Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

44 günlük müharibə bir çox danılmaz üstünlüklərimizlə yanaşı, xeyli ciddi və ağrılı çatışmazlıqlarımızı da göstərdi. Məsələn, göstərdi ki, strateji əhəmiyyət daşıyan strukturlarda yüksək vəzifələr tutan şəxslərin peşəkarlıq, şəffaflıq, dövlətçiliyə, milli köklərə bağlılıq və s. bu kimi anlayışlardan uzaq olması ağır dönəmlərdə dövlətə və xalqa çox baha başa gəlir və ağır nəticələr verir...

Çoxları müharibə dövrünün yaratdığı gərginliyin fonunda bir məqama fikir vermədi; xalqın içindən, kasıb ailədən çıxan və tabeliyindəki əsgərinin, zabitinin dostuna çevrilmiş Milli Qəhrəman, general Polad Həşimaova cəmiyyətin, xalqın göstərdiyi ehtiram!

Bu ehtiram sıravi müçahidəçlərlə yanaşı Ordunun və digər strukturların rəhbərliyindəki müftəxor, yekəqarın, “rusbaş” generalları, eləcə də kiməsə yaxınlığı, qohumluğu, tanışlığı hesabına yekə ulduzlu poqonlar, bər-bəzkli, ütülü, qotazlı-motazlı forma daşıyan “generallar”ı da heyrətləndirdi. Çünki onlar xalqdan bu münasibəti heç zaman görməyəcəklərini və buna layiq olmadıqlarını yaxşı anlayırlar. Onlara qalsa, bir daha xalqın içindən çıxan “təsadüfi adamlara” general rütbəsi verilməməlidir...

Həmin bu zahirən ütülü, qotazlı, ənlik və kirşanlı, ağıllı görkəmli, daxilən isə mahiyyətsiz, kosmopolit, topal və boz düşüncəli köhnəli-təzəli “generallar” Xarici İşlər Nazirliyində və diplomatik korpusumuzda da kifayət qədər olub və var. Və məhz bu sistem dövlət idarəçiliyinin müharibədən əvvəl, onun gedişində və müharibədən sonra ən çox axsayan sahələrindən biri olduğunu göstərdi.

Hamı gördü ki, az qala 17 il(!) ölkənin Xarici işlər naziri olan şəxs mahiyyətcə “JEK” müdiri, hakim, yaxud icra başçısı kimi adi korrupsionerdir. Nazirliyi “makler ofisi”nə çevirən, xaricdə milyonlarla dollara aldığı mənzilə görə dili topuq vura-vura hesabat verə bilməyən, bunu “şəxsi işi” adlandırıb özünü gülünc vəziyyətə salan, 17 il təmsil etdiyi xalqın, dövlətin dilində normal danışmağı belə öyrənməyəcək qədər təmbəl və məsuliyyətsiz bir adam Azərbaycanın Qarabağ kimi həyati əhəmiyyətli probleminin çözülməsində az qala mərkəzi fiqur rolunu oynayıb.

“Baqajında” əli əyri, gözü kölgəli və bunun da nəticəsi olaraq mahiyyətcə qorxaq, dişsiz və şablon açıqlamalar verən birinin rəhbərlik etdiyi XİN sistemini daşımaqla müharibə aparmaq təbii ki, əlavə risq demək idi. Yəqin ki, müharibə ərəfəsində XİN-də aparılan təmizləmələr də bu sistemin yararsızlığından irəli gəlirdi.

Bu təmizləmələrlə lazımi nəticəyə nə dərəcədə nail olunduğu isə əlbəttə ki, mübahisəli və müzakirə olunacaq mövzudur. Çünki sütunları xeyli müddətdir çürümüş bir binanı xatırladan XİN sistemini qısa müddətdə təmir etmək də asan deyil və buna nail olmaq üçün ilk növbədə ortaya səmimi niyyət qoyulduğunu da söyləmək hələ tezdir...

Hamı gördü ki, müharibə dövründə və ondan sonra Ermənistanın köhnəli-təzəli XİN başçıları, diplomatları, diaspora rəhbərləri gecə-gündüz Azərbaycana qarşı informasiya müharibəsinin önündə gedəndə, xarici telekanallara müsahibələr verəndə, səs-küy salan paylaşımlar edəndə bizimkilər nə ilə məşğul idilər. Məsələn, Elmar Məmmədyarovdan ümumiyyətlə səs çıxmadı. Sanki Azərbaycanda belə bir yüksək ranqlı diplomat, beynəlxalq arenada az-çox tanınan siyasi fiqur olmayıb. Adam sanki rəsmi vəzifəsini itirməklə azərbaycançılıqdan da çıxdı. Ona görə də susur və elə bil tezliklə unudulmasını istəyir...

Ondan fərqli olaraq, daha bir sabiq XİN rəhbəri Tofiq Zülfüqarov isə susmur, ancaq kimin xeyrinə, maraqlarına uyğun danışdığını da anlamaq çoxları üçün çətin olur. Türkiyənin regionda varlığının vacibliyini bildirənlərə yuxarıdan aşağı baxıb, onları savadsızlıqda günahlandıran sabiq nazir və politoloq nədənsə bir Navalnının əlində əsir-yesir qalan Rusiya hakimiyyətinin rolunu və imkanlarını şişirtməyə, onu xalqa “xoxan” kimi göstərməyə xüsusi önəm verir.

Bilə-bilə ki, ermənilər bizimlə birgəyaşayışı heç yaxına buraxmaq istəmirlər, Qarabağdakı ermənilər və ruslarla birgə hüquq-mühafizə sukturları yaratmağı təklif edir. Və bununla da Azərbaycanın suveren haqq və səlahiyyətlərinin separatçılar və ”sülhməramlılar”la paylaşmağı təklif edir. Buna bənzər yanaşmaları yalnız Rusiyada Putin yanlısı siyasətçi və jurnalistlərdən görə bilərsiniz.

Sabiq nazirin opponentlərinə arqumentlər əsasında cavab vermək yerinə onları “agent” adlandırması isə yəqin ki, yüksək savad və siyasi mədəniyyət səviyyəsindən irəli gəlir... Əvəzində, Türkiyə meylli siyasətçiləri səviyyəsizlikdə günahlandıran Zülfüqarov hətta paylaşımlarını da əsasən rus dilində edir. Bunun özü də kənardan bir o qədər əhəmiyyətli məqam kimi görünməyə bilər, ancaq əslində bu, dövlət tərbiyəsinə uyğun olmayan ziyanlı tendensiyadır. Ermənistanda, Rusiyada və digər ölkələrdə ingilis dilində təhsil alan və onu mükəmməl bilən diplomatlar, ictimai xadimlər var. Ancaq onların heç birinin öz dilini qoyub, yekəxanalıqla əcnəbi dildə paylaşım etməsini görməzsiniz...

Yaxud, olsun diplomatiyamızın daha bir tanınmış təmsilçisi – Arif Məmmədov. Uzun illər Avropada komfortlu diplomat həyatı yaşayan bu şəxs də daha çox Rusiyanın qazandığı üstünlüklərdən danışır. Onun Azərbaycan və Türkiyə haqqında dediklərini dinlədikdə isə bir azərbaycanlıdan daha çox Makronun partiyasından olan hansısa fransızın danışdığını güman edirsən.

Əlbəttə ki, müharibəni regionda maraqları olan iri dövlətlərlə siyasi münasibətlər, məsləhətləşmələr, hətta hansısa mərhələlərdə anlaşmalar olmadan aparmaq ağlabatan və məntiqli deyil.


Lakin A.Məmmədovun timsalında Azərbaycanın minlərlə övladının şəhid və qazi olduğu bir savaşı az qala Rusiya ilə alış-verişin nəticəsi kimi qələmə vermək, Rusiyanın rolunu qabartmaq və onu qalib, bizi məğlub kimi göstərmək, Türkiyənin, Rəcəb Tayyib Ərdoğanın dəstəyini isə sırf hansısa maraqlara calamaq və bu “ideyanı” mümkün qədər onu izləyənlərin beyninə yeritməyə çalışmağın özü yüksək keyfiyyətli diplomatlıq, politoloqluq, ən əsası da gerçək azərbaycançılıq keyfiyyəti deyil və heç də şəhidlərimizin ruhuna və qazilərimizin yaralarına hörmətdən xəbər vermir. Elə buna görə də A.Məmmədovun açıqlamalarına, canlı yayımlarına fikir versəniz, ona müsbət şərh yazanların, bəyənənlərin arasında ermənilərin üstünlük təşkil etdiyini görərərsiniz...

Yaxud, olsun Rusiyadakı səfirimiz Polad Bülbüloğlu. Hər hesablanmamış, ölçü-biçisiz açıqlamasından sonra rəsmi Bakı bir növ onun “zibilini təmizləməyə” məcbur olur. Hələ iyulda Tovuzda baş verən erməni təxribatından sonra səfirlik qarşısında toplaşan həmvətənlərimizə “Rusiyanın çörəyini yeyirsiniz” minnəti qoyan səfir bu ifadənin nəinki yüksək rütbəli dövlət təmsilçisinə, diplomata, heç “bazarkoma” da yaraşmadığını bəlkə heç indinin özündə də anlamayıb.

Müharibə dövründə isə Bülbüloğlu ümumiyyətlə “gül vurdu”. İş o yerə çatdı ki, Hikmət Hacıyev onun “açıqlamalarına” etiraz etməli oldu: “Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir...”

P.Bülbüloğlu həmin günlərdə Türkiyə hərbiçilərinin Qarabağa gəlməyəcəyi, həmçinin ermənilərə mədəni muxtariyyət veriləcəyi ilə bağlı çıxışlar etdi, Rusiyaya məxsus Mi-24 helikopterinin vurulmasına münasibət bildirən zamansa "müharibə müharibədir, hər şey ola bilər" deməklə Rusiyanın rəsmi dairələrində ciddi etiraz yaratdı.

Bu sıraya İspaniyadakı səfirimizi də aid etmək olar. Abel Məhərrəmovun “çaxır biznesi”ndə mərkəzi fiqura çevrilən səfir oğlundan ölkəmiz adına hansısa fədakar, səmərəli fəaliyyət gözləmək nə dərəcədə doğru olar?

Əlbəttə ki, XİN sisteminin uzun illər boyu davam edən qüsurlu, bəzənsə bərbad fəaliyyətinin simvoluna çevrilən kadrların sırası genişdir və onların hansının haraya, kimə xidmət etdiyini anlamaq da o qədər asan deyil.

Hakimiyyətin zamanında bu sahədə islahat aparmaması və məhz XİN, diplomatik korpus baxımından axsamağımızın nəticəsidir ki, müharibə dövründə və ondan sonra da bu istiqamətdəki bütün işi ölkə başçısı öz üzərinə götürməli oldu. Bu iş isə bəzilərinin şimala, cənuba, yaxud qərbə “boylanmasına” rəğmən Türkiyə ilə sıx əməkdaşlıq və birliyə əsaslandı. Və bu gün Moskvadan və Avropa paytxtlarından gözünü yığa bilməyənlər bunu mütləq nəzərə almalı, ən azından Azərbaycan insanının öz eyvanından asdığı bayraqların rənginə və mənsubiyyətinə fikir verməlidirlər...

Bütün bunlarla yanaşı, insafən Azərbaycanın Los-Ancelesdəki konsulu, Macarıstandakı səfiri və digər bir neçə aktiv, səmərəli fəaliyyətilə seçilən diplomatlarımız da var. Lakin bunlar təəssüf ki, barmaqla sayılacaq qədər azdır və ümumilikdə diplomatik korpusumuzun fəaliyyəti gərgin nöqtədə yerləşən və müharibə aparan bir ölkənin tələblərinə adekvat deyil.

Əksinə, uzun illər XİN sistemi kimlərinsə gül balalarına vəzifə vermək, xaricə göndərmək, karyera qurmaq, ya da “vurulmuş” məmurları ora-bura atmaq, “sürgünə göndərmək” funksiyası daşıdığından, nəticədə dövlətin bu sahəyə ayırdığı vəsait, enerji, vaxt və s. əbəs yerə xərclənmiş olub. XİN sisteminə nəhayət ki, hər şeyi pulla həll etməyə öyrəşən məmur ailələrilə yanaşı, heç olmasa bir qədər də sadə ailələrdən çıxan, vətənə və millətə bağlı kadrlarının gətirilməsinə, bu sistemin öz Polad Həşimovlarını yetirməsinə nail olunmayınca, burada vəziyyətin dəyişəcəyinə inanmaq çətindir...

Cəlal Məmmədov (“AzPolitika.info”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar