Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət müxalifəti dirçəldir – Dövlət siyasəti dəyişir?

Yola saldığımız həftənin gündəmi qardaş Türkiyədə əsgərlərin xaincəsinə vurulması ilə dəyişdi və ölkəmizdəki diqqətçəkən bir mövzunu da kölgədə qoydu...

Yeri gəlmişkən, Türkiyədə şəhid xəbərlərinə Azərbaycan mediasının və fəal kəsiminin reaksiyası bir daha təsdiqlədi ki, bu iki ölkənin suyu-çörəyi, hətta bəzi siyasi maraqları ayrı olsa da, sevinci və kədəri daima ortaqdır…

Yazacağım mövzuya birbaşa dəxli olduğu üçün mütləq yada salmaq lazımdır ki, Türkiyə siyasi cameəsi İdlibdə baş verən hadisənin sınağından sakat çıxmadı. Müxalifət Suriya məsələsində AKP-nin mövqeyini sərt tənqid etsə də , parlament partiyaları ortaq sənəd imzaladılar, Ərdoğana zəng edib (CHP liderindən başqa) birlik nümayiş etdirdilər. Müxalifət də, hakimiyyət də bu ağır günlərdə tikanlı sözlərindən vaz keçmirlər. Amma Türkiyəni güclü edən həm də on illiklərə söykənən iqtidar-müxalifət münasibətləri, dartışmaları, hərdən əndazəni aşan mövqe savaşıdır.

Azərbaycanda həftəsonu Prezident Administrasiyasının siyasi partiyalarla və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxalifət partiyaları sədrləri ilə danışıqlara başlamasına reaksiyalar hələ ki, xeyli ürkək və təvazökardır.

Səhv etmirəmsə, bu, 2014-cü ilin dekabrında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun müxalifətlə keçirdiyi görüşdən sonra bir ilkdir. Doğrudur, o zaman görüşə real müxalifətlə yaxından-uzaqdan əlaqəsi olmayanları da qatmışdılar ki, bu prosesin davamı gəlmədi. Çünki əvvəla, bu cür tünlük formatı uğursuz idi. Hamı bilir ki, real və ictimai rəyə təsiri olan müxalifət hansılardır və barmaq hesabı ilə sayıla bilərlər. İkincisi, hər hansı dialoq, danışıqlar predmetsiz olarsa, ağız deyəni qulaq eşitməz.

Zənnimcə, hakimiyyət indi ən doğru formatı tapıb və hələ ki, görüşlər tanışlıq xarakteri daşıyır. Arzu edək ki, real müxalifət formatı ilə başlayan təmaslardan kənarda qalan olmasın. Yəni, bu görüş təklifi AXCP sədri Əli Kərimliyə də edilməlidir.

Gümanlarıma görə, belə də olacaq. AXCP-nin hansı mövqe bildirməsindən asılı olmayaraq, bu təklif ona da edilməlidir. Artıq Müsavat başqanına bu görüş təklifi gəlib və qəbul edib.

Bu bir az qəfil olan təmaslardan müxalifət bir az da çaşqındır və nə baş verdiyinin fərqində deyillər. Hər halda, heç bir informasiya yükü olmayan açıqlamalarından belə anlaşılır ki, niyə bu görüşlərin başladığını təhlil etmək üçün vaxt qazanmağa çalışırlar.

Üstəlik, bir az da şübhəlidirlər. Xalq Partiyasının sədri Pənah Hüseyn necə deyərlər, az da olsa, dövlət idarəçiliyi görmüş adamdır, Prezident Administrasiyasına getməkdə qeyri-adi heç nə olmadığını düşünüb və oraya gedib.


Doğrudan da burda nə var ki? Prezident İlham Əliyevin niyə ən ciddi struktur və kadr dəyişikliyini məhz Prezident Administrasiyasında etdiyini hələ də anlamayanlarmı var? Prezident Administrasiyası rəhbəri də daxil olmaqla, "müxalifətlə normal münasibətlərin qurulmasına mane olanlar var" demirdizmi? Prezident idarəetmədə yeni bir səhifə açdı, siyasi oyunlara bulaşmayan kadrları önə çəkdi- bax, bu siyasi addımlar üçün həm də. O vaxt bu kadr dəyişikliklərinin müxalifətlə münasibətlərə də hesablandığını bir versiya kimi yazırdıq, indi isə gerçəkləşən xəbər kimi. Niyə bu məkan məsələsinə xüsusi diqqət çəkdim?

Oxudum ki, Real sədri İlqar Məmmədov Prezident Administrasiya rəsmisi ilə başqa yerdə görüşmək şərti (və ya xahişi) qoyub.

Qərar özlərinindir, amma elə maraq üçün soruşmaq da eyib etməz: niyə Prezident Administrasiyasına getməyə ürək etmirsən ay, müəllim? Axı sən qos-qoca CHP-nin lideri Kamal Kılıçdaroğlu deyilsən ki, "Ərdoğan küllüyəsi" dediyi Prezident Sarayına getməməyi mənasız prinsip məsələsinə çevirəsən. Prezident Administrasiyası hakimiyyətdən kimsənin yatıb-durduğu saray deyil. Eləcə də hakimiyyət təmsilçisinin də müxalifətin qərargahına getməsində də qeyri-adi heç nə yoxdur. Bu zehniyyəti dəyişmək lazımdır. Azərbaycan, onun hakimiyyəti də, müxalifəti də, saray və qərargahları da nəhayətdə, bizim, xalqındır. Bu quru divarlar arasında xalqın mənafeyi düşünülüb danışılmayacaqsa, quru divarların mahiyyəti dəyişməyəcək. Prezident Administrasiyasının şöbə müdiri səviyyəsində başlanan təmaslardan uzaqgedən nəticələr çıxarmaq əlbəttə ki, tezdir. Amma bu yalnız bir şöbə müdirinin təqdimatı və ya özünün verə biləcəyi qərar da deyil. Hakimiyyət özünü təcrid etmiş (və ya buna məcbur edilmiş) müxalifətin tutumunu bir daha sınamaq istəyir.

Diqqətçəkəndir ki, bu görüşlər parlament seçkilərindən dərhal sonra gerçəkləşir. Bu qüvvələr parlamentdə yer tuta bilməyib. (Realçı Erkin Qədirli istisna olmaqla).

Bu, həm də o anlama gəlir ki, iqtidar bu qüvvələri kənarda qoymaq, özlərini cəmiyyətdən təcrid olunmuş hiss etmələrini arzu etmir. Məlumdur ki, demokratik dəyərlərə üstünlük verən müxalifət cəmiyyətdən təcrid olunanda, onların yerini arzuedilməz qüvvələr tutmağa həvəslənir. İqtidarın onlara doğru atdığı addımı müxalifətin gələcəkdə necə dəyərləndirəcəyini demək tezdir, amma bu təmaslara dəstək lazımdır.

Real funksioneri Natiq Cəfərlinin verdiyi açıqlamadan belə anlaşıldı ki, sosial şəbəkədə yenə hay-küyçülər aranı qatıb, görüşə gedənləri az qala xəyanətdə günahlandırırlar. İndidən "onsuz da heç nə dəyişməyəcək" deyənlərə, bu narahat dünyada Azərbaycanı mənasız daxili çəkişmələrə cəlb etmək istəyənlərə fikir verməmək lazımdır. Azərbaycanın gələcəyi də gec-tez reallaşacaq bu normallaşma prosesindən çox asılıdır. Bunu hakimiyyət indilikdə müxalifətdən daha yaxşı başa düşür…

"Yeni Müsavat"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar