Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

Hökuməti fövqəladə vəziyyət elan etməyə sövq edən situasiyalar hansılardır? ...

COVİD 19 virusunun qlobal təhlükəsi getdikcə daha geniş yayılmaqdadır. Ölkələr pandemiyanın qarşısının alınması, virusun lokallaşdırılması üçün mərhələli tədbirlər görsələr də müsbət nəticələr əldə edilməmişdir. Bir çox dövlətlər fövqəladə vəziyyət rejimi elan etmişdir.

Amerika, İspaniya, İtaliya, Fransa, Macarıstan, Çexiya və s. ölkələr fövqəladə rejim şərtləri daxilində insanların hərəkətlərinə nəzarət etməyə çalışır. Fövqəladə rejim həm də hökumətləri pandemiyaya qarşı mübarizədə maliyyə imkanlarını səfərbər etməyə, yerində yerində oxlamaların aparılması, daxili qaydaların sərtləşdirilməsi ilə vətəndaşların hərəkətinin minimuma endirilməsi, koronovirusdan ölənlərin xüsusi rejimdə dəfn edilməsi, ictimai qaydaları nəzarətdə saxlamaq və. s məsələləri özündə ehtiva edir.

Ümumiyyətlə ictimai qaydanı ciddi şəkildə pozan hadisələrin göstəriciləri olan faktlar sırasına bunlar daxildir: fövqəladə vəziyyətin elan olunması; beynəlxalq humanitar hüququn pozuntuları, o cümlədən hərbi cinayətlər; terror aktları; çoxlu sayda insanın öldürülməsi, xəsarət alması və ya didərgin düşməsi; məktəblərin qapadılması; ərzağın, tibbi yardım xidmətlərinin və zəruri ehtiyatların çatışmaması; su, elektrik təchizatı və sanitariya xidmətləri kimi həyati əhəmiyyətli xidmətlərin olmaması; dövlət qurumlarının və xidmətlərinin sıradan çıxması;

Hökuməti fövqəladə vəziyyət elan etməyə sövq edən situasiyalar ictimai qaydanın ciddi şəkildə pozulduğuna dəlalət edən mühüm göstəricisi sayılsa da zəruri göstərici deyil, amma bununla belə, hər bir situasiya fərdi qaydada qiymətləndirilməlidir.

Fövqəladə vəziyyət nədir? Bu elə bir xüsusi rejimdir ki, bununla insanların hüquq və azadlıqları, onların mənafeləri müəyyən edilmiş qaydada məhdudlaşdırılır və onların üzərinə əlavə vəzifələr qoyulur və bu fəaliyyət tənzimlənir.

İnsan hüquqlarına dair müvafiq beynəlxalq müqavilələrin iştirakçısı olan dövlətlər millətin həyatını təhdid edən fövqəladə hallar zamanı məhdud sayda bəzi insan hüquqları ilə bağlı öhdəliklərindən geri çəkilə bilərlər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 15-ci maddəsinə əsasən müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.

Fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz.

Göstərilən müddət bitdikdən sonra fövqəladə vəziyyətin qüvvədə olma müddəti bitmiş hesab olunur. Bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti fövqəladə vəziyyətin tətbiqi üçün nəzərdə tutulmuş tələblərə riayət olunmaqla 60 gündən çox olmayan müddətə artırıla bilər.

Fövqəladə vəziyyət zamanı həyata keçirilən tədbirlər və məhdudiyyətlərdən aşağıdakıları xüsusilə qeyd etmək zəruridir:

vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;

ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;

gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;

yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;

nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması;

komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanılması;

stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərtilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;

karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;

dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;

Qeyd edilməlidir ki, fövqəladə vəziyyət rejimin tələblərinin pozulmasını inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Həmçinin onu da qeyd edim ki, fövqəladə vəziyyətin ciddiliyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də xüsusi olaraq təsbit edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qanuna görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələbinə əsasən cinayətin fövqəladə və ya hərbi vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hallardır.

Ölkəmizdə ciddi karantin rejiminin tətbiqinə başlanılmışdır. Rayon və şəhərlərarası nəqliyyat vasitələrinin hərəkətinə, ictimai yerlərin fəaliyyətinə, insanların bir yerə toplaşmsına, 65 yaşdan yuxarı insanların evdən bayıra çıxmasına və.s qanunvericiliyin tələbləri ilə məhdudiyyətlər qoyulmuşdur. Mart ayının əvvəllərindən tətbiq edilən məhdudiyyətlər virusun qarşısının alınmasında müəyyən rol oynasa da, regionlara yayılmasının, yoluxmanın genişlənməsinin, tələb olunan sanitar gigiyenik və digər qaydaların insanlar tərəfindən pozulmasının qarşısını yetərincə ala bilməmişdir. Belə bir hal ölkə ərazisində daha sərt tədbirlərin həyata keçirilməsi, fövqəladə rejimin tətbiq edilməsi üçün ciddi reallıqlar yaradır. Ümid edək ki, dövlətin gördüyü preventiv tədbirlər virusun lokallaşdırılmasında və pik həddinin tez bir müddətdə aşılmasında xalqımıza yardımçı olacaq. Hazır olaq, evdə qalaq, yoluxdurmayaq.

Nicat Nağıyev

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar