Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Yusifov: “Bir gün bu şəhər çökəcək, onu bu qədər yükləməyin!”

Bu günün dərdi, sabahın isə faciəsi - Bakının eybəcər hala düşmüş tikinti problemləri...

“Bir para məmur tayfası sanki məqsədyönlü şəkildə Bakı şəhərinin iflic hala düşməsinə canı-dildən çalışır”.

Bu sözləri paytaxt Bakının həddindən artıq yüklənməsini PİA.az-a şərh edərkən iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Bakıda son 20 ildə tikilən yeni çoxmərtəbəli binalar şəhərdə sıxlıq və ağırlıq yaradıb. Hazırda istər şəhərin mərkəzində, istərsə də şəhər kənarlarında bu problem özünü göstərməkdədir. Xüsusən də avtomobillərin onsuz da dar olan küçələdə və məhəllərdə park edilməsi bu problemi günü-gündən ağırlaşdırır. Bakıda hər il avtomobil sayının 10 minlələ artması da bu problemin həllini imkansız hala gətirməkdədir. Buna baxmayaraq Bakıda qanuna zidd olaraq bir hektar sahədə bir neçə çoxmərtəbəli binanın tikilməsinə icazə verilir ki, həmin icazələri verən məmurları heç anlamaq olmur. Anlamaq olmur ki, yüz minlərlə insanın bir neçə hektar ərazidə yaşamasına imkan yaradan məmurlar sabah bu problemləri necə həll edəcəklər?

Əsində o məmurlar “sabah mən olmayacam” prinsipi ilə davranırlar və bir qayda olaraq həmin icazələr də qanunsuz qazanc naminə verilir. Amma bütün bu xaosun sabah Bakıda hansı problemləri yaradacağını da bu gün heç kim düşünmək istəmir. Əslində isə problemi artıq yaşayırıq və bu problem hər gün daha da dərinləşir.

PİA.az-ın əməkdaşı hazırda yaşadığımız, sabah isə bütöv bir şəhərin faciəsinə çevriləcək mövzunu sabiq nazir Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Kimlərdir ölkə Prezidentinin müəyyən etdiyi qaydaları belə kobud şəkildə çeynəyənlər?”.

Bakının həddindən artıq yüklənməsinin faciə yaratdığını qeyd edən professor Fikrət Yusifov PİA.az-a açıqlamasında qeyd edib ki, bu qədər binaların şəhərin mərkəzində bir birinin içində, eybəcər bir formada tikilməsinin yaxın gələcəkdə ağır nəticələri olacaq:

Abşeron yarımadasının və burada yerləşən paytaxt Bakı şəhərinin hədsiz dərəcədə yüklənməsi haqqında demək olar ki, danışmayan yoxdur. Bu yarımadanın bu qədər yüklənməsi bizə nə vəd edir? Bir para məmur tayfası sanki məqsədyönlü şəkildə Bakı şəhərinin iflic hala düşməsinə canı-dildən çalışır.

Son illər ərzində az qala bir birinə bitişik şəkildə, yağışdan sonra göbələk kimi yüksəldilən hündürmərtəbəli binaların hər birində ortalama bir kənddə olan evlərin sayı qədər mənzillər varsa, bunun yaxın gələcəkdə paytaxtımıza nə vəd etdiyini anlamaq o qədər də çətin deyil. Hər il ölkəyə xaricdən alınıb gətirilən avtomobillərin sayının 40-50 min ətrafında olduğunu və yeni avtomobillərin 90%-ə qədərinin məhz Bakı şəhəri daxil, Abşeron yarımadasının payına düşdüyünü nəzərə alsaq, bir neçə ildən sonra paytaxtda nəqliyyatın hərəkətinin necə olacağını təsəvvür edirsinizmi?

Şamil Əzizbəyov və Salatın Əsgərova küçələrinin arasında olan binalar.

Bakıda nəqliyyatın hərəkətində onsuz da ciddi problemlər mövcuddur, bu gedişlə şəhər bir neçə ildən sonra sadəcə olaraq dayanacaq! Görəsən bütün bu gerçəklər aidiyyatı qurumları narahat edirmi? Edirsə necə olur ki, yeni tikinti qaydalarına görə çoxmərtəbəli binaların tikildiyi ərazinin maksimum 40%-nin tikinti altında olması, qalan ərazinin isə yaşıllıq, parklanma və s. ehtiyaclar üçün istifadə edilə biləcəyi kimi tələblər ortada olduğu halda, Bakı şəhərinin göbəyində, Şamil Əzizbəyov və Salatın Əsgərova küçələrinin əhatəsində (keçmiş Təzə bazarın yaxınlığında) yerləşən 2 hektara qədər ərazidə son iki ildə ucaldılmış 20-dən artıq 15-18 mərtəbəli binaların tikintisinə (şəhərdə belə nümunələr kifayət qədərdir) kimlər icazə verib?

Fikrət Yusifov: “Mən bu binaları tikənlərə səslənmirəm. Görünən budur ki, onlar pul qazanmaq xatirinə vicdanlarını çoxdan hərraca qoyublar…”.

Axı yeni qaydalarla bu qədər ərazidə cəmi bir neçə bina tikilə bilərdi. Kimlərdir ölkə Prezidentinin müəyyən etdiyi qaydaları belə kobud şəkildə çeynəyənlər?

Bu adamlar anlayırlarmı ki, bu qədər binaların şəhərin mərkəzində bir birinin içində, eybəcər bir formada tikilməsinin yaxın gələcəkdə hansı fəsadları olacaq?

Bu binalardakı bir neçə min mənzilin sayından ən azı 2 dəfə çox olacaq avtomobil parkı ərazidə onsuz da iflic vəziyyətində olan parklanma məsələsini hansı hala gətirəcək? Pul qazanmaq xatirinə yaşadığınız şəhəri nədən bu hala gətirirsiniz cənab məmurlar?

Ceyhun Hacıbəyli 30 ünvanda olan binalar.

Mən bu binaları tikənlərə səslənmirəm. Görünən budur ki, onlar pul qazanmaq xatirinə vicdanlarını çoxdan hərraca qoyublar, belə olmasaydı heç olmasa “məscidin qapısı açıq olanda ......” məhşur atalar məsəlinin tələblərinə riayət edib, şəhəri bu hala salmazdılar. Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliklərinə səslənirəm: bu şəhər həm də Sizin şəhərinizdi, burada sizlərin də övladları və nəvələri yaşayacaq, bu şəhəri iflic etməyin!

Bakı şəhərini eybəcər hala gətirən, insanları hakimiyyətdən, ölkə Prezidentindən narazı salmağa yönəli daha bir ciddi məsələ, şəhərdə tikintisi 10, 15 və bəzən 20 ilə qədər yarımçıq saxlanılmış binalardır. İnsanlar son pullarını xərcləyib öz mənzil şəraitlərini yaxşılaşdırmaq istədikləri halda, illərlədir belə bir rəzalətlə üz-üzə qalıblar.

Fikrət Yusifov: “Bu, vətəndaşın mənzil haqqını əlindən almış, evlərinin, villalarının, obyektlərinin sayını itrmiş məmurların vicdanına yazılan bir məsələdir...”.

Bu problem ətrafında bir nümunə əsasında danışaq. Paytaxtın Ceyhun Hacıbəyli 30 ünvanında yerləşən binanın tikintisini Bakı şəhərinin İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov 2004-cü ildə dayandırıb. İlk öncə o, bunu şifahi göstərişlə edib, vətəndaşların narazılığını gördükdə isə bir müddət sonra, hansısa kiçik bir məmurun imzası ilə tikintini aparan şirkətə binanın tikintisini dayandırmaq barədə əsassız bir məktub göndərib.

Şamil Əzizbəyov və Salatın Əsgərova küçələrinin arasında olan binalar.

Ən acınacaqlısı isə budur ki, belə tikintilərin yarımçıq dayandırılmasının səbəblərini heç kim vətəndaşlara izah etmək istəmir və yalnız üstüörtülü şəkildə “tapşırıq yuxarıdandı” işarəsini verirlər. Təbi ki, bu yalandır, onlar öz əməllərinə bu yolla haq qazandırmaq istəyirlər.

Keçən ilin sonlarından başlayaraq şəhərdə tikintisi yarımçıq saxlanılmış binaların taleyi ilə bağlı addımlar atılacağı rəsmi olaraq deyilsə də, hələ ki, bu sözdən başqa heç nə deyil. İyirmi il bundan əvvəl tikintisi dayandırılmış binada ev alıb övladını ev-eşik sahibi etmək istəyən valideyinin nəvəsi kirayə evdə dünyaya göz açıb və artıq ali məktəbə oxuyur. Bu, vətəndaşın mənzil haqqını əlindən almış, evlərinin, villalarının, obyektlərinin sayını itrmiş məmurların vicdanına yazılan bir məsələdir...”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar