Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy xanədanının hökmdarı


Başımız manıs-müğənni söhbətlərinə qarışdı, ölkənin gündəminə oturacaq məsələlərdən biri tamamilə yaddan çıxdı, nə sosial şəbəkələrdə, nə də peşəkar mediada müzakirə olunmadı


Söhbət ölkənin qərbində yerləşən bir rayonun icra hakimiyyəti başçısının özünü ayrıca götürülmüş bir cırtdan dövlətin hökmdarı kimi aparmasından gedir.

Rayonun adı - Gədəbəy, başçının ad-soyadı - Ramiz Yediyarov.

Bu rayon inzibati baxımdan Azərbaycan Respublikasına tabedir. Ancaq onun başçısının hərəkətlərinə baxanda hiss olunur ki, bu, formal xarakter daşıyır, sanki Gədəbəy artıq öz müstəqilliyini elan edib, Lüksemburq kimi knyazlığa və ya Andorra kimi kiçik respublikaya dönüb.

Nədən ki, bu rayonda Azərbaycan Respublikasının qanunları işləmir. Yediyarov hesab edir ki, Gədəbəydə şah da odur, hakim də, dağlar da onundur, fərman da.

Bu günlərdə əməkdaşımız o rayonda olmuş, geniş materiallar hazırlamış, fotoşəkillər və videogörüntülər çəkmişdi.

Bəlkə də reportyorumuz sadəcə yazı materialı hazırlamaqla kifayətlənsəydi, oxucular, əlaqədar instansiyalar hesab edərdilər ki, burada şişirtmə, təhrif var.

Ancaq videomaterialda aydınca görünür ki, İH başçısı sahibkarın ticarət obyektinin önünü necə hasarlayıb, tikdirməkdə olduğu evi necə dağıtdırıb, insanlar yola çıxmaqdan ötrü hasara nə cür dırmaşmağa məcbur olurlar.

Dünyanın harasıdır, hansı zamandır ki, bir İH başçısı “mənim kefim belə istəyir, bu rayonun ağası mənəm, mən necə istəyirəm, elə olmalıdır” deyə, qanunsuz tələblər irəli sürə, öz dağıdıcı iradəsini yeridə bilir?

Anladıq, adamın əlinin üstündə əl yoxdur, rayonu ona tapşırıblar, pisi də ondan soruşulur, yaxşısı da. Bəs bu dərə-zoru adama nəzarət olunmurmu? Ondan gələn bu kimi siqnallara reaksiya verilmirmi?

Tutaq ki, bir sahibkar, müəllim, adi adam hansısa məclisdə İH başçısının qabağına qaçmayıb, onunla ikiəlli, belibükük vəziyyətdə görüşməyib, demək, bu adam o rayondan sürgün olunmalıdır?

Bu, nə idarəçilikdir, bu, nə ədalətdir? Bu adam o ixtiyarı hardan alıb ki, camaatın çörək ağacının kökünü qurutsun, özünü rayondan didərgin salsın, həbs etdirməklə, içəridə çürütdürməklə hədələsin?

Bunları Bruney sultanı edə bilər, 500 il əvvəlin xanədanlığı kimi bir şeydir, nə BMT tanıyır, nə ATƏT, nə AŞ, nə beynəlxalq qurumlar. Amma demokratiyaya keçid dövrü yaşayan, idarə edənləri seçki yolu ilə müəyyənləşən bir ölkədə heç kəsin “burda mənəm, Bağdadda kor xəlifə” ədası sərgiləmək lüksü yoxdur.

Yediyarovdan əvvəl də bu kimi hərəkət edən İH başçıları olub. Hələ də var. Az qala hər iki rayondan birinin başçısı bu gündə, bu ədadır.

Onlar hesab edirlər ki, bir rayonu yaxşı idarə etməyin ən etibarlı yolu, şəriksiz hökmran, xan olmaqdır.

5-6 il əvvəl Qubanın İH başçısı Rauf Həbibov da belə edirdi, sonda gördük, adamı bir səfeh cümləsinə görə necə hoydu-hoyduya götürdülər. Çünki o ifadə bardağı daşıran son damla olmuşdu. Bundan əvvəl Həbibov bənzər hərəkətləri ilə camaatın səbir kasasını ləbələb doldurmuşdu.
4-5 il əvvəl İsmayıllıda baş verənləri xatırlayaq. İH başçısı olan əmisinə güvənən harın gənc yerli camaatı təhqir etdi, bütün rayonu özünün, nəslinin əleyhinə qaldırdı, nəticədə atasının da, əmisinin də siyasi karyerasını baltaladı.

Belə hərəkətlərin, “gedin, kimə istəyirsiniz, şikayət edin” tövrünün, “mən deyən olmalıdır” amiranəliyinin, “hamısı mənim” deyə hər şeyə sahib olmaq tamahkarlığının sonu yoxdur.

Bu cür şikayətlər, narazılıqlar kor balta kimidir, vuracaqlar, vuracaqlar və bir gün kəsəcək. Bir axşam AzTV-nin xəbərlər bülletenində belə bir xəbər oxunacaq: “Yediyarov Ramiz Qəni oğlu işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub”.

Hamı da bilir ki, iş bununla yekunlaşmır. İşdən götürülən tamahkar məmurların hansısa işə görə cinayət məsuliyyətinə cəlb edilməsi, bu minvalla onun topladığı sərvətini əlindən alınması proseduru başlanır.

Gələcəkdə bu işdə əsas fiqurant olacaq şəxslər də indidən bəllidir. Bunlar Yediyarovun zülmünə məruz qalan sahibkarlar, sıravi adamlardır.

Sonra onlar haqqını tələb edəndə bəziləri ağız büzəcəklər, “sabiq İH başçısının üzünə dururlar” deyəcəklər.

Amma onlar elə indidən də üzə dururlar, haqlarını müdafiə edirlər.

Bu mövzunu müzakirə etmək lazımdır, insanlar “haqq-ədalət” deyə bağıra-bağıra qalıb. Yoxsa gitaralı oğlanın “ayəə” deyə bağırtısında dərin fəlsəfi məna axtarmağın yeri yoxdur.(musavat.com)



 Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar