Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyamızın ağ ciyərləri solur: Amazon yanğınının səbəbləri…

Ticarət müharibəsinin atəşi Amazon meşələrini yandırır…

“The Independent”, Türkiyə, 18 sentyabr 2019-cu il

Braziliyada yerləşən Amazon cəngəlliklərində iyul ayından bəri çıxan yanğınlar hələ gündəmdədir. Əslində, Amazon hövzəsində 9 ölkə var və hər il burada çıxan yanğınlar bəzən nəzarət altında, bəzən də təbii yollarla baş verir.

İddialara görə, bu yanğınlar Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam və Fransa Quyanasının daxil olduğu hövzədə əkin sahələri əldə etmək üçün törədilib. Lakin bu dəfə vəziyyət daha fərqlidir.

Bir tərəfdən də dünya ticarət müharibəsində təzyiq yüksəlir və rəqib ölkələrin, böyük şirkətlərin yaratdığı təhlükə hər yerə yayılır.

Amazon meşələrində uzun müddətdir ki, yanğınlar baş verir. Dünyanın ağ ciyərlərini solduran səbəblərə nəzər salaq.

PİA.az bildirir ki, Orta Şərq və Latın Amerikası üzrə mütəxəssis, politoloq Hüsaməddin Aslan “Independent türkçə”-nin suallarını cavablandırıb.

- Amazon niyə bu qədər önəmlidir?

- Dünyanın ən böyük cəngəlliyi olan Amazon hövzəsi təxminən ABŞ-ın yarısı boydadır və Avropa qitəsindən 2-3 dəfə böyükdür. Amazon hövzəsi planetimizin səhhətini qoruyur. Dünyadakı oksigenin 20%-i, şirin su qaynaqlarının 1/5-i və dərmanların tərkib hissəsini əmələ gətirən bitkilərin ¼-i Amazon meşələrindən əldə edilir.

Həmçinin, ildə 1,5 geqaton karbonu udur. Amazonda hal-hazırda meşəsizləşdirmə prosesi təxminən 15-17%-dir. Bu göstərici 20-25%-ə çatsa, dünya səhraya çevrilər. Bu baxımdan dünya üçün çöx böyük önəmə sahibdir.

- Amazon yanğınlarının səbəbi nədir?

- Cəngəlliklərdə yanğına səbəb olan əsas amillərdən biri quraqlıq olsa da, yanğının baş verməsinə əsasən 2 faktor təkan verir.

Birincisi, təbiətin öz daxilindəki proseslərə görə yaranmış istilik, nəm və quraqlıq ucbatından qurumuş yarpaqların tozları ağacları yandırır.

İkincisi, yanğınlar insan əli ilə, yəni bilə-bilə çıxarılır. Beləliklə də, “meşəsizləşdirmə” siyasəti meşə ərazilərini heyvan fermalarına, şəkər və soya üçün əkin sahələrinə çevirir. Yəni ərazi sənayenin xidmətinə verilir.

Lakin 2019-cu ildə Braziliyadakı meşə yanğınları rekord sayına çatıb. Meşə yanğınları 2018-ə nisbətdə 82% artıb. Braziliyadakı Milli Kosmik Araşdırmalar Təşkilatı (INPE) açıqlayıb ki, ölkədə bu il ərzində 72.843 yanğın təsbit edilib. Bu, 2013-cü ildən bu vaxta qədərki ən yüksək göstəricidir.

Qeyd edilir ki, ölkədəki meşə yanğınlarının sayı 2017-2018-ci illərdə azalıb və 2019-cu ildə də Amazonda quraqlıq baş verməyib, yəni iqlim və yağış miqdarında heç bir anormallıq müşahidə edilməyib.

Təbii ki, INPE-nin bu açıqlamaları höküməti hədəf kimi göstərdiyi üçün Braziliya prezidenti Ceyr Bolsonaro INPE sədrini vəzifəsindən uzaqlaşdırıb.

- Braziliya prezidenti Bolsonaro niyə görə meşə yanğınlarının səbəbkarı kimi göstərilir?

- Bolsonaro 1 yanvarda vəzifəyə başladıqdan sonra Amazon cəngəlliyindəki yanğınlar təxminən 100% artıb. Prezident Bolsonaro meşəsizləşdirməni qınamadığı kimi, Amazonu əkinçilik və mədənçilikdən ayırmağı dəstəkləmədi. Hələ üstəlik, əkinçiliyi və mədənçiliyi Amazon hövzəsində inkişaf etdirəcəyinə də söz verdi.

INPE 2019-cu ildəki ümumən baş verən yanğınların böyük bir qisminin Amazon meşələrində olduğunu açıqlayıb.

Əvvəl əsgər olmuş Bolsonaro iş dünyasının tələblərinə uyğun bir mövqe nümayiş etdirir. Bundan başqa, o, Ətraf Mühit Nazirliyini yenə iş dünyasından gələn Rikardo Sallesə əmanət edib. Bunda əsas məqsəd meşə ərazisində ABŞ və AB şirkətləri ilə əkinçilik sahəsində ortaqlıq yaratmaqdır.

Braziliya iş dünyası Bolsonaronu mal-qara ferması, soya istehsalı və odunçuluq sənayesinə görə “meşəsizləşdirmə” siyasətinin ən önəmli dəstəkləyicisi kimi görür.

- Amazon yanğınlarının dünyaya bu qədər səs salmasını necə başa düşürsünüz? Amazonun beynəlxalq münasibətləridəki rolu nədən ibarətdir?

- Beynəlxalq narazılığa və təzyiqlərə rəğmən, Amazonun taleyi daha çox siyasi-iqtisadi qüvvələrin rəqabətinə və toqquşmalarına əsaslanır. Meşəsizləşdirmənin ən təkanverici qüvvələrindən biri mal-qara təsərrüfatıdır. Braziliya dünyanın ən böyük mal əti istehsalçısıdır və bu sahə 2018-ci ildə ölkə iqtisadiyyatına 7 milyard dollar qazandırıb. Ölkədə 200 milyon mal-qara var.

Braziliya, eyni zamanda dünyanın ikinci böyük soya istehsalçısıdır və Amazonda istehsal olunan soyanın 80%-i heyvan yemi və qida sənayesində istifadə olunur. Çin ABŞ tərəfindən soya paxlası sahəsində sanksiyalara məruz qalandan bəri Çinin Braziliyanın soya paxlasına olan tələbatı artıb.

Təbii ki, Braziliya Çinə qarşı bir alternativ olduğuna görə ABŞ üçün bir xammal bazarına çevrilib. Buna görə də, Braziliya ABŞ və Çinə arasındakı ticarət müharibəsinin ortasında qalıb.

Braziliyanın böyük fermerləri ABŞ-Çin arasında tarifələrə görə baş verən bu iqtisadi müharibəni fürsətə çevirməyə çalışırlar. Bunun üçün də canlı-cansız mal-qara törəmələrindən, soya istehsalından, odunçuluq sənayesindən və meyvəçilikdən ciddi qazanc əldə etməyə çalışırlar.

Bu durum qlobalistlərlə Pentaqon arasındakı makro ticarət üçün də müharibəsi sahəsi yaradır.

Bu mənada Amazon təbii qaynaqlarına hakim olsanız, dünyanın qida və əkinçilik sənayesində, demək olar ki, əsas gücü əlinizdə tutmuş olarsınız. Böyük soya tacirləri Boliviyadakı Amazon hövsəi, Braziliya Cerrado və Argentina və Paraqvaydakı Qran Çakoda meşəsizləşdirmə işlərinə davam edirlər.

Həmçinin, Avropanın şokolad şirkətləri, dəri və supermarket şəbəkələri, ABŞ-lı şəkər tacirləri, qızıl istehsalçıları və soya sənayesi də sürətlə meşəsizləşdirmə prosesinə təkan verir.

Bundan başqa, Amazon hövzəsi önəmli bir narko-ticarət sahəsidir və bu, Boliviya, Kolumbiya və Perunun meşə zolağında istehsal edilir. Yəni Amazon hövzəsi nəzarətsiz ərazisinə görə narkotik keçidinə çevrilib.

Cənubi Amerika ölkələrinin və ABŞ-ın çox ciddi narkotik istehsalı mərkəzi olmaları və Amazonun narko keçidinə nəzarət etmək regional və imperialist dövlətlər üçün əvəzedilməzdir.

- Fransa prezidenti Makronla Braziliya prezidenti Bolsonaro arasında baş verən diplomatik böhran nəylə bağlıdır? Bunun arxasında başqa bir səbəb varmı?

- Əslində, Makron-Bolsonaro arasındakı gərginlik prezidentlərlə yox, dünyada gedən iqtisadi müharibələrlə əlaqədardır. Əks halda əgər dünyadakı böhranı iki prezidentin şəxsi-qərəzliyi kimi qiymətləndirsək, əsas hədəfi gözdən qaçırmış olarıq.

Makron əvvəl “Rothschild Bank”-ın rəhbəri olub. O, Fransa prezidenti olduqdan sonra Tramp və ABŞ-lə toqquşan bir siyasət izləyir.

Suriya, Afrika, Aralıq dənizi, İran, Çin, Türkiyə və Latın Amerikasındakı fransız şirkətləri ticarət mənfəətlərinə görə davamlı olaraq ABŞ-la toqquşma yaşayır.

Tramp da prezident seçilən kimi başda Çin olmaqla, qlobal miqyasda bir ticarət müharibəsi başlatdı. Xüsusilə, silah şirkətlərindən ciddi dəstək gəlir.

Bu vəziyyətdə Braziliya prezidenti Bolsonaro Trampla çox yaxın siyasət izləyir. Əlbəttə ki, İsrailin Bolsonaroya verdiyi dəstəyi də unutmaq olmaz.

Amazon yanğınlarında Çin və ABŞ arasında xammal üzərindən ortaya çıxan gərginlik nəticəsində Fransanın pərakəndə ət, meyvə, kosmetika və qida şirkətləri ilə, ABŞ-ın pərakəndə və qlobal “fast-food”, ət, şəkər və qida şirkətləri üz-üzə qaldı.

Avropa və Amerika şirkətləri braziliyalı ortaqlarla və ya müstəqil şəkildə Amazondan pay - əkin ərazisi - əldə etməyə çalışırlar. Çünki bir çox qlobal şirkət iqlim dəyişikliyinə görə 2020-ci ildə meşəsizləşdirmədən əldə etdiyi məhsulları ləğv etməyi öhdəsinə götürüb. Yəni meşəsizləşdirmə olmadan əkinçiliyin genişləndirilməsinə imkan verən sistemə keçmək istəyirlər.

Bolsonaronun 2019-da vəzifəyə başlaması ilə Amazondakı yanğınlar, yəni meşəsizləşdirmə prosesi sürətlə artmağa başlayıb.

Bu vəziyyət davam edərkən AB ilə Merkosur arasında böyük bir ticarət müqaviləsi imzalanıb. Lakin Fransa Amazon yanğınları və iqlim problemlərinə görə müqavilənin təxirə salına biləcəyini bildirib. Çünki fransız fermerləri AB-Merkosur müqaviləsi qəbul etmirlər və Makrona təzyiq göstərirlər.

Makronun əsas narahatlığı Amazonun yandırılması deyil. O çalışır ki, fransız milliyətçiliyi ilə fermerlərin təzyiqini və polemikaları sakitləşdirsin.

Bu baxımdan güclü kənd təsərrüfatı sənayesinə sahib olan Almaniya Makronun “müqaviləni təxirə salaram” deməsinə, fransız fermerlər kimi müsbət baxmır. Çünki Almaniya bu mqaviləni texnoloji cəhətdən bir fürsət kimi görür. Yəni bu beynəlxalq ticarət, iqtisadiyyat və siyasi münasibətlər çərçivəsində Makron-Bolsonaro polemikasını bu şəkildə izah edə bilərik.

Əvvəlcə Makron Bolsonaronu yalançılıqda ittiham edib. Sonra da Bolsonaro sosial mediada Makronun özündən 24 yaş böyük həyat yoldaşı ilə bağlı paylaşımı məsxərəyə qoyub. Buna görə də, Makron və yoldaşı Bricit Bolsonaronun kobud olduğunu deyib və braziliyalı qadınlar və xalq adına çox məyus olduqlarını qeyd ediblər.

Bununla yanaşı, Bolsonaro Makronun 20 milyon dollarlıq yardımını rədd edib, sonra da Makronun üzr istəməsi şərti ilə yardımı qəbul edəcəyini açıqlayıb.

- Bəs dünyanın ağ ciyərləri hesab edilən Amazonun aqibəti necə olacaq?

- Amazonlarda bir sonrakı yanğın daha dərinə çatacaq və daha çox ziyan vuracaq. Beynəlxalq ticarət, su və qida müharibələrinin yaratdığı atəş, görünür, Amazonları yandırmağa davam edəcək.

Lakin planetimiz üçün əsas təhlükə odur ki, Amazonlarda hazırda 15-17% olan meşəsizləşdirmə nisbəti əgər 25%-ə çatsa, meşələr çökəcək və bu da səhralaşmanın əsasını qoyacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar