Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmin bəy! Bakı alındı!

Bakını bizə bəxş edənlərin ruhları qarşısında baş əyirik

15 sentyabr Azərbaycan mübarizə tarixinin şanlı səhifəsidir. Bakının azadlığa qovuşduğu gün kimi tariximizə işıq saçır. Çar imperiyasının caynağından qurtulan və istiqlalına qovuşan Azərbaycanımız öz paytaxtını qəsbçilərdən qurtarmaq üçün düşmənlə ölüm-dirim mübarizəsinə çıxmışdı. Cümhuriyyət elan olunduqdan bir saat keçmədən belə, Bakı üçün addımlar atırdı. Həm siyasi, həm hərbi yollar, ancaq bir məkana aparırdı - Bakıya!

Qafqazdakı mövcud vəziyyət, eyni zamanda 1878-ci ildə bağlanan “Berlin” müqaviləsi zamanı Osmanlının itirdiyi Qars, Ərdahan və Batumun Rusiya işğalında qalması Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşanı narahat edirdi. O, “Brest - Litovsk” müqaviləsi bağlandıqdan sonra bolşeviklərlə əlaqə saxlayaraq, Qafqazdakı vəziyyətə Osmanlının da nəzarət etmək istədiyini bildirmişdi. Hətta, Paşanın daha bir fikri Osmanlı dövlətindən asılı Qafqaz İslam Cümhuriyyəti yaratmaq idi. Bu cümhuriyyət həm də Turan ideyasını gerçəkləşdirmək üçün Mərkəzi Asiyaya açılan qapı idi.

Bu məqsədlə böyük ordunun qurulması da vacib idi. Ənvər Paşa həmin dövrdə Afrikada Osmanlı ordusunun korpus komandiri olan qardaşı, polkovnik-leytenant Nuru Paşa Killigilə general rütbəsi verərək, Qafqaza yola düşməsini istədi. Nuru Paşa Gəncədə Azərbaycanı bolşevik-daşnak qruplaşmalarından azad etmək üçün azərbaycanlılardan və Osmanlı ordusundan ibarət Qafqaz İslam Ordusunu quracaqdı.

Nuru Paşa əvvəl Mosula, oradan da qatar vasitəsilə, müxtəlif stansiyalar dəyişərək Gəncəyə gəlib çıxmışdı. Gec olmdan Ənvər Paşanın xeyir-duası ilə qurulması vacib olan Qafqaz İslam Ordusunu təkmilləşdirməyə başladı. O, Azərbaycan könüllülərindən də ibarət 30 minlik ordu quracağını düşünürdü. Lakin həmin vaxt Gəncədə Əliağa Bəy Şıxlinskinin dəstəyi, Süleyman Bəy Əfəndiyevin təşəbbüsü ilə yaradılan 600 nəfərlik Milli Ordu bölüyü vardı.

Əhali Nuru Paşanı böyük coşğu ilə qarşılamışdı. Bu sevgini və səmimiyyəti xoş qarşılayan Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə öz məqaləsində Nuru Paşanı gəncəlilər üçün “göydən enən mələk” adlandırmışdı. Polkovnik Rüşdü bəy xatirələrində yazırdı ki, 1918-ci il may ayının 25-dən etibarən ordu Azərbaycana doğru yola çıxdı. Gəncəyə iki heyət getdi. Birinci heyətdə 147 zabit olmaqla 2812 nəfər əsgər, ikinci heyətdə isə 110 zabit, 2763 nəfər əsgər təmsil olunurdu.

İstiqlal

Lakin qısa müddət sonra Zaqafqaziya Seymi dağıldı və Qafqazda 3 dövlət yaradıldı. 28 may 1918-ci il tarixindən etibarən artıq Azərbaycan tərəfi Osmanlı ilə bir masa arxasında, müstəqil bir dövləti təmsil edən rəsmi nümayəndə heyəti kimi əyləşirdi.

Hələ Tiflisdəykən Batum Konfransına qatılan Cümhuriyyət qurucularımız ilk diplomatik addımı ataraq, 1918-ci ilin 4 iyun tarixində Osmanlı dövləti ilə “Sülh və dostluq haqqında” (Yaxud da “Batum” müqaviləsi) müqavilə bağladılar. Hərtərəfli qarşılıqlı dəstək ifadə edən müqavilənin bəndlərində hərbi əməkdaşlığa dair də maddələr vardı. Müqavilənin 4-cü maddəsinə uyğun olaraq, I Hökumət Kabineti Bakı şəhərini bolşevik və daşnak istilasından qurtarmaq üçün Osmanlı dövlətindən gec olmadan hərbi yardım istədi. İyun ayının 7-də III korpus komandanı Vəhib Paşa əmr imzaladı. Əmrdə deyilirdi:

“Beşinci Qafqaz Ordusunun Qazax üzərindən Gəncəyə göndərilməsini qərara aldıq. Ordu Ağstafa stansiyasından Gəncəyə qatarla gedəcək. Bunun üçün müvafiq tədbirlər aldıq, hazırlıq işləri gedir. Ağstafa-Gəncə qatarlarına təhlükəsizlik üçün nəzarəti müsəlman zabiti Gəncəli İbrahimzadə Nazim Əfəndi yerinə yetirəcək və korpus bütöv olaraq Gəncədə yerləşərək, əmrinizdə olacaq, əfəndim!”.

Bolşeviklər və Daşnaksütyun isə təşvişə düşərək, əllərində olan bütün mətbu orqanlarda, xüsusən də ən çox yayımlanan “Bakinskiy raboçi” qəzetində türklərin gəlişini xalq üçün faciə adlandırır, işğal kimi qiymənləndirərək, qarışıqlıq yaratmağa çalışırdılar. Erməni Milli Şurası isə durmadan daşnakları təlimatlandırır, bolşeviklərin lideri Leninə məktublar yazaraq, onların Bakını qoruması üçün etdikləri mücadilədə dəstək verməsini istəyirdilər.

Gəncədə yerləşən Osmanlı ordusu ilə Azərbaycan ordu birliyi birləşərək qərargah yaradılmasını və bölüklərin keçəcəyi yol xəritələrini, zabit və əsgər heyətinin saylarını müəyyən edirdi. Qafqaz İslam Ordusu adlandırılan birləşmiş ordunun rəhbəri general Nuru Paşa idi. General Əliağa Bəy Şıxlinski Nuru Paşanın müavini təyin edildi. Azərbaycandan daha bir igid komandir də bu orduda vəzifələndirildi - Həbib Bəy Səlimov idi. Ona “Cənub bölüyü”nün komandiri vəzifəsi verilmişdi. Bu bölük Gəncədən başlayaraq dəmir yolu üzrə Bakıya doğru hərəkət edəcəkdi.

Gəncədə hökumət böhranı

İyun ayının 10-da ilk döyüş əməliyyatlarına başladılar. Onlar Gəncə və Gəncəətrafı ərazilərdə mövqe tutan silahlı erməniləri zərərsizləşdirdilər. 3 gün sonra bütün erməni dəstələri tabe edildi. Gəncə təhlükəsiz və coşğulu şəhərə çevrilmişdi. Milli Hökumət də öz mərkəzini iyun ayının 16-da Tiflisdən Gəncəyə köçürdü.

Gəncəyə köçürülən hökumət mərkəzi burada ögey münasibətlə qarşılaşdı. Burada onları “İlhaqçı” adlanan burjua-mülkədar qrupları qarşıladı. Onlar Milli Hökuməti tanımadıqlarını və Osmanlının bir əyaləti kimi Azərbaycanın bolşevik və ermənilərdən təmizlənməsinin tərəfdarı olduqlarını bildirdilər.

“İlhaqçılar” daha çox islamçı və islam xilafətinə dayanan dövlətin tərəfdarları idilər. Nuru Paşa siyasi işlərə qarışmadığını bildirsə də, həmin qrupun ideoloji rəhbəri Nuru Paşanın müşaviri Əhməd Bəy Ağaoğlu idi.

Rəsulzadənin müdrikliyi

Qarşıda 18 minlik Bakı soveti ordusunu gözə alan, Osmanlıdan isə əlavə qüvvənin istəniləcəyini düşünən, uzaqgörən şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə Məhəmməd Hacınski ilə birlikdə məsləhətləşərək, Milli Şuranın buraxıldığını elan etdi. O şərtlə ki, Azərbaycan Cümhuriyyəti öz dövlət statusunu qoruyacaqdı.

İdarəetmədə bütün məsuliyyət Fətəli Xan Xoyskinin rəhbərliyi ilə qurulan İkinci Hökumət Kabinetinə verildi. Bu kabinetdə “ilhaqçı” qrup da təmsil olunurdu. İkinci Hökumət Kabineti iyun ayının 17-dən fəaliyyətə başladı. Solmaz Tohidi yazır ki, həmin günün səhəri Məhəmməd Əmin Bəy “Azərbaycan Məclisi-Millisi rəisi” statusunda 7 nəfərdən ibarət nümayəndə heyəti ilə birlikdə İstanbulda keçiriləcək konfrans üçün oraya yola düşdü.

Ənvər Paşa isə Xəlil Qut və Nuru Paşaya gizli teleqram göndərərək, tez bir zamanda Gəncədəki fəaliyyətlərinə ara verib, Bakı üzərinə yürüşə çıxmalarını əmr etdi.

Müharibənin taleyi

Bütün bunlar baş verərkən, Hacıqabulda cəmlənən 10 minlik bolşevik-daşnak ordusu Gəncəyə doğru yola çıxdı. Həm bolşeviklər, həm də Qafqaz İslam Ordusu üçün əsas strateji mövqe Qaraməryəm-Göyçay idi. Düşmənin Gəncəyə doğru hərəkət etməsi xəbərini alan Nuru Paşa Osmanlıdan gələn ikinci divizyanın hərbçilərini Qazaxdan birbaşa Ucara, oradan da Göyçaya döyüşə göndərdi.

Doğru planlaşdırılmamış bu döyüşdə yorğun Osmanlı ordusu itki verdi, silah-sursat itirdi. Vəziyyətə nəzarət üçün Əliağa Bəy və Rüşdü Bəy Gəncədən Göyçaya doğru yola çıxdılar. Müsüslüdən Həbib Bəy Səlimovun süvari bölüyü özünü Qaraməryəmə yetirdi və qəhrəmancasına döyüşərək, bolşevik ordusunu geri püskürtdü.

Bu qələbə döyüşün taleyində həlledici dönüş yaratdı. Bundan sonra başlayan Ağsu döyüşlərində isə şanlı qələbəni, keçmiş “Vəhşi diviziya”nın azərbaycanlı qəhrəmanları qazandılar. Növbəti yol Bakı üzərinə idi. Lakin su, yemək, ərzaq qıtlığı ordunu ləngidirdi. Hərbçilər arasında xəstəliklər sürətlə yayılırdı.

Bakı Azərbaycan, Azərbaycan da Bakıdır”

Nuru Paşa Mürsəl Paşanın rəhbərliyi ilə “Şərq” (Bakı) cəbhəsi qurdu. Bu cəbhə iki qola ayrılırdı: Cənub bölüyü və Şimal bölüyü. Cənub bölüyünə Həbib Bəy Səlimovun rəhbərliyi ilə süvari korpusu daxil idi ki, onlar Kürdəmir, HacıqabulBakı dəmir yolu xətti üzrə hərəkət edəcəkdir. Şimal bölüyünə isə Osman Ağa Gülməmmədovun rəhbərlik etdiyi piyada-süvari korpusu daxil idi. Onlar Şamaxı-Mərəzə yolu ilə hərəkət edərək Bakını mühasirəyə alacaqdılar.

İstanbulda səfərdə olan Rəsulzadə və rəhbərlik nümayəndə heyəti isə Almaniya səfiri ilə görüşərək, Bakı məsələsini müzakirə etmişdilər. Almanların Bakı məsələsində bolşevikləri tam sıxışdırmayacağından əmin olduqdan sonra Gəncədəki hökumətə teleqram vurur: “Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır. Bakını ancaq Azərbaycan hökuməti tutmalıdır”.

Çarəsiz qalan və bütün döyüşlərdə uduzan bolşevik-daşnaklar isə ümidlərini “Sentrokaspi” diktaturasına və L.Denstervillin rəhbərliyi ilə Bakıya gələn, diktaturaya dəstək verəcək ingilis ordusuna bağlamışdılar. “Şərq” cəbhəsi komandanı Mürsəl bəy general Denstervillə məktubunda, onsuz da Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəklərini, boşuna bolşeviklərə dəstək verdiklərini yazırdı. Eyni zamanda, Mürsəl bəy ondan xoşluqla təslim olmalarını istəmişdi.

“Əmin Bəy! Bakı alındı!”

İstanbula getdiyi gündən gecə-gündüz Osmanlı hökumət nümayəndələri ilə danışıqlar aparan, Rəsulzadə onları tezliklə Bakının azadlığı üçün daha ciddi addımlar atmağa səsləyirdi. O, narahat idi ki, orduda xəstəliklər yayılıb, ərzaq, su ehtiyatı tükənib, yorulub və ingilislərin köməyini alan düşmən Bakı ətrafında onları məğlub edə bilər. Ona görə daha bir divizya göndərilməsi tələbini Sultan Vahidəddinə çatdırmışdı.

Avqustun 13-də 1200 hərbçisi olan 107-ci Qafqaz Alayı Azərbaycana gəldi. Sentyabr ayının 1-də “Sentrokaspi” diktaturası məğlubiyyəti qəbul etdi və ordunu geri çəkdi. Senytabrın ilk günlərində Bakı üzərinə həm şimaldan, həm də cənubdan güclü hücumlar başlanıldı. Bütün qəsəbələr bir-bir azad edilirdi.

“Şərq” cəbhəsi sentyabrın 11-nə Bakının alınmasını planlaşdırmışdı. Lakin bəzi səbəblərə görə gecikdi. Sentyabrın 11-də Baş Nazir F.X.Xoyski İstanbulda olan Rəsulzadəyə teleqram vuraraq bildirdi ki, “Bakı neft mədənlərinin böyük hissəsi əlimizdədir. Yaxın günlərdə Bakı tam azad olacaq”.

8 sentyabrda Gəncədən ayrılan Nuru Paşa 13 sentyabr günü Əliağa Şıxlinski ilə birgə Bakı ətrafına gəldi. “Şərq” cəbhəsinin həm piyada, həm də süvari alaylarının komandirləri ilə söhbətlər apardılar. Əliağa Bəy əlavə istehkamların qurulmasının, düşmənin əks-hücumu zamanı arxadan top atəşləri ilə geri püskürdülməsinin vacibliyini qeyd etdi. Həmin gün əmr imzalandı.

14 sentyabr axşamı ingilis ordusu gəmilərə yığışıb Ənzəliyə yola düşdü. Döyüşlər 15 sentyabr saat 15:00-a kimi davam etsə də, bolşevik-daşnaklar həmin gün səhər ağ bayraqla Qafqaz İslam Ordusu qərargahına gələrək, şəhərin təslim olunmasını müzakirə etmək istədiklərini bildirdilər. Rüşdü Paşa onlara 6 maddəlik müqavilə təqdim etdi və imzaladılar. Bakı azad olundu!

Qələbə sevinci Azərbaycan xalqına Gəncədə nəşr olunan dövlətin rəsmi orqanının - “Azərbaycan” qəzetinin ilk sayında çatdırıldı. Bu möhtəşəm xəbəri Hərbiyyə naziri Ənvər Paşa İstanbulda rəsmi səfərdə olan Rəsulzadəyə telefonla edərək: “Əmin Bəy! Bakı alındı”, - deyə çatdırdı.

Sonralar hadisəni qələmə alan Rəsulzadə belə yazırdı: “Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. Təsiri hələ unuda bilmirəm”.

Ənvər Paşa qələbə münasibəti ilə Nuru Paşaya yazırdı: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin qonaq yeri olan Bakı şəhərinin istiqlalı xəbərini böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizin ruhuna fatihələr ərz edərim”.

Baş Nazir F.X.Xoyski isə Nuru Paşaya “Millət Sizə minnətdardır!” xitablı təbrik məktubu göndərmişdi.

Milli qəhrəmanlarımız

İlk başda Azərbaycan ordusu zəif görünsə də, türk ordusunun gəlişindən sonra könüllülərin sayı da artmağa başladı. Bakı zəfərinə gedən yolda mindən çox Osmanlı hərbçisi şəhid olmuşdusa, o rəqəmə yaxın Azərbaycanın da itkisi olmuşdu. Osmanlı ordu komandanları ilə yanaşı bizim qəhrəmanlarımız da o ordunun tərkibində əsas vəzifələri icra edirdilər.

 

Artilleriya-istehkam qurğularına birbaşa Əliağa Bəy Şıxlinski nəzarət edirdi. Süvari ordusundan məsul, Cənub bölüyünün rəhbəri Həbib Bəy Səlimov idi ki, çox az itki ilə böyük zəfərlərə imza atmışdı və döyüşün taleyini dəyişmişdi. Həmin döyüşlər zamanı həm də Həbib Bəy qərargah rəisi təyin olunmuşdu. Döyüşdən sonra ona polkovnik rütbəsi verilmişdi.

Şimal bölüyündə daha bir süvari bölük rəisi Osman Bəy Gülməmmədov Bakı döyüşlərində Baş Qərargahın rəğbətini qazanmış, Nuru Paşa ona 5 qılınclı “Məcidiyyə” ordeni təqdim etmişdi. Qazandığı yüksək etimada görə onu Qusar süvari alayına xidmətə göndərmişdilər. Denikinə qarşı döyüşən həmin alay Hərbiyyə nazirinin şəxsi təşəkkürünü qazanmışdı.

Bundan əlavə, 1-ci piyada diviziyasının polkovniki Cavad Bəy Şıxlınski də Bakının azad olunmasında yaxından iştirak etmiş və qəhrəmanlığına görə Nuru Paşadan medal almışdı.

İgidliyə görə seçilən qəhrəmanlardan biri də tovuzlu Cahangir Bəy Novruzov idi. O, Azərbaycan Milli Ordusunun tərkibində baş leytenant kimi Bakı döyüşlərində iştirak etmişdi.

Adlarını sadalamadığımız Milli Ordumuzun neçə-neçə qəhrəmanı Qafqaz İslam Ordusunun tərkibində Bakının azad olunmasında və millət qarşısında böyük qəhrəmanlıqlar göstərmişdilər.

Bakının azad olunması Azərbaycan Milli Hökumətinin ölüm-dirim mübarizəsi idi. Bu yolda Qafqaz İslam Ordusu hərbi xilaskar missiyasını həyata keçirirdisə, siyasi-diplomatik qəhrəmanımız Məhəmməd Əmin Rəsulzadə və onunla İstanbula getmiş nümayəndə heyəti idi.

Bizə Bakını bəxş edənlərin xatirələri əbədi olaraq qəlbimizdədir. Bu gün Bakıda xilaskarların xatirəsinə Türk Şəhidliyi abidəsi ucalır. Bakı yollarında şəhid olmuş 1242 qəhrəmanın məzar yerləri bilinməsə də, biz onları bu abidə önündə yad edirik. Bu abidə həm də müstəqillik dövründə iki qardaş ölkənin yenidən qovuşmasının abidəsidir.(ayna)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar