Alimlər bildirir ki, xəstəliksiz orta insan ömrü önəmli dərəcədə uzadıla bilər. Həmçinin, bu tətbiq uşaqlarına genetik xəstəlik keçirmək riski daşıyan valideyinlərə də kömək olacaq...
Sarah Young
“The Independent” qəzeti, 20 noyabr 2019-cu il
Yeni çıxan bir araşdırma yazısına görə, genetikası dizayn edilmiş körpələrin yaradılmasına 2 il ərzində start verilə bilər.
İsveçin Dundee şəhərindəki “Abertay” Universitetindən bioetika mütəxəssisi Dr. Kevin Smit yayımladığı bir analizdə qeyd edib ki, gen dizaynının insan embrionları ilə birgə istifadə edilməsi hal-hazırda az risk daşıyır. Smit genetikası dizayn edilmiş körpələr yaratmağın həm etik cəhətdən doğru olduğunu, həm də çox tələb edildiyini bildirib və əlavə edib ki, sözügedən texnika genetikası dəyişdirilmiş insanların yaradılmasında inqilabi təsirlər ortaya çıxaracaq.
“Bioethics” adlı elmi jurnalda yer alan məqalədə Dr. Smit qeyd edib ki, bu sahədəki araşdırma gələcəkdə uşaqlarına ciddi genetik xəstəliklər keçirmək riski daşıyan valideynlərə kömək olacaq.
Dr. Smit: “İnsanların mikrob xətti mükəmməl deyil və təkamül bizi sonrakı yaşlarda üzə çıxan ürək-damar xəstəlikləri, xərçəng və yaddaş pozuqluğu kimi xəstəliklərdən qorumaq üçün minimal imkanlar yaradır. Genetikanı dəyişdirmə texnikaları isə insanları bunlardan və digər bir çox xəstəliklərdən qorumağa şərait yaradacaq.
Bunun daha əvvəl heyvanlar üzərində təcrübə edildiyini və müəyyən qədər nəticə əldə edildiyini bildirən Dr. Smit qeyd edir ki, genetikası dəyişdirilmiş insanlar sayəsində bir çox xəstəliklərin qarşısı alına və ya gecikdirilə bilər, bununla da orta insam ömrü ciddi şəkildə uzana bilər. Universitetin biotibbi elm dərslərinin proqram rəhbəri olan Dr. Smit xəbərdarlıq edir ki, xalqın güvəni qazanılacaqsa, bütün proseslərin mərkəzində etik bir yanaşma dayanmalıdır.
“Cəmiyyət, əsasən, genetikası dəyişdirilmiş insanlara qarşı çıxır. Keçən il Çində etik baxımdan problemli olan, ilk dəfə genetikası dəyişdirilmiş körpələrin yaradılması nəticəsində layihə barədə mənfi fikirlər yarandı və bu, bir çox genetik və etika mütəxəssisi tərəfindən qınanıldı. Həmçinin, “genetikası dizayn edilmiş körpələr”in yaradılmasına qarşı mövqeni sərtləşdirdi. Lakin genetik xəstəlikləri azalda biləcəyimiz bir dünya üçün etik və lazımlı olan bir addımı gecikdirərək xəstəliklərdən və şikəst edən problemlərdən əziyyət çəkən insanları ortada qoymuş oluruq.
Bu prosesi süni mayalandırma ilə müqayisə edən Dr. Smit deyir ki, əgər 1970-ci illərdə biotibbi innovasiyaya təzyiqlər göstərilsəydi, bu proses və süni mayalandırma ciddi şəkildə gecikəcək və heç bir zaman da nəticə verə bilməyəcəkdi.
HİV virusuna qarşı immunitet qazanmaları üçün genetikası dəyişdirilmiş ilk körpələr keçən il Çində dünyaya gəldi.
Bir çox ölkədə qadağan olunmuş bu araşdırmada Professor He Jiankui deyir ki, komandası ilə birlikdə doğuş müalicəsi alan 7 cütlüyün embrionlarını dəyişdirib. Bu müalicədən sonra hamiləlik uğurlu keçib və alimlərin iddiasına görə, HİV virusuna qarşı anadangəlmə immunitet sahibi olan əkiz qızlar dünyaya gəlmişdi.
Böyük bir kütlə tərəfindən tənqidlərə məruz qalan bu araşdırmanı bəziləri “canavar” insan təcrübəsi adlandırıb.
Bu məqalə tibbi-etik jurnal olan “Bioethics”də yer alıb.
Tərcümə PİA.az-ındır.
Fatimə ƏLİYEVA
pia.az