Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gücünü itirən demokratiyalar: Çin avtoritar rejimlərə ilham verir..

Pekinin uğur hekayəsi, xüsusilə Yaxın Şərqin bir çox ölkəsi üçün əvəzolunmaz ilham mənbəyidir. Buna görə, ABŞ daim Çinin demokratiyalar üçün təhdid olduğunu deyir...

Nurettin Akçay
“Independent” qəzeti, 25 avqust 2020-ci il

Yanvar ayının son günlərindən bəri bütün dünya qlobal bir virusla üz-üzədir və hər bir ölkə pandemiyanın qarşısını almaq üçün öz üsullarına uyğun şəkildə mübarizə aparır. Bəzi dövlətlərin ciddi məhdudiyyətlərlə virusun yayılmasının qarşısını almağa çalışdıqlarını, digərlərinin isə daha yumşaq tədbirlərə əl atdıqlarının şahidi olduq.

Bəziləri bu mübarizədə müvəffəq oldu, bəziləri isə hələ də böyük itkilər verməyə davam edir. Lakin pandemiya ilə mübarizədə dünya Çin və digərləri olmaqla iki yerə bölündü. Çin hər nə qədər pandemiyanın ilk günlərində göstərdiyi mövqeyə görə tənqidlərə layiq olsa da, virusun qarşısının alınmasında ciddi bir uğur əldə etdi və qısa müddət ərzində yoluxmaları sıfırlamağa nail oldu.

Beləliklə, avtoritar rejim demokratiyalar qarşısında qəti bir qələbə qazandı və bu da təbii olaraq yeni müzakirələrə səbəb oldu.

Çinin uğurlarından sonra bir çox insan Pekinin metodları ilə bağlı məqalələr yazdı. Bəlkə də, bu insanları Çin təbliğatçısı hesab edirsiniz, lakin Çində yaşayan və vəziyyəti yaxından izləyən bir insan olaraq deyə bilərəm ki, bu uğura öz təcrübəmlə şahid oldum. Çinin uğuru danılmaz bir həqiqətdir və bu vəziyyətin avtoritar və liberal rejimlər arasındakı bir mübarizəyə çevrilməsi də qaçınılmaz idi.

Pandemiya ilə mübarizədə demokratik rejimlərin uğursuz olması ilə bağlı geniş müzakirələr aparılıb. Bu səbəbdən, yenidən alovlanmış bu məsələni pandemiyadan asılı olmadan, Çinin uğurlarının avtoritar rejimlərə ilham verib verməməsi ilə bağlı olaraq müzakirə etmək istərdim.

Demokratiya ilə inkişaf arasındakı əlaqə

Çinin avtoritar rejimlər üçün ilham mənbəyi olduğuna dair mübahisələr uzun müddətdir danışılır və mübahisələr Çinin son 40 ildə artan iqtisadi inkişafına əsaslanır. Demokratiya iqtisadi inkişafın ilk şərti hesab olunduğu üçün də Çin nümunəsi burada fərqli bir yerdədir.

Əslində, inkişaf etmiş ölkələri araşdırdıqda iqtisadi inkişafla azadlıqlar arasında müsbət bir əlaqənin olduğunu görmək olar. Lakin “azadlıqlar iqtisadi inkişafın əsas şərtdirmi?” sualına cavab vermək o qədər də asan deyil.

Aydındır ki, demokratiya ilə inkişaf arasında birbaşa əlaqə varmış kimi görünsə də, konkret bir səbəb ortaya qoyulmayıb. Xüsusilə də Çin nümunəsinə baxdıqda bu görə bilərik.

Çinə keçməzdən əvvəl bilmək lazımdır ki, bu gün demokratik və inkişaf etmiş ölkələrin əksəriyyəti öz inkişaf proseslərini 18-19-cu əsrlərdə həyata keçiriblər. 18-19-cu əsrlərdə Avropa qul ticarəti və müstəmləkəçiliklə məşğul olur və işçilərlə fermerlərin üzərində bir təzyiq yaradırdı. Söz və seçki azadlığı yox idi. 19-cu əsrdə ABŞ-da işçilər gündə 14-16 saat işləməli idi və heç bir qadın səsvermə hüququna sahib deyildi.

Yaponiya bu prosesi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşayıb və bu müddət ərzində Yaponiyada qanlı və militarist bir hakimiyyət mövcud idi. Cənubi Koreya bu prosesi 1970-ci illərdə Park Çan-Hi kimi bir diktatorun hakimiyyəti altında başa çatdırmışdı. Sinqapur Li Kuan Yunun, Tayvan isə Çan Çin Kuonun diktaturası altında idi. Qısaca, bu gün gördüyünüz inkişaf etmiş ölkələrin hamısı iqtisadi inkişaf həmlələri edərkən çox da demokratik bir rejimə sahib deyildilər.

Çin isə hazırda demokratiya ilə idarə olunmur və ictimai sahədə partiya rəhbərliyini tənqid etmək də mümkün deyil. Lakin buna baxmayaraq, iqtisadi inkişafı və artımı bütün dünyada həsədlə izlənilir.

Çinin ÜDM-si 1978-ci ildə 158 milyard dollar olarkən, 2018-ci ildə 13,1 trilyon səviyyəsinə çataraq dünyada ikinci böyük iqtisadiyyata çevrilib. Çinin dünya iqtisadiyyatındakı payı bu dövrdə 1,8%-dən 15%-ə yüksəlib. Bu gün Çin dünyanın ən böyük istehsalçısı, ixracatçısıdır, ən çox xarici sərmayə alan ikinci ölkəsi və ən böyük valyuta ehtiyatına sahib ölkəsidir.

Bir sözlə, demokratiya ilə idarə olunmayan, lakin dünya iqtisadiyyatında sürətlə hakim olan bir ölkə ilə üz-üzəyik. Digər tərəfdən, iqtisadi resursların ədalətli paylanması da avtoritar rejimlər üçün daha bir tənqid məsələsidir. Çünki avtoritar rejimlərdə gücə az sayda insanın əlində cəmləşdiyi üçün iqtisadi resursların da daha az insana çatacağı nəzərdə tutulur. Lakin Çinin bu barədə də uğurlu bir hekayəsi var. Bölgələr arasındakı gəlir fərqi Çində hələ də ciddi bir problem olsa da, Pekin hökumətinin yoxsulluğun azaldılması ilə bağlı proqramı iqtisadi resursların daha çox insana çatması baxımından dünyaya yeni bir model təqdim edir.

1990-cı ildə Çin əhalisinin 61%-i yoxsulluq həddindəydi. 2002-ci ilə bu rəqəm 30%-ə qədər azaldı və 2015-ci ildə çinlilərin yalnız 4%-i yoxsulluq həddində yaşayırdı. 2019-cu ildə isə kənd yerlərində yoxsulluq səviyyəsi artıq 0,4%-ə düşüb. Əlbəttə ki, hələ də milyonlarla çinli yoxsulluqla mübarizə aparır, lakin Çinin hədəfi qarşıdakı dövrdə bu nisbəti ilə sıfırlamaqdır.

Burada bir məsələni də qeyd etməliyik ki, Çində yoxsulluq həddi ildə 2300 yuan təşkil edir və 100 milyonlarla insan bu həddi keçdiyi üçün yoxsulluq səviyyəsindən yuxarıda yaşayırmış kimi görünür. Əslində isə Çinin Baş naziri Li Kecan daha əvvəl ölkədəki 600 milyon insanın ayda 1000 yuandan (143 dollar) az qazandığını bildirmişdi. Bu səbəbdən, Çində yoxsulluqla mübarizə mövzusunda uzun müddət müzakirələr aparılmalıdır.

Lakin bütün bunlara baxmayaraq, Pekinin yoxsulluq və korrupsiya ilə mübarizə üçün müəyyən səylər göstərdiyini asanlıqla görə bilərik. Bu, Çinin daha çox insana çatmaq məsələsində digər avtoritar rejimlərdən fərqləndiyini göstərir.

Çinin akademik uğurları

Digər bir məsələ isə azadlıqla akademik uğurlar arasındakı əlaqədir. Bildiyiniz kimi, elmi biliklərin istehsalında və akademik uğurların təmin edilməsində universitetlərin konstitusional olaraq heç bir təsirə məruz qalmadan, müstəqil fəaliyyət göstərmələri çox vacib bir məsələdir. ABŞAvropadakı bir çox universitetin uğurlu olmasının əsas səbəblərindən biri də buradakı hökumətlərin akademik azadıq məsələsinə olan həssaslığıdır. Ancaq Çin bu mövzuda da qarşımızda fərqli bir model qoyur.

Çin universitetlərə dövlət nəzarətinin ən sıx olduğu ölkələrdən biridir. Hər universitetdə bir partiya nümayəndəsi var və hər universitet partiyanın ciddi nəzarəti altındadır. Bildiyimiz kimi, pandemiya dövründə dövlət razılığı olmadan virusun mənbəyi ilə bağlı araşdırma aparmaq mümkün deyildi.

Digər tərəfdən, bir çox universitet partiyaya olan sədaqətini bəyan edərkən Çinin və hətta dünyanın ən yaxşı universitetlərindən biri olan Fudan Universiteti (dünyanın ən yaxşı 100 universiteti arasındadır) keçən il öz nizamnaməsindən fikir azadlığı ifadəsini sildiyini elan edib. Əslində, yalnız Fudan Universitetinin deyil, Çinin bir çox universitetinin də nizamnamələrini dəyişdirdiyi məlumdur. Bu vəziyyətdə akademik uğurları olmayan, dünya sıralamasında geridə qalan universitetlərin qarşımıza çıxmasını gözləyirik, amma vəziyyət tam əksinədir. Çinin 49 universiteti dünyanın ən yaxşı 400 universiteti sırasındadır. İlk 50-də 2, ilk 100-də 6, ilk 1000-də isə 144 universiteti var.

Çin yenə də 2017-ci ildə ABŞ-ı üstələyib və dünyada ən çox elmi nəşrləri olan ölkəyə çevrilib. Elmi nəşrlərin sayı universitetlərin akademik uğurlarını göstərmək üçün kifayət etməsə də, Çinin ən çox istinad edilən nəşrlər siyahısında sürətlə artdığını görürük. Çin indi elmi nəşrlərinə ən çox istinad edilən ölkələr siyahısında 5-ci yerdədir.

Nəticədə, Çin son 40 ildə iqtisadiyyatdan təhsilə, texnologiyadan səhiyyəyə qədər hər sahədə artan bir ölkədir. Bunu edərkən müəyyən meyarlara uyğun olaraq dünyaya uyğunlaşmağa və sistem daxilində hərəkət etməyə də çalışdı. Lakin heç vaxt təkpartiyalı rejimdən və partiyanın üstünlüyündən də imtina etmədi.

İndi Çinin hekayəsi dünyanın bir çox avtoritar və ya rəqabətçi avtoritar rejimləri tərəfindən yaxından izlənilir. Pekinin uğur hekayəsi, xüsusilə Yaxın Şərqin bir çox ölkəsi üçün əvəzolunmaz ilham mənbəyidir. Buna görə, ABŞ daim Çinin demokratiyalar üçün təhdid olduğunu deyir. Pompeo isə getdiyi hər ölkədə demokratiya ilə tiranlıq arasında bir seçim edilməli olduğunu vurğulayır.

Xülasə, bu mənzərəyə baxdıqda düşünə bilərik ki, bəlkə də, müasir dünya Fukuyamanın dediyi kimi “Tarixin sonu”nu yaşamır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar