Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstandan BREXİT-ə qədər..

ABŞ-ın Taliban rəhbərliyini yıxmaq məqsədilə apardığı müharibə Əfqanıstanda 18 ildir ki, davam edir

Oğuz Çelikqol
“Hürriyet” qəzeti, Türkiyə, 28 fevral 2019-cu il

Keçən həftə ABŞ-ın Əfqanıstandakı Xüsusi Nümayəndəsi səfir Zalmay Xəlilzad Ankarada idi. Vaşinqton bir müddətdir ki, Əfqanıstan probleminə diplomatik yolla çarə tapmağa çalışır. Xəlilzadın Ankara ilə əlaqələrində də Əfqanıstan problemi Türkiyənin Əfqanıstandakı vəziyyətinin həlli üçün etdiyi cəhdlərə necə köməklik göstərəcəyi məsələsi gündəmdə idi.

ABŞ-ın Taliban rəhbərliyini yıxmaq məqsədilə apardığı müharibə Əfqanıstanda 18 ildir ki, davam edir. Əfqanıstan müharibəsinin ABŞ tarixindəki ən uzun müddətli müharibə olduğu deyilir. ABŞ Əfqanıstanı 2001-ci ildə Əl-Qaidənin təşkil etdiyi 11 sentyabr hücumundan sonra işğal etmiş, Talibanı rəhbərlikdən uzaqlaşdıraraq Əfqanıstanda Qərbi dəstəkləyən bir rejim qurmuşdu.

Təbii olaraq Əfqanıstan probleminin tarixi daha əvvələ, Sovet İttifaqının bu ölkəni 1979-da işğal etməsinə qədər gedib çıxır. Sovet İttifaqı-Əfqanıstan müharibəsinin 10 il davam etdiyi, 1989-cu ildə Sovet qüvvələrinin ölkədən geri çəkilməyə məcbur edildiyini, hətta Əfqanıstan “macərasının” 1990-cı ildə Sovet İttifaqının dağılmasında belə rol oynadığını xatırlamaq lazımdır.

Daha əvvəl “qaradinməz”, amma sabitliyin hakim olduğu bir ölkə olan Əfqanıstanda 1979-cu il Sovet işğalından sonra bütün vəziyyət dəyişmişdi. Əfqanıstan Sovet İttifaqının dağılmasından sonra da sabitlik qazana bilməmiş, 1990-cı illərin əvvəlində kəskin dini baxışları ilə tanınan və təməli puştunlardan (ölkədəki ən böyük etnik qrup) ibarət olan Taliban ortaya çıxmışdı. Taliban 1996-cı ildə ölkənin böyük bir qismini və paytaxt Kabili işğal edərək Əfqanıstanda hakimiyyətə gəlmişdir.

Bu xəbərlər çərçivəsində Əfqanıstanın 1979-dan bu günə qədər müharibə şəraitində olduğunu, ölkənin müharibəyə görə, Talibanın sərt hakimiyyəti altında dağıntılara məruz qaldığını qeyd etmək lazımdır. Taliban kimi radikal dindar bir qrupun Əfqanıstanda ortaya çıxmasının səbəbləri də yenə 1979-1989 Sovet İttifaqı-Əfqanıstan müharibəsi ilə bağlıdır.

Sovet İttifaqının Əfqanıstanı işğal etməsi və Kabildə kommunist rejim yaratmasından sonra başda ABŞ olmaqla, bir çox ölkə Əfqanıstanda Sovet İttifaqına qarşı mübarizə aparan qüvvələrə (əfqan mücahidləri) kömək etməyə başlamışdı. ABŞ-ın Əfqanıstandakı əməliyyatları Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) yönləndirilirdi. Bu dönəmdə Pakistanla Səudiyyə Ərəbistanı da əfqan müharibəsinə qarışmışdı.

ABŞ Səudiyyə Ərəbistanı və Pakistanın mübarizəsində, Sovet İttifaqının Əfqanıstandakı mübarizədə məğlub olmasında və Əfqanıstandan geri çəkilməsində önəmli rol oynamışdı. Lakin bu dönəmdə əfqan mübarizəsi daxilində ifrat radikal cərəyanların və Üsamə bin Ladenin (Səudiyyə Ərəbistanlı idi) də adının ön plana çıxmağa başladığını görmək olur. Əfqanıstan mübarizəsindəki radikallaşma daha sonra “Əl-Qaidə” və Taliban kimi Qərb maraqlarını hədəf alan təşkilatların ortaya çıxmasına səbəb olmuş və Vaşinqton üçün də ciddi problem halına gəlmişdir.

Səudiyyə Ərəbistanı və Pakistanın 1996-cı ildə Əfqanıstanda Taliban rəhbərliyini tanımalarına baxmayaraq, Vaşinqton Taliban rəhbərliyindəki Əfqanıstana qarşı məsafəli dayanmışdı. İfrat dinçi və radikal Talibanın siyasəti və gördüyü işlər qısa zamanda bütün dünya mediasının diqqətini Əfqanıstanda toplamağa səbəb olmuşdu. Xüsusilə Üsamə bin Ladenin idarəçiliyində olan Əfqanıstana yerləşən “Əl-Qaidə” bütün dünyada terror fəaliyyətini artırmışdı. “Əl-Qaidə” ABŞ-ın və Qərbin terror təşkilatları siyahısında ən üst sıraya yerləşmişdi.

İfrat dinçi və radikal qərarlarına və “Əl-Qaidə” ilə olan münasibətlərinə görə Taliban da Vaşinqtondan təzyiq görməyə başladı. Üsamə bin Ladenə verdiyi dəstəyə görə Taliban Vaşinqtonun birbaşa hədəfi halına gəlmişdi. Əl-Qaidənin 11 sentyabr 2001-ci ildə ABŞ-da hazırladığı terror hücumunda 3000-dən çox insanın ölməsindən sonra, ABŞ Üsamə bin Ladeni Taliban rəhbərliyindən istəmiş, lakin Kabilin mənfi cavabından sonra 2001-in dekabrında Əfqanıstana hərbi müdaxilə edərək Talibanı Kabildən və hakimiyyətdən uzaqlaşdırmışdı.

ABŞ 2001-ci ildən sonra Üsamə bin Ladeni bütün Əfqanıstanda axtarmağa başlamışdı. ABŞ-ın Üsamə bin Ladeni axtarması 10 il davam etmişdi. Üstünə Vaşinqton tərəfindən 25 milyon dollar mükafat qoyulan bin Laden Amerika silahlı qüvvələri tərəfindən 2011-ci ilin mayında şimali Pakistanın Abbottabad şəhərindəki evində tapılmış və öldürülmüşdü.

ABŞ-ın Əfqanıstandakı müharibəsi isə hələ də davam edir. Əfqanıstandakı ABŞ qüvvələrinin sayı bəzən 50 minə çatırdı. Bu rəqəmin bu gün təxminən 15 min olduğu deyilir. ABŞ və müttəfiqlərinin bütün yardımlarına baxmayaraq, Qərbə meyilli Kabil höküməti ölkədə tam hakimiyyətini yarada bilmir, ölkənin önəmli bir hissəsi Taliban nəzarətindədir. Kabil hökümətinin nəzarətindəki bölgələrdə belə sabitlik yoxdur. Əfqanıstan hər gün vətəndaşların həyatını itirdiyi bir səhnəyə çevrilib.

Əfqanıstanda ABŞ qüvvələrindən başqa, BMT Təhlükəsizlik Şurası tərəfindən qurulan “Beynəlxalq Təhlükəsizlik və Yardım Qüvvəsi” (ISAF) də mövcuddur. Bu qüvvəyə 30-dan çox ölkə yardım edir. 2002-ci ildən sonra ISAF və NATO arasında da əlaqə yaranmış, NATO Əfqanıstanda fəaliyyət göstərməyə başlamışdır. Türkiyə də ISAF-a dəstək verir və Əfqanıstandakı türk əsgərlərinin sayı (tez-tez dəyişərək) bir dönəm 1000-ə çatmışdır. Bu gün ISAF daha çox Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (ordu və polis qüvvəsinin) təlimlərində rol oynayır, faktiki olaraq müharibədə iştirak etmir. ABŞ qüvvələri də artıq hərbi əməliyyatlarda yer almır, daha çox əfqan qüvvələrinə hərbi logistik dəstək verir.

Bu keçən müddətə baxmayaraq, Talibanın yenilənməsi və mərkəzi Kabil hökümətinin ölkədə sabitlik və təhlükəsizlik yarada bilməməsi son dönəmlərdə Vaşinqtonun Əfqanıstan müharibəsinə olan baxışını önəmli dərəcədə dəyişir. Xüsusilə Prezident Tramp seçki kampaniyasında verdiyi sözlərə sadiq qalaraq Əfqanıstandakı Amerikanın hərbi bazasını azaltmaq istəmədiyni, bəzən bu yöndə qərarlar verdiyini açıqlayır.

Lakin ortada olan vəziyyət göstərir ki, ABŞ qüvvələri Əfqanıstandan geri çəkildiyi halda Qərbə meyilli Kabil hakimiyyəti dağıla bilər və bu Talibanın paytaxtı daxil olmaqla, ölkənin bir çox bölümündə hakimiyyətini yenidən qura biləcəyinə işarə edir. Bu vəziyyət Vaşinqtonu ciddi şəkildə narahat edir. Talibanla birlikdə “Əl-Qaidə”nin yenidən Əfqanıstanda güclənməsindən və ABŞ-ın maraqları üçün yenə ciddi bir təhdid halına gəlməsindən narahat olurlar.

ABŞ-ın keçən ildə Talibanla başladığı və səfir Xəlilzad tərəfindən aparılan görüşlərin arxa fonunda bu cür “Əfqanıstan rəsmi” var. ABŞ-Taliban görüşləri Qətərdə - Dohada aparılır. Keçən il ərzində Qətər Talibana Dohada bir ofis açmağa icazə vermişdi. İndi bu icazənin ABŞ-ın məlumatı və razılığı ilə verildiyi ortaya çıxıb.

Daha sonra ABŞ prezidenti Donald Tramp Zalmay Xəlilzadı Əfqanıstan Xüsusi Nümayəndəsi təyin etdi. Xəlilzad əfqan əsillidir və əvvəllər bəzi yerlərdə (Bağdad və BMT) səfir kimi işləmiş bir diplomatdır. Xəlilzadın Xüsusi Nümayəndə kimi təyin edilməsindən qısa müddət sonra ABŞ-ın Talibanla birbaşa görüşməyə başlaması xəbərləri mediaya sızdırılmışdır. Tramp rəhbərliyinin Əfqanıstan probleminə görüşlər vasitəsilə bir həll tapmağa çalışdığı ortaya çıxmışdı.

Görüşlərdən başa düşülür ki, ABŞ Əfqanıstanda bir “milli birlik höküməti” qurmağa çalışır. ABŞ-ın Talibanın da “rəsmi bir qonaqlıq”dakı kimi iştirak edəcəyi ümumi seçkiləri hədəf aldığını başa düşmək olur. Vaşinqton (böyük ehtimalla) Talibandan “Əl-Qaidə” kimi təşkilatlarla əlaqəsini kəsməyi, Əfqanıstanda Əl-Qaidə və ona bənzər təşkilatlara yer olmamasını istəyib. Uzun müddət davam edən müharibənin Talibanı da yorduğunu, Talibanın da sülh yoluyla hakimiyyətə gəlmək və ya ən azından iqtidara ortaq olmaq istədiyini düşünmək olar. Taliban ABŞ qüvvələrinin ölkədən tez bir zamanda geri çəkilməsi üçün çalışır.

Əfqanıstanın yaxın tarixinə nəzər salsaq, görərik ki, ABŞ-Taliban görüşlərində ortaq bir dil tapmaq heç də asan olmayacaq. Qətər görüşlərindən əfqan problemini həll edən bir “razılaşmanın” ortaya çıxması çox çətin olacaq. Buna baxmayaraq, Dohada bu bazar ertəsi günü başlayan görüşlərdə Talibanın liderlərindən və qurucularından olan Molla Əbdülqəni Baradarın iştirak etməsi gözləntiləri artırır.

Səfir Xəlilzadın son görüşlər üçün Qətərə getməzdən əvvəl Ankaraya gəlməsi Vaşinqtonun görüşlərdə və ya ediləcək razılaşmadan sonra Türkiyəyə də Əfqanıstanda yeni bir rol verib verməyəcəyi sual doğurur. Türkiyə, daha çox, uzun bir müddətdir ki, Əfqanıstanda faktiki rol oynayır. Türkiyənin Əfqanıstanla tarixi bir keçmişi və yaxın münasibəti var.

İngiltərənin Avropa Birliyindən çıxma müddəti dünyanı təəccübləndirməyə davam edir. Lissabon razılaşmasının öncədən bildirdiyi 2 illik çıxış müddəti 29 mart 2019 tarixində bitir. Yəni formal olaraq İngiltərənin AB üzvlüyü bu tarixdə sona çatmış olacaq. Amma İngiltərənin AB üzvlüyünün bu tarixdə bitib bitməyəcəyi və ən önəmlisi, əgər bitərsə, BREXİT-in necə baş tutacağı hələlik məlum deyil.

Bu vəziyyətdə Baş Nazir Tereza Meyə yönəlmiş tənqidlər də artır. Baş Nazir Meyin qəsdən zamandan istifadə etdiyi və bu şəkildə ingilis parlamentini AB ilə imzaladığı (daha əvvəl rədd edilən) BREXİT razılaşmasını təsdiqləmək və ya razılaşmadan bir BREXİT variantları ilə qarşı-qarşıya buraxmaq məqsədi güddüyü və beləliklə, “təhlükəli” bir oyun oynadığı ehtimal edilir. İngilis Parlamenti bildirir ki, bu yaxın müddətdə Baş Nazir Meyin BREXİT müqaviləsini yenidən səsverməyə qoyaraq qəbul etməyəcəyi təqdirdə, İngiltərənin bir razılığa gəlmədən AB-dən ayrılması qaçınılmaz olacaq.

İngiltərədə BREXİT-lə bağlı müzakirələr hələ də davam edir və cürbəcür ssenarilər qurulur. Bəziləri BREXİT-in qaçınılmaz olmadığını, yeni bir referendum edilməli olduğunu müdafiə edir. Müxalifətdəki İşçi Partiyasının “razılıq olmadan” BREXİT əvəzinə, yeni bir referenduma daha çox yaxın olması bu qismi “ümidləndirir”. Bəziləri isə vaxt qalmadığını, ingilis hökumətinin AB-dən (Brüsseldən) mütləq əlavə vaxt tələb etməli olduğunu, yəni 29 mart BREXİT tarixinin 2 və ya 3 ay təxirə salınmalı olduğunu bildirir.

AB-nin 1 aydan az zaman qalan BREXİT tarixini təxirə salmağa müsbət yanaşdığı, ertələnmə tələbinin (rəsmi müraciətin) isə mütləq Londondan gəlməli olduğu məlumdur. Baş Nazir Mey BREXİTİ ertələməyə son çarə kimi baxır, lakin ertələmənin vəziyyəti daha da çətinləşdirəcəyini düşünür. Ortaya çıxıb ki, Mey Parlamenti özünün imzaladığı BREXİT müqaviləsini təsdiqləməyə məcbur edib. Belə olduğu üçün son 1 aydır BREXİT “xaosu” davam edir. İngiltərə "BREXİT"in nə qədər çətin olacağını dünyaya göstərir.

Həmçinin, razılaşma olmadan BREXİT-in həm İngiltərə, həm də AB-yə zərər verəcəyi, İngiltərə-AB ticarətini zəiflədəcəyi, İngiltərədə qiymətlərin və infilyasiyanın artacağı, İngiltərədə yaşayan AB üzvü olan ölkələrin vətəndaşları ilə AB ölkələrində yaşayan ingilis vətəndaşlarının vəziyyətinin qeyri-müəyyən olacağı, İngiltərə ilə AB üzvləri arasındakı gediş-gəlişlərin, yəni hava nəqliyyatının belə mənfi yöndə dəyişəcəyi düşünülür. Avropada və dünyadakı tarazlıq baxımından beynəlxalq media (həmçinin Türkiyə) BREXİT-lə bağlı xəbərləri yaxından izləməyə davam edir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar