Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Neft Fondunun gəlirləri azalıb - İdarə sisteminin hansı səhvləri var?

Neft Fondu 2018-ci ildə 38,5 milyard dollarlıq maliyyə vəsaitindən cəmi 106,5 milyon dollar gəlir əldə edib, batmış banklarımız isə 7,4 milyardla 1,75 milyard gəlir əldə ediblər. Bu böyük fərqi necə başa düşmək olar?

İqtisadçı-ekspert: “Dövlət Neft Fondunun mövcud vəsaitlərin idarə edilməsi ilə bağlı strategiyasında nöqsanlar var”.

“Neft Fondunun hazırda gəlirlərinin aşağı düşməsi, əvvəlki illərlə müqayisədə hardasa, başa düşüləndir. Amma ümumi gəlir normasına baxsaq bu kifayət qədər sual doğurur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Dövlət Neft Fondunun az gəlir götürməsini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Dövlət Neft Fondunun fəaliyyəti ciddi şəkildə tənqid olunur. Ötən həftə iqtisadçı alim Nemət Əliyev “Facebook” səhifəsindən paylaşdığı yazıda bildirib ki, Dövlət Neft Fondu 2018-ci ildə yeni anti-rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən Dövlət Neft Fondu vur-tut 0,35% gəlir əldə edib! Belə yerdə deyiblər ki, aldım qoz-verdim qoz!…

N.Əliyev daha sonra qeyd edib ki, bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir: “0,35%-lik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə çevirsək, 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm, sizlər də şübhə etməyin ki, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik.

İqtisadçı alimin sözlərinə görə, Neft Fondunun gəlirlilik səviyyəsi heç əvvəlki illərdə də diqqətçəkən olmayıb və hər cür tənqidə hədəf gəlib: “İllik gəlirlilik səviyyəsi 2017-ci ildə 1,88%, 2016-cı ildə 1,92%, 2015-ci ildə 1,24%, 2011-ci ildə 0,83%, 2010-cu ildə 0,99% və s olub. Bu faizlər Azərbaycan banklarının Azərbaycanda tətbiq elədiyi faiz dərəcələri ilə müqayisədə bir heçdir. Fondun 2018-ci ildə göstərdiyi nəticədən isə danışmağına dəymir.

Nəticə çıxarmaq baxımından ibrətamizdir ki,çökmüş vəziyyətdə olan Azərbaycan bankları idarə elədikləri 7,4 milyard dollarlıq kredit resursları ilə 2018-ci ildə müştərilərinin canından 1 milyard 753 milyon manat faiz gəliri çıxarıb. Başqa sözlə desək, 5 dəfə az resursla 9,7 dəfə çox gəlir götürə bilib batmış banklarımız. Elə isə çökmüş banklarımızın yerli müştərilərin canından çıxardığını 26 mərtəbəli göydələn tikələn Neft Fondumuz, niyə əcnəbi müştərilərin cibindən çıxara bilməyib? Dünyanın maliyyə bazarlarında maliyyə resurslarının qiymətləri bahadırsa, Fond niyə qazana bilməyib o bahalıqdan? Yox, əgər bu dərəcədə ucuzluqdursa, o zaman bahalı pul siyasətinin təsirindən beli bükülmüş vətəndaşlarımıza o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?”.

Qeyd edək ki, göstərilən faktlar Azərbaycandakı bank soyğunçuluğunun dəhşətli mənzərəsini göz önünə qoyur. Neft Fondu 38,5 milyard dollarlıq maliyyə vəsaitindən cəmi 106,5 milyon dollar gəlir əldə edib, banklarımız isə 7,4 milyardla 1,75 milyard gəlir əldə ediblər. Yəni, xaricilər Azərbaycan neftinin pulu ilə ucuz kreditlər hesabına iqtisadiyyatlarını inkişaf etdirdikləri halda, bizin hökumət kredit faizləri maksimuma çatdırıb və ya bunu seyr etməklə məşğul olub. Bu gün ölkədə yaranmış vəziyyətin başlıca səbəblərindən biri də məhz oliqarxların bankları vasitəsilə həyata keçirdikləri soyğunçu siyasətdir. Bu siyasət sahibkarları ölkədən didərgin salıb, vətəndaşın belini büküb… Nəticə göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur!

Neft Fonduna qarşı bu ittihamlarla bağlı nə deyə demək olar? Dövlət Neft Fondunun bu qədər az gəlir götürməsində idarə sisteminin hansı səhvləri var və ümumiyyətlə hazırda Dövlət Neft Fondunun idarə edilməsini kafi hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Rəşad Həsənov: “Norveç Pensiya Fondunun idarə edilməsindən əldə olunan gəlirlər 2017-ci ildə 4 faizin üzərində olduğu halda, Azərbaycanda bu göstərici 1 faizin üzərində olub. Bu artıq özü müəyyən problemlərin olduğunu üzə çıxarır”.

Ümumiyyətlə götürəndə bənzər fondların orta gəlirlik səviyyəsinin təxminən 3,7 faiz ətrafında olduğunu bildirən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bizim Neft Fondunun davamlı olaraq gəlirləri bu səviyyənin çox aşağısında qalır. Buna görə də böyük ehtimalla çox peşəkar bir komandanın formalaşmasına ehtiyac var:

“Dövlət Neft Fondunun mövcud vəsaitlərin idarə edilməsi ilə bağlı strategiyasında nöqsanlar var idi. Bəzi hallarda qəbul edilən qərarlar gecikmiş hesab olunur. Xüsusilə də qızıla investisiyanın edilməsi və s. kimi hallarda gecikmiş qərarlar qəbul olunur.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Neft Fondu hazırda vəsaitlərin idarə edilməsi ilə əlaqədar mövcud əsasnaməyə uyğun olaraq hərəkət edə bilir. Neft Fondu bu əsasnamənin tələblərindən tam da kənara çıxa bilmir. Ciddi problemlərdən biri ondan ibarətdir ki, bu qədər iri vəsaitlərin idarə edilməsi nəticəsində əldə edilən gəlirlərin səviyyəsi aşağıdır.

Mən 2018-ci ildən əvvəlki dövrlərə baxmağı daha məqsədə uyğun hesab edirəm. Çünki həmin dövrlərdə Neft Fondunun gəlirlərinin idarə edilməsindən əldə etdikləri gəlirlər təxminən 1-3 faiz arasında dəyişir. Biz eyni zamanda müqayisələr aparsaq görəcəyik ki, Norveç Pensiya Fondunun idarə edilməsindən əldə olunan gəlirlər 2017-ci ildə 4 faizin üzərində olduğu halda, Azərbaycanda bu göstərici 1 faizin üzərində olub. Bu artıq özü müəyyən problemlərin olduğunu üzə çıxarır.

Rəşad Həsənov: “Ciddi problemlərdən biri ondan ibarətdir ki, bu qədər iri vəsaitlərin idarə edilməsi nəticəsində əldə edilən gəlirlərin səviyyəsi aşağıdır”.

Neft Fondu birbaşa səhimlərə investisiya etmir. Daha çox indekslərə investisiya edir. Amma səhimlərə investisiyanın edilməsi daha məqsədə uyğundur. Çünki Norveç Pensiya Fondu dünyada 2 mindən artıq iri və prespektivli müəssisələrin səhmlərinə investisiya edir və bu da məənfət normasını yüksəldən faktorlardan biri hesab olunur. Amma bizim Neft Fondu bu istiqamətdə hələ ki, nisbətən daha passiv siyasət həyata keçirməkdədir.

2018-ci il konteksi ilə məsələyə baxsaq görəcəyik ki, burada vəziyyət bir az fərqli olub. Çünki demək olar ki, birjalarda fruktasiyalar çox kəskin olub. Hətta ötən il Norveç Pensiya Fondunun özü belə ili zərərlə başa vurub. Bu məqamları nəzərə almaq lazımdır. Neft Fondunun hazırda gəlirlərinin aşağı düşməsi, əvvəlki illərlə müqayisədə hardasa, başa düşüləndir. Amma ümumi gəlir normasına baxsaq bu kifayət qədər sual doğurur. Bu istiqamətdə daha peşəkar fəaliyyətin həyata keçirilməsinə ehtiyac var.

Rəşad Həsənov: “Bəzi hallarda əsasnaməyə də dəyişikliklər edilməlidir. Çünki nisbətən daha müstəqil investisiya siyasətinin həyata keçirilməsi üçün buna ehtiyac var”.

Bir məsələ də nəzərə alınmalıdır ki, Azərbaycanın neft hasilatının təbii olaraq azalması və neft qiymətlərinin bir neçə illə müqayisədə əhəmiyyətli səviyyədə aşağı olması ölkənin neft gəlirlərini aşağı salır. Belə bir halda müxtəlif istiqamətlərdə gəlir mənbələri daha dolğun qiymətləndirilməlidir. O cümlədən, bunlardan biri də fondun vəsaitlərinin idarə olunmasından daxil olmalardır ki, maksimum effektivliyi ilə bu vəsaitlərin idarə edilməsi nəticəsində təxminən dünya ortalamasına, yəni 3,7 faiz səviyyəsinə qədər Neft Fondunun gəlirlərinin artırılması daha yaxşı olardı.

Ümumiyyətlə götürəndə bənzər fondların orta gəlirlik səviyyəsinin təxminən 3,7 faiz ətrafında olduğunu görürük. Amma bizim Neft Fondunun davamlı olaraq gəlirləri bu səviyyənin çox aşağısında qalır. Buna görə də böyük ehtimalla çox peşəkar bir komandanın formalaşmasına ehtiyac var.

Eyni zamanda bəzi hallarda əsasnaməyə də dəyişikliklər edilməlidir. Çünki nisbətən daha müstəqil investisiya siyasətinin həyata keçirilməsi üçün buna ehtiyac var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar