Çərşənbə axşamı, 20 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ermənistanda siyasi qarşıdurma və cəbhə xəttində gərginlik: İravanda kimlər müharibə istəyir?

Politoloq: “Ermənistanda müxalifət, “Qarabağ klanı” və qondarma Dağlıq Qarabağ rejimi cəbhədə vəziyyətin gərginləşməsində maraqlıdırlar”

“Cəbhə xəttində Ermənilərin törətdiyi təxribata ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələri susmaqla cavab verirlər”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Dağlıq Qarabağ probleminin Ermənistanın daxili siyasətinə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Uzun səssizlikdən sonra işğalçı Ermənistan cəbhədə yenidən təxribata əl atdı. Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov şəhid edildi. Bu, cəbhə xəttində törədilən təxribatı deyil, snayperlə Azərbaycan Ordusunun mayoru, batalyon komandirinin şəhid edilməsidir. Hədəf cəbhədə hərbi gərginliyin yaradılmasıdır: çünki bir ölkənin zabitinin vurulması müharibəyə təhrikdir.

İyunun 9-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətdilər. Cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid oldu.

Xatırladak ki, Azərbayacan mayorunun vurulmasından sonra düşmən tərəf açıqlamışdı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Və Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı.

İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər.

Baş verən hadisələrdən məlum olur ki, Nikol Paşinyan hakimiyyəti cəbhədə müharibəni istəyir, yaxud kiçikmiqyaslı olsa belə hərbi eskalasiyanın baş verməsində maraqlıdır. Bunun özündə Ermənistan daxilində baş verənlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları birləşdirən səbəbləri var.

Hazırda Dağlıq Qarabağ problemi Ermənistanın daxili siyasətinə necə təsir edir və Ermənistanda qarşıduran hər iki tərəf, İstər Paşinyan, istərsə də “Qarabağ klanı” Qarabağda gərginlik yaranmasında maraqlıdırlar? Ümumiyyətlə Ermənistanda qeyri-sabit vəziyyətin formalaşması Dağlıq Qarabağ müstəvisində hansı dəyişikliyə səbəb ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Münaqişənin həllində həmsədr ölkələr maraqlı deyillər, bu hal real olaraq onların davranışlarında da özünün göstərir”.

Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı təkcə bölgə ölkələrinin olmadığını düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, eyni zamanda bu prosesdə qeyri-bölgə ölkələri də maraqlı ola bilərlər. Həmin ölkələr münaqişə tərəflərinə təsir riçarqı kimi bu amildən istifadə edə bilərlər:

“Ermənistanda müxalifət, “Qarabağ klanı” və qondarma Dağlıq Qarabağ rejimi cəbhədə vəziyyətin gərginləşməsində maraqlıdırlar. Çünki ölkədə daxili vəziyyət qeyri-sabitdir və xarici siyasətdə cəmiyyətdə düşmən obrazı yaratmaqla öz məqsədlərinə çatmaq istəyirlər. Son bir necə gün ərzində cəbhədə baş verən hadisələr onu göstərir ki, Ermənistan hakimiyyəti hər nə vəclə olursa olsun, hakimiyyəti saxlamaq üçün Qarabağ kartından istifadə etməkdə israrlıdır.

Ermənistanın müdafiə naziri Tonayanın bu günkü bəyanatı, yəni onun şəxsi tapşırığı ilə Azərbaycan tərəfinə cavab verilmə bəyanatı o deməkdir ki, belə siyasətçilər öz məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmağa hazırdılar.

Azərbaycan ordusu 3-4 gün ərzində Dağlıq Qarabağı bütünlüklə ermənilərdən azad edə bilər. Bunu Ermənistan da çox yaxşı bilir. Təbii ki, Cənubi Qafqazda, ümumiyyətlə regionda gedən geosiyasi proseslərin nəticəsi olaraq son vaxtlar cəbhədə vəziyyətin gərginləşmənin şahidi oluruq. Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı təkcə bölgə ölkələri deyil. Eyni zamanda bu prosesdə qeyri-bölgə ölkələri də maraqlı ola bilərlər. Həmin ölkələr münaqişə tərəflərinə təsir riçarqı kimi bu amildən istifadə edə bilərlər.

Zaur Məmmədov: “Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan arasında görüşlər intensivləşmişdi. Lakin aprel ayından bu yana biz münaqişə ilə bağlı görüşlərin dayandırıldığının şahidi olduq”.

Hər bir halda bu əmrdən istifadə ermənilərin əli ilə hər zaman baş verib və bu günlərdə də baş verməkdədir. 1990-ci illərdə də münaqişə ilə bağlı hər hansı nəticə əldə etmək ərəfəsində Ermənistanda bu kimi pozucu davranışları görürdük. Bu Ter-Petresyanın hakimiyyətdən getməsi, Köçəryanın hakimiyyətə gəlməsi, 1999-cu ildə Parlamentin güllə-boran edilməsi, 2016-cı il aprel hadisələrindən sonra sas-nasir qruplaşmasının birdən-birə ortaya çıxması fonunda baş verdi.

Bildiyimiz kimi son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan arasında görüşlər intensivləşmişdi. Lakin aprel ayından bu yana biz münaqişə ilə bağlı görüşlərin dayandırıldığının şahidi olduq. Məsələ budur ki, münaqişənin həlli bir çox tərəflərə sərf etmir. Münaqişənin həllində həmsədr ölkələr maraqlı deyillər, bu hal real olaraq onların davranışlarında da özünün göstərir. Cəbhə xəttində Ermənilərin törətdiyi təxribata ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələri susmaqla cavab verirlər. Bu da heç bir diplomatik etikaya sığmır. Həmsədr ölkələrinin əsas məqsədi münaqişəni nizamlamaq olmalıdır”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...