Çərşənbə, 03 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Dostluq yatağı: Azərbaycan-Türkmənistan əməkdaşlığının yeni mərhələsi

Amid Əliyev yazır...

21 yanvar tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Bu, özlüyündə tarixi bir hadisə idi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması faktını nəzərə alsaq, bunu həm də Azərbaycanın enerji təhlükəsizliyi siyasətində yeni uğuru kimi də qiymətləndirmək olar. Uzun müddət idi ki, Azərbaycanla Türkmənistan arasında, daha doğrusu bu iki ölkənin dəniz sərhədlərinin tən ortasında yerləşən yatağın işlənməsi özünün coğrafi mövqeyinə görə mümkün olmamışdır. Keçmiş SSRİ dövründə bu yataq hətta “Промежуточное” (aralıq) adını da almışdır. Yataq 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilmiş və “Kəpəz” olaraq adlanmışdı. Türkmənistan isə bu yatağa “Sərdar” adını vermişdir. İlkin hesablamalara görə, yataqda 50 milyon ton neft, 100 milyard kub metr qaz ehtiyatının olması təxmin edilir. İmzalanmış anlaşma ilə həm Azərbaycan, həm də Türkmənistan tərəfləri yataqda birgə karbohidrogen ehtiyatlarını mənimsəməklə yeni iqtisadi dividentlər əldə edəcək. Anlaşmada yatağın “Dostluq” adlandırılması isə Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi və hüquqi müstəvidə yeni bir əməkdaşlıq platformasının qurulmasına zəmin yaratdı. Azərbaycanla Türkmənistan arasında siyasi və iqtisadi əlaqələrin məhz Xəzər dənizi platforması əsasında qurulması bir daha Xəzər dənizinin sülh, əməkdaşlıq və etibarlılıq mahiyyətindən irəli gəlir.

Keçmiş SSRİ dövründə Xəzər dənizində iki əsas dövlətin - SSRİİranın dəniz sərhədləri müəyyən edilmişdirsə, 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu dövlətlərin sayı 5-ə çatdı. Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşması istiqamətində səylərini göstərmiş və Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi təşəbbüsünü irəli sürən ölkələrdən olmuşdur. Azərbaycan Xəzər dənizinin sülh və hərbsizləşdirilmiş dəniz olması ideyasını daim dəstəkləmişdi. Bu məqsədlə, 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”lər imzalanmışdır. Bununla da, Azərbaycan Qazaxıstan və Rusiya ilə Xəzərin hüquqi statusuna yol açan strategiyanı həyata keçirmiş oldu. Belə bir əməkdaşlığın yaradılması və Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılığın əldə edilməsi, digər ölkələr arasında da Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində beştərəfli formatın işinə təkan vermişdir. Nəhayət, Xəzəryanı dövlətlərin bu sahədə olan maraqlarının təmin edilməsi ilə 12 avqust 2018-ci ildə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya imzalandı. Bununla da, Xəzərdə milli sektorların hüquqi statusunu və sərhədləri müəyyən edən rəsmi sənəd ratifikasiya olundu.

Bu gün artıq Azərbaycan Xəzərin hüquqi statusuna uyğun olaraq neft strategiyası tarixində ilk dəfə olaraq, bir yatağı digər Xəzəryanı dövlətlə birgə işləyəcəkdir. Bu, özlüyündə Xəzərdə ikitərəfli iqtisadi əməkdaşlıq müstəvisində yeni bir səhifədir. Bu siyasətin həyata keçirilməsi isə birbaşa olaraq Azərbaycanın Ulu öndəri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, keçən əsrin 70-80-cı illərində H.Əliyev tərəfindən Azərbaycanın neft-qaz və neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsi işləri həyata keçirilmişdir. Məhz H.Əliyevin təşəbbüsü ilə dəniz yataqlarının işlənməsi üçün yeni avadanlıqlar, qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi və geofiziki kəşfiyyat işlərini aparan müasir texnikaların alınması mümkün olmuşdur. Həmin illərdə Azərbaycanın neft sənayesi texniki cəhətdən mükəmməl bir bazaya malik olmuşdur. Bunun nəticəsi olaraq, SSRİ- Neft Sənayesi Nazirliyi Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər bu sahə ilə bağlı olan işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdir. Mükəmməl texniki vasitələr və peşəkar heyətlə komplektləşən Azərbaycan neçfçiləri tərəfindən həmin illərdə “Buğal-dəniz” yatağı 1975-ci ildə, “Günəşli” yatağı 1979-cu ildə, “Çıraq” yatağı 1985-ci ildə, “Azəri” yatağı 1988-ci ildə və “Kəpəz” yatağı isə 1989-cu ildə kəşf edilmişdir. Qeyd olunanlarla yanaşı, 20 sentyabr 1994-cü ildə Xəzər dənizində neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünü özündə ehtiva edən “Əsrin müqaviləsi”nin imzalanması H.Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Bu da öz növbəsində ilk dəfə olaraq, Xəzər dənizində beynəlxalq əməkdaşlığın yaranmasına zəmin yaratdı.

Bu tarixi hadisənin iqtisadi tərəfləri ilə yanaşı, bir sıra siyasi cəhətləri də mövcuddur. Azərbaycanın son 20 il ərzində enerji ili bağlı olan meqa layihələri icra etməsi ona beynəlxalq müstəvidə etibarlı tərəfdaş və güc mərkəzi olması imicini qazandırdı. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına çıxış əldə edib. Artıq Avropa Azərbaycan qazının istehlakçısdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa-Ceyhan, Bakı-Novorossiysk kimi neft və Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi qaz kəmərləri vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsus rol oynayır. Belə olan halda, Türkmənistan neftinin və qazının Azərbaycan üzərindən Avropa və dünya bazarına çatdırlması da Azərbaycan üçün iqtisadi cəhətdə olduqca rentabelli olacaqdır. Bu, həm də Türkmənistan üçün olduqca sərfəlidir. Belə ki, Türkmənistanın özünün karbohidrogen ehtiyatlarını regionda digər dövlətlər vasitəsilə nəql etməsi iqtisadi cəhətdən əlverişli görünmür. Ən yaxın ölkə kimi İran bu gün iqtisadi sanksiyalar altında təcrid olunmuş vəziyyətdədir. Özbəkistan və Qazaxıstanı keçməklə Rusiya ərazisindən Avropaya neft və qazın nəqli məsafə baxımından məsrəflidir. Ən uyğun variant kimi isə Azərbaycan üzərindən çatdırılma daha məqsədəuyğundur. Çünki birincisi, Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var; ikincisi, bunu həyata keçirmək üçün Azərbaycanın bütün texniki imkanları mövcuddur; üçüncüsü, Azərbaycanla ortaq din, dil, tarix və adət-ənənənin olması istər-istəməz bu əməkdaşlığı vacib edir; dördüncüsü isə Azərbaycanın regionda yerləşdiyi coğrafi mövqe və beynəlxalq aləmdəki nüfuzu bu layihənin uğurlu olmasını təmin edir. Azərbaycanın Xəzər dənizində yerləşən nəql boruları vasitəsilə Türkmənistan neftinin və qazının dünya bazarına çıxarılması layihəsi hər şeydən öncə hər iki dövlətin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, Azərbaycan və Türkmənistan arasında siyasi əlaqələrin qurulmasında yeni səhifə açır. Bu əməkdaşlıq eyni zamanda, regionda xüsusilə də, Xəzər sahilində yerləşən digər dövlətlər üçün də əlverişli imkanlar açır. Gələcəkdə Xəzər dənizində yeni yataqların müştərək işlənməsi təcrübəsinin daha da genişlənəcəyini ehtimal etmək olar. 2021-ci ildə Xəzəryanı dövlətlərin hökumət başçılarının növbəti Zirvə görüşünün Türkmənbaşıda keçirilməsi nəzərdə tutulmuşdur. Bu görüşdə Azərbaycan Xəzər dənizində olan neft və qaz yataqlarının müştərək işlənməsi təcrübəsi ilə digər Xəzəryanı dövlətlərə yeni bir əməkdaşlıq platformasının yaradılması təcrübəsini təbliğ edə bilər.

Amid Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

pia.az


z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

YAP-ın yeni icra katibi kim olacaq? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

“Rus bazası çıxarılır, Ankara və Bakı ilə...” - Politoloq

Dörd min dollar maaş alan azərbaycanlı müəllim - Video

Qasparyanın “kitabı bağlandı” - Nikolun planı gerçəkləşir...

"Siyavuş Novruzovun yerinə kimsə seçiləcək" - Tolik

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

Ən çox oxunanalar