Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Həftənin mozaikası: Nurlana Əliyevanın “tövsiyəsi” və ledi BREXİT-in gedişi...

Britaniya xalqının torilərə verdiyi mesaj çox konkretdir: “Mənimıə oynama”...

Nurlana Əliyevanın “tövsiyəsi”

Ötən həftənin ilk iş gününün möhürünü Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva vurdu. Xanım rektor Bakı Slavyan Universitetinin tələbələrinə verdiyi tövsyə ilə gündəmə açıq havada çaxan ildırım kimi düşdü: “Harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə”.

Doğrudur, elə həmin gün Nurlana Əliyeva Universitetin sözçüsü vasitəsilə “tövsiyəsindən” birmənalı şəkildə imtina etdi. Slavyan Universiteti sözçüsünün yayımladığı birinci təkzib versiyası konkret biabırçılıq idi və hətta xanım rektorun tövsiyəsindən daha çox rüsvayçı məzmuna malik idi. Təbii ki, Slavyan Universitetindəki başbilənlər “tövsiyədən” imtina etdikləri kimi, sözlərini -təkzibin birinci versiyasını “yedilər”. Nəhayət, ikinci təkzib versiyasında özlərini “təmizə çıxarmağı” bir təhər bacardılar.

Amma yenə də Nurlana xanımın “tövsiyəsi” bir çox beyinlərdən asılıb qaldı. Çünki bu “tövsiyə” sıradan bir süpürgəçi YAP-çı tərəfindən edilsəydi, bəlkə də o süpürgəçi xanımı birtəhər başa düşmək olardı. Demək olardı ki, bu süpürgəçi xanımın dünyagörüşü bu boydadı, indi sizdə buna görə adamı vurub öldürməyəcəksiniz ki?..

Ancaq söhbət ölkənin aparıcı universitetlərindən birinin rektorundan, sabiq deputatdan və hakim partiyanın qadın üzvlərinin liderindən gedirsə, onda təbii olaraq vəziyyət dəyişir və bu dünya görüşə sahib olan bir xanımın yuxarıda sadalanan vəzifələri daşıması ancaq təəssüf hissi doğurur. Tolerantlıq ölkəsi olaraq tanındığımız halda belə halların yaşanması isə ikiqat təəssüf hissi yaradır...

Zaxarovanın tıxanan qulaqları...

Həftənin ən çox danışılan, ən çox yazılan və müzakirə olunan mövzusu isə təbii ki, jurnalist Fuad Abbasovun Moskvada sapı özümüzdən olan, amma ermənilərin soyuq silahına çevrilən “baltalar”ın sifarişi ilə həbs olunması və aşağılanması, işgəncəyə məruz qalması idi.

Açıq deyək ki, Azərbaycan ictimaiyyətinin Fuad Abbasovu müdafiə üçün ayağa qalxması çox təqdirəlayiq idi və bunu müşahidə eləmək çox xoş idi. Moskvada açıq qanunsuzluqla həbs edilən Fuaf Abbasov üçün ədalətin təmin ediləməsinin hamımızı birləşdirən bir dəyərə çevrilməsi doğrudan bizdə keyfiyyət dəyişikliyi kimi qiymətləndirilməlidir və bu, bütün bu komploları quran ermənipərəst azərbaycanlılara və onların yarınmaq istədikləri ermənilərə tərs bir şillə kimiydi ki, bu şillənin də səsi layiqincə eşidildi.

Doğrudur, Fuad Abbasov məsələsində həm Azərbacan Diaspora Komitəsinin rəhbərliyi, həm də Azərbaycanın Moskvadakı səfirliyi tənqidlərə məruz qaldılar. Bu tənqidlərin obyektiv və subyektiv xarakterlərini nəzərə alarsaq, demək olar ki, hər iki dövlət müəsissəsinin hərəkətə keçmək üçün xüsusi siqnala ehtiyacının olduğu da ortada idi və ictimaiyyətin çabası onlar üçün heç də gözlənilən siqnal kimi qəbul olunmurdu. Amma sonuc bütün hallarda ürəkaçandır...

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova dünyanın harasında olursa olsun, bir rus jurnalistinin mitinqlərdə itələnməsini, qovulmasını, ya da təsadüfən polis zopasına tuş olmasını söz azadlığına qarşı o qədər böyük bir təcavüz kimi dəyərləndirir ki, Moskvanın ortasında, yəni xanım Zaxarovanın qulağının dibində, rus polisinin sifarişlə jurnalisti həbs etməsini, döyülməsini və bu da azmış kimi sifarşçiyə sübut kimi təqdim edilmək üçün həbs səhnəsini videoyazıya alması da vurğulanmalıdır.

Ruslar tez-tez özlərinə qarşı ikili standartlardan şikayət edirlər. Amma özləri də digərlərinə ikiqat, üçqat standartlardan yararlanırlar. Mən əminəm ki, Fuad Abbasovun yerində erməni jurnalist olsaydı və həmin erməni komplo ittihamla üzləşsəydi, nə rus mediası, nə də Zaxarova buna səssiz qalmayacaqdı. Baxmayaraq ki, hazırda Paşinyanla Rusiyanın arası heç də arzu olunan səviyyədə deyil.

Paşinyanın devrilməsinin birinci mərhələsi...

Bu arada Rusiya Paşinyanı devirmək üçün ssenarinin birinci mərhələsini reallaşdırmağa başlayıb. Köçəryanın məhkəmə tərəfindən azadlığa buraxılması və bunun ardından Paşinyanın özünün məhkəmə sisteminə müharibə elan etməsi və inqilabın ikinci və əsas fazasının başladığını bəyan etməsi qeyd olunan ssenarinin göstəricisi hesab oluna bilər.

Burada diqqət çəkən məsələlərdən biri də Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, öz tərfdarlarını “Qarabağ klanı”na qarşı mübarizəyə səsləməsidir. Yəni Paşinyan “saman altından su axıtmaq” siyasət yürütmək istəmir və bu da onun güclü tərəfi kimi dəyərləndirilə bilər.

Paşinyandan fərqli olaraq “Qarabağ klanı”nın üzdə olan təmsilçisi Bako Saakyan geri addım ataraq Ermənistanın Baş nazirinin qəzəbini soyutmaq üçün həmən hərəkətə keçdi. Yəni Saakyan “saman altından su axıtmaq” taktikasını seçdi. Çünki açıq qarşıdurma inqilabın işğal Qarabağa qədər sıçramasına səbəb ola bilər.

Yada salaq ki, 2004-cü ildə Rusiya Saakaşviliyə qarşı Acariya kartını irəlü sürdü və Acariya liderinin Saakaşviliyə qarşı açıq şəkildə çıxması inqilabın bir anda Acariyaya sıçramasına səbəb oldu. Görünür, Rusiya bu dərsi unutmayıb və geri addım atıb ikinci mərhələyə start verəcək. Yəni hazırkı mərhələdə Paşinyan qalib kimi görünür. Hətta bəzi hakimlər artıq Paşinyanın tələbi ilə istefa verməyə başlayıblar da... Köçəryan isə yenidən həbs olunacağını hiss edərək ölkədən çıxmaq üçün yollar axtarır. Yollardan biri də müalicə üçün xaricə getməkdir ki, Köçəryan hazıda buna cəhd edir.

Çox böyük ehtimalla Rusiya Paşinyanı devirmək üçün ssenarinin ikinci mərhələsini ortaya qoyacaq və bunun yaxın aylarda baş verməsi istisna deyil. İkinci mərhələdə uğursuz olarsa, Rusiyanın Ermənistan rəhbərliyi ilə açıq qarşıdurmaya getməsi və Paşinyanı hərbi təxribata çəkməsi istisna olunmur.

Maraqlıdır ki, Rusiya erməni general Miqran Poqosyanı Ermənistana təhvil verməkdən imtina edib və Poqosyana siyasi sığınacaq verib. Yəni Ermənistanla Rusiya arasında açıq qarşıdurmaya artıq start verilib...

Ledi BREXİT və torilərin batan gəmisi...

Ötən həftənin ən səs-küylü siyasi hadisələrindən biri də durub-durmuşkən Böyük Britaniyanın Baş naziri Tereza Meyin istefa verməsi oldu. Əslində Meyin istefası çox gözlənilən idi, amma bu istefanın Avropa Parlamentinə seçkiləri zamanı verilməsi bir az qəribə idi. Hər halda Tereza Meyin iyul-avqust aylarında istefaya zorlanacağı bəlli idi. Lakin bu istefanın ən azından bir-iki ay qabağa çəkilməsi nəylə bağlıdır?

Artıq heç kimə sirr deyil ki, BREXİT sözün həqiqi mənasında Böyük Britaniyanın milli probleminə çevrilib. Və bu problem İkinci Dünya Müharibəsindən sonra Britaniyanın yaşadığı ən böyük milli problemdir. Bəs BERXİT hardan və niyə Britaniyanın başına müsəlləh oldu?

Hər şey Terza Meyin sələfi, Britaniyanın, gənc, dinamik və yaraşıqlı baş naziri Devid Kameronun başının altından çıxdı və Kameronunun özünü tam təsdiq etdirmək istəyi Britaniyanı çıxmazın içinə soxduğu kimi, Kameronun da siyasi karyerasına nöqtə qoydu.

Kameronun fikrincə britaniyalılar BREXİT-ə razı olmayacaqdılar və nəticədə o, baş nazir kimi öz mövqelərini xeyli gücləndirəcəkdi. Bu fikrin formalaşmasında BREXİT-dən əvvəl baş tutan Şotlandiya referendumu da böyük rol oynamışdı. Şotlandların müstəqillikdən imtina etmələri belə bir rəy formalaşdırmışdı ki, britaniyalılar da BREXİT-dən imtina edəcələr. Və məhz bu üzdən Kameron heç zərurət olmadan seçki kampaniyasında söz verdiyi referendumu gerçəkləşdirdi. Referendumda qələbə qazanmaq Kameron üçün həm torilər arasında nüfuzunu artırmaq, həm də Baş nazir olaraq uzun müddət kreslosunu qarantiyə alamq anlamına gəlirdi. Amma referrendum həm Kameronun sonunu gətirdi, həm də Britaniyanı çıxılmaz vəziyyətdə qoydu. Britaniya BREXİT-ə “hə” dedi.

Yuxarıda da qeyd etdiyim kimi, Mühafizəkarlar Partiyası BREXİT-ə ciddi yanaşmırdı və BREXİT-lə bağlı Kameron üçün və bütövlükdə Mühafizəkarlar Partiyası üçün sadəcə özünütəsdiq formulu idi. Ona görə də Mühafizəkarlar Partiyası Avropa İttifaqından çıxmaqla bağlı 2016-cı ildən bəri imitasiya ilə məşğul olmağa üstünlük verdi. Bu, Tereza Meyin əsas probleminə çevrildi. Daha doğrusu Terza Mey sələfi Devid Kameronun mirasının girovuna çevrildi.

Bir neçə dəfə Avropa İttifaqı ilə razılaşmağa cəhd edən Mey nə müxalifətdən, nə də öz partiyasından dəstək ala bilmədi və Britaniya xalqının iradəsi ortadakı oyuna alət oldu. Məhz bu faktor Meyin siyasi karyerasını dalana dirədiyi kimi, Torilərin də gəmisini batırır. Yaranmış vəziyyətdən isə cəmi bir neçə ay əvvəl yaradılmış Brexit Partiyası faydalanır.

Gələk Meyin tələm-tələsik istefa məsələsinin səbəbinə. Məsələ ondadır ki, eksitpol məlumatlarına görə, Avropa Parlamentinə keçirilən seçkilərdə Naycel Fərəcin rəhbərlik etdiyi Brexit Partiyası səslərin 35 faizini qazanıb. Meyin rəhbərliyi altında Torilər isə cəmi 12 faiz səs alıblar.

Etiraf etməliyik ki, bu nəticə cəmi bir neçə ay əvvəl qurulan və BREXİT-in reallaşmasını tələb edən bir partiya üçün fantastik göstəricidir və Britaniyanın ən yeni tarixinin böyük bir hissəsi olan Mühafizəkarlar Partiyası üçün isə ifadə olunmaz bir məğlubiyyətdir. Və bu məğlubiyyətdə baş rol alanlar da məhz BREXİT oyununu quran torilərin aparıcı simalarıdır. Yəni Britaniya xalqının Torilərə verdiyi mesaj çox konkretdir: “Mənimıə oynama”...

Azər QARAMANLI
pia.az


loading...