Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“Əvvəlki tərkibə oxşar bir parlament formalaşacaq...” - Qulamhüseyn Əlibəyli

“AzPolitika.İnfo” növbədənkənar parlament seçkiləri, müxalif qüvvələrin bu seçkiyə münasibəti mövzusunda Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə söhbətləşib

- Qulamhüseyn bəy, hazırda parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. Prosesi kənardan izləyən müşahidəçi kimi seçki atmosferi haqda qiymətləndirməniz nədən ibarətdir?

- Bu prosesi normal hesab etmirəm. Seçki prosesində iştirak edənlərin sayı çox olsa da, ölkədə seçki ab-havası müşahidə edilmir. Ancaq hər halda, qanuni yolla seçkilər elan edilib və çox zəif də olsa namizədlər müəyyən seçki kampaniyası aparırlar...

- Bəs siz özünüz hansı səbəbdən bu seçkidə namizəd kimi iştirak etmədiniz?

- Mən şəxsi problemlər səbəbindən seçkilərə qatılmadım. Ancaq rəhbərlik etdiyim partiyadan iki nəfərin namizədliyi qeydə alınıb. Onlar müstəqil namizəd kimi seçkilərə qatılıblar. Partiyamız seçkini boykot etməyib. Mən özüm isə seçki prosesini yaxından izləyirəm.

- Sizcə, növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında nəyi dəyişə bilər?

- Hesab etmirəm ki, bu seçkilər elan olunduğu kimi mobil və işlək parlamentin ortaya çıxmasına vəsilə olacaq. Əksinə, əvvəlki Milli Məclisə oxşar bir parlament formalaşacaq. Seçkilərin vaxtından əvvəl elan olunması zamanı belə yanaşma ortaya qoyulmuşdu ki, parlament öz üzərinə düşəni yerinə yetirə bilmir və yeni parlamentin formalaşmasına ehtiyac var. Amma seçki kampaniyası başlanandan sonra məlum oldu ki, hakimiyyət partiyası tərəfindən irəli sürülən namizədlərin əksəriyyəti V çağırış Milli Məclisdə təmsil olunan və özlərini buraxmağa səs verən şəxslərdir. Bu adamlar özləri yaxşı işləyə bilmədiklərini, müasir tələblərə cavab vermədiklərini qeyd edərək özlərini buraxmışdılar. Lakin indiki seçki prosesində yenidən namizəd kimi iştirak edərək düşünürlər ki, bu parlamentdə bacarıqlı olacaqlar. Bu mənada mən həm parlamentin tərkibi, həm də iş üslubunda ciddi dəyişikliklər gözləmirəm.

- Müxalifətin bu seçkiyə münasibəti barədə nə düşünürsünüz?

- Siyasi partiyalar imkan dairəsində bütün seçkilərdə iştirak etməlidirlər. Çünki seçki kampaniyası siyasi aktivliyin bir fomasıdır. Vaxtaşırı olaraq partiyalar seçkilərdə öz imkanlarını və gücünü nümayiş etdirməli, bilavasitə seçicilərlə qarşılıqlı əlaqə yaratmaq şansından istifadə etməlidirlər. Bu səbəbdən seçkidə iştirak edən partiyaların mövqelərini doğru hesab edirəm. Onlar Konstitusiya ilə verilən hüquqlarından istifadə edirlər.

Seçkilərdə iştirak etməyən, boykot yolunu tutan partiyalar da var. Bu, onların mövqeyidir. Mənim uğurlu və ya uğursuz hesab eləməyimdən asılı olmayaraq, bu mövqeni də qəbul etmək lazımdır.

O başqa məsələdir ki, seçkilərdə saxtakarlığın olacağı fikrini irəli sürərək seçki marafonuna qoşulmayan qüvvələr seçki günü müşahidə mexanizmi təşkil edərək qüsurları və saxtakarlıq faktlarını ortaya çıxarmaq haqqında düşünmürlər.

Hesab edirəm ki, seçkilərin qəfil elan olunması müxalifəti seçki öncəsi müzakirələrdən birmənalı şəkildə məhrum edib. Adətən seçkiyə az qalmış müxalifət aktivləşirdi, birləşmələr, təkliflər, müzakirələr olurdu, bloklar yaranırdı və s. Məhz qəfil seçki qərarı müxalifəti hazırlıqsız durumda yaxaladı. Müxalif qüvvələr düşünürdülər ki, seçkilər noyabr ayında olacaq və onlar bu ilin əvvəllərində danışıqlara başlaya bilərlər. Müzakirələrə də müəyyən qədər vaxt gedəcək. Yekunda isə nəsə anlaşma əldə ediləcək və seçki marafonuna qədər mövqe müəyyənləşəcək. Amma qəfil seçki qərarı bu planı sıradan çıxardı.

Digər tərəfdən, seçki kampaniyasında ciddi aktivlik hiss edilmir. Standart üsullar özünü daha qabarıq göstərir. Yəni müəyyən olunan yerə seçki fotolarını, proqramını yapışdırmaq, daha çox sosial şəbəkədə təbliğat aparmaq və s. Əlbəttə ki, bunun özü də zəif olsa da, təbliğatdır. Ümumiyyətlə, seçki ab-havası hiss olunmadığı, ola bilsin ki, bir çox adamlar seçkinin nəticələrinə şübhə etdikləri üçün aktivliyə üstünlük vermirlər. Ümumilikdə mən bu seçkini əvvəlki dövrün davamı kimi qiymətləndirirəm.

- İndi daha çox namizədlərin sosial şəbəkələrdə və onlayn mediada təbliğat-təşviqat kampaniyası apardığı müşahidə edilir, seçicilərlə sıx təmaslara o qədər də rast gəlinmir. Bu amil seçki texnologiyasının artıq dəyişdiyinimi göstərir?

- Burada həm müasir dövrə uyğun olaraq yeni seçki texnologiyasından istifadə, həm də seçkinin nəticələrini öncədən bildiklərinə görə enerji xərcləməmək variantları ola bilər. Yəni hər iki variant var. Yəqin ki, namizədlər sosial şəbəkələr və mətbuat üzərindən seçiciyə təsir imkanlarının daha güclü olduğunu düşünərək bu platformadan aktiv istifadə edirlər. Amma sözsüz ki, seçicilərlə aktiv iş aparan, görüşlər təşkil edən namizədlər də var. Ancaq verilən məlumatlardan görünür ki, belə görüşlər bir çox hallarda formal xarakter daşıyır. Adətən görüşlər keçirilməsi seçki kampaniyasının ən sərt və qızğın dövrünə təsadüf edir. Azərbaycanda da seçkiqabağı təşviqat kampaniyası çox qısa - 23 günlük müddətdir. Bu müddətdə əslində seçicilərin əksəriyyətini əhatə edəcək görüşlər keçirmək demək olar ki, qeyri-mümkündür. Bu baxımdan ola bilsin ki, namizədlər daha çox sosial şəbəkələrdə və mediada aktivliyə üstünlük verirlər.

- Adətən bu seçkilərə qədər müxalifət öz namizədlərinin dairələri üzrə saxtakarlığa və qanunsuz əməllərə qarşı birləşirdi. İndi bu hərəkətlilik də müşahidə olunmur...

- Fikrimcə, müxalifət ümumi razılığa gələ bilmədiyi üçün ayrı-ayrı dairələr üzrə müxalifətdən olan namizədlər də razılığa gələ bilmirlər. Mən bildiyimə görə, yalnız 35 saylı dairədən namizəd olan İqbal Ağazadə və Rauf Arifoğlu arasında bir-birinə qarşı təbliğat aparmamaq haqda razılıq əldə edilib.

- Ancaq bir-birinə qarşı ən çox əks-təbliğat da elə bu namizədlər tərəfindən aparılır...

- Ola bilər. Seçki təbliğatı elədir ki, özünü təbliğ edirsən və əks-təbliğatın aparılması kimi hallar da olur. Sadəcə olaraq, çirkin təbliğat aparmaq siyasi mədəniyyətə uyğun deyil. Eyni zamanda, dairələrlə bağlı verilən məlumatlarda müxalif namizədlərin hüquqlarının pozulması halları olsa da, qanun pozuntularına qarşı birgə mübarizə aparılmasına dair meyllər yoxdur. Bu da qəfil yaxalanma ilə bağlıdır. Bu səbəbdən də hər bir namizəd daha çox özünün təbliğatını aparmağa üstünlük verir.

- Bu seçki prosesində daha bir maraqlı məqam odur ki, heç bir müxalif partiya pulsuz efir imkanı əldə etmək məqsədilə 61 namizəd irəli sürə və onların qeydə alınmasına nail ola bilməyib. Bunu nəylə əlaqələndirirsiniz?

- Əvvəla bu, ümumi siyasi passivliklə bağlıdır. Digər tərəfdən, son parlament və bələdiyyə seçkilərini götürsək, bu seçkilərin saxtalaşdırıldığı haqda fikirlər səslənir. Ona görə müxalifət düşərgəsində seçkilərə qarşı laqeydlik yaranır. Məsələn, mən seçkidə şəxsi məsələmlə bağlı iştirak etməsəm də, partiyamızda şansı olan əksər şəxslər də seçkiyə getmədilər. Bu, digər partiyalarda da belədir. Yalnız Ümid Partiyası səksənə yaxın namizəd irəli sürmüşdü ki, onun da çox az hissəsi qeydə alındı. Eyni zamanda, əvvəlki təcrübələr göstərir ki, partiyalar daha çox namizəd irəli sürsə də, qeydiyyat mərhələsində onların sayı azalır və kvotaya düşmürlər. Yəni pulsuz efir vaxtı əldə edəcək partiyaların siyahısına düşə bilmirlər.

Əslində, son illər müxalifət partiyalarının pulsuz efir vaxtı əldə etməsi halı qeydə alınmayıb. Ortada olan təcrübə də müxalifət partiyalarını öz diqqətlərini daha çox statistik namizədlərə deyil, şansı olan az sayda namizədlərin üzərinə cəmləməyə məcbur edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar