Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşən Musayev: “O zalım uşağının hülqumundan yapışıb, sıxıb demək lazım ki…”

Millət vəkili: “Necə ki, Rəsul Quliyev rus qadınla videosuna 2 həftədən sonra münasibət bildirdi ha, bax, Avropanın bəzi qurumlarının lazımlı məsələlərə münasibətdə operativlik dərəcəsi də təxminən elədir, eynidir”

Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik.

PİA.AZ onunla “Yeni Müsavat”ın redaksiyasında gerçəkləşən müsahibəni təqdim edir:

-Bəy, rakursu bir az dəyişək: Cahangir Hacıyev və Rüfət Aslanlı kimi eks məmurların var-dövləti haqda media mütəmadi məlumatlar dərc etsə də, sanki mövzuya bir az ara verilən kimi yenidən unudulur. Ta ki, yeni informasiyalar işıq üzü görənə qədər. Bu yaxınlarda Zamirə Hacıyevanın 42 milyonluq təyyarəsi və Rüfət Aslanlının 2 milyonluq cəh-cəlal sifarişi barədə də yeni yazılar dərc olundu. Üstəlik, vəzifədən yeni uzaqlaşdırılan icra başçıları haqda da ziddiyyətli məlumatlar dolaşmaqdadır. Nə baş verir? Nəticə haqda proqnoz varmı?

-Mən ixtisasca hüquqşünas olsam da, hüquq-mühafizə orqanlarının əməkdaşı deyiləm, müsahibəni də sizə siyasətçi kimi verirəm. Faktın dayanıqlığı, sübutu, əsası varsa, onunla məşğul olmaq da mənim işim deyil. Cahangir Hacıyev həbsdədir. Hüquqi İfşası da hələ davam edir. Bu adam dövlətin, bank sisteminin , ümumilikdə iqtisadiyyatın çökməsi üçün əlindən gələni əsirgəməyib. Ölkəyə hər zərbəni vurub, hər namərdliyi edib. Sübutlar yetərincədir, ittiham var, məhkəmə cəzası var, həbsini də çəkir. Bir qalıb ölkədən kənara daşıdıqlarını geri gətirmək və öz cinayətinə şərik etdiyi insanları ədalət mühakiməsinə təslim etmək. O da olacaq. Digər adını vurğuladığınız şəxs və ya şəxslər barədə isə heç bir proqnozum yoxdur. Tək deyəcəyim odur ki, bu ölkədə qanunun aliliyinə kimsə şübhə etməsin. Hər şey və hamının fəaliyyəti nəzarətdədir. Kimin kim olduğu, daha doğrusu, hansı qiyafədə, nə boyda, necə mahiyyətdə olduğu gün kimi aydındır. Cinayət edən, dövlət əmlakına əl uzadan, dövlətə, dövlətçiliyə xəyanət edən mütləq cəzasını alacaq. Bax, bunu əminliklə söyləyə bilərəm.

-Bir obraz olaraq məmur sizin üçün kimdir?

-Ağlı ilə nəfsi arasındakı münasibətləri birincinin xeyirinə böyük üstünlüklə tənzimləyə bilən şəxs.

-Bəs deputat?

-Yüzlərlə, minlərlə seçicinin dualarında yaşayan biri.

-Ölkədə kadr qıtlığı varmı? Bu sualı ona görə verirəm ki, zaman-zaman həm müxalifət, həm də iqtidar cəbhəsi məlum mövzu ilə bağlı öz gileyini ifadə edib.

-Müxalifətin gileyində məntiq var. İqtidarın isə belə bir problemi yoxdur.

-Bəy, Qarabağla bağlı ciddi müzakirələr yenə aktiv yön alıb. Siz bu barədə pessimist ruha daha çox köklənənlərdənsiniz, yoxsa tam tərsi: ümid edənlərdən? Deyim ki, həmkarlarınızın bir çoxu hərbdən, müharibədən savayı çarə görmürlər və sülh danışıqlarının heç bir nəticə verməyəcəyini israrla söyləyirlər.

-Dağlıq Qarabağla bağlı bir çox əngəllərin olduğu məlumdur. Təfsilatına getsək, 10 müsahibə yetməz. Bir çox siyasətçinin sülhlə bağlı pessimizmə qapılmasının da səbəbi bənzər hadisələrə yönəlik tarixi presidentlərin qıtlığıdır. Bəzənsə yoxluğu. Mənsə o fikrə köklənmişəm ki, mənim ləyqaqətli Prezidentim olmazları, mümkünsüzləri mümkün edə bilən bir rəhbərdir. İlham Əliyev bir çox məsələlərdə ilkə imza atıb, yeni, pozitiv təcrübələrin əsasını qoyub. Diplomatiyada da azacıq işıq yeri görünsə, ən kiçik mümkünat olsa ölkə Prezidenti həmin kiçik mümkünatı geniş diapazona gətirərək Qarabağı işğaldan azad edəcək. Hərb isə heç vaxt istisna deyil və bunu dövlət rəhbərliyi açıq deyir. Aprel döyüşləri də sübut etdi ki, biz hələ müharibədən vaz keçməmişik və alternativ variant hüququnu özümüzdə saxlayırıq. Bu imkanı bizə beynəlxalq hüquq da tanıyır, beynəlxalq konvensiyalar da, mənəvi və faktiki çərçivələr də. Amma tam səmimi deyirəm: mənim məlum mövzuda ən böyük ümidim İlham Əliyev, onun kişiliyi və prinsipiallığıdır. Ayrıca, bir faktın dəqiqliyinə də zərrə qədər şübhəm yoxdur: Dağlıq Qarabağla bağlı istənilən siyasi lider pozitiv və prinsipial xətt üzərindən nə edə bilərdisə, İlham Əliyev artıq onun min qatını edib, edir, bundan sonra da edəcək. Edəcək və bizi əzəli torpaqlarımıza enində-sonunda qovuşduracaq. Diqqət edin, son günlər hətta rus mətbuatında belə 7 rayonun geri qaytarılması artıq ciddi ehtimal kimi irəli sürülür. Demək, kənardan da görüntü budur ki, Azərbaycanın gücü qarşısında Ermənistanın uzun müddət tab gətirməsi mümkünsüzdür və bundan sonrakı bütün prooseslər nəticə etibarilə bizim xeyirimizə işləyəcək.

-Ciddi əngəllərdən danışdınız. Dağlıq Qarabağ mövzusunda ədalətin bərpa olunmasına ən ciddi əngəl nədir? Təbii, söhbət qlobal yanaşmadan gedir.

-İki böyük qüvvənin fikir ayrılığı. Həmin qüvvələri adbaad sıralamaq deyil, məhz sıralamamaq siyasətçi manevrinə daha uyğun olduğu üçün subyektajları xüsusiləşdirməyəcəm. Amma bu qüvvələrin biri üçün heç fərq etməz, məsələ kimin xeyirinə həllini tapacaq, yetər ki, tapsın. Yəni, həmin tərəfin arzusu budur və təbii, bizim maraqlarımıza uyğun deyil. Niyə? Çünki Azərbaycanın məqsədi problemin pərakəndə şəkildə həlli deyil, tamamən öz maraqlarına uyğun şəkildə, uyğun şərtlərlə həllidir. Deyim, elə ikinci qüvvə üçün də elə bir fərqi yoxdur - kim haqlıdır, kim haqsız, kim üstün oldu, kim qeyri-üstün. Birincilərlə tək fərqləri də odur ki, məqsəd və arzu tərs diaqonal üzərindən dövr edir. Daha dəqiqi: nə olursa-olsun, bircə məsələ bu və ya digər formada həllini tapmasın, açıq qalsın, münaqişə ocağı daim tüstü versin. Əlqərəz, biri hər nə şəkildə olurs- olsun, məsələnin həllini istəyir, digəri isə hər nə şəkildə olursa-olsun, həll olmamasını. Bax, bu səbəbdən ölkəmiz öz gücündən, öz ordusundan, öz liderindən, öz Baş Komandanından savayı kimsəyə güvənmir. O deyirlər ha, Qərb demokratiyası elə gəldi, Avropa dəyərləri belə getdi... Hardadı o məfhumlar? Həmin demokratiya və dəyərlər həqiqətən varsa, mövcuddursa, ilk öncə BMT-nin havada uçuşan qətnamələri üzərindən reallaşsın, göstərilsin, tətbiq edilsin. Ermənistana qarşı. Bu zalım uşağının – işğalçı erməninin hülqumundan tutub sıxsınlar, ardınca desinlər ki, ədaləti bərpa eləməsən, vandal siyasətindən imtina qərarı verməsən, boğazını nəfəsin kəsilənə qədər buraxmayacayıq. Verməsinlər separat rejimin rəhbərinə viza. Dizləri üstündə oturdub bəsləməsinlər Vidadi, Orduxan, Emin, Tural kimi ünsürləri. Femida xanımın qolunu sağ ya sol böyrü üstə əyməsinlər. Özlərinə lazım olanda bir dəxilsiz adama görə bütün güclərini, resurslarını sərf edirlər. Amma harada operativlik lazımdır, laldırlar. Necə ki, Rəsul Quliyev rus qadınla videosuna 2 həftədən sonra münasibət bildirdi ha, bax, Avropanın bəzi qurumlarının lazımlı məsələlərə münasibətdə operativlik dərəcəsi də təxminən elədir. Əvəzində isə bumeranqla üzləşirlər. Bir baxırlar, “sarı”, “qara”, “qırmızı” jiletlilərin cəngindədirlər. Qısası, özləri neyləyirsə, özlərinə də onu eləyirlər.

-Yəni, hamısı qurama, düşünülmüş şeylərdir? “Sarı jiletlilər”-filan...

-Təbii. Xatirinizdədirsə, İŞİD-in ordusu vardı. Ordu deyirəm e, sizə. Qoy dəstə olsun, qruplaşma olsun, ordu nədir bəs? Düşünün, İŞİD neft satırdı. Ən qəribəsi isə odur ki, hələ alıcıları da var idi. Az qalmışdı, dünya neft birjalarında “İŞİD-brent” neft markasının tarifləri müəyyən olunsun. Təsəvvür edin, İran boyda dövlət embarqo və sanksiyalar səbəbilə neftini sata bilmir, amma İŞİD-ə gözün üstdə qaşın var deyən yoxdur. Dünya siyasəti budur. Hərdən leksikonlarda çox rast gəlirik: “ikili, üçlü standartlar”. Xeyr, əzizlərim, artıq iyirmili, qırxlı standartlar meydan sulayır. İkili, üçlü standart yürüdənlər isə belələrinə baxanda kənardan mələk kimi görünürlər. Aydın məsələdir ki, “sarı jiletlilər” hansısa qüvvələr tərəfindən təlimatlandırılıb, dövriyyəyə buraxılıb. Sadəcə, məsələ bilirsinizmi nədir? – Artıq müharibələrdən heç nə qazanmayan dünya hegemonları öz gedişatlarını improvizə etməyə, həmin gedişata əl gəzdirməyə başlayıblar. “Sarı jiletlilər” bir obrazdır. Avropaya qarşı yaradılıb. Miqrant siyasətindəki sərt təpkiyə cavab olaraq! Fəsil dəyişəcək, dönüb olacaqlar “sarı köynəklilər”, daha sonra “sarı jaketlilər”, “sarı maykalılar”. Hamısı, sifariş, əmr quludur. Ağa desə sür dərəyə, sürəcəklər.

-Bu tərəflərə gəlib çıxma ehtimalları necə, varmı?

-“Narıncı inqilab”ların dalğası, estafeti 2005-də Azərbaycanda durdurulub, dayandırılıb. Dövlətin və ölkə rəhbərinin qətiyyəti nəticəsində. İndi “sarı jiletlilər”in də 14 il sonra yenə fiaskoya uğramaq fikirləri varsa, buyurub gəlsinlər.

- Nəhayət, son sualımı verim: Bildiyim qədər deputatlar qış tətilindədirlər...

-Məzuniyyətində.

- Olsun məzuniyyət. Siz nə əcəb Bakıdasınız və zəng etdiyimizdə xaricdə olduqlarını söyləyən bəzi həmkarlarınız kimi daha səmərəli istirahətə üstünlük vermirsiniz?

-Mənim istirahətim yazı-pozu, mütaliədir. Bundan gözəl istirahət tanımıram. Məzuniyyəti də mövcud halımla, vəziyyətimlə son dərəcə səmərəli keçirdiyimi düşünürəm.

-Müsahibəyə görə təşəkkür edirəm.

pia.az


Etiket: Elşən Musayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar