Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

"Elmar Vəliyev 4 ildir ki, başçı deyil, amma hələ də onun Gəncə və ətrafındakı səfalı, gözəgəlimli yerlərdə villaları, imarətləri, hotel və restoranları haqda mətbuat yazır. Bu məsələlər araşdırılmalıdır”

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir. Prosesdə mayın 27-dən bu yana fasilə yaranıb. Buna səbəb isə təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmovun vəsatəti olmuşdu.

“Cinayət işinin materiallarında yazılanlar saxtadır” deyən vəkil məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırmış, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilmədiyini məhkəmənin diqqətinə çatdırmışdı. “Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da ”yadımda deyil, sonra danışaram" deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib. Bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb. Ona görə də məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi zərurəti ortadadır", - deyə vəkil bildirmişdi.

Prokuror vəsatətə etiraz etməyib, qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib.

Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan məhkəmə praktikasında tibbi ekspertizanın keçirilməsi ilə bağlı qərarlar adətən 1 ay müddətində icra olunur: “Elmar Vəliyevin sağlıq durumu, psixoloji-emosional vəziyyətini aydınlaşdırmaq üçün Azərbaycanda kifayət qədər təcrübəli ekspertlər var. Əgər həmin ekspertlərə imkan verilsə, onlar dəqiq-dürüst qiymətləndirmə apara bilərlər. Bu işlərlə bağlı vəkillərin mövqeyi haqlıdır. Əgər Elmar Vəliyev anlaqsızdırsa, onun qərar qəbul etmək imkanları psixoloji durumu baxımından uyğun deyilsə, bu halda sual yaranır: anlaqsız biri vəkili ilə müqaviləni necə bağlayıb? Bu suala mütləq şəkildə aydınlıq gətirilməlidir.

Əlbəttə ki, Elmar Vəliyevə qarşı cinayət törədilib. Amma bu o demək deyil ki, Elmar Vəliyev məhkəməyə gəlməməlidir, vəkillərin suallarını cavablandırmamalıdır. Elmar Vəliyevi məhkəmədə dindirmədən məhkəmə araşdırması həqiqəti üzə çıxara bilməz. Qoy, Elmar Vəliyev məhkəməyə gəlsin, ifadə verib sualları cavablandırsın. Onun xəsarət alması ilə nəticələnən əmələ görə həbsə alınanların taleyi həll olunur. Belə bir halda Elmar Vəliyev məhkəməyə gəlməlidir, lazım gəlsə, gətirilməlidir. Çünki həmin məhkəmədə çıxarılacaq hökm Azərbaycan Respublikası adından olacaq. Elmar Vəliyev də pis, ya yaxşı - ölkənin ikinci şəhərinin icra başçısı olub. Səhhəti imkan verirsə, zəhmət çəkib Azərbaycan qanunlarına uyğun olaraq məhkəməyə gəlməlidir. Ölkənin ikinci böyük şəhərinə illərlə rəhbərlik etmiş birinin məhkəməyə gəlməkdən yayınması da anlaşılmır”.

Bəs istintaqın yenilənməsi Elmar Vəliyevə nə vəd edir?

Hüquqşünas deyir ki, sabiq icra başçısının anlaqsız olmasını səbəb gətirməklə məhkəməyə gəlməməsi onun fəaliyyətinin yoxlanılmasına mane olub: “Elmar Vəliyevin başçı olduğu müddətdə mətbuatda onunla bağlı, onun yol verdiyi qanunsuzluqlar, yeyinti faktları ilə bağlı saysız-hesabsız yazılar, məlumatlar, videolar yayılıb. Elmar Vəliyev 4 ildir ki, başçı deyil, amma hələ də onun Gəncə və ətrafındakı səfalı, gözəgəlimli yerlərdə villaları, imarətləri, hotel və restoranları haqda mətbuat yazır. Bu məsələlər araşdırılmalıdır”.

Hüquqşünasın bəhs etdiyi yazı “Elmar Vəliyevin yarımçıq qalmış hoteli...” adlanır və “Yeni Musavat”ın 9 iyun sayında çap olunub. (bax buraya) Yazıda Elmar Vəliyevin Göygölün Hacıkənd kəndinin ərazisindəki tikintisi yarımçıq qalmış hotelindən, Toğanada Kürəkçayı üzərində tikilmiş imarətindən, oğlu Elmir Vəliyevin elə orada, bir qədər aralıda yerləşən, dağın üstündəki villasından bəhs olunur.

Həmin yazıdan sitat: “Göygölə qalxan yol və yolkənarı yerlər gerçəkdən də abad idi. Əməllicə iş görülüb. Birdən sürücü yol kənarındakı 5+ mərtəbəli, tikintisi başa çatmış möhtəşəm tikilini göstərir: ”Bax, bu bina var ha, “Hacıkənd-plaza” hotelidir. Elmar müəllimindir. Amma o güllə məsələsindən sonra burada iş dayandı. İstifadəyə verilmədi. İçinin işləri qalıb, bir də böyür-başının abadlaşdırılması, yanında bəzi obyektlərin tikilməsi-filan. Mansardını da özü üçün düzəltdirirdi".

Hotel gerçəkdən möhtəşəm idi. Hiss olunurdu ki, Elmar müəllim doğrudan da qurub-yaradan adam imiş. Gendən baxanda hotelin 6-cı mərtəbəsinin, yəni çardağının azı 3-4 yüz kvadratmetrlik sahəyə malik olduğu bilinir.

Növbəti sualım: “Nə əcəb buralarda Elmar müəllimin başqa villası yoxdur?”

Sürücünün cavabı: “Niyə yoxdur? Var. Toğana kəndindədir, yaxınlaşanda ora burulan yolu göstərərəm. O cür villa bəlkə də bu ölkədə yoxdur. Bax, bu Kürəkçay var ha, həmin villanın ortasından keçir. Elə düzəldiblər ki, çay həyətin bir yerində təbii şəlalə kimi tökülür. Villanın həyətində forel vətəgəsi də var. Balıqların üzü aşağı üzüb getməmələri üçün şeylər düzəldilib”.

Bu səpkili yazılar mətbuatda bəs deyincədir və araşdırılması zərurəti də həm məhkəmə işi, həm də gələcəkdə məmur özbaşınalıqlarının qarşısının alınması baxımından zəruridir.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar