Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Oliqarxik sistemdən menecment sisteminə keçid doğrudur” – Müsahibə

REAL-ın icraçı katibi: “Kadr və struktur dəyişiklikləri çox vacibdir, lakin ondan daha vacib olan digər bir məsələ isə həmin strukturların çevik, şəffaf və effektiv işləməsidir. Bunun üçün qanunvericilik bazasında da ciddi dəyişikliklərə ehtiyac var”

“Görünən odur ki, tamamilə yeni bir yanaşma ortaya qoyulur və paralelliyin aradan qaldırılmasına çalışılır. Bunun davamlı şəkildə getməsi və qanunvericilik şəklində də öz əksini tapması daha yaxşı olardı. Hətta lazım gəlsə, konstitusiya dəyişikliklərinə də getməklə yeni strukturların qalıcı və işlək olması üçün onların qanunvericilik bazasının da yaradılmasına əsas lüzum var”.

Bu sözləri Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli son günlər dövlət strukturlarında aparılan islahatlarla bağlı ölkə prezidenti İlham Əliyevin fərman və sərəncamlarını PİA.az-a şərh edərkən söyləyib.

Xatırladaq ki, yeni ilin başlanğıcından Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dövlət qurumlarının yenidən təşkili ilə bağlı bir sıra fərman və sərəncamlar verib. Qeyd edək ki, 2019-cu ildə gözlənilən struktur islahatları ilə bağlı prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib. Son bir neçə gündə isə prezident İlham Əliyev dövlət strukturlarında mühüm islahatlarla bağlı fərman və sərəncamlar verib. Yanvarın 14-də prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanla 3 dövlət qurumu ləğv edilib, 6-sı isə yenidən təşkil edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Həmçinin prezidentin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv olunub, onun əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Yeni ildən başlayaraq prezidentin başlatdığı struktur və kadr islahatları ilə bağlı PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib. PİA.az Natiq Cəfərli ilə müsahibəni təqdim edir:

Natiq Cəfərli: “İşdən azad olunmuş oliqarxik məmurların hər hansı bir formada ölkədəki siyasi sabitliyə, ümumiyyətlə, ölkədəki vəziyyətə müxtəlif yollarla ola biləcək təsiri minimuma endirilməlidir”.

- Natiq bəy, bu ilin başlanğıcından prezident İlham Əliyev geniş struktur ishatları həyata keçirməyə başlayıb. Bu islahatların mahiyyətini necə dəyərləndirisiniz?

- Dövlət aparatının çox şişirdilmiş və qeyri-çevik olması ilə bağlı illərdir fikirlər səsləndirilir. Son zamanlarda yeni agentliklər yaradılırdı, amma əvəzində həmin agenliklərlə paralel olaraq ənənəvi dövlət qurumları, nazirliklər və dövlət idarələrində də eyni səlahiyyətlər qalırdı. Bu isə idarəetmənin çevikliyini və məqsədəuyğunluğunu ləngidirdi. Yəni ki, paralel strukturların olmasına görə çevik addımlar atıla bilmirdi. Görünən odur ki, artıq paralel strukturların dövrü sona çatır və yeni yaradılan çevik və az kadrlarla təmsil olunan agentliklər, dövlət qurumları ənənəvi strukturlarını, yəni nazirliklər dövlət idarələrini əvəz etməyə başlayacaq.

Paralelliyin sona çatmasının əsas göstəricilərindən biri “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. “Azərsilah” yaradıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyi tamamilə ləğv edildi. Əvvəllər belə olmurdu. Hər hansı bir agentlik, ya da ASC yaradıldığı zaman nazirliklər və ənənəvi strukturlar yerində qalırdı. Görünən odur ki, tamamilə yeni bir yanaşma ortaya qoyulur və paralelliyin aradan qaldırılmasına çalışılır. Bunun davamlı şəkildə getməsi və qanunvericilik şəklində də öz əksini tapması daha yaxşı olardı. Hətta lazım gəlsə, konstitusiya dəyişikliklərinə də getməklə yeni strukturların qalıcı və işlək olması üçün onların qanunvericilik bazasının da yaradılmasına əsas lüzum var.

Sərt vertikal idarəetməyə malik prezident respublikalarında, həmçinin bizim ölkəmizdə agentlikləri prezident yaradır və birbaşa özünə tabe edir, yəni bu qurumlar Nazirlər Kabineti strukturuna aid deyil. Belə bir şəraitdə Nazirlər Kabinetinin ayrıca bir qurum kimi qalması da öz məntiqini itirir. Çox güman ki, gələcəkdə Nazirlər Kabinetinin ləğvi də gündəmə gələ bilər. Nazirlər Kabinetinin ləğv olunması struktur islahatlarının qanunvericilik şəklində sona çatması ilə nəticələnə bilər.

Natiq Cəfərli: “Azərbaycan kimi kiçik bir ölkədə 46-ya yaxın nazirlik və dövlət qurumunun olması məntiqsizlikdir və bu şişirdilmiş dövlət aparatı özünü kadr siyasətində, kadrların formalaşmasında da göstərir”.

- Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda çox ağır və yüklənmiş dövlət maşını var. Sizin fikrinizcə aparılan islahatlar dövlət aparatının çevikliyini təmin edə biləcəkmi və çevik iqtisadi siyasətin aparılması üçün əsasən hansı dövlət qurumlarında islahatları genişləndirməyi zəruri hesab edirsiniz?

- Təbii ki, dövlət qurumlarının kifayət qədər şişirdilmiş olmasına şübhə yoxdur. Çünki Azərbaycan kimi kiçik bir ölkədə 46-ya yaxın nazirlik və dövlət qurumunun olması məntiqsizlikdir və bu şişirdilmiş dövlət aparatı özünü kadr siyasətində, kadrların formalaşmasında da göstərir. Azərbaycanda muzdla çalışan işçilərin böyük əksəriyyəti, yəni kommersiya təşkilatlarında və özəl sektorda çalışanların 50% -dən çoxu məhz dövlət sektorunda fəaliyyət göstərir. Təqribən 1.600.000-ə yaxın muzdla çalışanların 9000-ə yaxını məhz dövlət sektorunda çalışır. Bu da kifayət qədər böyük bir rəqəmdir və burada effektiv və optimal addımların atılmasına ehtiyac var.

Düşünürəm ki, sektorlar üzrə təmərküzləşmənin aparılması daha doğru olar. Məsələn, tikinti sektoruna birbaşa və dolayı nəzarət edən, səhv etmirəmsə, 11-ə yaxın dövlət qurumu və nazirliklər var. Onların bir mərkəzdə toplanması və tikintiyə bir pəncərədən baxılması, icazələrin verilməsindən yoxlamaların aparılmasına və binaların qəbuluna qədər eyni mərkəzdən idarə olunması bu sahədə effektivliyi artıra bilər.

Kənd təsərrüfatı ilə bağlı son sərəncamda artıq buna bənzər addımlar atıldı və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan agentliklər, dövlət qurumlarının əksəriyyəti bir mərkəzdə birləşdirildi. Məncə, bu yol daha effektivdir.

Digər yol isə vergi və gömrük siyasətini, vergi və rüsumlarının toplanmasını bir mərkəzdə cəmləməkdir. Məsələn, Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalması bir o qədər də lazımlı görünmür, Vergilər Nazirliyinə birləşdirilə bilər. Nazirliyin adı isə Vergi və Gömrük Nazirliyi ola bilər ki, bütün rüsumlar, gömrük rüsumları və vergilər bir mərkəzdə toplansın.

Natiq Cəfərli: “Təhlükə aradan qalxacaqsa, o zaman oliqarxik sistemdən menecment sisteminə keçmək və yeni gənc, savadlı kadrların vəzifəyə gətirilməsi daha doğru qərardır”.

Bundan başqa eyni məntiqlə müxtəlif sahələr üzrə - turizm sahəsi, innovasiyalar və nəqliyyat sektorunda da bu şəkildə tətbiq oluna bilər. Yeri gəlmişkən, nəqliyyat sektorunda da bir neçə dövlət qurumu var ki, nəqliyyat sahəsinə nəzarət etmək funksiyasına malikdir. Bu da doğru deyil, yəni, bir mərkəzdə toplaşması daha məntiqlidir. Əgər yol xəritəsi olaraq, addımlar olaraq eyni sahəyə xidmət edən və nəzarət edən qurumların bir mərkəzdə toplanması davamlı şəkildə olsa, bu, daha məntiqli və doğru olar.

- Son bir neçə ildə kadr islahatlarında məmur oliqarxiyasının texnokrat kadrlarlarla dəyişdirilməsi müşahidə olunur. Bu islahatların Azərbaycanın siyasi-iqtisadi mühitinə təsirləri barədə nə demək mümkündür? Yəni Azərbaycanda aparılan kadr islahatlarının mənfi və müsbət çalarları barədə nə düşünürsünüz?

- Oliqarxik sistemdən menecment sisteminə keçidlə bağlı ilk danışanlardan biri kimi il yarım bundan öncə bununla bağlı mətbuatda müsahibələr vermişdim və çıxışlarım video şəklində də mətbuatda yayılmışdı. Düşünürəm ki, bu, doğru yoldur. Oliqarxik sistemdən menecment sisteminə keçid doğrudur. Lakin burada bir neçə problemin qarşısınını almaq lazımdır.

Məsələ ondadır ki, işdən azad olunmuş oliqarxik məmurların hər hansı bir formada ölkədəki siyasi sabitliyə, ümumiyyətlə, ölkədəki vəziyyətə müxtəlif yollarla ola biləcək təsiri minimuma endirilməlidir. Onların, obrazlı desək, "acıqlı" olub hər hansı bir sahədə sabotajlar həyata keçirməsi ehtimalı da var.

Ona görə də daha diqqətli hərəkətlər edilməli və hüquq muhafizə orqanları həmin şəxslərlə bağlı daha ciddi ölçülər götürməlidirlər ki, gələcəkdə Azərbaycanda müəyyən siyasi proseslərə səhv yollarla müdaxilə edə bilməsinlər. Yəni bu imkanlardan məhrum olsunlar və bu təhlükə aradan qalxacaqsa, o zaman oliqarxik sistemdən menecment sisteminə keçmək və yeni gənc, savadlı kadrların vəzifəyə gətirilməsi daha doğru qərardır.

Amma bu, məsələnin həlli üçün tam da yetərli deyil. Kadr dəyişiklikləri çox vacibdir, lakin ondan daha vacib olan digər bir məsələ isə həmin strukturların çevik, şəffaf və effektiv işləməsidir. Bunun üçün qanunvericilik bazasında da ciddi yeniliklərin olunmasına ehtiyac var.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar