Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fərhad Əhmədovun “at gedişi” – Milyarder kimin “Troya atı”dır?..

Milyarder Fərhad Əhmədov “at gedişi” ilə Azərbaycan siyasətinə girir...

Azər Qaramanlı yazır...

RusiyaGöyçay əsilli milyarder həmişə uzaq durduğu, ya da özünü elə göstərdiyi Azərbaycan siyasətinə girişinin qapısını açan məqalə ilə çıxış edib. Əslində bu yazını Azərbaycan siyasətinə “pəncərədən giriş” kimi də dəyərləndirmək olar.

Açığı, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin elan olunması Azərbaycanda siyasəti ölü nöqtədən çıxarıb və dünənə qədər kölgədə qalmağa üstünlük verən bir çoxları siyasi iddialarla çıxış etməyə başlayıblar. Bu, əslində çox yaxşıdır. Çünki son illər doğrudan da Azərbaycanda siyasət dalana dirənmişdi və indi növbədənkənar parlament seçkiləri Azərbaycan daxili siyasətini dalandan çıxarmaq üçün yaxşı vasitə kimi görünür.

Siyasi arenanın aktivləşməsi Azərbaycan siyasətinə yeni simaların gəlməsi ilə mümükndür və indi çoxları da özlərini yeni sima olaraq görməyə başlayıblar. Ya da özlərini belə təqdim edirlər. Misal üçün, Türkiyədə yaşayan digər milyarder həmyerlimiz Mübariz Mənsimov çoxdan aktiv zonaya girib və özünü yeni sima olaraq sosial şəbəkədən Azərbaycan əhlinə təqdim edir. Bu gün isə Fərhad Əhmədov eyni şeyi etdi və siyasi iddialarla ortaya çıxdı. İlk olaraq qeyd edim ki, bu, hörmətli milyarderiin siyasətdə debütü deyil. Fərhad Əhmədovun Azərbaycanla bağlı siyasi planlara sahib olmasını daha əvvəllər də yazmışıq. Lakin milyarderin Azərbaycan iç siyasətinə belə radikal şəkildə, qəfil girişi bir qədər gözlənilməz oldu. Gözlənilməzlik isə onun birbaşa siyasi opponent kimi çıxış etməsi və konret proqram-təkliflərlə meydana çıxması idi.

Fərhad Əhmədovun Azərbaycan siyasətinə kənardan müdaxilə etməsi və kölgədə qalaraq hansısa qruplaşmanın “boz kardinalı” olması daha gözlənilən idi. O, 2013-cü ildə “Milyarderlər İttifaqı” meydanda olan zaman da belə davranmışdı. Çox da diqqət cəlb etməməyə çalışmış və özünü kölgədə saxlamağa nail olmuşdu. Halbuki bu gün o, özü “at gedişi” edərək Azərbaycan siyasətinə birbaşa daxil oldu və bu zaman artıq kölgədə qalmaq istəmədiyini və heç kimdən gizlənmək kimi bir ehtiyacının olmadığını da açıq şəkildə ortaya qoydu...

Bu cəsarət sadəcə alqışlanmalıdır. Ancaq maraq doğuran sual Fərhad Əhmədovun bu cəsarəti haradan, ya da kimdən almasıdır? Bu sual hələ Fərhad Əhmədova çox veriləcək və təbii ki, o da vətənpərvərlikdən və bir azərbaycanlı olaraq öz vətəninin, ölkəsinin gələcəyinin taleyüklü məsələlərinə kənardan baxmaq istəmədiyini dilə gətirəcək. İlk baxışdan normaldır və azərbaycanlı olaraq bu da Fərhad Əhmədovun haqqıdır. Lakin yenə də sual açıq olaraq qalır: Cənab Əhmədov vətənində gedən siyasi proseslərə məhz niyə indi qatılmaq fikrinə düşüb? Oxşar hadisələr, gözlənilməz siyasi qərarlar əvvəllər də olub və o zaman F. Əhmədov siyasi proseslərə bu qədər açıq şəkildə və iddialı müdaxilə etməyib. Görəsən, rusiyalı milyarderi bu təşəbbüsə həvəsləndirən nədir?

Öz təkliflərində Əhmədov kardinal dəyişikliklər istəyir və açığı deyək ki, onun istədiklərini bu gün Azərbaycan müxalifəti də tam olaraq istəyə bilmir. Ya da belə deyək ki, pıçıltı ilə istəyir və bu pıçıltını kiminsə eşidəcəyinə isə özü də inanmır. Bu “yol xəritəsi” ilə Fərhad Əhmədov Əli Kərimlidən də “radikal” mövqe ortaya qoyur və onun “papadan artıq katolik”liyi, ya da elə görünmək istəməsi heç də adi hal kimi dəyərləndirilə bilməz. Demək ki, Fərhad Əhmədov həm Azərbaycan xalqının, ola bilər ki, həm də kimlərinsə, əsasən xaricdəkilərin diqqətini özünə cəlb eləməyə çalışır..

Bundan əlavə, Fərhad Əhmədov “boz kardinala”, ya “kardinallar”a işarə edir. Heç kimə sirr deyil ki, bu ləqəblə Azərbaycan hakimiyyətində akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev tanınırdı. Bəs nə baş verir ki, Fərhad Əhmədov birdən-birə Ramiz Mehdiyevə qarşı hücum etmək qərarına gəlir?

Bir qədər keçmişə qayıdaq. Bir zamanlar ölkə mediasında Fərhad Əhmədovun keçmiş baş prokuror və indiki səfir Eldar Həsənovla müttəfiqliyi barədə yazılar tirajlanmışdı. O da iddia olunurdu ki, bu müttəfiqlik hakimiyyət piramidasının zirvəsinə qalxmaq üçün nəzərdə tutulub. Bu ittifaqda daha bir neçə nəfər tanınmış və imkanlı şəxsin təmsil oldunduğu da yazılırdı. İttifaqda təmsil olunanların, xüsusən də Eldar Həsənovun iddiaları qarşısında ən böyük maneə isə “boz kardinal” hesab olunurdu. Məhz “Boz kardinal”ın sayəsində onlar hakimiyyət nərdivanında daha yuxarı pilləyə dırmana bilmirdilər.

Bu siyasi kurs Heydər Əliyevin mirası idi. 2000-ci illərin əvvələrində gedən siyasi prosesləri izləmiş yaddaşlı oxucu hələ ulu öndərin sağlığında Eldar Həsənovun məkrli planlarının İsa Nəcəfov tərəfindən dilə gətirildiyini və bu bəyanatlara Heydər Əliyev tərəfindən qadağa qoyulmadığını xatırlaya bilər.

Görünür, Ramiz Mehdiyevin, yəni sözügedən ittifaq üçün ən böyük maneənin PA-dan uzaqlaşdırılması köhnə iddiaçıların üzünə gün doğdurub və bu sadəcə, ehtimallardan biridir. Onu da xatırladaq ki, həmin dönəmlərdə Fərhad Əhmədovun siyasətə gəlişində qisasçılıq hisslərinin əsas rol oynadığı bildirilirdi.

Bu gün hansı motivlərlə Fərhad Əhmədovun “pəncərədən” Azərbaycan siyasətinə girmək istədiyi bəlli deyil. Və bu günə qədər də kölgədə qalmağa, diqqət cəlb etməməyə üstünlük verən Fərhad Əhmədovun gün işığına çıxmasının əsas səbəbi də bəlli deyil. Bəlkə Gürcüstanda Bdzina İvanişvili özünü “Gürcü arzusu” olaraq gördüyü kimi, Fərhad Əhmədov da özünü “Azərbaycan arzusu” olaraq görür…

Fərhad Əhmədovun hansı motivlərlə siyasətə girməsinin önəmi yoxdur. Önəmli olan yuxarıda da qeyd etdiyim kimi, Fərhad Əhmədovun arxasında gizli qalan gücdür? O üzdən də Fərhad Əhmədovun “yol xəritəsi”ni oxuduqdan sonra mənim üçün ortaya çıxan ehtimallardan biri belə oldu: Fərhad Əhmədov Rusiyanın Azırbaycana ehtiyat variant olaraq atdığı “Troya atı” deyil ki?

Lakin başqa ölkələri də gözardı etmək olmaz. Çünki onun “təkliflərində” seçki prosesinə dair tələblər hələ 2000-ci ildən başlayaraq bir sıra xarici xüsusi xidmət orqanlarına bağlı beynəlxaq donor təşkilatların qovluqlarında ölkəyə gətirilirdi...

Azər QARAMANLI
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar