakinləri nədən narazıdır?

Ötən həftə beynəlxalq miqyasda baş verən ən qlobal hadisə Avropa Parlamentinə keçirilən seçkilər oldu. Bu seçkiləri yeni dünya düzəninin mənzərəsini formalaşdıracaq ilkin zəlzələ kimi dəyərləndirmək olar.

Avropada yeni dönəm başlayır. Hər şey tam kəllə-mayallaq olmasa da, qoca qitənin siyasi siması dəyişir. Bu dəyişmə tədricən baş verəcək, amma baş verəcək...

Dəyişim Avropa Parlamentində formalaşdırılacaq koalisiyanın şərtlərinə uyğun həyata keçəcək. Amma belə bir koalisiya formalaşdırmaq mümkün olsa belə, zamanla şərtlərin dəyişməsi də mümkündür. Qısa söyləsək, Avropa bir bilinməzin içinə girir. Halbuki uzun illərdir Avropanı idarə edən sağ və sol mərkəz partiyaların məqsədləri aydın idi. İndi isə belə bir aydınlıq yoxdur. Yəni Avropa üçün xaosun qapısı da açıq görünür və qapı hələ bir müddət açıq qalacaq. Bu ötən həftə keçirilən seçkilərin nəticələrinin yaratdığı mənzərədə belə görünür.

Seçkilərin nəticləri bir şeyi ortaya qoydu. Avropalılar Avropa Birliyinin yürütdüyü siyasətdən narazıdırlar və bu narazılıq artıq qlobal siyasətə təsir etməyə başlayıb.

Bəs dünyanın digər sakinləri üçün cənnət misalında olan Avropada nələr baş verir və cənnətin sakinləri nədən narazıdırlar?

Əslində hər şeydən - ABŞ-ın onların başı üstündə “patron” kimi durmasından, Yaxın Şərqdə ABŞ-ın və İsrailin tətiklədiyi müharibələr nəticəsində onların cənnətində hüzurun pozulmasından və “cənnətlərinin barbarların işğalına” məruz qalmasından və Avropa Birliyi rəhbərlərinin, həmçinin Birliyə daxil olan dövlətlərin rəhbərlərinin bütün bu baş verənlərə sadəcə seyrçi mövqe sərgiləmələrindən...

Avropada qaçqın probleminin bu qədər aktuallaşması Avropa Birliyinə qarşı narazılıqların artıracağını əvvəlcədən ortaya qoymuşdu. Hətta bir neçə il əvvəl Avropaya qaçqınların “yürüşü” maksimum həddə çatdığında Avropanı yönəldən sağ və sol partiyaların çarəsizliyi uzaq ABŞ-da belə narahatlıqla izlənilirdi və Trampın uğur qazanmasında qaçqınların Avropaya “müzəffrər yürüşünün” yaratdığı psixoloji atmocfera önəmli rol oynadı. Tramp Avropa liderlərinin “zəifliyindən” məharətlə yararlandı və bunu özünün əsas seçki təşviqatına çevirdi.

Bu atmosferanın yaranmasında isə Rusiya xüsusi canfəşanlıq edirdi. Rusiyaİran qaçqınların Suriyadan və Şimali Afrikadan Avropaya çatdırıması üçün hər şeyi edirdilər. Yəni faktiki olaraq Avropa bir tərəfdə ABŞ və İsrailin, bir tərəfdə isə Rusiyaİranın mübarizəsinin günahsız qurbanına çevrilmişdi.

“Cənnət”ə sabib olmağın da bir əvəzi olmalıydı və bir neçə il əvvəl Avropa xalqları bu əvəzi ödədi. Və təbii ki, Avropa xalqları da ilk seçkidə bunu hesabını ABŞ-ın yürütdüyü siyasətin arxa baxçasına çevrilən və vəziyyətə müdaxilə edə bilməyən sağ və sol mərkəz partiyalara ödətdirdi.

İkinci Dünya Savaşından sonra Avropanın bütün faliyyəti ancaq bur məsələ üzərində fokuslanb. Nəyin bahasına olursa olsun, Avropanı müharibələrdən kənarda tutmaq! Bu siyasət 70-ilə yaxınıdr ki, davam edir və açığı artıq həmin siyasət Avropa Birliyi ölkələrinin geosiyasi və milli maraqlarına qarşı çevrilib.

Bu ölkələr Avropa Birliyi ideallarının qurbanına çevrildiklərini artıq açıqca anlayırlar və öz geosiyasi maraqları üçün artıq Avropa Birliyinin əsirliyindən qaçmaq istəyirlər. Bu yolda ilk addımı Böyük Britaniya atdı. Çünki hər zaman böyük geosiyasətin əsas oyunçularından biri və bəlkə də birincisi olan Britaniyanın əli-qolu bağlanmışdı. Hazırda əl-qolunu açmağa çalışan Britaniya ipləri tamaimlə dolaşdırmış durumda görünür.

Avropada xaosun yaranması və Birlikdə çatlaqların böyüməsi ən çox Rusiyanın işinə yarayır. Amma ABŞ-da Avropada hegemon iradəsini qoruyub saxlaya bilmək üçün köhnə dünyada xaousun olmasına maraqlı görünür. Yeni dünya düzənində ABŞ-ın bir daha Avropanın xilaskarı kimi ortaya çıxması çox gözəl görünür və bu “gözəllik” hər cəhətdən ABŞ-ın işinə yarayır.

Yəni geosiyasi savaşın Qərb cəbhəsində cəbhə xətti Yaxın Şərqdən Avropaya doğru sürüşür və müharibəsiz Avropa ideyası puça dönüşməkdədir. Yəqin ki, bu reallıq Avropanın liberal liderlərinin yuxusunu qaçırıb, amma reallıq budur. Avropa yavaş-yavaş yenidən müharibə meydanına doğru sürüklənir...

Saakaşvilinin geri dönüşü və Ukraynada dalana dirənən siyasət

Ötən həftənin ən kuryoz hadisəsi Mixail Saakaşvilinin yenidən Ukraynaya qayıtması oldu. Zelenskinin Saakaşvilinin vətəndaşlığını bərpa edəcəyi əvvəlcədən bəlli idi, amma Saakaşvilinin Ukraynada nələr edəcəyi bəlli deyil.

Zelenskinin 5 il müddətində Ukraynada normal prezidentlik edə bilməsi üçün Ali Radanı ələ keçirməsi zəruruidir. İstisna etmək olmaz ki, zamanla Kolomoyski də, Saakaşvili də Zelenskinin probleminə çevriləcək. Lakin indiki halda əsas hədəf parlamentdir və parlamenti ələ keçirmək üçün Zelenskinin həm Kolomoyskiyə, həm də Saakaşviliyə ehtiyacı var.

Zelenski indilik hər şeyi Poroşenkonun “məhv edilməsi” adına edir. Hakimiyyəti təhvil verdikdən sonra dalbadal Poroşenkoya qarşı 5 cinayət işinin açılması da bunu isbat edir. Amma Ukraynanın məsələsi Poroşenko deyil və belə bir problem də yoxdur.

Bu gün Ukraynanın bir nömrəli problemi millətçilərlə ruspərəstlər arasında olan problemdir və bu problem Ukrayna üçün əsas təhlükə mənbəyidir. Putinin atdığı addımlar Ukraynada Rusiyaya qarşı aqressiyanı yüksəltsə və ruspərəstlərdə Moskvaya olan inamı sarsıtsa belə, Qərbi və Şərqi Ukrayna arasında mental fərqlər ortadadır və bu fərq eyni zamanda Ukrayna siyasətinə, xüsusən daxili siyasətə ciddi təsir edir.

Hazırda Zelenskinin durduğu yer 2014-cü ildə Poroşenkonun durduğu yerdən daha fərqlidir. Poroşenkounu əsas problemi Rusiyanın aqressiyasını durdurmq idisə, Zelenskinin problemi Ukraynada milli bütövlük yaratmaqdır. Ukraynanın dövlət və milli maraqları artıq bunu tələb edir.

Açığı siyasi təcrübəsi olmayan Zelenskinin qarşısında duran məsələ Poroşenkounun o zamankı problemlərindən qat-qat çətindir. Zelenskinin qarşısında duran məsələ “Sizif əzabı” kimi bir şeydir və gənc siyasətçinin buna nail olması heç də mümkün görünmür.

Dünən Xarkovda baş verənlər də bunu bir daha isbat etdi ki, Ukraynada inqilab bitməyib və bu inqilab daha çox zorakılığa meyllənməkddir. Zelenski bu zorakılığa meyli durdura biləcəmi? Kolomoyski və Saakaşvili ilə təbii ki, durdura bilməyəcək, əksinə daha da şiddətləndirəcək- hətta parlamenti qazansa belə. Yəni Ukraynada siyasət hələ də dalana dirənib və dalandan Ukraynanı Zelenskinin çəkib çıxarması heç də inandırıcı görünmür...

Amma hər şeyin də zamana ehtiyacı var. Ukraynanın isə daha çox zamana ehtiyacı var..

Azər QARAMANLI
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar