Şənbə, 21 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dövlət sənədsiz yaşayış evlərinə nə vaxt sənəd verəcək? – Araşdırma

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı barədə məlumat yayılıb. Xəbərə görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsinə müvafiq qanunvericilik aktı qəbul edildikdə başlanacaq.

Bəs görəsən, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qanun nə vaxt qəbul ediləcək? Hazırda bu prosesə mane olan səbəb nədir?

Qanundan bir xəbər yoxdur

Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hazırda bununla bağlı qanunvericilik aktının hazırlanıb-hazırlanmadığı barədə onlarda məlumat yoxdur: “Qanunlar Milli Məclis tərəfindən qəbul olunur. Əmlak Məsələləri Dövlət Xidməti isə icraedici orqandır. Əgər bu barədə qanun olarsa, o qanunu icra edəcəyik”.

Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında hələ ki, Milli Məclis tərəfindən belə qanunun hazırlandığı barədə məlumat olmadığını bildirdi. Deputat söylədi ki, qanunvericilik təşəbbüsü ilə bağlı layihə təqdim olunmayıb: “Bakı şəhərində yüz minlərlə evin sənədi yoxdur. Bir vaxtlar sənədsiz evlərə sənədlərin verilməsi üçün görülən işlər sürətlənsə belə, problem hələ qalmaqdadır. Cənab prezident bununla bağlı tapşırıq vermişdi ki, bu məsələ təftiş edilsin, ona məlumat verilsin. Amma hələ məsələ öz həllini tapmayıb. Bizə qanunvericilik layihəsi təqdim olunmayıb. Əgər olunarsa, biz proseslərin sadələşdirilməsinə səs verəcəyik”.

Bu evlərə sənəd verilməsi qeyri-mümkündür

A.Badamov bildirib ki, sənədsiz evlərin çoxu öz təyinatına uyğun olmayan torpaqlarda inşa olunub. Yaxud da müvafiq qoruma zolaqlarında, yüksəkgərginlikli xətlərin altında inşa olunub. O bildirib ki, bu evlərə sənədlərin verilməsi qeyri-mümkündür. Deputatın sözlərinə görə, sabah hər hansı bədbəxt hadisə baş vermə ehtimalı olduğundan belə evlərə sənəd verilməsi təhlükəlidir: “Amma kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onların təyinatını dəyişmək mümkündür. Ölkə başçısı da bu istiqamətdə öz tapşırıqlarını vermişdir”.

Ev vətəndaşın, altındakı torpaq başqa bir qurumun

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşların üzərində ev tikdiyi torpaqlar müvafiq qurumların onlara verdikləri torpaq sahələridir. Bu bələdiyyələr tərəfindən sərəncamla verilmiş pay torpaqları, yaxud icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlardır.

Bu gün o torpaqların üzərində inşa olunmuş torpaqlara sənədin verilə bilməməsinin bir əsas səbəbi ondan ibarətdir ki, evlərin altındakı torpaqların təyinatı yaşayış təyinatlı deyil. O torpaqlar əkin təyinatlı və yaxud maldarlıq məqsədilə istifadə edilə bilər. Ona görə də o torpaqların üzərindəki evlərin sənədləşməsi üçün ilk növbədə o torpaqlar həmin qurumların balansından çıxardılaraq təyinatı dəyişdirilməlidir.

Bundan sonra onun üzərindəki evə sənəd verilə bilər. Hazırkı vəziyyətdə isə mülkiyyət bir şəxsin, torpaq başqa təşkilatındır. Bununla bağlı tapşırıqlar verilsə də, proseslər ürəkaçan deyil. Bundan başqa bu gün də yeni sənədsiz evlər inşa olunmaqdadır. Ona görə də əmlak amnistiyası verilməlidir ki, keçmiş bağışlansın”.

Qadağan olunmuş yerlərdə tikinti davam edir

Bununla belə, ekspert mühafizə zolaqlarında, yüksəkgərginlikli xətlərin altında, dəmir yollarının mühafizə zolaqlarında, neft quyularının yanında, vulkanik ərazilərdə inşa olunan evlərə sənəd verilməsinin mümkün olmadığını deyir. Onun sözlərinə görə, qadağan olunmuş ərazilərdə tikinti işlərinin aparılması tamamilə qadağan olunmalıdır. Bu işdə cinayət məsuliyyəti olmalıdır ki, hər kəs məsuliyyətli olsun.

On minlərlə vətəndaşın evinin sənədləşdirilməsi təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sənədsiz evlərin şəhər infrastrukturuna maneə yaratmayan və ciddi pozuntular olmayan qisminin sənədləşdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var:

“Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən vətəndaşların həyətyanı torpaq sahələrinə və evlərinə qanunvericiliklə tənzimlənməmiş müxtəlif səpkili sənədlər verilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilmiş və nəticədə on minlərlə vətəndaşın evlərinin sənədləşdirilməsi təmin edilib. Bu Fərmanın tətbiqi ilə bir çox tam sənədsiz yaşayış massivi dövlət qeydiyyatına alınıb.

Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 24 fevral 2015-ci il tarixində edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsinə 8.0.9.1.2-ci hissə əlavə edilib. Bu əlavə ilə 1 yanvar 2013-cü il tarixinə qədər tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, fərdi evin qeydiyyatı üçün heç bir sənəd tələb edilmədən sənədsiz evlərin qeydiyyatı təmin edilir”.

Həmçinin cavabda qeyd edilir ki, ölkə başçısı tərəfindən çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi ilə bağlı 19 fevral 2019-cu il tarixində 529 nömrəli Fərman imzalanıb. Fərmanın qəbulu çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsinə çox böyük təkan vermiş oldu:

“Məsələ burasındadır ki, ölkə ərazisində, əsasən də Bakı şəhərində bəzi çoxmənzilli yaşayış binalarının tikintisi qanunvericiliyin tələblərinə riayət olunmadan aparıldığı üçün onların istismara qəbul edilməsi mümkün olmurdu. Bu da öz növbəsində orada yaşayan sakinlərə mülkiyyət sənədlərinin verilməsində problemlər yaradırdı, çünki mənzilə çıxarışın verilməsi üçün həmin mənzilin yerləşdiyi binanın istismara qəbul olunması zəruridir”.

Dövlət Xidməti onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanı bu problemi aradan qaldırmaqla, müvafiq mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün zəmin yaratmış oldu. Fərman çərçivəsində istismarına icazə sənədi verilmiş yaşayış binalarında yerləşən mənzillərə dair 46 mindən çox ərizə icra olunub və həmin mənzillər üzərində hüquqlar dövlət qeydiyyatına alınıb”.

Daşınmaz əmlaka sahib olmaq istəyən vətəndaşlar bilməlidirlər

Bəs əmlak sahibi olanlar nəyi bilməlidirlər ki, sonra sənədsiz ev problemi yaşamasınlar?

Bu sualımıza cavabda qeyd olunub ki, ümumiyyətlə, fərdi yaşayış evi almaq istəyən və ya ev tikmək istəyən vətəndaşlarımıza tövsiyə olunur ki, bəzi məsələlərə xüsusi diqqət yetirsinlər:

“Məsələn, almaq istədikləri ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçibmi, satıcının adına mülkiyyət sənədi mövcuddurmu? Əgər yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdirsə, alqı-satqı predmeti ola bilməz, yəni satıla bilməz. Bəzən satıcılar bu qəbildən olan evləri etibarnamə ilə alıcıya verirlər. Alıcı da etibarnamə əsasında artıq evin mülkiyyətçisi olduğunu düşünür”.

Onun sözlərinə görə, bu, yanlış düşüncədir. Çünki etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu zaman etibarnaməni verən şəxsin əmlakı digər şəxsin mülkiyyətinə keçmir. Hətta etibarnaməni vermiş şəxs bir müddətdən sonra onu ləğv edə də bilər. Vətəndaşlar yaşayış evi inşa edərkən də diqqətli olmalıdırlar. Evin inşa olunacağı torpaq yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddirmi, buna baxılmalıdır.

“Bəzən vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikirlər. Ya da tikəcəkləri ev kommunikasiya xətlərinin (elektrik, qaz və s.) mühafizə zonasında yerləşir. Qeyd edək ki, evi almaqla və ya inşa etməklə məsələ həll olunmur. Əgər müəyyən olunsa ki, ev qanuni əsaslarla alınmayıb, ya da qanuni əsaslarla tikilməyib, həmin evi sənədləşdirmək vətəndaş üçün problemə çevriləcək. Buna görə də vətəndaşların diqqətli olmağı vacibdir”, – dövlət xidməti əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Bu ölkələr Kremlin hədəfindədir" - Rusiyalı general

DTX-dən əməliyyat: "Azəri Camaatı"nda döyüşən şəxs həbs edildi

İsa Qəmbər 180 manatlıq “pensiya”sına görə məhkəməyə üz tutur

Jurnalist Qadir İbrahimli dəfn olunub - Yenilənib

Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb - Foto, Video

Kamran Əsədov: ""Poz, qazan"ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?"

Mariupol 81 günlük mühasirədən sonra təslim olub

Ukraynada həlak olan azərbaycanlının kimliyi müəyyənləşdi - Video

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq”

“Ümid-1” yatağında qaz hasilatı artırılacaq

Ən çox oxunanalar