Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hakimiyyətin çökməsi üçün edilən hərəkətlərə etiraz edin” - Aslan İsmayılov

Tanınmış hüquqşünas: "Rusiya hakimiyyəti açıq-aşkar təhdid edir. Bu günlərdə KTMT-nin Astraxanda təlim elan etməsi Azərbaycana güc göstərməkdir".

Tanınmış hüquqşünas sosial şəbəkədə Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artmasından narahatlığını ifadə edib və Qarabağın azad olunması naminə hakimiyyət-müxalifət birliyinin zəruriliyini qeyd edib. PİA.az Aslan İsmayılovun ictimaiyyətə çağrışını təqdim edir:

"Bu günlər həqiqətən çox çətin vaxtlardır. Nədənsə yadıma 1993-cü il 2-4 iyun tarixləri yadıma düşdü. Həmin günlər Prezident Aparatının Dövlət-hüquq şöbəsinin baş məsləhətçisi işləyirdim. Şöbə müdiri gəncliyi, xüsusən təcrübəsizliyi ilə işdən xəbəri olmayan, başı AXC intriqalarına qarışmış Fazil Qəzənfəroğlu (Mustafa) idi. 31 maydan işə gəlsəm də onunla görüşməmişdim, hələ də konkret nə işlə məşğul olacağım bəlli deyildi. 2 iyunda artıq aparatdakı davranışı görəndə şöbə müdirinin müavini, əvvəllər mənimlə prokurorluqda işləmiş, əsl peşəkar rəhmətlik Həmid Əliyevlə aparatda və ölkədə baş verənlərlə bağlı fikrimi bölüşüb bu gedişlə hakimiyyətin tez zamanda çökəcəyini bildirdim. Rəhmətlik Həmid mənimlə razılaşmayıb öz dəlillərini göstərdi. 4 iyun Gəncə qiyamını eşidən kimi yenidən Həmidlə görüşüb prosesin başlandığını dedim. 4-5 iyun tarixlərində dəfələrlə Həmidlə görüşüb hakimiyyətin qətiyyətli addım atmasının,bütün aparatın yerlədə insanlarla görüşməyinin vacibliyini qeyd etdim.

Ancaq həmin gün və sonrakı tarixlərdə bir əməli addım görmədim. Hamı oturub sanki kimisə gözləyirdi. Heç kim, heç nə etmirdi, rəhim qazıyevlər, sürət hüseynovlar, nemət pənahovlar, ayparalar at oynadırdı. Ölkənin ziyalı təbəqəsi rus qoşunlarının ölkəyə girəcəyini görsələr də gözləmə mövqeyində idilər. Heç kimi Azərbaycan adlı Dövlət, onun müstəqilliyi maraqlandırmırdı. Əminəm ki, həmin vaxtlar Ə.Elçibəy H.Əliyevi dəvət etməsəydi bu gün rus qoşunları Azərbaycandaydı, Dövlət isə bir neçə muxtar respublukalardan ibarət idi.

Bu gün tam olmasa da təxminən elə bir hissiyatım var. Ona görə bir neçə fikrimi sizinlə də bölüşürəm. Bu gün hamı bilməlidir ki, Azərbaycan adlı Dövlətin müstəqilliyinin taleyi, onun gələcəyi həll olunur. Bu məsuliyyəti hamı dərk etməli və bacardığını ortaya qoymalıdır. Bilməliyik ki, Rusiya hakimiyyəti açıq-aşkar təhdid edir. Bu günlərdə KTMT-nin Astraxanda təlim elan etməsi Azərbaycana güc göstərməkdir.

- Hakimiyyət bilməlidir ki, bu gün xalqın maddi durumu çox pisdir. Bunun tam aradan qaldırılması mümkün olmasa da heç olmasa imkan olanı etmək lazımdır, insanları bu dar məqamda tək qoymayın. İnsanlar hiss etməlidir ki, onların qayğısına sözdə yox, əməldə qalan hakimiyyət rəsmiləri var.

- Bu gün dövlətçiliyin qorunması yolunda hakimiyyət tam qətiyyətli olmalıdır. Bilməlidir ki, Azərbaycan Xalqı üçün ən müqəddəs anlayış Dövlətimizin müstəqilliyi və Qarabağın azad olunmasıdır. Bu yolda bütün umu-küsülərə baxmayaraq bu xalq, bu günə qədər onun haqqını tapdalayanların da yanında olacaq. Sadəcə ona güvənib, onunla səmimi olmaq , baş verənləri izah etmək lazımdır. Dövlətə xəyanət yolu tutan, vəzifəsindən, xidmətindən asılı olmayaraq heç kimə güzəşt olunmamalıdır.

- Hakimiyyətdə təmsil olunanlar bilməlidir ki, bu gün fəaliyyətsizlik, qorxaqlıq xəyanətə bərabərdir. Xüsusən hakimiyyətdə təmsil olunan gənclərə müraciət edirəm. Özünüzə inanın, bilin ki, bu gün siz tarix yazırsınız və gələcək nəsillər buna qiymət verəcək. Özünüzə inanın, sizin təcrübəsizliyiniz sizi qorxutmasın. Bilin ki, bu gün Dövlətə meydan oxumaq istəyənlər, xarici dövlətlərin əlində maşa olanlar göründükləri kimi nəhəng, ağıllı və bacarıqlı deyillər. Sadəcə onlar həyasızdırlar və özlərini qəhrəman kimi qələmə verməyi bacarırlar. Bu gün güclü tərəf Dövlətinin və Xalqının yanında olanlardır. Tutduğunuz yola sadiq və qətiyyətli olun. Bu böyük oyunda ancaq oyunbazlar uduzacaq. Heç kimlə oynamaq fikrinə düşməyin. Bax, oyunbazlıq yolunu tutsanız hökmən uduzacaqsınız.

- Azərbaycan Dövlətini, onun müstəqilliyini sevən yaşlı nəslə müraciət edirəm. Biz uzun illər bu oyunbazları görmüşük və məqsədlərini bilirik. Bunların bu gün vahid məqsəd - hakimiyyətə gəlmək üçün bir yerdə olmaları bizi yenidən aldatmasın, hakimiyyət bölgüsü gələn kimi bunlar növbəti dəfə bir-birinin ətini yeyəcəklər və ölkə məhvə sürüklənəcək. Hər birimiz uzun illər bu hakimiyyət tərəfindən haqsızlığa məruz qalmışıq. Buna baxmayaraq Dövlətimiz, balalarımız naminə umu-küsüləri unutmağı bacarmalıyıq. Ona görə də bizim səssiz durub baş verənləri seyr etmək haqqımız yoxdur. Bizim həyatımızı məhv edənlərə balalarımızın da həyatlarını məhv etməyə imkan verməyək. Bu gün hər şey bizdən asılıdır. Hakimiyyət davası aparanları ifşa edib Dövlətimizin yanında olmalıyıq.

- Bu gün səssiz durub öz məqamlarını gözləyənlər də bilməlidir ki, bu, dövlətə və xalqa xəyanətdir. Bu günə qədər oyun aparanların, məqamı gələndə ortaya çıxanların taleyinə baxın. Misal üçün, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun keçdiyi həyat yoluna, gah kommunist, gah cəbhəçi, gah doğru yolçu, gah yapçı olmasına diqqət yetirin, işdən çıxarılandan sonra küncə sıxıldığı kabitendəki şəklinə baxın, ölürəm deyə verdiyi bəyanatları yada salın. Bu yol heç kimə uğur və şərəf gətirməyib və gətirməyəcək.

- Bu gün hakimiyyət kabinetində oturub paket almadıqlarına görə fəaliyyət göstərməyən, bəzən bilərəkdən baş verən proseslərin dayanmasını gözləyənlərə də sözüm var. Birinci dəfədir ki, sizin halal əməklə işləmək şansınız var. Bu isə paket alıb müdir tərəfindən alçaldımaqdan min dəfə üstündür. Ancaq işə məsuliyyətlə, can-başla yanaşsanız halal əmək haqlarınızı qaldıra bilərsiniz. İşinizə məsuliyyətli yanaşın, insanların incidilməsinə, hakimiyyətdən narazı salınmasına yol verməyin, izah edin ki, hamı üçün çətin dönəmdir və bu çətinliyə dözməyə dəyər.

- Müxalifətdə olan vətəndaşlarımız da bilməlidirlər ki, onların səmimi, ədalətli hisslərindən sui istifadə edirlər. Buna yol verməyin, bilərəkdən, hakimiyyətin çökməsi üçün edilən hərəkətlərə etiraz edin, ancaq düzgün, real, həyata keçirilə biləcək tələbləri irəli sürün. Özünü bu günkü duruma salmış hakimiyyətə bu çətin vəziyyətdən çıxmağa şans verin. Bilin ki, ölkədə vəziyyətin pisləşməsi hamı üçün ziyanlıdır və Dövlətimizin sonunu gətirə bilər. Siz məndən də yaxşı bilirsiniz ki, vəziyyətin pisləşməsini, bunun üçün əllərindən gələni kimlər və necə edirlər. Buna yol verməyin, neft qiymətinin düşməsinə, insanların maddi durumlarının pisləşməsinə sevinənlərə, dövlətin, xalqın maraqları üçün yox, öz şəxsi maraqları üçün canfəşanlıq edənlərə, min bir dona girənlərə inanmayın.

İndi isə təkliflərimin nədən ibarət olduğunu deyim:

- Hakimiyyət bu günkü ağır durumun birinci səbəbkarı olduğunu anlamalı və gözləmədən insanların çətin maddi durumlarının yaxşılaşdırılmasına çalışmalı və bilməlidir ki, ac qalan insanlar artıq dövlətçiliyi fikirləşməyəcək və milyardlar toplamış hakimiyyət hərisləri bundan maksimum istifadə edəcəklər. Bunun üçün insanların maddi durumlarının yaxşılaşdırılmasında hakimiyyətin yeganə müttəfiqi olan sahibkarların yanında olmaq, onların fəaliyyətlərini davam etdirmələri üçün maksimum şərait yaratmaq lazımdır. Büdcəni doldurmaq üçün onları məhvə sürükləmək olmaz. Pandemiya müddətsiz olmayacaq. Təxirə salınmadan postpandemiya dövrünə hazır olmaq lazımdır. Mümkün qədər təhlükəsizlik qaydalarına riayət etməklə iş yerlərini açmaq lazımdır.

- Hakimiyyət-müxalifət dialoqundakı formallıqdan əməli işə keçmək, müxalifət düşərgəsində təmsil olunan liderlərə vəziyyətin mürəkkəbliyini izah etmək, onlarla əməkdaşlıq formasını tapmaq lazımdır. Bilərəkdən ölkədə vəziyyətin ağırlaşmasına çalışanları, dialoqdan cürbəcür bəhanərlərlə boyun qaçıranları konkret faktlarla ifşa edib bunu xalqa göstərmək lazımdır.

- Müxalifət liderləri bu günkü vəziyyətin mürəkkəbliyini anlayıb 1 il müddətində hansısa kütləvi tədbirlərin keçirilməsindən imtina etməlidirlər. Vaxtilə bu hakimiyyətin təmsilçiləri olub xalqı talayanlarla, vəzifələrini, gəlir yerlərini itirən kimi xalq sevdalısı olanlarla heç bir ittifaqa girməməli, onları öz sıralarına qəbul etməməlidirlər. Sosial, iqtisadi və digər irəli sürülən tələblər real olmalıdır. Bilərəkdən icrası mümkünsüz olan tələblər irəli sürməklə, digər populist çıxışlarla insanları aldatmayın.

- Ölkənin tanınmış ictimai, siyasi xadimləri, ziyalıları susma mövqeyində durmamalıdrlar. Dövlətçilik məsələsində heç kimə - nə də müxalifətə güzəştə gedilməlidir. Bu çətin durumda kimsə ancaq hakimiyyətin, yaxud müxalifətin yanında deyil, Dövlətin yanında olmalıdır. Hər iki ünvana tənqidi fikirdən çəkinmək lazım deyil. Kimliyindən asılı olmayaraq ölkədə vəziyyəti gərginləşdirmək istəyənləri ifşa etmək, müstəqiliyimizin təhlükədə olduğunu hamıya izah etmək lazımdır. Ölkəmiz ətrafında baş verən prosesləri izləyib xalqı maarifləndirmək lazımdır. Hamı bilməlidir ki, payızda Gürcüstanda, Ermənistanda, Rusiyada bu gün Belarusda olan hadislərin baş vermə ehtimalı çox yüksəkdir. Regionda vəziyyətin ən mürəkkəb məqamında Qarabağ savaşı bizim son şansımızdır. Bunun üçün isə ölkədə stabillik təmin olunmalı və insanlar Qarabağın azadlığına hazır olmalıdırlar.

Sonda hakimiyyət bilməlidir ki, bütün təkliflər hakimiyyətin ömrünün uzadılması üçün yox, Qarabağın azad olunması üçündür. Bu şansdan istifadə etməyən hakimiyyətin sonu fəlakətlərlə bitəcək".

pia.az 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar