Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Əsrin müqaviləsi”nin imzalandığı gün Heydər Əliyevin keçirdiyi ilk mətbuat konfransı

“Mən indi bu ümidlə yaşayıram...” 

Bu il Azərbaycan neftinin istismarı ilə bağlı xarici şirkətlərlə imzalanmış “Əsrin müqaviləsi”nin 25 ili tamam olur.

Böyük siyasi əhəmiyyəti olan bu müqavilə Azərbyacan neftinin dünya bazarına vasitəçisiz çıxarılması üçün unikal idi. Müqavilədən əldə edilən gəlir ölkənin sosial problemlərini həllinə və irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaratdı.

Müqavilə böyük çətinliklə, maraqlı güclərin siyasi təzyiq altında imzalandı. 1994-cü ildə Azərbaycanın dövlət rəhbərlərinə edilə sui-qəsd məhz bu neft sazişinin dayandırlması üçün törədilmişdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra keçirilmiş mətbuat konfransını oxucularına təqdim edirik.

Burada səslənən suallarda geopolitik vəziyyət, maraq qruplarının mövqeyi və bütün bunlara mərhum prezident Heydər Əliyevin səlis və diplomatik cavabları əks olunub.

Azərbyacan Respublikasının Prezidenti Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuat konfransı.

20 sentyabr 1994-cü il.

Hörmətli qonaqlar, mətbuat işçiləri!

Bu gün biz sizinlə birlikdə tarixi bir hadisənin şahidiyik. Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətlərinin uzun müddət birlikdə hazırladıqları müqavilə imzalandı. Bu müqavilənin məzmunu, mahiyyəti və onun imzalanması üçün əsaslar haqqında bir neçə gün öncə mən mətbuat nümayəndələri qarşısında məlumat verdim və bu barədə ətraflı danışdım.

Müqavilənin imzalanması üçün sentyabrın 14-də fərman vermişəm. Bu fərmanda da müqavilənin əsas məzmun və mənasını, istər Azərbaycan üçün, istərsə də xarici neft şirkətləri üçün əhəmiyyətini qeyd etmişəm. Fərman qəzetdə dərc olunmuş və onun rus və ingilis dillərində mətni bu gün burada paylanmışdır. Mən bu barədə bu gün müqavilənin imzalanması mərasimində də müəyyən fikirlər söylədim. Buna görə də təkrar etməyə ehtiyac yoxdur. Xarici ölkələrin nümayəndə heyətlərinin başcıları da buradadırlar. Onlar da mərasimdə çıxış edərək öz fikirlərini söyləmişlər. Zənnimcə, bütün bunları nəzərə alaraq, yenidən məlumat verməyə ehtiyac yoxdur. Mətbuat konfransı üçün yarım saat vaxt ayrılmışdır. Bu müddət ərzində mən və mənim qonaqlarım sizin suallarınıza cavab verməyə hazırıq.

Mətbuat konfransında ABŞ energetika nazirinin müavini Uilyam Uayt, Böyük Britaniyanın energetika naziri Timoti Eqqar, Türkiyənin dövlət naziri Nəcməddin Cövhəri, İslamİnkişaf Bankının prezidenti Osam Cəfər Fakih də iştirak etmişlər. Burada onların da jurnalistlərin suallarına cavabları dərc edilir.

Sual: Bu müqavilənin imzalanması Azərbaycana nə kimi siyasi fayda verəcək?

H.Əliyev: Bilirsinizmi, müqavilə iqtisadi xarakter daşıyır. Mən onun iqtisadi cəhətdən səmərəliliyi barədə bir neçə dəfə danışmışam. Bunu 14 sentyabr tarixli fərmanımda da qeyd etmişəm. Müqavilədə nəzərdə tutulan iqtisadi göstəricilər də məlumdur. Mən bugünkü çıxışımda da qeyd etdim ki, müqavilə Azərbaycan Respublikası ilə xarici şirkətlərin mənsub olduqları dövlətlər arasında ölkələrin inkişafına, şübhəsiz, xeyli təkan verəcəkdir. Elə bunun özü böyük bir nailiyyətdir. Lakin bir halda ki, 30 il müddətində müştərək fəaliyyət göstəriləcək, ölkələrimiz inkişaf edəcəksə, şübhəsiz, bunun siyasi nəticələri də olacaqdır. Hər bir iqtisadi müqavilə eyni zamanda siyasi nəticələr verir.

Sual: Məlum olduğu kimi Rusiyanın istər xarici işlər naziri, istərsə də yanacaq vəenergetika naziri dəfələrlə bildirmişlər ki, Xəzərin statusu müəyyənləşdirilməyincə, buradakı neft yataqlarının birgə işlənməsi sahəsində xarici şirkətlərin fəaliyyətini Rusiya tanımayacaqdır. Lakin bu gün müqavilə artıq imzalanmışdır. İndi Rusiyanın müqavilə ilə əlaqədar movqeyi necə olacaq?

H.Əliyev: Əvvəla, Rusiyanın “LUKoyl” şirkəti konsorsiumun iştirakçısıdır. İkincisi, Rusiya Yanacaq və Energetika Nazirliyinin nümayəndəsi, bu nazirliyin Baş İdarəsinin rəisi Stanislav Puqaç bizim mərasimdə iştirak edir. O, sənədin imzalanması mərasimində çıxış etmişdir. Əgər siz cənab Stanislav Puqaçın çıxışına diqqətlə qulaq assaydınız, öz sualınıza cavab almış olardınız. O bildirdi ki, keçən ilin oktyabrında Azərbaycan ilə Rusiya arasında bu barədə müqavilə imzalanmışdır.

Sual: Hörmətli prezident, bir neçə gündən sonra Sizin ABŞ-a səfəriniz gözlənilir. Siz bugünkü tarixi müqavilənin imzalanmasından sonra Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsində Qərb ölkələrinin, ən əvvəl, ABŞ və İngiltərənin daha fəal mövqe tutacağına umid bəsləyirsinizmi? Ümumiyyətlə, Amerikaya sizin səfərinizdən nə gözləmək olar?

H.Əliyev: Azərbaycanla Ermənistan arasında munaqişənin, Ermənistanın Azərbaycana etdiyi təcavüzün qarşısının alınmasında Qərb dövlətlərinin, ən əvvəl beynəlxalq təşkilatlarda böyük nüfuzu olan ölkələrin səy göstərəcəklərinə mən həmişə ümid bəsləyirəm. Mən indi də bu ümidlə yaşayıram. Bu ümidlər məndə qarşıdakı səfər ərəfəsində də qalır.

Sual: Heydər bəy, Siz sentyabrın 16-da keçirdiyiniz brifinqdə verdiyiniz bəyanatda bildirdiniz ki, bağlanan müqavilə Azərbaycanı heç də tam qane edən şəkildə deyildir. Buna baxmayaraq, Siz bu addımı atır və müqaviləni imzalayırsınız. Lütfən, bu fikrinizi açıqlayın və yeni müqavilənin Elçibəy dövründə hazırlanmış müqavilədən nə kimi üstün cəhətləri olduğunu göstərin. Heydər bəy, ikinci sualım belədir: Muxalif qüvvələr bu müqavilənin imzalanmasını prinsipcə müsbət qiymətləndirirlər. Sizin bu xəbərlərə munasibətiniz necədir?

H.Əliyev: Əvvəla, deməliyəm ki, hər bir müqavilə, saziş bağlandıqda tərəflərdən hər biri çalışır ki, daha çox mənfəət götürsün. Dəfələrlə demişəm ki, neft Azərbaycanın ən böyük milli sərvətidir. Mən də, Azərbaycanın prezidenti kimi, bu sərvətdən istifadə edərək daha çox mənfəət götürülməsinə çalışmışam. Danışıqların İstanbulda və Hyustonda aparılmış son mərhələlərində bunun üçün göstərdiyimiz səylər müsbət nəticə vermişdir. Amma müqavilə hər iki tərəfin razılığı əsasında olmalıdır. Odur ki, hər bir şərtimizi əks tərəf qəbul etməsə, onda müqavilə də baş tutmaz. Hər halda istədiklərimizin çoxuna nail olmuşuq. Amma hər iki tərəf üçün bunun da bir həddi var. O həddi keçdikdə müqavilə də pozula bilər. Buna görə də biz bu həddə razılığa gəlmişik.

O ki qaldı ikinci sualınıza, əvvəlki layihə ilə indiki layihənin fərqi çoxdur. Mənim bu il 4 fevral tarixli fərmanımdan sonra Bakıda, İstanbulda və Hyustonda aparılan danışıqlar nəticəsində əvvəlki layihədən fərqli olaraq Azərbaycan üçün çox mənfəətli göstəricilər əldə edilmişdir. Keçən il müqaviləyə dair danışıqlar dayandırıldıqdan sonra aparılan danışıqlar, zənnimcə, çox uğurlu olmuşdur. Bunu xarici ölkələrin neft şirkətlərinin nümayəndələri də etiraf edirlər. Əgər konkret məlumat almaq istəyirsinizsə layihəni götürüb nəzərdən keçirə bilərsiniz.

Mən belə başa düşdüm ki, siz müxalifətin adından çıxış edir və deyirsiniz ki, müxalifət müqaviləni bəyənir. Mən Azərbaycan xalqının milli mənafeləri mövqeyində duran adamam. Buna görə də Azərbaycan Respublikası vətəndaşlarının hər bir qrupu, hər bir təbəqəsi mənim üçün Azərbaycan vətəndaşları kimi qiymətlidir. Əgər sizin dediyiniz müxalifət bunu bəyənirsə, bu, şübhəsiz, onu göstərir ki, bu məsələlərə onlar da dövlətçilik mövqeyindən yanaşırlar. Bu, müsbət haldır.

Sual: Cənab prezident, çıxışınızda qeyd etdiniz ki, neft müqaviləsinin imzalanması xarici dövlətlərə Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu nümayiş etdirir. Bilmək istərdim, bu gün cəbhədə atəşin dayandırılması ilə neft müqaviləsinin imzalanması arasında nə kimi bağlılıq var? İkinci sualım xarici şirkətlərin nümayəndələrinədir. Əgər gələcəkdə bu müqavilənin taleyi üçün hər hansı təhlükə yaranarsa, onların mənsub olduqları dövlətlər buna necə münasibət göstərəcəklər?

H.Əliyev: Atəşin dayandırılması ilə bu müqavilənin imzalanması arasında elə bir əlaqə yoxdur. Atəş bundan dörd ay əvvəl dayandırılmışdır. Atəşkəs indi də davam edir. Bu, Ermənistanla Azərbaycan arasında gedən müharibəyə son qoymaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün atdığımız addımdır. Bildiyiniz kimi, müqavilə ilə əlaqədar üç ildir danışıqlar aparılır. Qeyd etdim ki, mən bu işin daha da sürətləndirilməsi üçün fevralın 4-də fərman vermişəm. Son 45 gündə Hyustonda danışıqlar getmişdir. Hər iki tərəfi qane edən bu razılaşma sadəcə olaraq indi əldə edilmişdir və buna görə də müqavilə indi bağlanır. Əgər razılıq altı ay bundan əvvəl əldə edilsəydi, müqavilə də onda imzalanardı. İkinci sualınıza qonaqlardan birisi cavab verəcəkdir.

Uilyam Uayt (ABŞ energetika nazirinin muavini): Bu müqavilənin həyata keçirilməsini təmin etmək üçün ABŞ hökuməti ilə Azərbaycan hökuməti birgə çalışacaqlar. Müqavilənin həyata keçirilməsi sayəsində neft hasilatının artırılması hər iki tərəfin mənafeyinə uyğundur. Təhlükəsizlik və ətraf mühitin çirklənməsi məsələlərinə də xüsusi diqqət yetiriləcəkdir.

Sual: Müqavilə artıq imzalandı, çox güman ki, hasil ediləcək neftin xarici bazara çıxarılması məsələsi də tezliklə qarşıda duracaqdır. Bununla əlaqədar olaraq təklif edilən marşrutlardan hansına üstünlük veriləcəkdir?

H.Əliyev: Bilirsinizmi, müqavilədə üç məsələ qeyd edilmişdir. İlk 18 ayda neft hasilatına başlanacaq. 48 ay müddətində neftin çıxarılması tam şəkildə təmin ediləcək. Çıxarılan neftin xarici şirkətlər tərəfindən ixrac edilməsi üçün boru kəməri 54 aydan gec olmayaraq çəkiləcəkdir. Boru kəmərinin çəkilişi haqqında əlavə danışıqlar aparılacaq. Şübhəsiz ki, bütün mövcud variantlar təhlil ediləcək və hansı daha əlverişli olsa, biz də onun barəsində razılığa gələcəyik. Nəcməddin bəy, siz nə deyə bilərsiniz?

Nəcməddin Covhəri (Türkiyənin dövlət naziri): Mən onu əlavə edə bilərəm ki, Anadoludan keçəcək boru kəməri yalnız Azərbaycan nefti üçün deyildir. Bu kəmər Qazaxıstan neftinin də Aralıq dənizi sahilinə, Qərbə nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Çünki 1936-cı il Montro müqaviləsinə görə boğazlardan (Türkiyənin Bosfor və Dardanel boğazları nəzərdə tutulur) keçmək huququna malik gəmilər boğazların mənsub olduğu ölkənin təhlükəsizlik və gömrük qaydalarına riayət etməlidir. Montro müqaviləsinin imzalandığı dövrdə dünyanın ən böyük tankerlərinin subasımı 20-30 min ton idi. Bu gün 200-300 min tonluq tankerlərin İstanbuldan keçməsi mümkün deyildir. Çünki boğazların sahilində 12 milyon əhalisi olan bir şəhər yerləşir. Buna görə də Anadoludan keçəcək neft kəmərlərinə ehtiyac var. İstər Azərbaycandan olsun, istərsə də Qazaxıstandan – fərqi yoxdur. Hörmətli cümhur başkanının bəyanatına əlavə olaraq demək istədiklərim bunlardır.

Sual: Cənab prezident, çıxışlarda bildirildi ki, həll edilməli olan hələ bir sıra məsələlər, problemlər, bəzi maneələr aradan qaldırılmalıdır. Xahiş edirəm, bu fikri acıqlayasınız. Maneələri hansı müddətlərdə aradan qaldırmaq niyyətindəsiniz?

H.Əliyev: Zənnimcə, müqavilənin həyata keçirilməsi üçün elə bir maneə yoxdur. Qarşıya çıxan xırda və cari məsələləri həll edəcəyik. Qoy heç kəs elə güman etməsin ki, Azərbaycan parlamenti müqavilənin nəzərdən keçirilməsini uzadacaqdır. Umidvaram ki, parlament onu təsdiqləyəcək və burada göstərildiyi kimi, müqavilə elə həmin gündən də qüvvəyə minəcəkdir.

Timoti Eqqar (Böyük Britaniyanın energetika naziri): Mənə elə gəlir ki, neft şirkətləri nümayəndələrinin də çıxışlarında qeyd edildiyi kimi, ən mühüm məsələ odur ki, bu müqavilə Azərbaycanın neft yataqlarının birgə işlənməsinə, Azərbaycanda neft hasilatının daha da artırılmasına doğru aparan yolun başlanğıcıdır. İngiltərənin Şimal dənizindəki təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, burada qarşıya çıxacaq bir sıra problemləri aradan qaldırmaq mümkün olacaqdır. Azərbaycan Respublikası ilə konsorsiumdakı neft şirkətlərinin mənsub olduqları ölkələr arasında yüksək səviyyəli əlaqələr, habelə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında yaranmış qarşılıqlı anlaşma məndə heç bir şubhə yeri qoymur ki, ortaya cıxan bütün problemlər tezliklə və asanlıqla həll ediləcəkdir.

H.Əliyev: Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.Azpost.info 

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar