Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünyanın taleyini dəyişən tarix - 28 iyun

“Biz Parisə yeni dünya nizamının yaradılacağı ümidi ilə gəlmişdik…”...

28 iyun dünyanın taleyini kökündən dəyişən tarixdir. Əslində, proseslər birdən-birə başlamamışdı. Almaniya 1871-ci ildən sonra Avropanın sahibinə çevrilirdi, lakin bununla kifayətlənməyib, bütün dünya üzərində öz ağalığını rəsmiləşdirmək niyyətində idi. Hətta, öz müttəfiqləri - “Üçlər ittifaqı”nda yer alan İtaliya dövləti və Avstriya-Macarıstan imperiyasına da güvənmirdi. İlk həmlədə onları da öz təsirinə salacaqdı.

Təbii ki, zəifləmiş Fransa və əsas rəqib olan İngiltərə də bu prosesləri izləyir, Almaniyanın qarşısını almağa çalışırdı. Bunun üçün onlar da Almaniyanın hərbi təcavüzündən qorunmaq üçün, 1904-cü ildə “Üçlər ittifaqı”na alternativ olacaq yeni hərbi blokun təməlini qoydular - “Antanta” (ürəkdən razıyam).

Gücünü itirmiş və zəifləməkdə olan Çar Rusiyası da özünü qorumaq üçün bu bloka qoşuldu. 1914-cü ildə siyasi arenada gərginlik pik həddə çatmışdı. Müharibənin başlanması üçün səbəblər olsa da, ilk addım üçün, sadəcə bəhanə lazım idi. 1914-cü il 28 iyunda Bosniyanın paytaxtı Sarayevoda Avstriya vəliəhdi Frans Ferdinand, 19 yaşlı serbiyalı milliyətçi Qavrilo Prinsip tərəfindən sui-qəsdə məruz qaldı və həyatını itirdi. Bu, imperiya üçün dünya qarşısında alçaldıcı hərəkət idi. Cavabı ağır verilməli idi. Bir ay sonra o tarixdə imperiyaların sonunun baçlanğıcı, dünyanın isə xəritəsinin dəyişiləcəyi zəruriyyət meydana gələcəkdi...

1914-1918-ci illəri əhatə edən, dünyanın 34 ölkəsindən 74 milyon insanın iştirak etdiyi ilk böyük və dəhşətli müharibə 1918-ci il noyabr ayının 11-də “Kompeyn barışığı” ilə başa çatmış oldu. Bu müqavilənin bəyanını Britaniya Baş Naziri Devid Lyod Corc “Ümidvaram ki, bu taleyüklü səhər günü bizim hamımızın müharibələrə son qoyulduğunu deməyə haqqımız çatır”, - sözləri ilə ifadə etdi.

 

Əslində, müharibə iştirakçılarının hər birinin hesablamalarına görə, müharibə qısamüddətli və sürətli olacaq, XIX əsrdəki yekun konfranslardakı kimi müqavilələrlə yekunlaşacaqdı. Əgər Avropa rəhbərləri müharibə ərəfəsində beynəlxalq təcrübəyə əməl etsəydilər, müharibənin arealı genişlənməz, dəhşətli hal almaz və 1915- ci ildə tamamlanardı.

Qalib dövlətlər müqavilədən dərhal sonra yeni dünya düzənini qurmaq, imperiyalara son verib, azadlığa çıxmış xalqlara dövlət bəxş edərək onları nüfuzlarına almaq planları üzərində düşünürdü. Çağrılacaq konfransın yeri bir xeyli mübahisə mövzusu oldu. Nəhayət, konfransın təşkil olunacağı yer kimi Paris yaxınlığındakı Versal sarayı razılaşdırıldı.

Beləliklə, 1918-ci il 18 yanvarda, Versal sarayının güzgülü salonunda sülh konfransı açıq elan edildi. Konfransın yeri də məqsədli seçilmişdi - 50 il əvvəl Bismark fransız xalqına ehtiramsızlıq göstərərək, Versal sarayında Almaniya krallığının yarandığını elan etmişdi. İndi qaliblər təhqirə təhqirlə cavab verirdilər. Konfransda 27 ölkə (5 Böyük Britaniya müstəmləkəsi daxil olmaqla 32 ölkə), 1000 ekspert, texniki heyətlə bərabər isə 2000-dən çox şəxs iştirak edirdi. ABŞ-dan 400, İngiltərədən isə 200 nümayəndə qatılmışdı.

 

Konfrans ABŞ Prezidenti Vudro Vilsonun hələ 1918-ci ildə hazırladığı 14 maddə üzərində fəaliyyətə başladı. Burada ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın daxil olduğu Ali Şura, Yaponiya dövlət rəhbərinin qatılımı ilə isə “Beşlər şurası”, 58 müxtəlif komissiya, seksiyalar, qruplar da fəaliyyət göstərirdi. Ümumilikdə yanvar-iyun aralığındakı dövrdə, ümumilikdə 1646 dəfə ayrı-ayrı iclas keçirilib. Konfransda birinci, ikinci və üçüncü dərəcəli məsələlər vardı ki, iştirakçılar ərazi məsələləri, su, limanlar, ticarət yolları, dəmir yolları, hərbi cinayətkarlıq, xalqların müqəddəratı və s. məsələlərlə məşğul olurdular.

1919-cu il 25 yanvarda “Müttəfiqlərarası Təzminat Komissiyası” yaradıldı. Bu komissiya Almaniyadan alınacaq təzminatın miqdarını, müddətini, üsullarını tənzimləyirdi. Komissiyanın rəyinə görə, Almaniya 1921-ci ilin may ayına qədər 20 milyard marka təzminat ödəməli idi.

Konfransın gündəliyi əvvəldən razılaşdırılmadığından, təşrif buyuran nümayəndələr konfransın hansı proqramla başlayacağından xəbərsiz idilər. Konfransın sədri Fransanın Baş Naziri J.Klemanso idi. Açılış nitqini isə Prezident Puankare söyləmişdi və “Ədalətsizliklə yaranan şərəfsizliklə məhv olar”, - deyərək almanlara nifrətini ifadə etmişdi.

Fransa müharibəni 4 milyon insan itkisi və xarici donanmasının yarısını itirməklə başa vurdu. 60 milyard frank isə borclanmışdı ki, onun da 40 milyardını ABŞ-a borclu idi.

1918-ci il yanvar-iyun aylarında Parisdə keçirilən konfransın siyasi ulduzu Vudro Vilson idi. Onun konfransa təqdim etdiyi 14 maddə iki yerə ayrılmışdı: İlk səkkiz maddə “mütləq olanlar” idi ki, bunlar hökmən yerinə yetirilməli idi. Bura açıq diplomatiya, dənizlərdə azad üzmək, ümumi tərk-silah, ticari maneələrin ləğvi, müstəmləkəçilik mübahisələrinin qərəzsiz ləğvi, Belçikanın bərpa olunması, qoşunların Rusiya ərazisindən çıxarılması və nəhayət bunların zirvəsində Millətlər Cəmiyyətinin (Liqasının) təşkil olunması daxil idi. Qalan altı maddəni isə “hökmən”dən çox “lazımdır” ifadəsi ilə əvəzləmiş, həmin maddələrin çox da lazım olmadığını qeyd etmişdi.

Siyasilərin marağına səbəb isə Fransanın yarım əsrdir uğrunda savaşdığı Elzas və Lotaringiyanın geri qaytarılması icrası “hökmən” olanların qrupuna düşməməsidir. Altı maddənin içərisində yer alan digər “lazımlar” isə Osmanlı imperiyasının, Avstriya-Macarıstan imperiyasının ləğvi, onların daxilindəki xalqların müqəddəratı, azadlıq, dövlət qurmaq məsələləri, İtaliya sərhədlərinə yenidən baxılması, Balkanlardan xarici qoşunların çıxarılması, Dardanel boğazının beynəlmiləl status alması və dənizə çıxışı olan Polşanın yaradılması idi.

Vilson bu maddələri hazırlayarkən, öz müraciətində Amerikanın beynəlxalq nizamın qurulmasındakı rolunu da qeyd etmiş, sülh çağırışları ilə tamamlamışdı. Əgər Almaniya bu maddələr içərisində ona aid olanları qəbul edərdisə, gələcəkdə ABŞ onu dəstəkləyə də bilərdi. Vilsona görə, onun maddələri Almaniyanı parçalanmağa qoymayacaq, əksinə, hüquqi dünya dövlətlərindən biri edəcəkdi.

Amerikanın Almaniyaya dəstəyi Fransanı narahat edirdi. Çünki, Fransanı Almaniyanın tamamilə dağılması və öz ölkəsinin bərpasından başqa heç nə düşündürmürdü. Avropada həll ediləsi əsas məsələlərdən biri də təhlükəsizlik məsələsi idi ki, tezliklə təhlükəsizlik zonalarının yaradılması zəruri idi. Onlar həm quruda, həm də dənizlərdə bunu etməli idilər. Lakin, Reyn ərazisində müttəfiq qoşunlarının saxlanılması Almaniyanı gələcəkdə narazı salacağı üçün, ABŞ bu məsələyə ciddi yanaşmadı və müttəfiqlərlə aralarında fikir ayrılıqları yarandı.

Bu cür çəkişmələr konfransın işini uzadırdı. ABŞ tərəfdaşlarından çox Millətlər Cəmiyyətinin qurulmasına, nizamlanmasına önəm verirdi. Hətta, Osmanlı imperiyasından alınacaq torpaqların da İngiltərə və Fransaya deyil, Millətlər Cəmiyyətinin nəzarətinə verilməsini doğru hesab edirdi. Vilsona görə, Cəmiyyətin varlığı dünya üçün sonsuz etimad mənbəyi olacaqdı. Millətlər Cəmiyyəti gələcəkdə baş verəcək müharibələrin qarşısını alacaq, yalnız sülhə aparacaq addımların atılmasında başlıca rol oynayacaqdı. Bir sözlə, təcavüzə qarşı dərhal hərbi qüvvə ilə cavab prinsipi deyil, ictimai rəyə əsaslanan birgə siyasi qərar olacaqdı.

Avropada isə heç zaman belə bir birliyin olmaması yaradılacaq qurumun effektliyinə inamın olmamasına haqq qazandırırdı. Konfransın gedişində, Millətlər Cəmiyyətinin qurulacağı təqdirdə, maddələri arasına Reyn zonasının Fransanın əyalətinə çevrilməsi maddəsinin də əlavə olunması üçün Fransa Baş Nazirinin kəskin şərtlərlə dolu ifadələri də yer aldı. Onun irəli sürdüyü şərtlər sona qədər olduqca sərt və dəyişməz qalırdı. O, eyni zamanda Almaniyanın müstəmləkələrini, Osmanlının müstəmləkələrini və Almaniyadan alınacaq təzminatın 57%-nə Fransanın namizəd olduğunu qətiyyətlə bildirirdi. Fransanı sakitləşdirməyə çalışan Vilson və britaniyalı diplomatlar Almaniyanın bölünməsi əvəzinə, yeni nizamlama müqaviləsi təklif etdilər. Fransa buna da razı olmayınca, Millətlər Cəmiyyətinin nizamnaməsinə “məcburiyyət liqa üçün qəbuledilməzdir” maddəsi əlavə olundu.

Versal konfransında digər əsas tərəf İtaliya idi. Antanta-nın tərkibində müharibəyə qoşulan İtaliyaya Afrika və Avstriya-Macarıstana aid bir sıra ərazilər vəd olunmuşdu. Müharibə dövründə hərbi zəifliyi İtaliyaya bu əraziləri işğal etməyə imkan verməmişdi. Lakin konfransda gedən çəkişmələrdən istifadə edərək həmin əraziləri əldə etməyə çalışırdı. İtaliya müharibədən 2.5 milyard lirə ilə borclu çıxmışdı. Canlı itkisi 700 min nəfər idi.

“Beşlər şurası”na daxil olan digər dövlət Yaponiya isə müharibə dövründə iqtisadi cəhətdən xeyli güclənmişdi. Hətta, Sakit Okeanda Almaniyaya aid Marian, Marşall və Karolin adalarını işğal etmişdi. Çinə münasibətdə isə olduqca sərt davranaraq, “21 maddə” tələbini qəbul etdirərək, onu yarımmüstəmləkə halına salmışdı. Bu isə ABŞ-ı narahat edirdi. Uzaq Şərqdə Yaponiyanın güclənməsindən ehtiyat edən Amerika hökuməti yeni planlar üzərində çalışmağa başladı. Paris Sülh Konfransının Uzaq Şərqə dair iclaslarında da Yaponiya işğal etdiyi ərazilərlə yanaşı Çinin Şandun əyalətini tələb edirdi.

Böyük Britaniya da Antanta ölkələri tərkibində müharibəyə qoşulmuş, yekunda isə Versal konfransının əsas aparıcı iştirakçılarından birinə çevrilmişdi. İngiltərə 3 milyon nəfər canlı itki vermişdi. Müharibədən sonra qismən məqsədlərinə çatmış hesab olunurdu. İndi Avropada Almaniyanın çökməsi ilə yeganə güc mərkəzi İngiltərə idi. ABŞ-la bəzi yanaşmalarda, xüsusilə Almaniyanın ödəyəcəyi təzminat məsələsində həmfikir olsa da, onun da öz məqsədləri vardı. Almaniyanın Afrikadakı müstəmləkələrini, Osmanlının bəzi mülklərini tələb edir, ən əsası isə Avropada dənizlərdəki hegamonluq statusunu əldə etməyə can atırdı. Avropada rəqibi Fransa, Şərqdə isə Yaponiya idi.

Antanta-nın digər üzvü isə Rusiya imperiyası idi. Müharibənin gedişində, bir il ərzində 1.5 milyon insanın hələk olması, aclıq, borclar xalqı ayaqlanmaya sövq etmişdi. Müharibə sona çatmadan Rusiya daxilində nümayişlər getdikcə böyük inqilaba çevrildi və imperiya süqut etdi. Yeni yaranan bolşevik Rusiyası 1918-ci ilin 3 martında tələsik “Brest-Litovsk” müqaviləsi bağlayaraq müharibədən çıxmışdı. Əvvəlki sərhədlərə geri dönərək, özünün də Çar Rusiyasının varisi olmadığını bəyan etdi. Bu da Rusiyanın heç bir dövlətə borclu olmaması demək idi. Bolşeviklərin qələbəsi ilə barışmayan admiral Kolçak və Denikin Rusiya imperiyasının bərpasını həyata keçirmək istəyirdi. Hətta, Sibirdə Admiral Kolçak dövlət də yaratmışdı ki, İngiltərə bu dövləti tanımışdı. İtaliya və Fransa isə vahid və bölünməz Rusiya fikrini müdafiə edirdi.

1919-cu il fevralında ABŞ və İngiltərənin təlimatı ilə, U.Bullit başda olmaqla, bolşevik hökumətini Versal konfransının maddələri ilə tanış etmək üçün Sovet Rusiyasına nümayəndə heyəti yola düşdü. Rusiya imperiyasının varisi olmayan yeni hökumət Bullitə müqavilə layihəsi təqdim etsə də, Vilson hələ o layihənin saxlanılmasını, müzakirəyə çıxarılmamasını məsləhət gördü. Bundan əlavə, Rusiya imperiyasından ayrılan xalqlar da ayrı-ayrılıqda Versal konfransına nümayəndə heyəti göndərirdi.

Versal Sarayında toplaşan bütün dövlətlər öz məqsədlərinə çatmaqda maraqlı idil. Ona görə də konfrans başlayandan sona qədər gərgin diplomatik şəraitdə keçdi. 6 ay davam edən danışıqlardan sonra, nəhayət ki, sülh müqaviləsinin əsas müddəalarının qəbulu barədə razılıq əldə edildi. 1919-cu ilin 7 mayında Fransanın Baş Naziri J.Klemanso Almaniyanın Xarici İşlər naziri Brokdorf Rantçaunu dəvət edərək, müttəfiqlər adından sülh müqaviləsinin şərtlərinin mətnini ona təqdim etdi. Rantçau şərtlərlə tanış olduqdan sonra, 231-ci maddəni qəbul edə bilməyəcəklərini bildirdi. Bu maddə müharibədə yalnız Almaniyanın günahkar olduğunu təsdiqləyirdi. Lakin müttəfiqlər 23 iyun saat 19:00-dək müqaviləni imzalamayacağı təqdirdə, Almaniyaya müharibə elan edəcəklərini bildirdilər. Almaniya sülh şərtlərini qəbul etməyə məcbur oldu.

Beləliklə, 1919-cu ilin 28 iyununda Versalın güzgülü sarayında Almaniya ilə müttəfiqlər arasında sülh müqaviləsi imzalandı. 28 iyunun da seçilməsi təsadüfi deyildi. Bu, 5 il əvvəl 28 iyunda Sarayevoda Avstriya vəliəhdi Frans Ferdinandın serb millətçisi tərəfindən qətlə yetirildiyi gün idi.

Almaniya ilə imzalanan müqavilə aşağıdakı şərtlərdən ibarət idi:

- Almaniya və onun müttəfiqləri müharibənin təqsirkarı olduğunu qəbul edirdi;

- Almaniya və müttəfiqləri olan məğlub dövlətlər qalib dövlətlərə təzminat ödəməli idi;

- Ümumi hərbi mükəlləfiyyət qadağan edilir. Ordu ancaq könüllülük prinsipi əsasında fəaliyyət göstərə bilərdi;

- Orduda ancaq 100 min nəfər hərbçi ola bilərdi ki, onun da 4 mini zabit heyətindən təşkil ediləcəkdi;

- Almaniya yalnız 6 orta zirehli gəmi və bir neçə kiçik hərbi qayıqlar saxlaya bilərdi;

- Reynin sol sahilindəki alman hissəsi və hər iki tərəfdəki 50 km-lik ərazi hərbsizləşdirilmiş zona elan edilirdi. Reyn çayının sol sahili üç qalib ölkə (ABŞ, İngiltərə, Fransa) tərəfindən işğal edilərək, üç işğal zonasına bölündü: Köln, Kolbents və Mayn;

- Müttəfiqlər qoşunlarını Kölndən 5, Kolbentsdən 10, Mayndan isə 15 il sonra çıxaracaqlarına dair təlimat verirdi;

- 1870-ci ildə Prussiya tərəfindən işğal edilmiş Fransaya məxsus Elzas və Lotaringiya Fransaya geri qaytarılır. Saar vilayətinin də daş kömür hövzəsi Fransaya verilir;

- Almaniya müstəmləkələri olan Toqa və Kamerunun bir hissəsi Fransaya verilir;

- Malmedi və Eypen Belçikaya verilir;

- Almaniya Polşa və Çexoslovakiyanın müstəqilliyini tanıdı;

- Almaniya Lüksemburqun müstəqilliyini tanımalı, Avstriyanın suverenliyinə hörmətlə yanaşmalı idi;

- Almaniya ümumi ərazisinin 13%-dən imtina etməli idi.

Bu şərtlərin ardınca Almaniya hökuməti 1919-cu ilin 9 iyulunda sülh müqaviləsini təsdiq etdi.

Konfransın gedişində, 1919-cu ilin aprel ayında beynəlxalq təhlükəsizliyi nizamda saxlamaq və qorumaq üçün Vilsonun təklif etdiyi Millətlər Cəmiyyətinin nizamnaməsi qəbul olundu. 26 maddədən ibarət olan nizamnamədə təşkilatın quruluşu, fəaliyyət prinsipləri və üzv ölkələrin vəzifələri müəyyən edilirdi. Cəmiyyətin fəaliyyətinə Məclis və Şura rəhbərlik etməli idi. Hər bir üzv bir səsə malik idi. Şuranın 8 üzvü vardı ki, 4 daimi (İngiltərə, İtaliya, Fransa və Yaponiya), 4-ü isə müvəqqəti idi. Lakin Yaponiyanın “İrqlərin bərabərliyi haqqında” maddəsi təklifinin Cəmiyyətin Nizamnaməsinə salınmaması mübahisələrə səbəb oldu.

Millətlər Cəmiyyətinin əsas maddələrindən biri də 22-ci maddə idi ki, bu da Almaniya və Osmanlı imperiyasının müstəmləkələrinin mandat sistemi ilə Cəmiyyətin nəzarətinə alınmasını təklif edirdi. Bu maddə, əslində Versal Sülh Müqaviləsinin gedişində həllini tapmışdı. Lakin Millətlər Cəmiyyəti yarandıqdan sonra mandataltı ərazi kimi Cəmiyyətin fonduna keçirildi. Millətlər Cəmiyyətinin vəzifəsi üzv ölkələrdə sülhü, təhlükəsizliyi, Versal sistemini qoruyub saxlamaq, dövlətlərarası münasibətləri nizama salmaq və mübahisəli məsələlərin dinc yolu ilə həllinə çalışmaqdan ibarət olmalı idi.

Cəmiyyətin Nizamnaməsi Versal Sülh Müqaviləsinə daxil edildi və 44 ölkə tərəfindən imzalandı. Nizamnamənin 16-cı maddəsində Millətlər Cəmiyyətinin təcavüzkar dövlətə qarşı kollektiv iqtisadi və hərbi sanksiyalar tətbiq etməsinin vacibliyi nəzərdə tutulurdu. Sülh müqaviləsi Almaniya ilə yanaşı digər məğlub dövlətlərə də ayrı-ayrılıqda təsdiq etdirildi.

Lakin konfransın yekununda qalib dövlətlərin anlaşa bilmədiyi məsələlər də oldu ki, onlardan biri də təzminat məsələsi idi. Bu problemin həlli üçün nə zamansa ayrıca konfrans keçirilməsi nəzərdə tutulurdu. Vilsonun təkidinə və iki dəfə aparılan müzakirələrə baxmayaraq, ABŞ Senatı Versal sülhünü təsdiq etmədi. Beləliklə müharibənin qazanılmasına böyük töhfə verən ABŞ, öz daxilindəki təcridçilik siyasətini dəstəkləyənlərin sayəsində Versal Sülh Müqaviləsini qəbul etmədi.

Versal sisteminin diplomatik cəhətləri

Versal sistemi beynəlxalq münasibətlər sistemində yeni bir dövrün başlanğıcını qoydu. Sənaye və kapitalizmin inkişafı, dünyanı bürüyən sosialist hərəkatları, dövlətlərin üstünlük hirsi Avropada köhnə quruluşun yenisi ilə əvəz olunmasını sürətləndiridi. Müharibə və yekununda Versal sisteminin qurulması ilə Avropa yeni düzənə girmiş oldu. İmperiyaların daxilindəki xalqlar azadlıq qazandı, yeni dövlətlər yarandı. Onların hər birinin yerləşmə arealı, qonşu dövlətləri və xalqları nəzərə alınaraq, siyasi quruluş, idarəetmə prinsipi tətbiq olundu.

Məsələn, yeni yaranan Yuqoslaviya Krallığı cənub slavyan intellektuallarının xəyallarının gerçəkləşməsi oldu. Bu dövlətin yaranması ilə provaslavlığı katolizmdən, kiril əlifbasının latından ayrılması baş verdi. Rumıniya macar, alman, həmçinin Şərqi Almaniyadan ayrılan torpaqlar üzərində yarandı. Avstriya və Macarıstan artıq ayrı-ayrı ölkələr kimi hüquqi ststus aldı. Çexoslovakiya yarandı və Almaniyadan ayrılan, yeni yaranan dövlətlər onun müstəqilliyini tanıdı.

Eyni zamnada, Rusiyadan ayrılan xalqların da müqəddəratı həll olundu. Cənubi Qafqazda Azərbaycan Cümhuriyyəti yaranmışdı və onun de-fakto tanınması üçün Ə.Topçubaşinin rəhbərliyi ilə nümayəndə heyəti Versal Sülh Konfransına getmişdi. 1919-cu ilin 28 mayında V.Vilson Azərbaycan nümayəndə heyəti ilə görüşdü və 1920-ci ilin 11 yanvarında Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonun təklifi ilə Versal Sülh Konfransında Antanta Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyaraq, onu Avropa ailəsinin bir üzvünə çevirdi.

Konfransda Avropa artıq 1920-ci ildən tam başqa xəritə ilə dünyaya təqdim olundu. Heç təsadüfi deyil ki, qaliblər Versalda toplaşanda bu konfransı “Yeni eranın başlanğıcı” adlandırmışdılar. Bundan əvvəl isə yeni era “Vyana” konqresi (1815) ilə başlamışdı ki, nümayəndələr orada buraxılan səhvləri burada təkrarlamamaq üçün, Britaniya nümayəndə heyəti məşhur tarixçi Çarlz Vebsterə bu məsələlər haqqında traktak hazırlamağı tapşırmışdı. Beləliklə, yeni dünya düzəninin memarı ABŞ Prezidenti Vudro Vilson idi, prinsiplər isə onun 14 maddəsi.

Uzaq Şərqdə də müharibədən sonra beynəlxalq vəziyyət dəyişmişdi. Yeni yaranan sovet dövlətinin də Uzaq Şərq siyasəti bu münasibətlərə təsir edirdi. Çində Yaponiya əleyhinə olan etirazlara Bolşevik Rusiyası dəstək verir, Çar Rusiyasının Çinlə bağladığı bütün qeyri-bərabər müqavilələri ləğv etməyə hazır olduğunu bəyan edirdi. Yaponiya isə müharibədən qalib çıxan dövlət kimi siyasi mövqeyini gücləndirirdi. Bu güclənmə ABŞ və İngiltərənin narahatçılığına səbəb olmuşdu.

Fransa üçün Şərqi Avropada müttəfiq olacaq dövlət yox idi. O düşünürdü ki, uzun müddət Almaniyanın təsirində olan bu dövlətlər müstəqil idarə oluna bilməz, mütləq parçalanacaq. Onların zəifliyindən istifadə edən isə yeni yaranan Sovet İttifaqı ola bilərdi. Bu, Avropa üçün də təhdid idi. İndi kontinentdə sabitlik Fransdan asılı idi.

Versal sistemini analiz edən diplomatların rəyinə görə, psixoloji dayanıqsızlıq Versal sisteminin ən başlıca zəifliyi idi. Konfransın əvvəlindən sonunadək müttəfiq ölkə rəhbərləri Almaniyanın gücünün sarsılmasını, tərk-silah olunmasını əsas məsələ kimi qabardırdılar. Həm maddi, həm canlı qüvvə, həm də hərbi üstünlük qaliblərdə olsa da, Almaniyanın tərk-silah olunmaması onlar üçün vahiməli görünürdü.

Müqavilənin beynəlxalq hüquqa və diplomatiyaya vurduğu ən sarsıdıcı hissəsi isə “müharibədə günahı olmaq haqqında qeyd” adlandırılan 231-ci maddə idi. Versal sisteminin yaranmasından az sonra Avropa üzərindən duman çəkilirdi. Artıq müşahidəçilər müharibə günahkarını dəyərləndirərkən, müharibənin məsuliyyətinin bir hissəsinin Almaniyaya aid olduğunu düşündülər, əsas günahkarının isə Almaniya, Yaponiya və ABŞ olduğu müəyyənləşdirildi. Çünki həmin dövrdə hər üç dövlət dünya ağalığına can atmışdı. Bu fikirlər Böyük Britaniyada tirajlanınca, Almaniyanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə basqı da zəifləyirdi. Almaniyada isə nəşr olunan qəzetlər, gizli paylanan broşürlərdə 231-ci maddə ələ salınır, “Müharibədə günahkar olmaq haqqında yalan” adı ilə çap olunurdu.

Nəticə olaraq qeyd edilə bilər ki, Versal sisteminin beynəlxalq münasibətlər sistemində özünə yer ala bilməməsi, uğur qazana bilməməsinin səbəbi qaliblərin məğlub Amaniyanı, sadəcə fiziki cəhətdən zəiflətməyə güc sərf etmələrindən ibarət olmasıdır. Əksinə, bununla onlar Almaniyanın geosiyasi nüfuzunu gücləndirmiş oldular. Bu idi, məhz siyasilərin psixoloji zəifliyi: Məğlubu güclü görmək. Qısa zaman keçdi, Almaniya müharibədən əvvəlki vəziyyətinə qat-qat üstün olaraq qayıtdı.

Harold Nikson buna belə şərh vermişdi: “Biz Parisə yeni dünya nizamının yaradılacağı ümidi ilə gəlmişdik. Oranı o ümidlə də tərk etdik. Lakin bir baxdıq ki, dünya nizamı - tanınmaz hala salınmış, elə köhnə nizamdır”.

 

İstifadə edilən ədəbiyyat:

1. Abbasbəyli A. Beynəlxalq Münasibətlər tarixi. Bakı, 2009, 125s;

2. Abdullayev M. Beynəlxalq Münasibətlər tarixi. “Təhsil”, ABU 2003;

3. Qasımlı M. Avropa və Amerika Xalqlarının Müasir tarixi. I hissə. Bakı, 2007, 370 s;

4. Həsənov Ə. Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın Xarici Siyasəti. I hissə. Bakı, “Azərbaycan”, 2005, 631s;

5. Fətəliyev М.В. Türkiyə diplomatiyası və Balkanlar. Bakı, 1995. 314s;

6. Qasımlı M. Avropa və Amerika xalqlarının müasir tarixi. I hissə. Bakı, 2007, 370 s;

7. Kissincer H. Diplomatiya. Bakı, 2005, 800 s;

8. Европа в международных отношениях, 1917-1939 гг. М., 1979;

9. Малая Антанта в европейской политике 1918-1925 гг. М., 1974;

10. Уткин А.И. Дипломатия Франклина Рузвелта. Свердловск, 1990;

11. Memorandum by Headlam-Morley, 28 October 1919, F.O. 371/4382/ ff. 294–6.

Müəllif: Şəhla Cabbarlı 

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar, Yenilənib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

loading...

Ən çox oxunanalar