Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Əfəndiyevin “islahatları” və ləkəli komandası

“Rabitəçilər dəfələrlə qeyd edirlər ki, “Azərpoçt”dakı hazırkı komanda ölkə rəhbərliyinin etimadını doğrultmaq iqtidarında deyil”.

“Azərpoçt” MMC-nin Baş direktoru və onun gətirdiyi kadrların son 1 ildə poçt-rabitə sektorundakı fəaliyyəti bunu tam şəkildə sübut edir…”

Bu fikirlər rabitə sektorundakı bir qrup narazı şəxsin “AzPolitka.info”ya göndərdikləri növbəti məktubda qeyd olunub.

Məktub müəlliflərinin fikrincə, “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyevin komandasının bəzi üzvlərinin keçmişi onların “təmiz” kadrlar olmadıqlarını, rabitə sektoruna “xortumlama” əməliyyatlarını həyata keçirmək üçün gətirildiklərini söyləməyə əsas verir. Məktubda həmin kadrlarla bağlı bildirilir: “Fikirlərimi əsaslandırmaq üçün onların keçmiş fəaliyyətləri ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırıram.

Məsələn, belə kadrlardan biri “Azərpoçt” MMC-də Risklərin İdarə Olunması şöbəsinin müdiri Fərid Həşimovdur. O, ölkədə 2015-ci ildə iki devalvasiyanın baş verməsinə səbəb olmuş Azərbaycan Beynəlxalq Bankının Audit Komitəsində çalışıb. 2015-ci ildən Fərid Həşimov Beynəlxalq Bankın Struktur Bölmələrlə İş Departamentinə başçılıq edib. Həmin ildən Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Beynəlxalq Sığorta Şirkəti”nin Direktorlar Şurasına üzvü olub. Fərid Həşimov 2016 və 2017-cı illərdə 2 dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə şirkəti olan “ABB-Moskva”nın Müşahidə Şurasının üzvü seçilib.

Beynəlxalq Bankın Moskva filialı olan “ABB-Moskva”da aparılan istintaq əməliyyatları zamanı “çirkli pulların yuyulması” ilə bağlı faktlar aşkarlandıqdan sonra filial iflas olduğundan Fəridin ordakı fəaliyyəti də sona çatmışdır.

“ABB-Moskva”da “çirkli pulların yuyulması” əməliyyatları baş verəndə isə İdarə Heyətinin sədri məhz Emin Əfəndiyev olub. Yəni, Emin Əfəndiyev “ABB-Moskva” da birlikdə “əməliyyatlar” həyata keçirdiyi Fərid Həşimovu “Azərpoçt” MMC-yə gətirib”.

Məktubda daha sonra Emin Əfəndiyevin “Azərpoçt” MMC-yə gətirdiyi digər bir kadr haqda məlumat verir: ““Azərpoçt” MMC-nin Poçt Xidmətləri Departamentinin müdiri Məmməd Dadaşovdur. Məlumatlara görə, Məmməd Dadaşov “Azərpoçt” MMC-də işləməyə başladıqdan sonra Emin Əfəndiyev ən sevimli “müəllim-kadrı” ilə bərabər tez-tez Avropaya gedir, orada nəsə “qara işlərlə” bağlı danışıqlar aparırlar. Bakı Dövlət Universitetinin müəllimi olan Məmməd Dadaşov “Buta Lizing” şirkətinin direktorunun qardaşıdır.

Qeyd edim ki, “Buta İnvestment Group” şirkəti 2013-cü ilin avqust ayında Eldar Dadaşov tərəfindən təsis olunub. Eldar Dadaşov “Buta İnvestment Group” şirkətini ABŞ-ın Florida ştatının Mayami şəhərində təsis etsə də, şirkətin şöbələrini sonradan Almaniyanın Frankfurt, Azərbaycanda isə Bakı şəhərində yaradıb. Şirkətin partnyorları “Euro Broker” şirkəti, “EL İjara lising”, “Buta lising” və “Best Brand Baku” şirkətləridir.

Məlumata görə “Buta Lizing” şirkəti ölkəmizdə bir çox vətəndaşlara girovsuz lizinq qaydasında kreditlə əmlak verib. 2013-2015 ci illərdə vətəndaşlar krediti gecikdirəndə “Buta Lizing” şirkətinin həmin şəxslərə 700 faiz cərimə yazdığına dair iddialar var. Şirkətin müştərisi borcunu ödəyə bilmədikdə isə məhz Məmməd Dadaşovun pulları hədə-qorxu gələrək yığdığı iddia olunur. Hətta bu məqsədlə Məmməd Dadaşovun bir qrup idmançıdan ibarət “qoçu” dəstəsi saxladığına dair məlumatlar yayılıb…

Eldar və Məmməd Dadaşovların “Buta Lizing” şirkətini Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun qardaşı oğlu Amil Məhərrəmovla şərikli işlətdiyi də yayılan məlumatlar sırasında olub… Abel Məhərrəmov da məhz qardaşı oğlunun xahişi ilə Məmməd Dadaşovu BDU-da müəllim saxlayıb…

Haqqında bu cür iddialar olan birinin “Azərpoçt” MMC-nin Poçt Xidmətləri Departamentinə müdiri təyin edilməsi isə heç də təsadüfi deyil. Emin Əfəndiyevə, görünür belə adamlar lazımdır”.

Məktubda “Azərpoçt” MMC-də Emin Əfəndiyevə ən yaxın kadrlardan hesab olunan Emin Kərimlinin də keçmişinin qaranlıq olduğu iddia edilir: “Hazırda “Azərpoçt” MMC-nin 3 saylı poçt filialının rəisi, yeni yaradılan Bakı Poçt Filialına rəis gətiriləcək Kərimli Emin Şövkət oğlu… İxtisaca iqtisadçı olan Emin Kərimli də Emin Əfəndiyev kimi uzun illər bank sektorunda fəaliyyət göstərib. Dəfələrlə adı müxtəlif qanunsuz işlərdə hallanıb.

Belə ki, Emin Kərimlinin Azərbaycan Sənaye İnvestiya Səhmdar Kommersiya Bankının Binəqədi, Pirallahı, Suraxanı filiallarına, “Xalq Bank” ASC-nin Sumqayıt filialına rəhbərlik etdiyi zaman kreditlərinin verilməsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsinə, mütəxəssis və digər şəxslərlə əlaqəyə girərək, vətəndaşlara pul vəsaitlərinin verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair sənədlər tərtib etməsinə, onları bankın kompüter sisteminə daxil edib, külli miqdarda pul mənimsəməsinə dair iddialar var…

“Atabank”da 2010-2012 ci illərdə baş vermiş müdhiş cinayət işində də Emn Kərimlinin adı hallanıb. Xatırladaq ki, həmin vaxt “Atabank” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən filialında bankın kredit üzrə mütəxəssisi Abbasov Məmməd Vaqif oğlunun cinayətkar “banda” ilə əlbir olaraq, bankı taladığına dair məlumatlar yayılmışdı.

Məlumatlarda o dövrdə Bankın Yasamal filialının müdiri işləyən Emin Kərimlinin də Məmməd Abbasov və digərlərilə əlbir olduğu bildirilirdi. Onların xüsusilə “Atabank”ın Yasamal filialında avtomobillərin girovdan çıxarılmasına dair saxta sənədlər tərtib etdikləri, bunun əsasında da bir neçə avtomobili Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) girovdan çıxararaq, vətəndaşlara satdıqları qeyd olunurdu. Belə əməliyyatlardan biri isə 19 aprel 2010-cu ildə baş verib.

Bankın filial müdiri Kərimli Emin və digərləri Müslimov Rövşən Tofiq oğlunun adına olan VAZ-21074 markalı avtomobili saxta sənədlərlə BDYPİ-də girovdan çıxarıb. Avtomobili isə digər dəstə üzvi Qafarov Aslan Dilsuz oğlu maşın bazarında vətəndaşlardan birinə satıb. Lakin sonradan aydın olub ki, həmin avtomobil axtarışdadır.

Məlumatlarda vətəndaşın Baş Prokurorluğa şikayəti əsasında bu dəstə ilə bağlı cinayət işinin qaldırıldığı, ancaq “avtomobil mafiyası”nın təzyiqi ilə işin 2010-cu ildən 2012-ci ilə qədər uzadıldığı, sonda da qanunsuzluq etmiş bank işçilərinin xeyrinə həll olunduğu bildirilir”.

Məktub müəlliflərinin yazdığına görə, Emin Kərimli və digərləri həmin “əməliyyatlar” zamanı qazandıqları pulların bir qismini iri bizneslərin yaradılmasına sərf etsələr də, böyük bir qismini xaricdəki hesablara yönəldiblər. “Həmçinin bu pulların «çirkli» olması səbəbindən problemlər yaşadıqları da istisna deyil. Ona görə də, həmin vəsaitləri əvvəlcə “Azərpoçt” da «yumaq», sonra isə Bakı Poçt Filialında reallaşdırmaq lazım gəlir” – deyə məktubda iddia edilir.

Qeyd edilir ki, Emin Kərimlinin banklardakı “fəaliyyəti” və sərgüzəştlərindən nazirin məlumatı yoxdur: “Bilmiş olsaydı, inandırım sizləri ki, “Azərpoçt”a ayağı belə dəyməzdi”.

Mənbə 3 saylı poçt filialının rəisi Emin Kərimlinin baş direktor Emin Əfəndiyevin xidmətçisi olduğundan, onun tərəfindən himayə edildiyini bildirir. Ancaq bunun da nəticə verməyəcəyini, Emin Kərimlinin yenidən “ifşa olunacağını” iddia edir.

Müəllif “Azərpoçt” MMC-də Emin Əfəndiyevin rəhbərliyinin də çox çəkməyəcəyini düşünür: “Belə davam edəcəyi inandırıcı deyil. Artıq E.Əfəndiyevin və onun “maliyyə bosları”ndan ibarət qrupunun başı üzərindən əsən qorxulu külək daha da şiddətlənir”.

Məlumata görə, “Azərpoçt” MMC-nin yeni rəhbər şəxslərini “dalana dirəyən” ciddi faktlar da var: “Ehtimal edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) büdcə təşkilatlarına ayrılan vəsaitlərinə nəzarət “şapka” siyasəti əsasında aparılır. Emin Əfəndiyevə bağlı olan “Azərpoçt”un müvafiq xidmət rəhbərləri, Maliyyə Xidməti Departamenti NRYTN-nin büdcədən maliyyələşən təşkilatlarının hesablarına ciddi nəzarət edirlər. Pul daxil olması və çıxarılması prosesini illərdir davam edən “sistem”lə yönləndirirlər. Ona görə bunlar bir neçə ay işlədikdən sonra planlarını həyata keçirmək məqsədi ilə sistemin yeni versiyasına keçid adı altında işlək sistemi dəyişərək, özlərinin illərdir işlədikləri “pul yeyən sistemlə” əvəz ediblər”.

Emin Əfəndiyevin etimadı itirməsinin digər bir səbəbi kimi onun “Azərpoçt” MMC-nin qocaman rabitəçilərinə savaş açması göstərilir. Qeyd olunur ki, Emin Əfəndiyev “Azərpoçt” MMC-yə rəhbər gətirildikdən sonra heç bir əsaslı səbəb olmadan peşəkar rabitəçiləri kütləvi şəkildə işdən çıxararaq yerinə bu sahəylə heç bir bağlılığı olmayan insanları yerləşdirib: “Belə ki o, ötən ilin mayından bu ilin mayına qədər olan 1 il ərzində “Azərpoçt” MMC-nin 926 nəfər peşəkar mütəxəssisini ixtisar, müqavilənin bitməsi və sair adlar altında işdən çıxarıb və bunu struktur islahatı kimi qələmə verib. Ancaq ötən ilin iyulundan bu ilin iyun ayına qədər olan 11 ay ərzində 787 nəfəri işə qəbul edib, əksəriyyəti də rabitəçi deyil.

İndi sual olunur, əgər Emin Əfəndiyev “Azərpoçt” MMC-də islahat aparırdısa, niyə bu qədər işçini işə qəbul edirdi? Deməli, məqsəd islahat deyil, “Azərpoçt” MMC-ni peşəkar rabitəçilərdən “təmizləmək”, qurumu öz kadrlarilə doldurmaqdır.

Qeyd edim ki, hazırda “Azərpoçt” MMC-də 6003 nəfər işçi var ki, onlardan da 240 nəfəri müqavilə üzrə işləyənlərdir. Emin Əfəndiyev fəaliyyətini davam etdirərsə, yaxın 1-2 ildə “Azərpoçt”-da peşəkar rabitəçi qoymayacaq. Bu səbəbdən də, “Azərpoçt” MMC-nin qocaman rabitəçiləri ilə E.Əfəndiyev arasında gedən amansız savaş sonuncu fazaya daxil olub”.

Məktubda poçtlardakı vəziyyəti və yeni gətirilən kadrların “səviyyəsini” göstərən konkret fakt kimi bir vətəndaşın şikayəti də göstərilib: “Xaricdən mənə göndərilən bağlamanı götürmək üçün 142 saylı poçt şöbəsinə getdim. Şöbədəki vəziyyət 30-40 il əvvəlki kimi qalıb. Heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan, müasir standartlardan söhbət gedə bilməz. Nəinki rəqəmsallaşma, ümumiyyətlə, bağlama şöbəsində mən heç bir dənə də olsun kompüter görə bilmədim. Yalnız meşoklar, əllə doldurulan formalar, şəraitsizlik və s.

Ötən il Azərbaycanda poçt rabitəsinin yaradılmasının 200 ili tamam olub. Baxdim ki, bu keçən zaman ərzində bu şöbədə elə də ciddi dəyişiklik olmayıb.

Mənim bağlamam isə tapılmadı. Hansı ki, “Aliexpress”-in kodu ilə izləyəndə göstərirdi ki, çoxdan ölkədədir. Özüm birtəhər “Azərpoçt”a zəng edib dəqiqləşdirdim ki, sən demə mənə verilən kodla olan bağlama səhvən Masazır poşt şöbəsinə gedib… Poçtun işçisi onlardan xahiş etdi ki 142-yə yönəltsinlər.

Maraqlandım ki, bu necə baş verə bilər axı? Məlum oldu ki Poçt Daşıma Mərkəzinə daxil olan bağlamalar Gömrükdən təhvil alınandan sonra necə gəldi “meşoklara” doldurulur və üstünə də hansısa poçt şöbəsinin ünvanı yazılır. Sonra da həmin şöbələrə yola salınır. Hər hansı rəqəmsallaşmadan, avtomatlaşmadan söhbət gedə bilməz”.

Məktub müllifi bütün bunlara görə Əfəndiyevin tutduğu postu tezliklə itirəcəyini düşünür: “Bütün bunlar isə “Azərpoçt” MMC-də aparılan “islahatların” nəticəsində yaranmış olan problemlərin cüzi bir hissəsidir. 1 il 4 aydır ki, Əfəndiyev və komandasının ölkənin milli poçt operatorunu və Bakı şəhərindəki poçt filiallarını hansı hala gətirdiyi göz önündədir. Yəqin ki, rabitəçilərin və vətəndaşların çoxsaylı şikayətləri ölkə başçısı tərəfindən qiymətləndirilərkən bu nüanslar da diqqətdən kənarda qalmayacaq”.

“Azərpoçt” rəhbərliyinin və yazıda adları keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar