Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əbülfəs Qarayev elə-belə adam deyil…” – Faiq Sücəddinov

Tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovun müsahibəsini təqdim edirik...

- Faiq bəy, pandemiya yaradıcılığınıza necə təsir göstərdi? Dörd divar arasında yazıb-yaratmaq çətin olmadı ki?

- Ümumiyyətlə, yaratmaq üçün mütləq meşədə, ya da dağların qoynunda olmağa ehtiyac yoxdur. Belə bir şey yoxdur, bu sənətdir. Sənət elədir ki, birdən başlayırsan yazmağa, işləməyə. Söhbət konkret olaraq hansısa mahnını yazmaqdan getmir, ümumi danışıram. Bu işdir, sənətdir, sənin həyatının böyük bir hissəsini tutur. Mən bir dəfə bunu televiziyada da dedim, həyatımın 60 faizi sənətim, 40 faizi ailəmdir. Sənət həmişə mənim yanımdadır, dostumdur. Yatanda da sənətlə bağlı düşünürəm, hətta yuxumda da, istirahət edəndə də sənətlə bağlı ağlıma nəsə gəlir. Musiqi heç vaxt məndən uzaq durmur. 6 yaşımdan musiqi ilə məşğulam, o vaxt anam məni musiqi məktəbinə apardı, daha sonra Asəf Zeynallı adına texnikuma, sonra Konservatoriyaya daxil oldum. Ömür boyu mənim işim musiqi ilə bağlı idi. Həmçinin də indi. Mütləq çalışmalısan, çünki bu sənin sənətindir və həyat tərzindir.

- Koronavirus artıq ədəbiyyatımıza, mədəniyyətimizə də öz möhürünü vurur. Bu mövzuda nəsə yazmısınızmı? Yaxud gələcəkdə yazmağı düşünürsünüzmü?

- Yox. İnsan gözəllikdən, sevgidən, məhəbbətdən yazar. Xəstəlikdən necə yazmaq olar? Bu mümkün deyil. Belə şey ola bilməz. Onu demək istəyirəm ki, bu bəla bizdən uzaqlaşacaq. Mən inanıram ki, daha günlərlə fasilə, karantin olmayacaq və biz yenidən başlayacağıq daima yazıb-yaratmağa. Adam musiqisiz qala bilmir, Azərbaycanın çox böyük mədəniyyəti var. Bu mədəniyyət bitməməlidir, hansısa azar-bezarlar bizi dayandıra bilməz.

- Əbülfəs Qarayevin işdən çıxarılmasından sonra bu sahədə çalışan adamlar tənqidi çıxışlara başladılar, problemləri dilə gətirdilər. Sizcə, mədəniyyət sahəsi üçün xarakterik olan əsas problemlər hansılardır?

- Mən Əbülfəs Qarayev haqda tənqidi fikir deyə bilmərəm, çünki Əbülfəs müəllim çox dəyərli insandır. Mən onu 30 ildən çoxdur tanıyıram. Vaxtilə mən Xarici Dillər Universitetində oxuyanda o da orada oxuyurdu və komsomol katibi idi. O, böyük insandır, Qara Qarayev onun əmisidir. Qardaşı Cahangir Qarayev böyük pianoçu, Konservatoriyanın müəllimi olub. Əbülfəs elə-belə adam deyil, ona böyük hörmətim var. Bilmirəm o işlərdə adı var, yoxsa yox, amma mənim üçün təmiz adamdır, onu belə xarakterizə edə bilərəm.

- Cəmiyyəti düşündürən əsas problemlərdən biri də bayağı müğənnilərin sayının yağışdan sonra çıxan göbələk kimi sürətlə artmasıdır. Son vaxtlar demək olar ki, toylarımızda bircə səviyyəli mahnı da səsləndirilmir. İnsanların musiqi zövqü korşalıb, yoxsa başqa ciddi səbəb var?

- İnsanlar nə etsinlər? Onlara nə verirlərsə ona da qulaq asırlar. Bayağı musiqi doğrudan da xoşa gəlmir. Mənim də həmçinin. Mənə elə gəlir ki, televiziyalar buna nəzarət etməlidir. Mən dövlət televiziyasında Bədii Şuranın üzvüyəm, biz orada verilişdən əvvəl müzakirə edirik, danışırıq. Dövlət televiziyası, İctimai televiziya, ATV belə musiqiləri vermir. Televiziyalarda mütləq bir musiqişünas olmalıdır, o tənzimləməlidir. Əvvəlcədən qulaq asmaq lazımdır ki, bu adam efirdə nə oxuyacaq. Bəlkə, erməni musiqisi oxuyacaq və ya xoşagəlməz ifadələr işlənəcək mahnıda və s. Kimisə efirə, radioya dəvət etməmişdən əvvəl bunlara mütləq baxılmalıdır. İnsanların zövqünü xarab etmək olmaz. Bizim çox zəngin musiqimiz var. Mənə elə gəlir ki, bir gün o musiqilər də yavaş-yavaş olmayacaq. İnsanlar öz musiqilərimizə qayıdacaqlar, çünki bu musiqilər qətiyyən bizim musiqilərimiz deyil. Bu ayrı musiqidir, Azərbaycana dəxli olmayan musiqilərdir.

- Bayağı mahnıların artmasını həm də bayağı musiqilərin yazılmasıyla əlaqələndirirlər. Doğrudanmı, bəstəkarlarımız ciddi mahnılar yazmırlar? Yaxud ciddi mövzulara az müraciət edirlər?

- Yox. Bəstəkarlar günahkar deyil. Bəstəkarlar nə etsin ki, o müğənnilər elə mahnılar oxuyurlar. Axı onlar bəstəkarların yanına gəlmirlər. Onlar öz qazanlarında bişirlər. Öz aləmləri var. Buna bəstəkar nə etsin? Fikrimcə, MTRŞ da bu məsələyə diqqət etməlidir. Onlar da icazə verməməlidir belə insanların efirlərə çox çıxmasına. Mahnı müsabiqələri edirlər, orada toyxana mahnıları verirlər filan… Çox xoşagəlməz şeylər olur. Pandemiya zamanı bir az diqqətli olmaq lazımdır, sənədli filmlər, milli musiqilər, Azərbaycan memarlığı haqda materiallar, gözəl filmlər göstərmək lazımdır. Ucuz-ucuz konsertlər verirlər, bax onlar nəyə lazımdır?

- Sovet dövründə olduğu kimi telekanallarda Bədii Şuraların yaradılmasına necə baxırsınız? Sizcə, müğənniləri “süzgəc”dən keçirib sonra efirə buraxmaq lazımdır?

- Bilirsiniz, süzgəc deyəndə ki, gəlin gözəl musiqilər, gözəl geyimlər nümayiş etdirək. Pizza, steyk dadlı yeməklərdir, amma baba-nənələrimizin adət ənənələri, mətbəxi bizə daha yaxındır. Buna zövqlə baxırıq, bunu istəyirik, çünki bu bizik. Leyla, gülsüm, Gülər, Sevinc nə gözəl adlardır… Şəxsən mənə bu adlar daha xoşdur. Odur ki, mən musiqimizi öz mədəniyyətimizə qaytarmaq istəyirəm. MTRŞ bu insanların efirə çıxmasına qadağa qoymalıdır. Onlar efirə çıxıb cəmiyyətə nə verirlər? Heç nə!

- Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi problemlər var. Sizin həmkar, dost olduğunuzu bilirik. Bəhramın səhhəti ilə maraqlanmısınız?

- Dünən Bəhram Bağırzadənin həyat yoldaşına zəng etdim, səhhəti haqqında məlumat almaq istədim. Mən ona can sağlığı arzu edirəm, heç gözləməzdim ki, Bəhram belə xəstəliyə yoluxar. Mən insanlara üzümü tutub demək istəyirəm ki, özlərini qorusunlar, virus yaşa baxmır. Bu xəstəlik çox pis xəstəlikdir. Bu gün bizim dövlətimiz, birinci vitse-prezidentimiz Mehriban xanım bu məsələni öz diqqətinə götürüb. Bəhram diqqətdədir və ona Bakıdakı ən yaxşı aparatlar, həkimlər qulluq edir. Bəhram bizim üçün çox dəyərli insandır.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar