Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gültəkin Hacıbəyli Müsavat və REAL-ı bir-birinə qatıb - qarşıdurma güclənir

Milli Şuranın xanım üzvü iddia edir ki, seçkilərdə Müsavat 3, REAL 2 mandat alacaq...

Müsavat Partiyasının gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərarı əsasən AXCP-dən ibarət olan Milli Şuranın yuxusunu ərşə çəkib. Hər iki düşərgə sosial şəbəkələri “savaş meydanı”na çeviriblər.

Seçkiləri boykot edən Milli Şura hesab edir ki, Müsavat seçkilərə siyasi tapşırıq əsasında gedir, bir növ 9 fevrala legitimlik qazandıracaq. Müsavatın arqumenti isə daha diqqətçəkəndir. Partiya rəhbərliyi və tərəfdarları iddia edirlər ki, onları ittiham edən boykotçular indiyə qədər iqtidar daxilində müəyyən bir qrupun tapşırıqları əsasında fəaliyyət göstəriblər və həmin qrup hazırda “vurulmuş” hesab olunur.

Hadisələrin mərkəzində isə Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli dayanıb.

G.Hacıbəylinin statuslarına diqqət edək: “İstənilən addımı atarkən ilk öncə iki həlledici amili gözə alıram: 1. Daxili faktor, öz qərarımın düzgünlüyünə daxili əminlik, mənəvi və psixoloji məmnunluq. 2. Geniş anlamda xalqın (sosial şəbəkələr və onun dışında olanlar) münasibəti. Daxilən çox rahatam, Milli Şura seçkilərdə iştirak qərarı versəydi belə, mən ona qatılmayacaqdım. Ancaq dostlarımla böyük həmrəylik, yekdillik məni çox sevindirdi. Cəmiyyətdə fərqli yanaşmalar var, hörmətlə qarşılayıram. Sözün geniş mənasında xalq bu seçkiləri çoxdan boykot edib. Odur ki, hərə düz bildiyi yolla getsin, kimin haqlı olduğuna biz yox, əlahəzrət xalq və zaman qərar verəcək, cəmi iki ay sonra. Çalışaq, salamat qalaq”.

Bu statusun ardınca xanım funksioner Müsavatın keçmiş başqanı İsa Qəmbərə yönəlik bu statusu paylaşır: “Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat Partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. Birincisi, mən bu təklifə görə İsa bəyə bir daha təşəkkür edirəm, onu yüksək dəyərləndirirəm, çünki Müsavat Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazmış partiyanın adıdır. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda ”sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsi ilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səslə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir".

Bütün bunlar azmış kimi, G.Hacıbəyli bəyan edib ki, seçkidə Müsavat 3, REAL 2 mandat alacaq. Daha sonra Hacıbəyli hər iki partiyanı nüfuzsuz və zəif olmaqda suçlayıb. Bildirib ki, Müsavat qurultaydan və mühacir biznesinin ifşa olunmasından sonra faktiki nüfuzsuz təşkilata çevrilib, REAL isə sədr İlqar Məmmədovdan ibarət partiyadır. Bu durumda Milli Şura funksioneri onların seçkidə uğur qazana biləcəyini mümkünsüz görür.

Bununla bağlı REAL-ın icra katibi Natiq Cəfərli azvision.az-a açıqlamasında bildirib ki, Gültəkin Hacıbəylinin bu mövzuda danışmağa haqqı yoxdur: “Adam iki dəfə mandat alıb. Elə düşünür ki, Azərbaycanda hamı onun kimi mandat alıb, heç bir iş görməyə bilər. Yəni öz təcrübəsinə əsaslanaraq bunu deyir. Onu da qınamıram. Çünki həyatda başqa heç nə görməyib. Onun kimi nüfuzu, ciddi siyasi keçmişi olmayan bir insan parlamentə düşübsə, düşünür ki, hamı belə bir addım ata bilər. REAL Partiyası səs toplayıb, parlamentdə yer qazanmaq istəyir. Biz mandat almaq yox, qazanmaq istəyirik. Gültəkin xanım bu kateqoriyalarla düşünə bilmir. Çünki həyat təcrübəsi ona mandat qazanmaq haqqında düşünməyə imkan vermir”.

REAL Partiyasının nüfuzsuz, İlqar Məmmədovdan ibarət partiya olması ilə bağlı iddialara gəlincə, N.Cəfərli deyib ki, bu məsələdə Gültəkin Hacıbəyli həyatının son təcrübələrinə əsasən çıxış edir: “Bu gün təmsil olunduğu siyasi qurum bir nəfərdən ibarətdir. Gültəkin Hacıbəyli də o bir nəfərin ağzına baxır. Ona görə son dövrlərin şəxsi təcrübəsindən çıxış edir. REAL həmişə kollektiv kimliyi ilə tanınıb. Bu gün də bu belədir, sabah da belə olacaq. REAL Partiyasının sədri hətta həbsdə olan vaxtı təkliflər göndərib və onlar İdarə Heyətindən keçməyib. Gültəkin xanım barmağını qatlayıb, bircə fakt sadalaya bilməz ki, onun təmsil olunduğu Milli Şurada belə hal olub. Əslində Milli Şura yoxdur, AXCP var. Bu partiyanın liderinin hər hansı bir təklifinin keçmədiyi halı Gültəkin xanım söyləyə bilməz. Xatırlayıram ki, İlqar Məmmədovun 11 təklifi İdarə Heyətindən keçməyib. Bu gün də partiyada kollektiv qərar verilir. Bir sözlə, Gültəkin Hacıbəylinin açıqladığı fikirləri öz həyat təcrübəsinin güzgüdə əksi kimi təsəvvür etmək mümkündür”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə bu statusu paylaşıb: “Deyirlər, Gültəkin Hacıbəyli Müsavata, REAL-a və bəzi Vətəndaş Cəmiyyəti nümayəndələrinə mandat paylayırmış”. (Yeni Müsavat)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar