Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc startapçı: Azərbaycanda bir milyardlıq layihə yaradacağam - Video

Onlar startapla məşğul olmaq istəyənlərin Azərbaycanda dəstəkçiləridir

Startapın yaranması üçün gələcək startapçıları hər şeylə təmin edib, beynəlxalq yarışlarda iştirakını təmin edir, yol göstərir, əlaqələr qururlar. Söhbət “Social İnnovation Lab”ın Azərbaycandakı nümayəndələrindən gedir.

“Social İnnovation Lab”ın Azərbaycandakı təsisçisi və direktoru Cəsur Həsənovla müsahibəni təqdim edirik:

- Cəsur bəy, əvvəl nə ilə məşğul olurdunuz və indi nə ilə məşğulsunuz?

- Kompüter mühəndisliyi üzrə bakalavr təhsili alandan sonra İT işləri - komanda ilə vebsayt, tətbiqetmələr yığmaqla məşğul oldum. Malayziyada magistratura oxumağa başlayanda işləməyə də başladım. Sonra düşündüm ki, hamıya kod yazırıq, özümüzə də yazaq.

İlk startapım hər şeyin pulsuz olmasına əsaslanırdı. Məsələn, sizə mikrofon lazımdır, orada kimsə qeyd edir ki, mikrofonum var, pulsuz verə bilərəm, başqa biri deyir ki, mikrofonum var, amma işlətmirəm, verə bilərəm.

Malayziyada təhsil aldığım üç il ərzində çox şey öyrəndim. Azərbaycanı da izləyirdim ki, nə işlər görülür. Düşündüm ki, öyrəndiklərim Azərbaycanda insanlara fayda verə bilər, proqram elan etdim. Maraq çox oldu. Sonra Qafqaz Universitetinin Texnoparkında fəaliyyət göstərməyə başladım, ofis götürüb adını “Social İnnovation Lab” (“Sil.”) qoyduq.

- Xarici ölkələrdə qazandığınız təcrübəyə əsasən, Azərbaycanda startap sahəsində hansı boşluqlar, çatışmazlıqlar görürsünüz?

- Startap biznesdir. Startapçılar bu işə başlayanda pul xərcləmək istəmirlər, deyirlər ki, ideyam var, pul verin, biznes qurum. İnvestisiya cəlb etmək normaldır, amma investora maraqlıdır ki, bundan əvvəl siz öz biznesinizə nəsə xərcləmisiniz, yoxsa gəlmisiniz ki, ideyam var, mənə pul ver.

Əgər startapçı biznesinə resurslarını xərcələmirsə, onu heç kim ciddi qəbul etməyəcək.

“Social İnnovation Lab”a görə heç kim mənə pul verməyib ki, yaxşı ideyan var, bu pulu götür, pul qazan. İndi amma pul qazanırıq: müştərilərimiz bizə pul verir.

Beş nəfərlik komanda qururlar: ideya müəllifi, ideya müəllifinin müavini... Mobil tətbiq qurmaq istəyirlər, komandada ondan başı çıxan heç kim yoxdur. Komandanı düzgün qurmaq, düzgün insanları cəlb etmək lazımdır. Vaxtında inandırdığım və mənlə pulsuz işləyənlər indi mənlə həmtəsisçidirlər.

Vacib deyil ki, pul qazanmağa inandırasınız, deyə bilərsiniz ki, “ideyam gerçəkləşsə, Azərbaycanda yüzlərlə startapçılar meydana çıxacaq. Sizə də maraqlıdırsa, gəlin, könüllü işləyin”. Ya könüllü olmağa razılaşdırmalısınız, ya da pulla cəlb etməlisiniz.

İdeyaları olur, üç-beş qapı döyürlər, sonra deyirlər ki, alınmır, mənlik deyil. 10 aydır şirkət kimi fəaliyyət göstəririk. Əvvəllər isə eniş-yoxuşlar - pul qazandığımız, qazanmadığımız vaxtlar olub. Startap quranda 1 il yarım, 2 il onun üzərində işləmək lazımdır, bir neçə aya əsasən qərar vermək düzgün deyil.

2018-ci ilin əvvəllərində Azərbaycanda ən qabaqcıl startapı seçirdik, sorğuda insanlar özlərinin və digərlərinin startaplarını qeyd etdilər. O siyahı hələ də “Facebook”dadır, indi baxıram, oradakıların 80 faizi yoxdur, işləmir. Bu, normaldır, amma həm də pisdir ki, startapçılar işlərinin üzərində kifayət qədər uzun müddət işləmirlər.

- Sizi maliyyələşdirən var?

- Bizi maliyyələşdirən yoxdur. Azərbaycandakı innovasiya mərkəzlərinin əksəriyyətindən fərqli olaraq, biz biznesik və servislərimizlə pul qazanırıq. Təsəvvür edin ki, startapçılara pul qazanmağı öyrədirik, amma özümüz pul qazanmırıq, başqası tərəfindən maliyyələşiriksə, onda öyrətməyimiz nə dərəcədə inandırıcı olar?

- Nə kimi çətinlikləriniz olub?

- Hər startapın biznes modeli olur: müştəri seqmenti, ödənişin miqdarı, reklamı harada etmək lazım olduğu, xərclər. Biz onu bir il yarıma müəyyənləşdirmişik. Bir çox modelləri yoxlamışıq, alınmayanlar olub.

- Xaricdə bu sahə üzrə çox bilgi toplamısınız, Azərbaycanda startapla bağlı dərslər vermisiniz?

- Azərbaycana gəldiyim ikinci həftədən etibarən keçmiş Qafqaz Universitetində sahibkarlığın əsasları dərsini tədris etdim. Bundan əlavə də bununla bağlı təlimlər keçirəm.

- Startapçı kimi motivasiyanı nədən alırsınız?

- Heç kimin başa düşmədiyi ideyaları olan gəncləri dəstəkləyib, sonra onların uğurlarını görməkdən.

- Azərbaycanda startapın gələcəyini necə görürsünüz?

- Hələ ki başlanğıcdayıq, buna görə də çox geridəyik. Startapların, ağıllı bizneslərin, texnoloji inkişafın istehsal və ixracının olmaması bizə hələ təsir etmir. 15-20 il sonra startap, innovasiya, texnologiya ilə bağlı məsələlər lazım olacaq. İndi innovasiya laboratoriyaları çoxalmasa, gələcəkdə vəziyyət yaxşı olmaya bilər. Gələcək bu gün individual insanlar olaraq bizim gördüyümüz işlərdən asılıdır. Bu yayılsa, insanlar biznes qurmaq, texnologiyalar yaratmaq istəsələr, vəziyyət düzələ bilər.

- Gələcək üçün planlarınız nələrdir?

- Əvvəllər bizdə startapçılara maliyyə verən İKT fondu vardı. Gürcüstanda bənzər fond var, hər il 20-yə yaxın startapa 35 min dollar verirlər. Pulları boşa getsə də, uğursuzluqla rastlaşsalar da, bunu normal qarşılayırlar, davam edirlər. Biz də 5-10 il uğursuz olacağını bilərək fond qurmaq istəyirik. Çünki maliyyəyə ilişib, irəli gedə bilməyənlər var. Startaplara maliyyə qoyan xarici akselerasiya gətirməyi düşünürük.

Ambisiyasımız isə 2025-ci ilə qədər Azərbaycanda bir milyard dəyərlik startap yaratmaqdır. İldə 50 startapı dəstəkləyirik.

- Gənclərə sözünüz...

- Heç kim gözləməsin ki, startap qurub, bir il sonra “partladacağam”. Pul qazanmaq asan iş deyil, İki il sonra qazana bilərsiniz, bunu əvvəldən bilmək lazımdır.

İdeya yox, problem axtarmaq lazımdır. İdeya yoxdur, problem var. Bu, insanların, şirkətlərin, dövlətin problemi ola bilər. Bu problemi necə həll etmək, hansısa prosesi necə daha ucuz, daha effektiv, sürətli etmək olar deyə düşünmək lazımdır. Məsələn, zavodda hansısa prosesdə 100 məhsuldan beşi qüsurlu çıxır, necə etmək olar ki, beşi yox, üçü qüsurlu çıxsın və ya heç qüsurlu çıxmasın?

Düzgün komanda qursunlar və ya özləri prosesləri öyrənsinlər. Bunun üçün o sahəni oxumağa ehtiyac yoxdur, internetdə hər şey var. İngilis dilini bilmək mütləqdir. O, startapın dilidir. Ümumiyyətlə, ingilis dilini bilmirsinizsə, 20 ildən sonra işiniz çətindir deməkdir.

Hər kəs nəsə öyrənir, bilmədiyinizi bilənlərdən öyrənin və öz pulunuzu xərcləyin. (Oxu.az)

pia.az

Fotolar




Etiket: startap

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar